Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mоskvа hökumətində mеrin birinci müаvini, hökumətlərаrаsı kоmissiyаnın həmsədri Lyudmilа Şvеtsоvаnın bаşçılığı ilə Mоskvа hökumətinin nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 27 sеntyаbr 2002-ci il


Аzərbаycаn Prеzidеnti Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, onun bu iş həftəsi Rusiya nümayəndə heyətlərinin Bakıya səfərlərinin çox fəallaşması ilə səciyyəvidir. Prezident Azərbaycan–Moskva hökumətlərarası komissiyasının uğurlu işindən, onun iclaslarında qəbul olunmuş qərarların yerinə yetirilməsindən məmnun qaldığını söylədi.

Lyudmila Şvetsova səmimi qəbula görə minnətdarlığını bildirərək dedi ki, Azərbaycan prezidentinin bütün fəaliyyəti dövlətlərimizin inkişafının yeni mərhələsində Rusiya ilə mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına yönəldilmişdir. Bütün bunlar müdrikliklə, ardıcıl şəkildə, tələbkarlıqla, yaradıcılıqla həyata keçirilir. Nümayəndə heyətinin başçısı Azərbaycan prezidentinin Rusiyaya bu yaxınlardakı səfərinin yekunlarını, hər iki ölkə üçün çox mühüm sazişlər imzalanmasını yüksək qiymətləndirdi.

O, Moskva meri Yuri Lujkovun salamını və xoş arzularını Prezident Heydər Əliyevə çatdırdı və Bakı Slavyan Universitetində Rusiyanın «Moskovskaya auditoriya» tədris-mədəniyyət mərkəzinin açılması barədə dövlətimizin başçısına məlumat verdi. Mərkəzin avadanlığı Moskva Tarix Muzeyinin mütəxəssisləri tərəfindən quraşdırılmış, o, bədii ədəbiyyat, tədris vəsaiti ilə təchiz olunmuşdur. Qonaq dedi ki, mərkəzə Moskvadan daim müxtəlif profilli ədəbiyyat gətiriləcəkdir. Bu cür ədəbiyyatı MDB ölkələrinin bütün iri kitabxanalarına yaymaq üçün Moskva hökumətində xüsusi fond yaradılmışdır.

Baki Slavyan Universitetindəki görüşdə Rusiyanın tanınmış alimlərinin bu ali məktəbdə açıq mühazirələr oxuması barədə razılıq əldə edilmişdir. Moskva hökuməti Azərbaycandan olan uşaqların Moskva vilayətinin uşaq düşərgələrində yay istirahətini də təşkil etmək niyyətindədir. Müxtəlif millətlərdən olan uşaqlar burada istirahət etməklə yanaşı, rus dilini də öyrənəcəklər.

Qonaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının Moskvaya göndərilməsi barədə hökumətlərarası komissiyanın ötən il qəbul etdiyi qərarlardan da danışdı.

Qəbulda iştirak edən Baş nazirin birinci müavini, komissiyanın həmsədri Abbas Abbasov bildirdi ki, ölkələrimizin bank strukturları arasında bu sahəyə aid bütün mövcud problemləri həll etmək üçün xüsusi maliyyə qrupunun yaradılması məsələsi müzakirə olunur.

Nümayəndə heyətinin başçısı vurğuladı ki, Heydər Əliyev Rusiya ilə münasibətləri xüsusi bir tərzdə və nadir qaydada, keçmiş SSRİ respublikaları rəhbərlərinin hamısından yaxşı qura bilmişdir, baxmayaraq ki, bu heç də asan deyildi.

Prezident Heydər Əliyev Moskvaya bu yaxınlardakı səfərinin çox uğurla keçdiyini, bunun məhz Rusiya prezidentinin yaratdığı səmimilik və dostluq şəraiti sayəsində mümkün olduğunu bildirdi. Dövlətimizin başçısı dedi: «Vladimir Vladimiroviç Putin qarşısında iqtisadi xarakterli çoxlu problem olan demokratik, müstəqil Rusiya üçün əsl tapıntıdır. Bu mənim qəti inamımdır».

Görüşün sonunda Lyudmila Şvetsova Azərbaycan prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

AzərTAc