Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində çıxışı - Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, 5 fevral 1995-ci il


Hörmətli Arif Məlikov, bu gün bizə təqdim etdiyin çox gözəl maraqlı əsərlərə görə səni ürəkdən təbrik edir, sənə cansağlığı və gələcək yaradıcılığında uğurlar diləyirəm.

Son illər respublikamızın, xalqımızın həyatında ağır dövrdür. Ancaq çətinlik içində keçən bu dövrdə də mədəniyyətimiz, incəsənətimiz yaşayır, inkişaf edir, incəsənətimizi yaradan istedadlı, görkəmli şəxsiyyətlər Azərbaycan mədəniyyətini dünyaya nümayiş etdirirlər. Bir azərbaycanlı kimi mən öz xalqımın nailiyyətləri ilə - harada oluramsa-olum, - fəxr etmişəm. Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.

Arif Məlikov Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin ən görkəmli xadimlərindən, sənətkarlarındandır. Onun yaradıcılıq yolunun çox hissəsi mənim gözümün qarşısında keçib. Mən Arif Məlikovun yazdığı əsərləri həmişə yüksək qiymətləndirmişəm və onun sənətə bağlılığını, yaradıcılığı ilə yaşadığını, öz əsərləri ilə Azərbaycan incəsənətini, musiqisini zənginləşdirdiyini həmişə hiss etmişəm. Arif bu gün də bizi sevindirdi, bu gün də bizi öz istedadı, öz musiqisi ilə cəlb etdi, cəzb etdi. Mən bu uğurlu müəllif gecəsi münasibətilə səni bir daha ürəkdən təbrik edirəm.

Yüksək professional səviyyəli musiqi əsəri, sənət əsəri yazmaq, ortaya çıxarmaq, şübhəsiz ki, böyük istedad tələb edir. Arif Məlikov belə bir fitri istedada malik insandır. Bu fitri istedadı ilə yanaşı, öz sənətini sevməsi, sənətinə sadiq olması və fədakarcasına çalışması ona belə böyük əsərlər yaratmağa imkan verir. Belə yüksək professional səviyyəli, mürəkkəb xarakterli musiqi əsərlərini dinləyicilərə çatdırmaq onu yazmaqdan bəlkə də çətindir. Mən bu gün burada çox istedadlı ifaçılarımızı gördüm. Uzaqdan Bakıya gəlmiş Fövziyə xanım, burada Arif Məlikovun əsərlərini skripkada məharətlə ifa edən Rəsul Abbasov və nəhayət, bizim gənc azərbaycanlımız, həmvətənimiz Araz Elsəsin çıxışı mənim üçün böyük bir hadisədir. Şübhəsiz ki, mən incəsənət ustalarının tam əksəriyyətini şəxsən tanıyıram, onların əsərləri ilə tanışam. Ancaq bugünkü ifaçılarla ilk dəfədir ki, üzbəüz görüşürəm. Ona görə də mən onları da, bu gün Arif Məlikovun əsərlərini pianoda, royalda və başqa alətlərdə ifa edənləri də ürəkdən təbrik edirəm. Sağ olun.

Əlamətdar bir hadisədir ki, bugünkü müəllif gecəsi böyük bəstəkarımız, Azərbaycan xalqının fəxri, ölməz Qara Qarayevin anadan olduğu gündə keçirilir. Mənə elə gəlir, bəlkə bu axşam Qara Qarayevin anadan olması gününə həsr olunub. Mən Qara Qarayevin musiqisini böyük hörmət və ehtiramla yad edirəm. Mən Qara Qarayevlə gənc yaşlarımızdan yoldaşlıq, dostluq etmişəm. Biz çox yaxın olmuşuq. Düzdür, sənətimiz bir-birindən tamamilə fərqlidir - o, bəstəkar, musiqiçi, incəsənət ustası idi, mən isə gənc yaşlarımdan siyasətlə məşğul olan adamam. Ancaq məlumdur ki, mən həmişə incəsənəti sevmişəm, hörmət etmişəm. Hələ gənc yaşlarımdan Qara Qarayevin sənətinin pərəstişkarı idim, onun ağlına, zəkasına hörmət edirdim. Sonralar mən Azərbaycana rəhbərlik edəndə Qara Qarayev respublika Bəstəkarlar İttifaqının sədri idi. Təkcə buna görə yox, böyük bir bəstəkar, sənətkar olduğuna görə mən onunla çox sıx əlaqədə olmuşam, yaradıcılığını həmişə izləmişəm. Onun yaradıcılığının daha geniş tanınması üçün əlimdən gələni etmişəm. Bu gün biz Qara Qarayevin anadan olduğu günü qeyd edirik. Qara Qarayevin 60 illik yubileyi yaxşı xatirimdədir. Bu yubileyi bərabər keçirdik, mən orada böyük məmnuniyyətlə iştirak etdim. Bu gün böyük fəxrlə deyə bilərəm ki, mənim təklifimlə o vaxt Qara Qarayev Sovetlər İttifaqının ən yüksək mükafatı olan "Qızıl Ulduz"la təltif olundu. Biz Qara Qarayevin yubileyini Bakıda keçirdik. Sonra onun yubileyini Moskvada Dövlət Konservatoriyasının böyük salonunda keçirmək nəzərdə tutulmuşdu. Mən bundan ötrü xüsusi olaraq oraya getdim. Təəssüf ki, o axşam Qara Qarayevin səhhəti yubiley gecəsində iştirak etməyə imkan vermədi. Ancaq mən mərhum həyat yoldaşım Zərifə xanımla bərabər o gecədə iştirak etdim. Qara Qarayevin həyat yoldaşı Tatyana xanım və ailə üzvləri də orada idi. O vaxt Sovetlər İttifaqı mədəniyyətinin, incəsənətinin böyük xadimləri də orada iştirak edirdilər. SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikov yubiley gecəsini giriş sözü ilə açdı. Mədəniyyət naziri Pyotr Demiçev və dövlət rəhbərləri də orada idi. Əlbəttə, bunlar xatirələrdir.

Təəssüflər olsun ki, biz Qara Qarayevi itirdik, o, dünyadan getdi. Mən dost kimi, onun sənətinə çox yüksək qiymət verən bir adam kimi, eyni zamanda respublikanın rəhbəri kimi Qara Qarayevin cənazəsini çiynimdə apardım. Mən adətən matəm mitinqlərində nitq söyləməmişdim. Ancaq Qara Qarayevin matəm mitinqində, onun qəbri yanında nitq söylədim. Ona rəhmət oxudum.

Bu ailəyə həmişə qayğı göstərmişəm. Mən Moskvada işləyəndə Tatyana xanımla telefonla əlaqə saxlamışam. Ancaq bilirsiniz ki, sonralar mən özüm "sürgünə" düşmüşdüm, özümə qayğı göstərmək lazım idi. Odur ki, əlaqələr kəsilmişdi.

Bunları ona görə deyirəm ki, bu gün Qara Qarayevin anadan olduğu gündür. Mən Moskvada işləyərkən bunu yüksək səviyyələrdə də demişəm, bir də qeyd etmək istəyirəm ki, Qara Qarayev müasir dünyanın ən dahi bəstəkarlarından biri idi. O vaxtlar biz hər şeyi Sovetlər İttifaqı miqyasında ölçürdük. Mənim aləmimdə o zaman Sovetlər İttifaqında Dmitri Şostakoviçdən sonra ikinci yerdə Qara Qarayev idi. Qara Qarayev Şostakoviçin tələbəsi idi. Yenə də deyirəm, bu, bizim üçün böyük iftixar mənbəyi idi.

Azərbaycanın musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, başqaları və bu məktəbin yetişdirməsi olan görkəmli sənətkar Arif Məlikov.

Şübhəsiz ki, hərə öz janrında musiqi yazır. Arifin musiqisi professional musiqidir, klassik musiqidir. Azərbaycan klassik, professional musiqisi - bəstəkarlarımızın yaratdığı bu əsərlər Şərq aləmində demək olar ki, ilk professional, klassik musiqi nümunələridir və burada Azərbaycan birinci yerdədir. Bu məktəbin baniləri dahi Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olublar.

O vaxtlar - 20-ci, 30-cu, hətta 40-cı illərdə Sovetlər İttifaqına daxil olan bəzi Şərq ölkələrində başqa millətdən olan böyük bəstəkarlar əsərlər yazırdılar. Böyük bəstəkar Qliyer də Azərbaycanda fəaliyyət göstərib, Azərbaycanın həyatına aid bir opera yazıb. Orta Asiya ölkələrində isə Qliyer və başqaları o xalqlar üçün professional musiqi əsərləri yazıblar. Ancaq Azərbaycanda əsrimizin əvvəlində Üzeyir Hacıbəyovun yaratdığı musiqi məktəbi böyük bəstəkarlar yetişdirib. Bu məktəbin fəaliyyəti indi də davam edir. Gənc nəsil meydana çıxır, özünü göstərir. Ümidvaram ki, gələcəkdə yenə də böyük bəstəkarları öz aramızda görəcəyik. Bütün bunların içərisində Arif Məlikov həm əvvəllər, həm də bu gün xüsusi yer tutur.

Arifin yazdığı "Məhəbbət əfsanəsi" baleti bütün dünyanın professional opera və balet teatrlarında nümayiş etdirilir. Dünyanın hər yerini dolaşmış belə əsərlər azdır, nadir bir hadisədir. İndicə Arif xatırlatdı. Gərək ki, 1986-cı ildə böyük bir tədbir var idi. O tədbirin sonunda Böyük Teatrın yeni mövsümünün açılışı münasibətilə Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Yuri Qriqoroviçin quruluşunda tamaşaya qoyulmuşdu. O vaxt Sovetlər İttifaqının rəhbərləri orada idi. Mən də o rəhbərlikdə idim. Nəhəng Sovetlər İttifaqının rəhbərlərindən bir qrupu, o cümlədən də mən Böyük Teatrın lojasında əyləşmişdik. Təsəvvür edin, mən nə qədər sevinirdim ki, Moskvada, Rusiyanın mərkəzində, zəngin tarixə malik olan Böyük Teatrın səhnəsində belə bir böyük tədbirdə, teatr mövsümünün açılışında Arif Məlikovun "Məhəbbət əfsanəsi" əsəri göstərilir. Mən orada həm sevinirdim, həm də həzz alırdım, həm də fəxr edirdim. Oturmuşduq yan-yana - dövlət rəhbərləri dəfələrlə mənə tərəf dönürdülər və məni təbrik edirdilər. Mən də sevincimi onlara bildirirdim. Nəhayət, tamaşa başa çatandan sonra Arif Məlikovu Yuri Qriqoroviçlə bərabər səhnəyə dəvət etdilər. Biz onları alqışladıq və mən onu təbrik etdim. Belə xatirələr çoxdur.

Arif görüşlərimiz barədə danışdı, amma çox maraqlı olan birini demədi. Mən incəsənət xadimlərinə, musiqiçilərə həmişə böyük diqqət yetirmişəm. Xatirimdədir, mən onlarla vaxtaşırı görüşüb danışarkən bir-biri ilə münasibətlərinin gərgin olduğunu hiss edirdim və bunları aradan götürməyə çalışırdım. Biri yanıma gələndə deyirdim ki, filankəs də gəlmişdi, səni çox tərifləyirdi. Bu birisi gələndə deyirdim ki, o da mənim yanıma gəlmişdi, səni daha çox tərifləyirdi. Bilirsiniz ki, istedadlı adamlar həmişə qəribə olurlar. Onlar adi deyillər, adi olsalar, istedadlı ola bilməzlər. İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı, respublikaya rəhbərlik edən adam gərək hərənin öz dilini bilsin, hərəni öz dili ilə dindirsin. Çalışsın ki, münasibətlər yaxşı olsun, mehriban olsun. Mən buna çalışırdım. Biz dəfələrlə yığışırdıq, otururduq, söhbət edirdik.

1973-cü ildə mən belə qərara gəldim ki, onları bazar günü Zuğulbada dəniz kənarındakı dövlət bağına dəvət edim, bir gün onlarla birlikdə olum. Dəvət etdim. Rəhmətlik Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov xanımları ilə gəlmişdilər. Tofiq Quliyev, Arif Məlikov və başqaları da orada idilər. Biz bütün günü söhbət etdik, musiqidən danışdıq. Xatirimdədir, Tofiq Quliyevlə Niyazi pianoda çox gözəl çaldılar. Biz xeyli söhbət etdik. Hesab edirəm ki, bu, çox böyük bir görüş oldu. Bundan sonra münasibətlər xeyli düzəldi. Yaxşı əsərlər də meydana gəldi. Mən sizə deyə bilərəm ki, rəhmətlik Fikrət Əmirovun "Min bir gecə" baleti çox gözəl əsərdir və elə o dövrün bəhrəsidir. O cümlədən də Qara Qarayevin sonra yazdığı əsərlər.

Arif Məlikovla biz sonralar da görüşürdük. Onun həm də rəssam olduğunu mən 7-8 il bundan əvvəl bilirdim. Ancaq öz rəsm əsərlərini mənə göstərməmişdi. Bu yaxınlarda mənim yanımda olanda dedi ki, bu əsərləri sizə təqdim edəcəyəm. Mən indi baxdım, gördüm ki, təkcə musiqi sahəsində yox, bu sahədə də onun böyük istedadı var. Mən Arifi bu münasibətlə də təbrik edirəm.

Həyatın bu çətin, ağır dövründə musiqi bəstələmək və xüsusən simfonik əsərlər, professional, mürəkkəb əsər yaratmaq çox çətin məsələdir. Arif bunun öhdəsindən gəlir. Özünün dediyi kimi, az yatır, - bu yaramaz, - çox işləyir. Bu, xalqımız üçün lazımdır. Arif yeddinci simfoniyanı son vaxtlarda təqdim edib. Mənim böyük dostum, professor İhsan Doğramaçı Azərbaycan musiqisinə çox qayğı göstərən bir insandır. O, Bilkənddə Arif Məlikovun yeddinci simfoniyasının ilk ifasının açılışı mərasimini apardı, özü də çox gözəl apardı. Mən onu təbrik etdim. İhsan Doğramaçını mart ayında Azərbaycana dəvət etmişəm, görüşəcəyik. Yəqin ki, Arif Məlikov o görüşdə də yeni bir əsər təqdim edər.

Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç də şişirtmədən, tam qətiyyətlə deyirəm. Biz onu qorumalıyıq, ona qayğı göstərməliyik. Onun imkanları çoxdur. Arif bundan sonra da yaratmalıdır. Şübhəsiz ki, o da bu fikirlərlə, hisslərlə yaşayır. Bizim bugünkü görüşümüz, bu müəllif gecəsi şübhəsiz ki, ona daha çox ilham verəcək və o, yeni əsərlər yaradacaqdır.

Mən Arif Məlikov yaradıcılığının bu salona toplaşan pərəstişkarlarını da bu gecə münasibətilə təbrik edirəm. Hamınızı salamlayıram, hamınıza xoşbəxtlik arzulayıram. Arif, səni bir daha təbrik edirəm, sənə uğurlar arzulayıram.