Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşanın "Jiçe Varşava" qəzetinin müxbirinə müsahibəsi - Varşava, "Belveder" iqamətgahı, 27 avqust 1997-ci il


Sual: Cənab prezident, Siz Azərbaycanın hansı problemini ən mühüm problem sayırsınız?

Cavab: Azərbaycanın ən mühüm problemi erməni təcavüzündən xilas olmaqdır. Bilirsiniz ki, hələ 1988-ci ildə Ermənistan Azərbaycanın bir hissəsini - Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb Ermənistana birləşdirmək məqsədilə ölkəmizə qarşı hərbi təcavüz etmişdir. Bu, hələ Ermənistanla Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində müttəfiq respublikalar olduğu dövrdə başlamışdır. Lakin sovet rəhbərliyi, sovet hökuməti bu münaqişənin güclənməsinə yol verməmək, onun qarşısını almaq üçün lazımi tədbirlər görmədilər. Bu isə sonralar Ermənistan ilə Azərbaycan arasında müharibəyə gətirib çıxardı.

Müxtəlif səbəblər üzündən, bəzi ölkələrin Ermənistana arxa durduğuna görə o, Azərbaycan ərazisinin bir hissəsini işğal edə bildi. Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur - bu, həm Dağlıq Qarabağ Vilayətinin, həm də Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın yeddi inzibati rayonunun ərazisidir. İşğal edilmiş rayonlardan bir milyon nəfərdən çox Azərbaycan sakini qovulub didərgin salınmışdır. Onlar artıq beş ildir ağır şəraitdə, çadırlarda yaşayırlar.

Müharibə bir neçə il davam etdi. 1994-cü ilin mayında biz hərbi əməliyyatları dayandırmağı, atəşkəs haqqında Ermənistanla saziş bağlamağı daha məqsədəuyğun bildik. Üç ildən çoxdur ki, atəşkəs rejiminə əməl edilir. Biz bunu çox mühüm və müsbət hal sayırıq. Olduqca səciyyəvi haldır ki, atəşkəs rejimi münaqişə zonasına xarici qoşunlar, sülhyaratma qüvvələri yeridilmədən saxlanılır. Bu da mühüm amildir. Amma hələlik sülh də yoxdur.

Bütün bu dövrdə biz münaqişəni dincliklə aradan qaldırmağa çalışırıq. Deməliyəm ki, biz bundan ötrü bir çox əməli addımlar atmışıq. Lakin Ermənistan qeyri-əməli mövqe tutur. Axırıncı dəfə bu məsələ 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında çox ətraflı şəkildə müzakirə edildi. O vaxt məsələnin dincliklə nizama salınması prinsiplərini müəyyənləşdirmək təklifi irəli sürüldü. Dincliklə nizamasalmanın üç prinsipinə dair layihə təklif olundu: birincisi - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması; ikincisi - Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək özünüidarə statusu verilməsi; üçüncüsü - Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Biz bu prinsiplərlə razılaşdıq, hərçənd onlar bizim üçün o qədər də məqbul deyildir, çünki Azərbaycan unitar dövlətdir. Lakin biz Dağlıq Qarabağa çox yüksək özünü idarə statusu, çoxlu səlahiyyət verilməsinə razı olduq. Biz buna məsələni sülh yolu ilə nizama salmaq naminə getdik. Amma Lissabon Zirvə toplantısında Ermənistan qeyri-konstruktiv mövqe tutdu, bununla razılaşmadı. Nəticədə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərin lehinə, Ermənistan isə əleyhinə səs verdi.

O vaxtdan bəri həmin üç prinsip bu məsələnin həlli üçün əsas olaraq qalır. Yeri gəlmişkən, bu yaxınlarda mən Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə oldum və orada prezident Klinton cənabları ilə biz birgə bəyanat imzaladıq. Bəyanatda qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması üç Lissabon prinsipi əsasında həyata keçirilməlidir. Bu, Polşa prezidenti Kvasnevski cənabları ilə dünən imzaladığımız birgə bəyanatda da, mənim - Azərbaycan prezidenti və Rusiya prezidenti Boris Yeltsin tərəfindən iyulun 3-də Moskvada imzalanmış müqavilədə də təsbit olunmuşdur.

Bir sözlə, bu prinsiplər yaşayır, mövcuddur. Lakin onların həyata keçirilməsi üçün hazırda dünyanın üç aparıcı dövlətinin - ABŞ, Rusiya və Fransanın başçılıq etdikləri ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. Biz ümid edirik ki, indi onlar öz fəaliyyətini gücləndirirlər. Biz bu məsələnin dincliklə həll ediləcəyinə ümid bəsləyirik.

Bizim fikrimizcə, indi məsələnin dincliklə həlli iki mərhələdə həyata keçirilə bilər. Bunu Minsk qrupu da təklif edir. Əyanilik üçün Azərbaycanın xəritəsini sizə göstərmək istəyirəm. Xəritədə ermənilərin işğal etdikləri ərazilər göstərilmişdir. Bura Ermənistandır, bura isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Bu respublika vaxtilə ölkəmizdən Ermənistan ərazisi ilə ayrılmışdır. Dağlıq Qarabağ qırmızı rənglə göstərilmişdir. O, Azərbaycanın vilayətidir. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları yaşıl və sarı rənglə boyanmışdır. Biz belə hesab edirik ki, Minsk qrupu da belə təklif edir ki, birinci mərhələdə erməni silahlı birləşmələrinin yaşıl rənglə çəkilməsi ərazidən çıxarılmasına, qaçqınların buraya qayıtmasına və bu məsələnin həlli üçün ATƏT-in sülhyaratma qüvvələrinin oraya gətirilməsinə nail olmaq, ikinci mərhələdə isə Ermənistan silahlı qüvvələrini Laçın və Şuşa rayonlarından çıxarmaq və eyni zamanda Dağlıq Qarabağın statusunu Lissabon Zirvə toplantısında nəzərdə tutduğu kimi müəyyənləşdirmək lazımdır.

Biz bununla prinsipcə razıyıq. Mən bunu Vaşinqtonda ABŞ prezidentinə də dedim. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Müxtəsər, bu problem Azərbaycanın ən başlıca problemidir.

Sual: Cənab prezident, deyilənlərə görə, prezident Kvasnevski gələn il Polşanın ATƏT-ə sədr olacağını nəzərə alaraq söz vermişdir ki, bu çətin problemin həlli üçün mümkün olan hər şeyi edəcəkdir. Siz bu perspektivləri necə görürsünüz?

Cavab: Bilirsinizmi, mən buna ümid bəsləyirəm. Hesab edirəm ki, ATƏT-in sədri çox iş görə bilər. Cari ilin dekabrından Polşa bir illiyə ATƏT-in sədri olacaq və öz imkanlarından istifadə edə biləcəkdir. Çünki başlıcası, mən bunu prezident Kvasnevskiyə də dedim, budur ki, Ermənistan başa düşsün: Dağlıq Qarabağ müstəqil dövlət statusu ala bilməz. Biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol verə bilmərik. Bir erməni dövləti - Ermənistan Respublikası var və o, Birləşmiş Millətlər Təşkilatına, hər sahədə Dünya Birliyinə daxildir. Məgər, cəmi 80 min erməni yaşayan bir yerdə ikinci erməni dövləti yaratmaq olarmı? Ermənistanda və Dağlıq Qarabağda nəhayət dərk etməlidirlər ki, bu mümkün deyildir. Onlar bunu dərk etdikdə, zənnimcə, biz tez bir zamanda razılığa gələ biləcəyik.

Sual: Cənab Prezident, neft Sizin ölkənizin indiki və gələcək sərvətidir. Amma o, bölgədə münaqişələrin stimulyatoru da ola bilər. Siz öz qətiyyətiniz sayəsində "Əsrin müqaviləsi" adlandırılan bir müqavilə imzaladınız, lakin Rusiya ilə çətinliklər də oldu. Rusiya tələb edirdi ki, neft kəməri onun ərazisindən keçsin. Siz Azərbaycan neftinin bu problemini necə görürsünüz: tərəqqi yolu kimi, yoxsa münaqişə mənbəyi kimi?

Cavab: Çətinliklər olmuşdur, var və olacaqdır. Bizim vəzifəmiz, dövlət xadimlərinin vəzifəsi mürəkkəb hallar, xüsusən də münaqişələr yaranmasına yol verməməkdir.

Həqiqətən, 1994-cü ildə biz "Əsrin müqaviləsi"ni imzaladıq, Azərbaycana qarşı həddindən çox mənfi hərəkətlər oldu, amma biz bunların hamısını dəf edə bildik. Rusiya bizim Şimal qonşumuzdur, biz onunla dostluq münasibətləri saxlamaq, fəal əməkdaşlıq etmək istəyirik. Yeri gəlmişkən, imzaladığımız müqavilələrdə, - onların sayı artıq doqquza çatmışdır, - Rusiyanın "LUKoyl" şirkəti də iştirak edir. İndi bizə Rusiyanın "Rosneft" şirkəti də müraciət edib. Biz ona yer ayıracağıq. Odur ki, biz Rusiyanın iştirakına etiraz etmirik, yəni onu uzaqlaşdırmırıq. Söhbət sərmayələrdən gedir. Əgər Rusiyanın buraya qoymağa milyardlarla sərmayəsi varsa, qoy gətirib qoysun və öz mənfəətini götürsün. Ancaq indi Rusiyanın belə imkanlarının olmaması o demək deyil ki, biz dünyanın başqa ölkələri ilə iş görməməliyik.

Neft kəmərinə gəldikdə, bəli, Rusiya istəyir ki, bu xətt onun ərazisindən keçsin. Buna görə də ilkin neftin ixracı üçün iki boru kəməri çəkilməsini qərara aldıq - onlardan biri Rusiya ərazisi ilə Qara dənizə, Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisi ilə həmçinin Qara dənizə, Supsa limanına gedəcəkdir. İş burasındadır ki, Şimal neft kəmərinin bizə aid hissəsini çoxdan qurtarmışıq, Rusiya isə öz hissəsini heç cür qurtara bilmir. Doğrudur, burada maneə Çeçenistan olmuşdur. Lakin bu yaxınlarda, iyulda biz, - Azərbaycan, Çeçenistan və Rusiya, - nəhayət, üçtərəfli saziş imzalayıb qərara gəldik ki, neft bu boru kəməri ilə nəql edilməlidir. Çeçenlər ona görə əngəl törədirlər ki, onlar bu neft kəmərində öz payına malik olmaq istəyirdilər. Bununla Rusiya rəhbərliyi də razılaşdı, biz də. Lakin indi, nə bilim, hansısa yeni texniki səbəblər var. Buna baxmayaraq, düşünürəm ki, bunların hamısı aradan qaldırılacaqdır. Xəzər hövzəsində nəinki Azərbaycan sektorunda, həm də Qazaxıstan və Türkmənistan sektorlarında neft olduqca çoxdur. Hamıya da çatar. Bəlkə də bir deyil, bir neçə neft kəməri olacaqdır.

Sual: Sizin belə bir ideyanız var ki, neft kəməri başqa yolla - Gürcüstan, Ukrayna və Türkiyə əraziləri ilə Avropaya keçib getsin. Buna Moskvanın reaksiyası necə olacaqdır?

Cavab: Axı biz neft kəmərlərindən birini Rusiya ərazisindən keçiririk. Neft kəmərlərinin hamısını Rusiya ərazisi ilə çəkmək olmaz axı. Bu ümumiyyətlə mümkün deyildir.

Sual: Çeçenistan müharibəsi Azərbaycana nə dərəcədə təsir göstərdi? Siz gələcəkdə Çeçenistanı necə görürsünüz - müstəqil bir dövlət kimi, yoxsa Rusiya Federasiyasının bir hissəsi kimi?

Cavab: Bilirsinizmi, Çeçenistan müharibəsi Azərbaycanın həyatına çox mənfi təsir göstərdi. Hərbi əməliyyatlar başlanan kimi Rusiya Azərbaycanın Rusiya ilə bütün nəqliyyat kommunikasiyalarına embarqo qoydu, onları tamamilə blokadaya aldı. Bizdə dəmir yolu, avtomobil yolu, bütün nəqliyyat kommunikasiyaları Çeçenistandan keçir. Ona görə də embarqo qoyuldu. Amma heç də təkcə buna yox. Hətta dəniz nəqliyyat əlaqələrinə də embarqo qoyuldu. Gəmilərimiz Həştərxanadək, Mahaçqalayadək üzür. Biz çox yük daşıya bilərik. Lakin iki ildən artıq bir müddətdə bizə həmin limanlara daxil olmağı qadağa etdilər. Bu əsassız idi, çünki bunun Çeçenistanla heç bir əlaqəsi yox idi. Amma bizi iqtisadi blokada vəziyyətinə salmaq üçün nədənsə həmin hadisədən istifadə etdilər. Bu mənada biz çox ziyan çəkdik.

Şükürlər olsun ki, orada müharibə qurtardı. İndi kommunikasiya xətləri açıqdır, dəmir yolu da işləyir, avtomobil yolu da. Hətta Bakıdan sərnişin qatarları Kiyev və Moskvaya gedərkən Çeçenistan ərazisindən keçir. Ümidvaram ki, bu vəziyyət qalacaqdır.

O ki qaldı, Çeçenistanın gələcəyinə, təbii ki, Rusiya öz ərazi bütövlüyündə güzəştə getməyəcəkdir, Çeçenistan isə müstəqilliyə nail olmağa çalışır. Danışıqlar aparılır. Görək necə olacaqdır.

Sual: Deyilənlərə görə, Qafqaz və Orta Asiya elə zonalardır ki, burada Qərb, Türkiyə, hətta Çin və İslam təməlçiləri arasında nüfuz mübarizəsi gedir. Cənab prezident, Sizin haqqınızda deyirlər ki, Siz çox ağıllı siyasətçisiniz, orta bir yolla getməyi bacarırsınız. Necə bilirsiniz, Azərbaycan hansı yolla gedəcəkdir?

Cavab: Bilirsinizmi, Azərbaycan orta bir yolla deyil, öz prinsipial yolu ilə gedir. Bizim yolumuz dövlət müstəqilliyini möhkəmlətmək yoludur. Başlıcası budur. Dünən mən mətbuat konfransında bəyan etdim ki, dövlət müstəqilliyi, milli azadlıq bizim üçün tarixi nailiyyətdir. Odur ki, biz öz müstəqilliyimizi və azadlığımızı heç vaxt və heç kimə, heç bir ölkəyə, heç bir dövlətə güzəştə getməyəcəyik. Biz bütün ölkələrlə münasibətləri də məhz bu prinsipi əsas tutaraq qururuq. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı münasibətlərə malik olmaq istəyirik, amma onu necə bir dövlət - böyük, iri və ya kiçik dövlət olmasından asılı olmayaraq, hüquq bərabərliyi prinsipləri əsasında. Bizim üçün hamı eynidir.

İslam təməlçiliyinə gəldikdə, əlbəttə, biz ona yol verməyəcəyik. Azərbaycanda biz demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Azərbaycan Avropaya daxildir. Biz ilin axırlarında Azərbaycanın Avropa Şurasına qəbul olunacağını gözləyirik, Avropa Birliyi ilə fəal əməkdaşlıq edirik, Avroatlantika Tərəfdaşlıq Şurasının üzvüyük, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamışıq. Mən iyulda Madriddə Avroatlantika Tərəfdaşlıq Şurası İttifaqının iclasında iştirak etdim və orada Polşa, Çexiya və Macarıstanın NATO-ya qəbul olunmasını alqışladım. Bax, bizim yolumuz budur, bu yol haqq-ədalət və öz milli mənafelərimizin müdafiə edilməsi yoludur.

Sual: Cənab prezident, Siz Müstəqil Dövlətlər Birliyinin gələcəyini və bölgədə Rusiyanın rolunu necə görürsünüz?

Cavab: Biz Müstəqil Dövlətlər Birliyinə daxilik və istəyirik ki, o, məhz müstəqil dövlətlərin birliyinin demokratik orqanı olsun. Əgər bu prinsip MDB-də bərqərar edilərsə, bu, yaxşı iş olar. Axı biz keçmişdə də iqtisadi cəhətdən çox sıx bağlı olmuşuq, bu gün də iqtisadi cəhətdən çox sıx bağlıyıq. Odur ki, bu, həm Rusiya üçün, həm də digər MDB ölkələri üçün faydalı olacaqdır. Yox, əgər birlik hər hansı başqa bir orqana çevrilməyə çalışarsa, onda nə olacağını söyləmək çətindir. Hər halda biz istəyirik ki, MDB həqiqətən müstəqil dövlətlərin birliyinin səmərəli orqanı olsun.

Sual: Varşavada Siz Azərbaycanda iqtisadi islahatlardan danışdınız. Bu məsələni genişləndirə bilərsinizmi?

Cavab:  Bəli. Azərbaycanda iqtisadi islahatlar bütün istiqamətlərdə gedir. Əvvəla, biz qanun qəbul etmişik və ölkəmizdə mülkiyyət geniş miqyasda özəlləşdirilir. Həm də bunun üçün şərait olduqca demokratikdir. Özəlləşdirmədə xarici fiziki və hüquqi şəxslər də iştirak edə bilərlər. Biz aqrar islahatı haqqında qanun qəbul etmişik və bu qanun həyata keçirilir, torpaq kəndlilərə şəxsi mülkiyyət kimi verilir. Yeri gəlmişkən, MDB-nin heç də hər bir ölkəsində belə bir qanun yoxdur. Deməliyəm ki, bu, bizim tərəfimizdən əsaslı addım sayılır. Lakin o, artıq öz nəticələrini verir. Məsələn, biz heyvandarlıq sektorunu tamamilə özəlləşdirmişik və bu da yaxşı nəticələr verir. Biz çörəyin qiymətini tamamilə sərbəstləşdirmiş və çörək üzərində inhisarı ləğv etmişik. Buna görə də ölkəmizdə əhalinin çörəklə təchizatı sarıdan heç bir problem yoxdur və bütün bunlar özəl biznesin ixtiyarındadır.

Çoxlu müəssisə özəlləşdirilib. Gələn il biz özəlləşdirməni başa çatdıracağıq. Amma məsələ təkcə özəlləşdirmədə deyildir. Biz olduqca çox qanunlar qəbul etmişik və onlar fəal cəlb etdiyimiz xarici sərmayəçilər üçün son dərəcə əlverişli şərait yaradır. Bağladığımız müqavilələr və onların əməli surətdə həyata keçirilməsi xarici sərmayələri Azərbaycana cəlb edir, olduqca çox iş yerləri yaradır. Təbii ki, bunların hamısı nəticə etibarilə Azərbaycanda iqtisadi yüksəlişə gətirib çıxaracaqdır.

Biz iqtisadiyyatı. xarici ticarəti tamamilə liberallaşdırmışıq. Ötən il ölkəmizdə xarici ticarət dövriyyəsi 30 faiz artmışdır. Biz ixrac-idxala müsbət saldoya nail olmuşuq, inflyasiyanın qarşısını ala bilmişik. Məsələn, ölkəmizdə inflyasiya 1994-cü ildə 1600 faiz, 1995-ci ildə 84 faiz, 1996-cı ildə 6 faiz idisə, indi sıfır səviyyəsindədir. Bizdə inflyasiya yoxdur. Son bir ildə valyutamızı möhkəmlətməyə və onun dollara nisbətən məzənnəsinin 10 faiz artmasını təmin etməyə müvəffəq olmuşuq.

Bütün bunların, həm də sahibkarlıq üçün, özəl təşəbbüs üçün azadlığın sayəsində biz Azərbaycanda tamamilə yeni bir şərait yaratmışıq. Deməliyəm ki, xalq bunu alqışlayır. Bu, xalqın həyat səviyyəsini ardıcıl surətdə yaxşılaşdırır.

Sual: Cənab prezident, "kommunizmin böyük tikintiləri" - iri sənaye hansı vəziyyətdədir?

Cavab: Vəziyyət çətindir. Bu böyük tikintilər əsasən Rusiyada aparılırdı. Azərbaycana belə tikintiləri o qədər də vermirdilər. Çünki o vaxtlar belə bir iqtisadi siyasət də var idi, bu tikintilərin çoxu Rusiyada aparılır, biz isə Azərbaycanda hətta həsəd aparıb deyirdik: Nə üçün orada tikirlər, bizdə isə yox. İndi məlum oldu ki, yaxşı ki, ölkəmizdə belə tikintilər olmayıbdır. Məsələn, müdafiə kompleksini götürək. Onun çox iri zavodları var. 70-ci illərdə mən Azərbaycana rəhbərlik edərkən Moskvaya öz narazılığımı həmişə bildirib soruşdum: Siz nə üçün Azərbaycanda belə zavodlar tikdirmirsiniz? İndi isə sevinirəm, buna görə xoşbəxtəm. Çünki bütün bu zavodlar işləmir. Ona görə ki, belə müdafiə məhsulu buraxmağa lüzum yoxdur.

Buna baxmayaraq, ölkəmizdə iri zavodlar - maşınqayırma, hesablayıcı elektron maşınları zavodları və başqa müəssisələr var. Əlbəttə, orada vəziyyət çətindir. Məsələn, bizdə böyük bir neft maşınqayırma zavodu var. Bir vaxtlar Sovet İttifaqının neft-mədən avadanlığına tələbatının 70 faizini biz təmin edirdik. İndi isə hər bir ölkə, misal üçün, Rusiya özlərinin müdafiə sənayesi zavodlarını neft-mədən avadanlığı buraxan maşınqayırma müəssisələrinə çevirmişdir və daha bizim zavodlara möhtac deyildir. Biz indi əvvəllər olduğu qədər məhsul buraxmırıq, yalnız öz tələbatımızı nəzərə alaraq istehsal edirik, məhsulun bir hissəsini isə Türkmənistana, Qazaxıstana göndəririk.

Bizdə böyük bir kimya kompleksi var. Yeri gəlmişkən, o da keçmiş Sovet İttifaqının digər bölgələrindəki bir çox kimya kompleksləri ilə bağlı idi. Odur ki, burada da çətinliklər mövcuddur. Kimya kompleksinin prezidenti mənimlə birlikdə buraya gəlmişdir. Mən ona tapşırmışam ki, Polşa ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirsin. Bilirəm ki, kimya sənayesi Polşada da inkişaf etmişdir.

Bir sözlə, bizdə böyük tikintilər yoxdur. Bununla bərabər, iri zavodlar var. Bir vaxtlar iz dənizin dərin yerlərində quyular qazmaq üçün platformalar zavodu tikirdik. Bizim uzaqgörənliyimiz də elə bunda idi. O vaxtlar avadanlığımız yox idi. Buna görə də Sovet İttifaqının vəsaiti hesabına bu zavod üçün Amerika firmasından 400 milyon dollarlıq avadanlıq aldıq. İndi bu zavod çox gərəklidir. Əgər ölkəmizin neft sənayesinin dənizdə yaratdığımız belə maddi-texniki bazası, o cümlədən də dərin dəniz özülləri zavodu adlandırılan bu müəssisə olmasaydı, biz xarici neft şirkətləri ilə birlikdə Xəzərdə belə fəal iş görə bilməzdik. İndi həmin zavod karımıza gəlir. O vaxtlar biz dərin qazma üçün iri platformalar, üzən qurğular yaratmışıq. İndi bizə onlar da gərəklidir, imzaladığımız müqavilələri həyata keçirmək üçün onlardan istifadə edirik.

Yaxud başqa bir misal. Biz böyük neftdaşıma donanması, tankerlər yaratmışdıq, nefti onlar daşıyırdı. Bizə onlar da lazımdır. Misal üçün, indi biz Qazaxıstanın Tengiz yatağından nefti Bakıya həmin tankerlərlə daşıyır, sonra da dəmir yolu ilə Qara dənizə tərəf göndəririk. Gördüyünüz kimi, o vaxtlar yaradılanlardan hansısa uzaqgörənlik idi, bu gün çox lazımdır. Hansısa indi gərək deyildir, onu yenidən qururuq.

Sual: Cənab prezident, əcnəbi sərmayədarların cəlb olunması üçün ölkənizdə nə edilir?

Cavab: Bilirsiniz ki, əcnəbi sərmayədar əvvəla, fayda, ikincisi isə ictimai-siyasi sabitlik olan yerə gedir. Bizdə fayda var, çünki bizim təbii ehtiyatlarımız əcnəbi sərmayədarları cəlb edir. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Bu da nəzərə alınır. Üçüncüsü elə qanunlar lazımdır ki, onlar əcnəbi sərmayədarların Azərbaycanda uzun müddətli fəaliyyətinə təminat versin. Biz bir sıra belə qanunlar qəbul etmişik və onlar, əvvəla, əcnəbi sərmayədarlar üçün əlverişli şərait yaradır, ikincisi, hətta qanunvericiliyimizdə hər hansı dəyişikliklər edilərsə, azı 10-15 il müddətinə mənfəət və sərmayələrə təminat verir. Bəli, biz bunu da nəzərə alırıq. Yeri gəlmişkən, bu əcnəbi sərmayədarları qane edir.

Sual: Cənab prezident, Varşavaya səfərinizin nəticələri necədir?

Cavab: Nəticələr çox yaxşıdır. Mən olduqca məmnunam. Əvvəla, biz ilk dəfə olaraq birbaşa münasibətlər yaratdıq. Bu, Azərbaycan prezidentinin Polşaya ilk səfəridir ki, bu da, prezident Kvasnevskinin dediyi kimi, tarixi bir hadisədir. Mən onun fikri ilə razıyam. Xalqlarımız bir çox əsrlər ərzində həqiqətən bir-birilə əlaqə saxlamışlar. Dünən biz xalqlarımızın orta əsrlərdə, hətta XV əsrdə ticarət-iqtisadi əlaqələrinə dair faktlar gətirdik. Lakin müstəqil bir dövlət kimi Azərbaycan öz prezidentinin simasında Polşaya ilk dəfə olaraq gəlir. Bu fakt özlüyündə olduqca böyük siyasi əhəmiyyətə malikdir.

Biz çox faydalı və maraqlı söhbətlər keçirdik, danışıqlar apardıq. Bir çox beynəlxalq məsələlərdə, o cümlədən Avropada təhlükəsizlik məsələsində baxışlarımız uyğun gəldi. Sənədlər - Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında çox mühüm bəyannamə, iqtisadi xarakterli bir sıra sənədlər imzaladıq. Yəni əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün normativ-hüquqi baza yaratdıq. Nəhayət, razılığa gəldik ki, yaxın vaxtlarda Polşa Azərbaycanda, Azərbaycan isə Polşada səfirlik açacaqdır. Müxtəsəri, biz bütün sahələrdə - iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, siyasi məsləhətləşmələr sahəsində və digər sahələrdə münasibətlərimizin inkişafına böyük təkan verdik.

Sual: Cənab prezident, Sizin zəngin həyat yolunuz var. Siz respublikanızın birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşsunuz, istefa verib dövlət vəzifəsinə qayıtmısınız. Siz öz həyat yolunuz barədə nə deyə bilərsiniz?

Cavab: Deyə bilərəm ki, həyatımdan razıyam, hərçənd ki, bütün mərhələlərdə, xüsusən 1987-ci ildə istefaya getdikdən sonra çox çətinliklər çəkmişəm. Təqiblərə məruz qalırdım, məni gözümçıxdıya salırdılar. Təəssüf ki, bizim kommunist rejimi dövründə belə bir eybəcər qayda var idi - kimsə yüksək vəzifədən getdikdə, o, cəmiyyətdən, hamıdan təcrid edilirdi, az qala xalq düşməninə çevrilirdi və onu gözümçıxdıya salmağa başlayırdılar. Bu hallar mənim başıma da gəldi.

Görünür, bunlar da az imiş. 1987-ci ildə mən istefaya getdikdən sonra , 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlandı. Təbii ki, mən bu məsələ barəsində öz mövqeyimi bildirdim. Mənmi mövqeyim Qorbaçovun və onun komandasının mövqeyinə uyğun gəlmədi. Bax, burada biz toqquşduq.

1990-cı ilin yanvarında Qorbaçov öz komandası ilə Azərbaycana iri qoşun kontingenti yeritdi. Bu sizə məlumdur. Bu, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz idi. Onlar bu yolla xalq hərəkatını yatırtmağı, Azərbaycan xalqının iradəsini qırmağı qərara almışdılar. O vaxtlar mən Moskvada yaşayırdım. Doğrudur, məni gözdən salmışdılar, təcrid etmişdilər. Buna baxmayaraq, mən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi rayonunda keçirilən mitinqə getdim və bu mitinqdə çıxış edərək sovet rəhbərliyinin əməllərini pislədim. Təbii ki, biz əks cəbhələrdə idik. Mən Kommunist Partiyasını dərhal tərk etdim. Bu, sensasiya idi. Siyasi Büronun üzvü Kommunist Partiyasında çıxır. İndi bu, adi bir haldır. Çünki artıq tarixdə qalmışdır.

Bütün bunlar həyatımda çətinliklər yaratdı. Mən Moskvanı tərk etməli oldum, çünki orada daha yaşaya bilməzdim və respublikaya, 14 il rəhbərlik etdiyim öz doğma şəhərimə - Bakıya gəldim. Amma orada da mənə yaşamağa imkan vermədilər və mən doğulduğum Naxçıvana getdim. Orada üç il blokadada, ağır şəraitdə yaşadım. Bəli, mən zamanın bütün məşəqqətlərini gördüm, amma buna təəssüflənirəm. Çünki vicdanlı və təmiz bir insan idim və belə bir insan olaraq qaldım.

Mən öz bioqrafiyamdan, öz keçmişimdən qətiyyən imtina etmirəm. Hesab edirəm ki, həyatımda nə olmuşdusa, hamısı düzgün normal idi. Nə olmuşdursa hamısından razıyam və hamısı ilə fəxr edirəm. Fəxr edirəm ki, Kremldə işləmişəm - Sovet İttifaqının rəhbərlərindən biri olmuşam. Fəxr edirəm ki, Kommunist Partiyasından getmişəm. Fəxr edirəm ki, blokadalı Naxçıvanda öz həmyerlilərimlə birlikdə olmuşam, təkcə öz həyatım uğrunda deyil, həmyerlilərimin həyatı uğrunda da mübarizə aparmışam. Çünki orada yaşamaq çox çətin idi, bütün kommunikasiyalar kəsilmişdi, nə elektrik enerjisi var idi, nə də qaz və su. Mən öz həmyerlilərimə kömək etməli idim. Budur, dörd ildir ki, Azərbaycanı ağır vəziyyətdən bax beləcə çıxarıram.

Sual: Cənab prezident, hətta indi də Sizin üçün müxtəlif vaxtlar - qiyamlar, sui-qəsd cəhdləri olmuşdur. Lakin hamısı yaxşı qurtarmışdır.

Cavab: Bilirsinizmi, mənim həyatım həmişə böyük təhlükə həddində olubdur. 1993-cü ildə məni Azərbaycana dəvət etdikdə Bakıda vətəndaş müharibəsi gedirdi. Naxçıvanda mən hər halda yaxşı-yaman dinc yaşayırdım. Bakıda hər şey dağıldığı, viran qoyulduğu halda buraya gəlmək üçün sakit, dinc həyatımı narahat, təlatümlü həyata dəyişmək mənim nəyimə gərək idi? Axı vətəndaş müharibəsi gedirdi, adamlar bir-birini öldürürdülər. O yanda Ermənistanla müharibə gedirdi. Burada isə hələ bir daxili müharibə aparırdılar. Rəhbərlərin hərəsi bir tərəfə qaçmışdı. Məni Bakıya çağırdılar, parlamentin sədri vəzifəsini təklif etdilər. Mən razılaşmadım. Bir həftə mənimlə danışıqlar apardılar. Sonra gördüm ki, ürəkdən sevdiyim xalqın vəziyyəti ağırdır...

Müxbir: Hamı Sizin haqqınızda deyir ki, Siz vətənpərvərsiz.

Heydər Əliyev: Hesab edirəm ki, mən böyük vətənpərvərəm. Ona görə də, öz xalqıma, öz torpağıma məhəbbətim məni o ağır günlərdə parlamentin sədri məsuliyyətini öz üzərimə götürməyə vadar etdi. Lakin mən düşünürdüm ki, prezident var və onunla əməkdaşlıq edəcəyəm. Ancaq iki gündən sonra o, Bakını xəlvəti tərk etdi və məni tək qoydu. Nə prezident var, nə də baş nazir. Yalnız parlamentin sədri var və hər tərəfdə də müharibə gedir. Bu vəziyyətdən çıxmaq lazım idi.

Nəhayət, mən bu vəziyyətdən çıxdıqda, 1994-cü ildə mənə qarşı qiyama başladılar, mən ağır vəziyyətə düşdüm. Bu qiyamı qaldıran adamlar silahlanmışdılar, bunlar silahlı dəstələr idi, məndə isə heç nə yox idi. Mən televiziya ilə xalqa müraciət etdim və xalq məni müdafiə etdi. İki saatın içində Prezident sarayının ətrafına yarım milyon adam toplaşdı. Düzdür, onlar silahsız idilər, lakin onlara qarşı silah işlətmək mümkün deyildi.

İkinci dəfə bu hadisə altı aydan sonra baş verdi. 1995-ci ilin martında bütün müxalifət qüvvələri məni cismən məhv etmək və hakimiyyəti ələ keçirmək üçün birləşdilər. Mən bu qiyamın da qarşısını aldım, ona yol vermədim. Sonra mən Rumıniyadan qayıdarkən təyyarəmi vurmağa cəhd göstərdilər. Onda Allah kömək etdi, mən özüm bir şey edə bilməzdim, çünki bilmirdim ki, raket artıq mənim təyyarəmə doğru tuşlanmışdır. Lakin Bakı küləyi kömək etdi. Bakı küləklər şəhəridir və küləklər müxtəlif tərəflərdən əsir. Bu dəfə külək elə əsdi ki, təyyarə başqa tərəfdən yerə endi, raket isə əks tərəfdə idi. Onlar bunu sadəcə olaraq edə bilmədilər. Etsəydilər tək mən yox, təyyarədəki daha 80 adam həlak olardı.

Sonra biz onları tapıb ifşa etdik, məsuliyyətə cəlb etdik.

Digər təhlükəli hadisələr də çox olubdur. Amma mən həmişə demişəm: məni Allahın özü qoruyur. Çünki xalqa vicdanla xidmət edirəm. Yəqin ki, bunu Allah görür.

Müxbir: Çox sağ olun.

Heydər Əliyev: Siz də sağ olun. Mən burada olmadığımdan, qarşılanmağımdan, qonaqpərvərlikdən çox məmnunam. Deməliyəm ki, sizin gözəl prezidentiniz var. Mən ona çox böyük rəğbət bəsləyirəm. Biz onunla Parisdə, o, prezident seçildikdən bir qədər sonra tezliklə tanış olduq. Sonra biz bir neçə dəfə görüşdük. Nəhayət, mən Polşaya gəldim.

Son illərdə Polşada böyük dəyişikliklər baş verdiyini görürəm. Bu dəyişikliklərə sevinirəm və istəyirəm ki, Polşa həmişə azad, müstəqil olsun, bir daha heç vaxt kiminsə tabeliyi altına düşməsin.

Bu gün mən Kral sarayındakı muzeydə oldum, bütün kolleksiyaya, sənət əsərlərinə, habelə Varşavanın necə viran qoyulduğu və necə bərpa edildiyi barədə filmə baxdım. Mən Varşavanın qədim hissəsinə baxdım. Polşa xalqının cəsurluğu qarşısında baş əyirəm.

Müxbir: Cənab prezident, çox sağ olun.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 12-ci cild, səh.67