Akademik Eldar Salayevə - 24 dekabr 1993-cü il


Hörmətli Eldar Yunis oğlu!

Sizi - Azərbaycanın tanınmış alimi və görkəmli ictimai xadimini 60 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Elmi ictimaiyyət Sizi mikrofotoelektronika sahəsinin Azərbaycan elmi məktəbinin yaradıcısı kimi tanıyır. Respublikamızda bu istiqamətlə bağlı elmi tutumlu yeni istehsal sahəsinin yaradılıb inkişaf etdirilməsində də xidmətləriniz böyükdür.

Sizin təşkilatçılıq fəaliyyətiniz respublika akademiyasının həyatında öz əksini tapmışdır. Elmi nailiyyələriniz və təşkilatçılıq bacarığınızla yanaşı, qaynar ictimai fəaliyyətiniz də sizi xalqa daha yaxından tanıtmışdır.

İnanıram ki, rəhbərlik etdiyiniz Azərbaycan Elmlər Akademiyası öz əzəli şöhrətini qoruyub saxlayacaq, bu müqəddəs elm ocağının hər bir istedadlı və ləyaqətli əməkdaşı isə müstəqil Azərbaycanımız naminə yorulmadan çalışacaq və Azərbaycan elminə sədaqətlə xidmət edəcəkdir.

Sizi - ömrünün 60-cı baharı ilə qovuşan fədakar alimimizi bir daha təbrik edir, gələcək fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.