Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edərkən söhbətindən - 11 dekabr 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, xoş gəlmisiniz. Hər dəfə sizin səfəriniz nəinki bizim tərəfimizdən, həm də ictimaiyyət tərəfindən çox maraqla izlənilir. Təbiidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması təkcə Azərbaycan üçün yox, bütün Qafqaz üçün, bəlkə də dünya üçün çox əhəmiyyətli bir problemdir.

Keri Kavano (Minsk qrupunun ABŞ-dan olan həmsədri): Cənab prezident, sağ olun. İcazə verin, sözümə onunla başlayım ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madlen Olbrayt keçən ay Vyanada ATƏT-in nazirlər səviyyəsində keçirilən görüşündə çıxışı zamanı bəyan etdi ki, hazırda ATƏT üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasından vacib bir problem bu gün yoxdur.

Cənab prezident, biz Sizinlə tamamilə razıyıq ki, bu münaqişənin həlli yollarının tapılması bütün regionda mövcud olan münaqişələrin aradan qaldırılması üçün bir növ açar rolunu oynaya bilər. Biz hesab edirik ki, bu münaqişənin həlli Gürcüstandakı vəziyyətin yaxşılaşmasına olduqca güclü təsir edə bilər. Bu münaqişənin həll olunması Türkiyə Respublikası ilə Ermənistan Respublikası arasında başqa cür münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Nəhayət, Şimali Qafqazda sabitliyin bərqərar olunmasına və vəziyyətin yaxşılaşmasına kömək edən amil ola bilər. Biz hesab edirik ki, bu münaqişənin aradan qaldırılması, həlli Azərbaycan və Ermənistan xalqları üçün mükafat, hədiyyə olmaqla bərabər, eyni zamanda Qafqazın və Qafqazdan kənar bir çox ölkələrin xalqları üçün də çox xeyirli, faydalı bir iş olacaqdır.

İcazənizlə, mən səfərimiz zamanı baş çəkdiyimiz yerlər barədə sizə məlumat verim. Hesab edirəm ki, səfərimiz zamanı bir sıra yerlərdə çox maraqlı görüşlər keçirmişik.

Heydər Əliyev: Buyurun.

Keri Kavano: Səfərimiz zamanı vurğulamaq istədiyimiz əsas müddəalardan biri bu münaqişənin həll olunmasında Türkiyənin oynayacağı önəmli rolu göz önünə çəkməkdir.

Biz öz səfərimizə Ankaradan, xarici işlər naziri cənab İsmayıl Cəm ilə görüşdən başladıq. Onunla görüşümüz barədə məlumat versəm, yəqin ki, o, buna etiraz etməz. Biz o görüşdə bir daha əmin olduq ki, Türkiyə Respublikası və onun Xarici İşlər Nazirliyi bu münaqişənin həllinə hərtərəfli yardım göstərməyə hazırdır. Türkiyənin xarici işlər naziri cənab Cəm bir daha açıq surətdə bəyan etdi ki, bu münaqişənin sülh yolu ilə həll olunmasına Türkiyənin sadiqliyi öz qüvvəsində qalmaqdadır. Türkiyə regiondakı sabitliyin daha da yaxşılaşdırılması üçün əlindən gələni etməyə hazırdır. Eyni zamanda, Türkiyə regionun iqtisadi inkişafının təmin olunmasına da hər cür yardım göstərməyə hazırdır.

Biz Ankaradan Qars vilayətinə gəldik və orada vilayətin rəhbəri ilə görüşdük. O, söhbət zamanı bildirdi ki, artıq bir çox layihələrə baxılır. Əsas odur ki, yerli hökumətlər, iş adamları, bu ərazidə olan insanları bir-birinə bağlaya biləcək layihələrə cəlb olunsunlar və bunların həyata keçirilməsində iştirak etsinlər. Ankarada eşitdiyimiz və bizi ruhlandıran sözlər Şərqi Anadoluda da təsdiq olundu.

Sonra biz Dilucuya getdik və oradan, Türkiyədən Naxçıvana keçmək istədik. Biz orada 1992-ci ildə Sizin tərəfinizdən qurulmuş, Naxçıvan ilə Türkiyəni birləşdirən körpünü gördük. Biz ona görə məhz bu əraziyə baxmaq qərarına gəldik ki, əgər regionda sülh əldə olunarsa, münaqişə həll edilərsə, məhz bu bölgə iqtisadi əlaqələr saxlamaq üçün çox önəmli rol oynaya biləcək bir yerə çevriləcəkdir. Həmin ərazidə olan infrastrukturlar bizə yaxşı təsir bağışladı. Hesab edirik ki, sülh əldə olunarsa, şəraitin daha da yaxşılaşdırılmasına müəyyən səylər göstərmək lazım gələcəkdir.

Biz bir gecəni Naxçıvanda keçirdik. Orada yerli hökumətin təmsilçiləri, silahlı qüvvələrin təmsilçiləri və gömrük orqanlarının nümayəndələri ilə danışıqlar apardıq, yerli sakinlər ilə də görüşdük. Biz orada insanların həyat şəraitinin çətin olduğunu gördük. Xüsusilə, münaqişə nəticəsində öz yurd-yuvalarından köçkün düşmüş insanlarla görüşdük. Onların vəziyyətinin ağır olduğunu gördük.

Dünən Yeni Kərki kəndinin sakinləri ilə bizdə dərin təəssürat yaradan görüş keçirdik. Həmin köçkünlərdə olan ruh yüksəkliyi bizdə çox dərin iz buraxdı və eyni zamanda oranın bir kənd olaraq qorunub saxlanması üçün yerli hökumətin atdığı addımlar da bizi ruhlandırdı.

Cənab prezident, bilirəm ki, Yeni Kərki kəndinin tarixçəsini Siz hamıdan yaxşı bilirsiniz. Amma bəlkə də bundan xəbəri olmayan mətbuat nümayəndələri üçün demək istəyirəm ki, həmin kənddən olan köçkünlərin bir yerdə yaşaması üçün Naxçıvanda yerli hökumət xüsusi şərait yaradıbdır.

Ondan sonra biz sərhədə yaxınlaşdıq və orada Heydərabad kəndini gördük. Heydərabad kəndində olan binaların bərpası sahəsində görülmüş işlərə baxdıq.

Sonra biz demək olar ki, Sizin bir il bundan öncə Koçaryan ilə görüşdüyünüz Sədərəkdən sərhədi keçərək Ermənistana gəldik. Bilirdik ki, avqust ayında bu bölgədə iki azərbaycanlı əsgər atışma nəticəsində öldürülmüşdü və bundan sonra sərhəddə müəyyən atışmaların olduğu qeydə alınmışdı. Biz yerli komandirləri, hərbi birləşmələrin rəhbərlərini bir araya gətirdik. Çalışdıq ki, onların arasında danışıqlar olsun və daha atəşkəsin pozulması halları, atışmalar baş verməsin. Bəli, orada yerli hərbi birləşmələrin rəhbərləri arasında belə bir danışıq başlandı və bilirik ki, bu, sizin müdafiə naziri ilə Ermənistan müdafiə nazirinin bu ayın 15-də olacaq görüşü zamanı davam etdiriləcəkdir.

Sonra biz Xankəndinə və Yerevana səfər etdik ki, Dağlıq Qarabağda, Ermənistan rəhbərliyi ilə görüşlər keçirək. Bu görüşlər çox faydalı oldu. Bir çox məsələləri müzakirə etdik. Biz o barədə Sizinlə fikir mübadiləsi aparmaq niyyətindəyik. Mən prezident Koçaryan ilə keçirdiyimiz görüşdən yalnız bir məqamı xüsusi vurğulamaq istəyirəm. O, bir daha bəyan etdi ki, atəşkəsin saxlanması üçün əlindən gələni edəcəkdir. Yəni atəş yenidən başlanmasın, sərhəddə atışmalar olmasın və hər iki tərəfdən ölüm hadisələri daha qeydə alınmasın.

Hesab edirik ki, hər iki tərəfdə insanlar sülhü çoxdan gözləyirlər. Biz məmnunuq ki, atəşkəs rejiminə əsasən əməl edilir. Amma hesab edirik ki, böyük sülh əldə olunana qədər atəşkəs qorunub saxlanmalıdır, atışmalar olmamalıdır və insanlar həlak olmamalıdır. Biz keçən dəfə Sizinlə burada keçirdiyimiz görüşlərdən bilirik ki, məhz Siz də bu mövqedəsiniz və atəşkəsin pozulmasının əleyhinəsiniz. Siz addımlar atmısınız, tədbirlər görmüsünüz ki, mövcud olmuş belə halların sayı azaldılsın, qarşısı alınsın. Mən indi bildirmək istəyirəm ki, biz Ermənistan tərəfindən də belə bir mövqeni gördük.

İcazə versəydiniz, sözü həmkarlarıma, digər həmsədrlərə verərdim. Yəni sonra məni tənqid etməsinlər ki, mən Minsk qrupunun vaxtından ədalətsiz istifadə etdim, vaxtı daha çox aldım.

Jan Jak Qayard (ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri): Cənab prezident, həmkarım cənab Keri Kavanonun regiona səfərimiz barədə söylədiklərinə tam şərikəm.

Hər şeydən əvvəl, bu səfər və onun gedişində keçirdiyimiz görüşlər bizə onu sübut etdi ki, - bu, münaqişədəki bütün tərəflərə həqiqətən ziyan vuran vəziyyətin faciəvi mənasızlığının təsdiqi idi, - cənab prezident, Sizin yaxşı tanıdığınız regionu gördük, o, elektrik enerjisindən, neftdən tamamilə məhrumdur və bu vəziyyətdən çıxmaq üçün əslində son tədbirlərə əl atmalıdır, əlbəttə, böyük cürətlə, böyük cəsarətlə və böyük qətiyyətlə. Biz də hər yerdə nəzərə çarpdırırdıq ki, sonra bu regionda vəziyyəti qaydaya salmaq üçün gələcək planları əvvəlcədən görmək necə çətindir. Biz qaçqınların gözlərində, bir tərəfdən, iztirab, digər tərəfdən isə, bu münaqişənin tezliklə tənzimlənəcəyinə ümid olduğunu da oxuyurduq. Yəni əvvəlki bütün səfərlər kimi, bu səfər də mümkün olan hər şeyi etmək və irəliləmək qətiyyətimizi daha da möhkəmləndirir.

Burada iki çox mühüm məqam var. Birincisi iki prezident arasında birbaşa dialoqun əhəmiyyətindən ibarətdir. Bizdə belə təsəvvür var ki, bu dialoq irəliləyir və müəyyən tərəqqi görünür. Çox mürəkkəb, çox ağrılı problemdən söhbət getdiyinə görə təbii ki, bu dialoqda irəliləyiş ləngdir. Ona görə də biz öz rolumuzu bu dialoqun irəliləməsi üçün Sizə bütün lazımi kömək göstərməkdə görürük.

İkinci çox mühüm cəhət təhlükəsizlik problemi ilə bağlıdır. Tənzimləmə prosesinin ləng getdiyini və böhranın artıq uzun müddətli xarakterini nəzərə alaraq, müəyyən hövsələsizlik göstərilməsi riski kifayət qədər böyükdür. Mən ilk növbədə atəşkəs rejiminin saxlanmasını nəzərdə tuturam. Atəşkəsin qorunub saxlanması şəraitinin yaxşılaşdırılması üçün cəbhə xətti üzrə sektorların komandanlığı səviyyəsində danışıqlar apardıq. Əgər bu barədə daha konkret danışsaq, biz istərdik ki, bu, iki ölkənin müdafiə nazirlərinin dekabrın 15-də keçiriləcək görüşü zamanı onların arasında danışıqların mövzusu olsun.

Beləliklə, qarşımızda duran iki vəzifə danışıqlar prosesində tərəqqiyə və təhlükəsizliyin təmin olunması prosesinə kömək etməkdir. Zənnimcə, bu vəzifələr bir-birini tamamlayır. Çünki məqsəd bu regionda məskunlaşmış bütün xalqlar üçün sülhün və təhlükəsizliyin təmin edilməsi olmalıdır.

Nikolay Qribkov (ATƏT-in Minsk qrupunun Rusiya tərəfdən həmsədri): Səfərimiz, gördüklərimiz, eşitdiklərimiz haqqında həmkarlarım ətraflı və maraqla danışdılar. Vaxta qənaət üçün mən Naxçıvana səfərimiz barədə öz şəxsi təəssüratımı qısaca bölüşmək istərdim.

Bilirsinizmi, mən hələ heç vaxt belə dilbər guşədə olmamışdım. Ora nəinki meyvələri, tərəvəzi ilə zəngin olan, həm də gözəl camaatı olan diyardır. Elə bir adamla görüşmədik, deməsin ki, Naxçıvanın şaftalısı, narı və s. dünyada ən yaxşısıdır. Yəni demək istəyirəm ki, səfər çox maraqlı idi və ümidvaram ki, münaqişə tənzimləndikdən sonra Yer üzündə cənnətin bir məkanı olan bu diyar həqiqətən layiq olduğu hər şeyi alacaqdır. Naxçıvanlılar çox xoşuma gəldi. Düzdür, indi onların vəziyyəti ağırdır. Buna baxmayaraq, - bu da qəlbi riqqətə gətirir, - onlar inanırlar ki, bütün bu məsələlər, xüsusən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Sizin rəhbərliyinizlə gec-tez həll ediləcəkdir.

Bilirsinizmi, məni çox maraqlı bir abidənin yanına gətirdilər. Bu, Sizin görkəmli həmyerliniz, Naxçıvanın dahi şairi Hüseyn Cavidin xatirəsinə ucaldılmışdır. Onun şerlərini mənə oxudular. Təəssüf ki, Sizə azərbaycanca deyə bilməyəcəyəm, amma bir sətir mənə olduqca güclü təsir bağışladı: "Kəssə hər kimsə əgər tökülən qan izini, qurtaran dahi odur Yer üzünü".

Heydər Əliyev: Məşhur kəlamdır. Yeri gəlmişkən, indi çoxları lazım gələndə bu sözləri işlədir.

Nikolay Qribkov: Bilirsinizmi, buna görə də hamı inanır ki, burada, Sizdə olan bu ağır, ciddi, qeyri-adi münaqişəni Sizin sayənizdə, həmkarlarınızın sayəsində, bütün rəhbərlərin sayəsində, mərdlik, cəsarət, siyasi iradə sayəsində aradan qaldırmaq mümkün olacaqdır.

Heydər Əliyev: ATƏT-in Minsk qrupunun həmsədrlərinə təşəkkür edirəm!

Hörmətli qonaqlar!

Hörmətli cənab Kavano!

Hörmətli cənab Qayard!

Hörmətli cənab Qribkov!

Yenidən regiona gəldiyinizə, əvvəlcə, regionun görmədiyiniz hissəsini gördüyünüzə, tanış olduğunuza görə və öz təəssüratlarınızı mənə çatdırdığınıza görə sizə təşəkkür edirəm.

Sizin bu dəfəki marşrutunuz maraqlıdır. Təkcə ona görə yox ki, siz yeni yerlər görmüsünüz. Ona görə ki, siz Türkiyənin mövqeyini bir daha aydınlaşdırmısınız. Görürsünüz ki, Türkiyə bölgədə sülhə nə qədər sadiq bir ölkədir. Baxmayaraq ki, son aylar bir neçə Qərb ölkələrində Türkiyəyə qarşı ədalətsiz kampaniyalar başlanmış, Türkiyənin ermənilərə qarşı guya "soyqırım" etməsi məsələsi Amerika Birləşmiş Ştatlarının Konqresində bir müddət müzakirə olunmuşdur. Yaxşı ki, sonra Amerika hökuməti başa düşüb ki, indi bunu müzakirə etməyə ehtiyac yoxdur. Baxmayaraq ki, Fransa Senatı bu barədə artıq qərar qəbul edibdir. Baxmayaraq ki, Avropa Birliyinin Parlament Assambleyası, İtaliyanın parlamenti qərar qəbul edibdir.

Türkiyəyə qarşı göstərilən bu ədalətsizliyə baxmayaraq, Türkiyə yenə də sülhə sadiqliyini nümayiş etdirir və xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün əvvəlki mövqeyindən geri çəkilmir. Deməli, o, bölgədə sülhün təmin olunmasını istəyir.

Bu fürsətdən istifadə edib, bir daha bəyan edirəm ki, Azərbaycan dövləti Türkiyəyə qarşı son aylar Qərbdə aparılan bu ədalətsiz təbliğata, ədalətsiz hərəkətlərə öz qəti etirazını bildirir. Biz hesab edirik ki, məsələləri indi, əsrin sonunda bu cür qaldırıb Türkiyəni nəyəsə məcbur etmək, əbəs bir şeydir. Ancaq eyni zamanda bu cür hərəkətlər xalqlar, ölkələr arasında, dünyada, o cümlədən bizim bölgəmizdə sülhün möhkəmlənməsinə yox, əksinə, sülhün zəifləməsinə və qarşıdurmanın artmasına gətirib çıxarır.

Mən çox məmnunam ki, siz Naxçıvanı ziyarət etmisiniz və orada olan vəziyyəti öz gözlərinizlə görmüsünüz. Naxçıvan on ildən artıqdır ki, belə vəziyyətdədir. Burada cənab Qribkov da dedi, siz də dediniz - Naxçıvan gözəl bir diyardır. Allah o yerə yaxşı təbiət bəxş edibdir və bunun hamısından da gözəli orada yaşayan insanlardır. Ancaq eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində on ildən artıqdır ki, Naxçıvan blokada şəraitindədir və ağır həyat tərzi keçirir.

Siz mənə bir az tarixi xatırlatdınız. Əgər biz 1991-92-ci illərdə Naxçıvanı Araz çayı üzərindən Türkiyə ilə birləşdirən körpünü tikə bilməsəydik, Naxçıvan çox ağır vəziyyətdə olacaqdı.

Amerika Birləşmiş Ştatlarının Konqresi 1992-ci ilin oktyabr ayında məlum 907-ci maddəni qəbul edibdir və bununla da guya Ermənistanı blokadaya almasına görə Azərbaycanı cəzalandırıbdır. Amma siz gözlərinizlə gördünüz ki, kim günahkardır, kim kimi blokadaya alıbdır. Vaxtilə, Sovetlər birliyi zamanı respublikalar arasında heç bir sərhəd yox idi. Ona görə, Azərbaycandan - Bakıdan, Azərbaycanın başqa məntəqələrindən Naxçıvana həm elektrik xətti, həm qaz xətti gedirdi, həm dəmir yolu, həm də avtomobil yolu işləyirdi. Ona görə də insanlar indiki çətinlikləri görmürdülər.

Ancaq təəssüf ki, 1991-1992-ci illərdə Ermənistan Naxçıvan Muxtar Respublikası ilə, onun mənsub olduğu Azərbaycanın başqa bölgələri, paytaxtı ilə əlaqəsini tamamilə kəsdi. Beləliklə, Naxçıvan çox ağır bir vəziyyətə düşdü. O vaxt biz Türkiyənin köməyi ilə siz gördüyünüz həmin körpünü tikdik. Elektrik enerjisi almağa yer yox idi. Yenə də Türkiyə ilə əlaqəyə girdik və Türkiyə Naxçıvana bir elektrik xətti çəkdi. Oradan təxminən 40-50 meqavat elektrik enerjisi verilir. Təbiidir ki, qaz xətti də kəsildi. Nə Türkiyədən, nə də İrandan oraya qaz almaq mümkün deyildir. Ancaq 1992-ci ildə İrandan Naxçıvana bir elektrik xətti çəkmək mümkün oldu. Biz oradan da 30-40 meqavat həcmində elektrik enerjisi alırdıq.

Təbiidir, bunların hamısı Naxçıvanı təmin etmir. Naxçıvanda 400 min əhali yaşayır, sənaye müəssisələri, hərbi hissələr vardır. Ancaq naxçıvanlılar çox dözümlü olduqlarına və başqa yol görmədiklərinə görə belə bir ağır vəziyyətdə yaşayırlar. Son aylar isə İran elektrik enerjisini kəsdi.

İndi təsəvvür edin, o böyüklükdə muxtar respublika cəmi 50 meqavat elektrik enerjisi ilə yaşayır, yaşayıbdır, insanlar buna dözübdür və dözürlər.

Doğrudur, son günlər Azərbaycandakı müxalifət partiyaları müəyyən müvəqqəti çətinliklərdən istifadə edərək, ölkədə ictimai-siyasi vəziyyəti pozmaq istəyirlər. O cümlədən iki həftə bundan əvvəl Naxçıvanda 1000-2000 əhalini küçələrə çıxarıb etiraz edirlər, aranı qarışdırmaq istəyirlər. Guya onların naxçıvanlılara ürəyi yanır ki, Naxçıvan belə ağır vəziyyətdədir. Bəs indiyə qədər harada idilər? Heç xəbərləri var idimi Naxçıvan necə yaşayır? Bədnam 907-ci maddə də məhz 1992-ci ildə, indiki müxalifət hakimiyyətdə olduğu zaman, onların ağılsız hərəkətləri nəticəsində Amerika Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olundu və bunun da ən böyük ağrısını Naxçıvan çəkir.

Ancaq aranı qarışdırmaq istəyən qüvvələr bilsinlər ki, 1993-cü ildən başlayaraq Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün bizim gördüyümüz işlər göz qabağındadır və əldə etdiyimiz nailiyyətlərin itirilməsinə, yaxud hansısa təxribata heç vaxt yol verilməyəcəkdir. Buna cəhd göstərmək istəyən adamlar mütləq cəzalanacaqdır.

Təbiidir, bilirsiniz ki, mənim bu sözlərim sizə aid deyildir. Ancaq siz mənim yadıma saldınız və Naxçıvanda üç il ağır vəziyyətdə yaşadığım o günləri xatırladım. Soyuqdan donmuşuq, elektriksiz, qaranlıqda qalmışıq, susuz qalmışıq, amma yaşamışıq və yaşayacağıq. Ancaq sizin məhz bu marşrutla Ermənistana getməyinizi mən bəyənirəm. Çünki siz sərhədin o hissəsini də gördünüz.

Mən bunu xüsusən Amerika Konqresi üçün deyirəm. Kimin kimi blokadaya aldığını, cənab Kavano, heç olmasa, siz gördünüz. Amma axı, bizim səsimiz eşidilmir. Əgər o konqresmenlərdən üç-dördünü göndərə bilsəydiniz ki, Naxçıvana gəlsinlər, onlar vəziyyəti görsəydilər, bəlkə də o cür hərəkət etməzdilər.

Siz atəşkəs haqqında danışdınız. Həqiqətən, mən sizə dəfələrlə demişəm ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti kimi şəxsən mən atəşkəsin qorunması və saxlanmasını əsas vəzifələrdən biri hesab edirəm.

Mən çox məmnunam ki, siz Ermənistan prezidenti ilə söhbət edən zaman o da sizə söz veribdir ki, atəşkəsin qorunmasını, saxlanmasını təmin edəcəkdir. Bu da çox vacibdir. Çünki son zamanlar, xüsusən Moskvanın, Rusiyanın mətbuatında böyük-böyuk məqalələr yazırlar ki, Dağlıq Qarabağın ordusu dünyada ən güclü ordudur, onlar məğlubedilməz ordudur və başqa-başqa şeylər yazırlar. Mən vaxt almaq istəmirəm. Beləliklə, bizi hədələyirlər, bizi qorxudurlar. Biz nə hədədən qorxuruq, nə də onların gücündən qorxuruq. Biz özümüzü müdafiə etməyə hazırıq. Amma biz atəşkəsin pozulmasına yol verməyəcəyik.

Biz bilirik ki, Dağlıq Qarabağın o qəzetlərdə yazıldığı kimi, ordusu yoxdur. Amma yəqin nəzərə alırlar ki, Rusiyanın orada hərbi bazaları var, onlar onlardan istifadə edə bilərlər. Yaxud, son vaxtlar Gürcüstandan çıxarılan Rusiya ordusunun ağır silahları, texnikaları yenə də Ermənistana göndərilibdir. Əgər belə düşünürlərsə, çox səhv edirlər.

Hörmətli həmsədrlər, sizin üçünüz də eyni fikri söylədiniz ki, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunmasını istəyirsiniz, Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa dialoqunu dəstəkləyir və buna ümidlər bəsləyirsiniz. Bu baxımdan sizinlə bizim aramızda fikir ayrılığı yoxdur. Amma iş ondadır ki, bunu necə gerçəkləşdirək.

Sizə yaxşı məlumdur ki, 1999-cu ildə Ermənistan prezidenti ilə mənim aramda aparılan birbaşa danışıqlar bizi müəyyən bir mərhələyə gətirib çıxardı. Onda siz dərhal geri çəkildiniz. Dediniz ki, gözləyək, görək Koçaryan ilə Əliyev nə razılığa gələcəklər. Mən nə deyə bilərəm, fikirləşirdim ki, bəlkə bu danışıqlar bizi həqiqətən bir nəticəyə gətirəcəkdir. Ona görə də mən sizə bu barədə o qədər də müraciət etmirdim. Amma bunun sonrakı dövrü sizə məlumdur. Ona görə də mən sizə, ümumiyyətlə, sizin dövlətlərə bildirdim ki, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları davam etməlidir. Ancaq Minsk qrupu, onun həmsədrləri bu işdən uzaqlaşmamalıdır. Biz iki istiqamətdə hərəkət etməliyik. Həm iki prezidentin danışıqlarının səmərəli olmasını təmin etməliyik, həm də Minsk qrupunun həmsədrləri bu sahədə öz işlərini davam etdirməlidir. Ona görə istərdim ki, siz burada bu gün bəyan etdiyiniz arzuları yerinə yetirmək üçün daha fəal hərəkətə başlayasınız.

Mən Ermənistan prezidenti ilə danışıqları yenə də davam etdirməyə hazıram. Minskdə bizim görüşümüz zamanı mən bunu təsdiq etdim və prezident Koçaryan da təsdiq etdi. Amma siz bilirsiniz ki, bu danışıqların istənilən nəticəyə gəlib çıxmamasının səbəbi kimdədir. Ona görə mən sizə müraciət edirəm ki, həm danışıqlar aparaq, həm də siz öz fəaliyyətinizi genişləndirəsiniz. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, sülh yaranması nə qədər əhəmiyyətlidir - onu mən də dedim, siz də dediniz. Amma gəlin bu sahədə daha da təsirli işlər görək. Vaxt keçir, vəziyyət get-gedə gərginləşir, insanların vəziyyəti ağırlaşır. Ona görə də bu vəziyyət daim belə qala bilməz. Mənim sizə deyəcəyim sözlər bunlardır.

Keri Kavano: Cənab prezident, sağ olun. Sizin toxunduğunuz bir çox mühüm məsələlərə cavab vermək istəyirəm.

Siz Türkiyə və tarix barədə danışdınız. Hesab edirəm ki, bu, çox önəmlidir. Biz hər zaman, elə indinin özündə də Türkiyə və Ermənistan xalqları arasında qəribə əlaqələrin mövcud olmasından əziyyət çəkmişik. Ermənistanda - Yerevanda, yaxud da kənd yerlərində ermənilərlə söhbət edərkən məlum olur ki, onların müasir Türkiyədən xəbərləri yoxdur. Onlarla danışan zaman ilkin fikirləri məhz Osmanlı imperiyası dövrünə, Birinci dünya müharibəsi illərinə qayıdır.

Atatürk müasir Türkiyə Respublikasını quran zaman Türkiyə ilə Ermənistan arasında indiki sərhəd kilidlənmişdir və 70 il ərzində Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə olmamışdır. Bu, çox çətin bir tarixdir. Hər iki ölkə bu tarixlə məşğul olmalıdır. Hesab edirəm ki, onlar buna nail ola bilərlər. Bu, heç də o demək deyildir ki, Ermənistan ilə Türkiyə arasında problemlər yoxdur.

Xarici işlər naziri İsmayıl Cəm bizə Türkiyə ilə Suriya arasında mövcud olan ciddi problemlərdən danışdı. Türkiyə ilə Yunanıstan və İran arasında olan ciddi problemlərdən danışdı. Cənab İsmayıl Cəm onu da əlavə etdi ki, son bir neçə il ərzində həmin ölkələrlə münasibətlərdə və bu problemlərin həlli istiqamətində kəskin dönüş meydana çıxmaqdadır. Əgər bu istiqamətlərdə nəzərəçarpacaq dərəcədə tərəqqi əldə etmək mümkün olubsa, Ermənistanla münasibətlərdə də belə tərəqqiyə nail olmaq mümkündür. Cənab İsmayıl Cəm bununla özünün və Türkiyənin bütün qonşularla sülh şəraitində yaşamağa sadiq olduğunu bir daha açıq surətdə bildirdi.

Cənab prezident, Sizin Naxçıvan barədə söylədiyiniz sözlər də bizdə dərin iz buraxdı. Biz bunu səfərimiz zamanı orada gözlərimizlə gördük. Həmin körpünü keçən zaman ilk təəssüratımız Naxçıvanın Azərbaycanın digər bölgələrindən təcrid olunması, ayrı düşməsi barədə oldu. Hətta bəzilərinin dediyinə görə, artıq onlarda belə fikir formalaşır ki, Naxçıvan sanki bir adadır. Həmin o körpü və Sizin dediyiniz o elektrik xətti də Türkiyədən oraya uzadılmış həyatverici əldir.

Biz Naxçıvanda yerli hökumət orqanları ilə regiondakı qonşu dövlətlərlə əlaqələr barədə ətraflı danışdıq. Orada dəmir yolunun, körpülərin, elektrik enerjisi və su təchizatının, magistralların necə dağıdıldığı, nə günə düşdüyü barədə bizə məlumat verildi. Bu nəqliyyat xətləri təkcə Naxçıvanın yox, bütün regionun qan damarlarıdır. Hətta Ermənistan əgər İrandan mallar almaq istəsə, ən münasib yol Naxçıvandan keçərək onlara gedən yoldur.

Heydər Əliyev: Dəmir yoludur.

Keri Kavano: Bəli. Biz bir daha əmin olduq ki, əgər sülh əldə olunarsa, onda mövcud infrastruktur, nəqliyyat yolları regionun inkişafına mühüm töhfəsini verəcəkdir. Hətta belə hesab edərdim ki, bizim bu dəfə Naxçıvanı ziyarət etməyimiz son bir il ərzində Azərbaycana və Ermənistana etdiyimiz səfərlərimizin ən önəmli hadisələrindən biri idi.

Bizim ölkəmizin Konqresi barədə dediyiniz sözlərlə əlaqədar qısaca olaraq fikrimi bildirmək istəyirəm. Cənab prezident, Sizinlə razıyam, yaxşı olardı ki, 3-4 konqresmen Naxçıvanı ziyarət edəydi. Amma Sizə deyirəm, yəqin səfir Uilson da mənimlə razılaşar ki, biz Amerikadan Azərbaycana onlarca konqresmenin gəlməsini arzulayırıq. Mən artıq bir çox senatorlarla buraya səfər etmələri barədə danışıqlar aparmışam. Qısa bir vaxtdan sonra bizim yeni Konqresimiz fəaliyyətə başlayacaqdır. Artıq bilirik ki, Konqres üzvləri arasında kimlər regionu ziyarət etmək barədə qərara gəliblər. Həm də bizim yeni prezidentimiz olacaqdır. Amma bu məsələ hələ qeyri-müəyyən vəziyyətdədir. Sizi əmin etmək istəyirəm ki, Vaşinqtona qayıtdıqdan sonra Konqres üzvləri üçün çox təfərrüatlı hesabat hazırlayacağam.

Bizim qanunverici orqanın təmsilçiləri arasında bu regionla maraqlanan çox insanlar vardır. Artıq biz Konqresin tərkibinə seçilmiş yeni üzvlərdən tələblər almışıq. Yəni onlar bu regionla maraqlandıqları üçün məlumat istəməyə başlayıblar.

İcazə verin, onu da deyim ki, biz atəşkəsin qorunub saxlanmasının vacibliyi barədə söylədiyiniz sözləri çox yüksək qiymətləndiririk. Hesab edirik ki, atəşkəsin qorunub saxlanması bizim bütün fəaliyyətimizin ən əsas hissəsidir. Bu, ona imkan yaradır ki, məhz prezidentlər arasında birbaşa dialoq olsun. Eyni zamanda atəşkəs Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə yardımçı olur, imkan yaradır. Onu da əlavə edərdim ki, məhz atəşkəsin olması sayəsində bu gün həm Azərbaycanda, həm də Ermənistanda çoxlu hadisələr baş verir, irəliləyişlər vardır və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları fəaliyyət göstərirlər. Məhz atəşkəsin sayəsində mümkün olmuşdur ki, heç olmasa, insanların yaşayışı indiki səviyyədə qalsın, bunun daha da pisləşməsinin qarşısı alınsın və sülh əldə edildikdən sonra onların rifahının yüksələcəyinə olan ümidləri daha da artsın.

Cənab prezident, Siz bu fikirlərinizi də bizimlə bölüşdünüz - yəni bəzən Sizdə belə bir təəssürat yaranır ki, ancaq iki prezident arasında danışıqlar gedir, biz isə kənarda qalmışıq.

Mən İsveçrədə çox vaxt keçirmiş adamam. Orada saat zavodlarına baş çəkməyi çox sevərdim. Həmin zavodlarla tanışlıq nəticəsində belə bir qənaətə gəlmişəm ki, düzgün qərarın əldə olunması üçün saat mexanizminin bütün hissələri bir-biri ilə necə əlaqəli işləyirsə, bizim də fəaliyyətimiz əlbir, qarşılıqlı olmalıdır.

Son bir il ərzində biz ona nail olmağa çalışmışıq ki, bütün mexanizmlər sıx təmasda fəaliyyət göstərsinlər. Yəni istər prezidentlər arasında birbaşa dialoq, istər bizim fəaliyyətimiz, istərsə də beynəlxalq strukturların köməyi əlbir halda ümumi sülhün əldə olunmasına yönəlsin. Hesab edirik ki, dialoq üçün mexanizmlər daha sürətlə işə düşdükdə, bizim də işimiz artır və eyni zamanda, beynəlxalq təsisatların, təşkilatların işi çoxalır.

Sizi əmin edirik ki, biz öz fəaliyyətimizi bundan sonra da gücləndirəcəyik. Artıq son bir neçə aydır ki, biz həmsədrlər öz aramızda ciddi danışmağa başlamışıq. Lakin biz ona da əmin olmaq istəyirik ki, fəaliyyətimizin gücləndirilməsi Sizinlə prezident Koçaryan arasında yaranmış dialoqa mane olmasın, ziyan gətirməsin. Biz iki prezident arasında olan birbaşa təmasın, dialoqun bir çox müsbət nəticələrini görmüşük. Nəticələrdən biri odur ki, indi həm Siz, həm də Ermənistan prezidenti eyni mövqedən çıxış edirsiniz.

Bugünkü görüş zamanı atəşkəsin qorunub saxlanması, fəaliyyətimizin daha da gücləndirilməsi, sülhün əldə edilməsinin vacibliyi barədə söylədiyiniz sözlər prezident Koçaryanın bizimlə keçirdiyi görüşdə dediyi sözlərlə demək olar ki, eynidir. Hətta düşündüm ki, bizim təyyarəmiz Yerevandan uçan zaman bəlkə də prezident Koçaryan Sizə zəng edib söyləyib ki, mən bu məsələlərə toxunmuşam, Siz də o məsələlərə toxunmağı unutmayasınız.

Heydər Əliyev: Yox, mənim fikirlərim müstəqildir.

Keri Kavano: Bildirmək istəyirəm ki, bütün bunlar onu göstərir ki, hamımız eyni məqsədə nail olmaq üçün çalışırıq. Problemi biz də görürük. Bu problemin indiyə qədər həll olunmaması bizi də narahat edir. Bu sahədə sürətlə irəli getməyə ehtiyac olduğunu anlayırıq. Bəlkə də tezliklə sülhə nail olmaq üçün birgə fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik.

Jan Jak Qayard: Fəaliyyətimizi gücləndirməli olduğumuz barədə çağırışı biz həvəsləndirmə kimi qəbul edirik və buna görə Sizə minnətdarıq. Biz prosesə kömək üçün təşəbbüslərimizi artırmaq istərdik. Amma, digər tərəfdən, müəyyən dərəcədə narahatlıq doğura, yaxud Sizin danışıqlar prosesinə ziyan vura biləcək təşəbbüslər irəli sürmək istəməzdik. Yəni biz münaqişənin tənzimlənməsində əsas istiqamət olaraq qalan Sizin danışıqlar prosesinə öz səylərimizlə kömək etmək və ahəngdar surətdə qoşulmaq istərdik.

Nikolay Qribkov: Minsk qrupunun fəaliyyətini gücləndirmək barədə xoş arzularınıza görə Sizə təşəkkür etmək istərdim. Biz bunu hökmən fəaliyyət üçün əsas kimi götürəcəyik. Lakin demək istərdim ki, biz nəinki Minsk qrupunun həmsədrləri kimi, həm də həmsədrliyi öz üzərinə götürmüş dövlətlərin nümayəndələri kimi fəaliyyət göstəririk.

Bilirəm ki, Siz Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin səfərini gözləyirsiniz. Bilirəm ki, Qarabağ mövzusu Sizin danışıqlarınızda əsas yer tutacaqdır. Çox istərdim ki, danışıqlar uğurlu keçsin və bu mürəkkəb münaqişənin həlli üçün daha əlverişli şərait yaranmasına imkan versin. Əminəm ki, bunu Azərbaycanda da gözləyirlər. Bu gün mən həmin mövzuda Ermənistanda da söhbət etdim, bunu orada da gözləyirlər. Sağ olun.

"Azərbaycan"qəzeti, 13 dekabr 2000-ci il.