Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
Hörmətli cənab sədr!

Hörmətli xanımlar və cənablar!

Avropa Şurasının ikinci sammitinin iştirakçılarını səmimi qəlbdən salamlayıram. Çox məmnunam ki, yeni minilliyin astanasında ən mühüm Ümumavropa problemlərinin müzakirəsinə həsr olunmuş bu nüfuzlu beynəlxalq forumda Azərbaycan Respublikası ilk dəfə iştirak edir.

Planetimizdə baş vermiş çox böyük müsbət dəyişikliklər - soyuq müharibəyə son qoyulması, dəmir pərdənin götürülməsi Avropanı birləşdirmiş, demokratiya yolu seçən yeni müstəqil dövlətlərin Avropa strukturlurına inteqrasiyasına imkan yaratmışdır.

Avropa Şurası bu proseslərdə mühüm rol oynayır və bütün Avropa qitəsində sülhün və sabitliyin möhkəmləndirilməsinə, plüralist demokratiya prinsiplərinin və ümumbəşəri dəyərlərin bərqərar olmasına onun verdiyi töhfəni biz yüksək qiymətləndiririk.

Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf etdirmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mürəkkəb və gərgin bir yol keçmişdir. Keçid dövrünün çətinlikləri, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azğınlığı, dəfələrlə dövlət çevrilişləri edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermənistanın təcavüzünün dağıdıcı nəticələri, özbaşınalıq və hərc-mərclik, insan hüquqlarının kütləvi şəkildə pozulması şəraiti yaratmış, Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhlükə qarşısında qoymuşdu.

Biz böyük səylər bahasına ölkədə vəziyyəti qısa müddətdə sabitləşdirə və demokratik, hüquqi, dünyəvi dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlaya bildik.

Respublika parlamentinə çoxpartiyalılıq əsasında ilk demokratik seçkilər keçirilmişdir. Ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunmuşdur və o, insanın zəruri azadlıqlarına və hüquqlarına təminat verir. Onlarca siyasi partiya, yüzlərlə müstəqil kütləvi informasiya vasitələri, söz, vicdan azadlığı, milli azadlıqların inkişafı üçün əlverişli şərait - bütün bunlar ölkəmizdə demokratik cəmiyyətin formalaşdığını sübut edir.

İqtisadiyyatın sərbəstləşdirilməsi, inflyasiya proseslərinin minimuma endirilməsi, xarici investisiyaların geniş cəlb edilməsi, torpaq üzərində mülkiyyət də daxil olmaqla özəlləşdirmə proqramının uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatında uzun sürən tənəzzülü aradan qaldırmağa imkan vermiş, istehsalın real artımı və ölkəmizin vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi başlanmışdır.

Şübhəsiz ki, biz keçid dövrünün obyektiv çətinliklərini hələ də hiss edirik, yetmiş illik totalitar sistemin ağır irsi də özünü göstərir. Ancaq demokratik islahatların uğurla aparılması respublikamızın vətəndaşlarının mütləq əksəriyyətinin bu islahatları qətiyyətlə dəstəkləməsi Azərbaycanda müstəqilliyin və demokratiyanın dönməzliyindən xəbər verir.

Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün nəticələri bizim üçün ən böyük problem olaraq qalır. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi işğal edilmiş, bu torpaqların bir milyondan artıq sakini öz yaşayış yerlərindən zorla qovulmuş, çadır şəhərciklərində dözülməz şəraitdə yaşayırlar.

Biz ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə aradan qaldırılmasına yönəldilmiş səylərini razılıqla qarşılayırıq. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü bu məsələ barəsində son dərəcə mühüm qərar qəbul etmişdir. Lissabon prinsipləri Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınmasından, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsindən və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatından ibarətdir.

Biz Avropa Şurası Parlament Assambleyasının 1997-ci il 22 aprel tarixli qətnaməsini yüksək qiymətləndiririk. Həmin qətnamədə də Azərbaycan dövlətinin ərazi bütövlüyü, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair Lissabon Zirvə görüşünün prinsipləri təsdiq edilmişdir. Bu sənədlər hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir.

1994-cü ilin mayında biz atəşkəs haqqında Ermənistanla saziş bağlamışıq və münaqişənin qəti həllinədək ona əməl etmək niyyətindəyik.

Biz münaqişənin iki mərhələdə aradan qaldırılmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiya, ABŞ və Fransanın bu yaxınlarda verdikləri təklifi: birinci mərhələdə Ermənistanın silahlı birləşmələrini Azərbaycanın işğal olunmuş altı rayonundan çıxarmaq, bu rayonların sakinlərini öz yaşayış yerlərinə qaytarmaq və müharibə zamanı dağılmış kommunikasiyaları bərpa etmək, ikinci mərhələdə Laçın və Şuşa rayonlarının azad olunması ilə birlikdə Dağlıq Qarabağın statusu məsələsini həll etmək təklifini dəstəkləyirik.

Mən bu gün bir daha bəyan edirəm ki, biz münaqişənin sülh yolu ilə aradan qaldırılması mövqeyində qətiyyətlə dururuq, Ermənistanla möhkəm və uzunmüddətli sülh yaratmaq istəyirik. Təcavüz nəticəsində Azərbaycana böyük zərər vurulmasına baxmayaraq, biz ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın, xalqlarımızın əmin-amanlığı və tərəqqisinin, regionumuzda sülhün və sabitliyin bərpa olunmasını istəyirik.

Xanımlar və cənablar!

1996-cı ilin iyununda Avropa Şurasının Parlament Assambleyası Azərbaycana xüsusi dəvət olunmuş qonaq statusu vermişdir. Biz həmçinin Avropa Mədəniyyət Konvensiyasının, təbii və texnoloji fəlakətlərin qarşısının alınması və bunlardan qorunmağa və yardımın təşkilinə dair açıq parsial sazişin iştirakçısıyıq.

Mən 1996-cı il iyulun 13-də Avropa Şurasının baş katibinə məktubla müraciət edərək Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişəm. Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmağa hazır olduğumuzu bildirərək, mən Avropa Şurasının Nazirlər Komitəsindən bu məsələ barədə Azərbaycan hökuməti ilə danışıqları sürətləndirməyi xahiş etmişəm.

Biz Avropa Şurasının təsisatları ilə fəal əməkdaşlıq edirik, onların keçirdiyi tədbirlərdə iştirak edirik, Avropa Şurasının nümayəndə heyətlərinə Azərbaycanda hər cür lazımi şərait yaradırıq.

Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Hörmətli xanımlar və cənablar!

Zirvə görüşümüz coşğun və gərgin iyirminci əsrə yekun vurur, qarşıdakı yüzilliyin vəzifələrini və perspektivlərini müəyyənləşdirir. Azadlıq, demokratiya və humanizm ideallarının ətrafında çox birləşmiş yeni Avropa, həmişə olduğu kimi, bütün bəşəriyyətin tərəqqisində və çiçəklənməsində mühüm rol oynayacaqdır.

Əminəm ki, çox böyük təbii sərvətlərə, zəngin mədəni və intellektual potensiala malik olan Azərbaycan Respublikası bu nəcib prosesə öz layiqli töhfəsini verəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.