Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, Dövlət Mükafati Laureatı, Sosialist Əməyi Qəhrəmanı Qurban Abasqulu oğlu Abasovla vidalaşma mərasimində çıxışı - 15 sentyabr 1994-cü il


Görkəmli neftçi Qurban Abasqulu oğlu Abasovun vəfat etməsi xəbəri məni və deyə bilərəm ki, bütün Azərbaycan xalqını sarsıtdı. Biz Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında böyük xidmətləri olan bir insanı itirdik. Bu, xalqımız üçün, ölkəmiz üçün çox böyük itkidir.

Qurban Abasovun həyat yolu parlaqdır, nümunəvidir və xalqımızın nəyə qadir olduğunu əyani surətdə nümayiş etdirir. Adi bir gənc Azərbaycan sənayesinin, iqtisadiyyatının ən mühüm, eyni zamanda ən ağır sahəsi olan neft sənayesi sahəsində ən kiçik işdən, fəhləlikdən ən yüksək zirvəyə çatmışdır. Şübhəsiz ki, bu, bizim Azərbaycan neftçilərinin, neft sənayesində işləyənlərin, bu sahənin ictimai-siyasi mühiti ilə bağlıdır.

Eyni zamanda Qurban Abasovun öz fitri istedadı, zəhmətkeşliyi, əməksevərliyi, vətənpərvərliyi ilə bağlıdır. Məhz xalqını sevən adam, vətənpərvər adam, zəhmətkeş adam 50 il ərzində bu ağır sahədə öz çiynində böyük yükü daşımağa qadir ola bilərdi. Neft sənayesi Azərbaycan xalqının fəxridir. Neftçilər həmişə xalqımızın ən mötəbər nümayəndələri olublar. Neft sənayesi Azərbaycan iqtisadiyyatının ən böyük dayağı olub.

Neft və neft sənayesi Azərbaycan Respublikasını, Azərbaycan xalqını dünyaya tanıtdırıb. Azərbaycan neftçiləri neft sənayesində - həm neft yataqlarının kəşfində, həm də bu yataqların istismar olunmasında böyük nümunələr göstəriblər. Onların təcrübəsi, əldə etdiyi nailiyyətlər keçmiş Sovet İttifaqının, Rusiyanın bir çox regionlarında yayılıb və istifadə olunur.

Bizim neft sənayesinin ən ağır, ən çətin sahəsi dənizdə, su altında olan neft yataqlarının istifadə edilməsidir. Azərbaycan neftçilərinin Xəzərdə ilk dəfə neft çıxarmağa başlamasının 45 illiyi bu il tamam olur. Bu, dunya tarixinə, dunya salnaməsinə yazılmış bir hadisədir. 45 il müddətində Azərbaycanın Xəzər sahəsində çalışan neftçiləri böyük qəhrəmanlıqlar göstərmişlər. Neftçilər həmişə xalqımızın qəhrəmanları olmuşlar. Amma Xəzərdə neft çıxaranlar qəhrəmanların da qəhrəmanlarıdırlar. Onların içərisində ən secilən adamlardan biri, demək olar ki, ən çox seçiləni Neftçi Qurban olmuşdur. Təsadüfi deyil ki, hələ 50-ci illərdə "Neftçi Qurban" mahnısı bizim rəhmətlik böyük sənətkarımız Bülbülün ifasında hər birimizin qəlbindən gələn hissləri əks etdirirdi. O vaxtlar bu mahnını dinləyənlərin bir çoxu Neftçi Qurbanı bəlkə də şəxsən tanımırdı. Ancaq Neftçi Qurban hələ o vaxt öz qəhrəmanlığı, fədakarlığı ilə o qədər şöhrət qazanmışdı ki, onun fəaliyyətinə şairlərimiz tərəfindən şerlər yazılmış, mahnı qoşulmuş və o mahnı da illərdən-illərə keçmişdir.

50 il belə bir ağır sahədə fədakarlıqla çalışmaq böyük qəhrəmanlıqdır. Bu müddətdə Neftçi Qurban Azərbaycan xalqına əvəzsiz xidmətlər etmişdir. 50 il müddətində Azərbaycanın ən böyük sərvəti olan nefti çıxarmaq, iqtisadiyyatımızın inkişafına xidmət etmək, respublikamızın neft sənayesini yeni texnologiya üzərində qurmaq, həm də neft hasilatı sayəsində xalqımızın rifah halını qaldırmaq – bunlar hamısı Azərbaycan xalqının, respublikamızın tarixində mühüm yer tutan işlərdir. Bu işlərin görülməsində Neftçi Qurban görkəmli yer tutur - həm fəhlə kimi, həm mühəndis kimi, həm təşkilatcı kimi, həm də neft sənayesi sahəsində böyük alim kimi.

Doğrudur, Neftçi Qurban - Qurban Abasov alimlik dərəcəsi almağa can atmamışdır. Bu da onun üstün cəhətlərindəndir. Çünki o, öz əməlləri ilə, gördüyü işlərlə, neft sənayesindəki xidmətləri ilə ən yüksək alimlik dərəcəsinə çatmışdı. Neftçi Qurbanın 50 il müddətində neft sənayesində gördüyü işlər, qeyd etdiyim kimi, öz bəhrəsini vermişdir. Ancaq bu işlər Azərbaycan xalqının uzaq gələcəyi üçün də böyük əsas qoymuşdur. Xəzərdə açılmış neft yataqları, onların gələcəkdə istifadə olunması Azərbaycan iqtisadiyyatının yüksəlişinə, xalqımızın bir neçə nəslinin rifah halının təmin olunmasına xidmət edəcəkdir. Mən ümidvaram ki, gələcək nəsillər bu neft yataqlarını açanları, istifadəyə hazırlayanları daim xatırlayacaq və onların içərisində Neftçi Qurbanın - Qurban Abasovun adı xüsusi yer tutacaqdır.

Mən Qurban Abasovu şəxsən yaxından tanıyıram. Mənim tanışlığım işlə əlaqədar olub. 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edərkən mən daim neftçilərlə əlaqədə olmuşam və bu sırada Neftçi Qurbanı da işdə müşahilə etmişəm. Onun həm Neft Daşlarında olduğu vaxt, həm də neft sənayesinin problemləri müzakirə edilərkən irəliyə sürdüyü fikirlər, məsləhətlər, təkliflər həmişə çox dəyərli, ağıllı, mənfəətli olub. Bunların hamısı da Azərbaycan iqtisadiyyatının inkişafına, xalqımızın rifah halının yüksəlməsinə yönəldilmişdir.

Neftçi Qurban təvazökar bir adam idi, sözün əsl mənasında işgüzar bir adam idi. Yüksək vəzifələr tutduğu vaxtda da, böyük dövlət xadimi olduğu vaxtda da nəinki Azərbaycanın, o vaxtkı Sovetlər İttifaqının neft sənayesinin problemləri ilə məşğul olduğu vaxtda da həmişə özünü sadə aparırdı. O həmişə fədakar olub, həmişə öz işgüzarlığı ilə fərqlənib. Mənə yaxşı məlumdur və bunların şahidiyəm ki, Sovetlər İttifaqının neft sənayesinin başında duran böyük neftçilər, dövlət xadimləri, ölkə rəhbərləri Neftçi Qurbanı şəxsən tanıyırdılar, onun xidmətlərini qiymətləndirirdilər və biliyindən, təcrübəsindən həmişə istifadə edirdilər.

Sovetlər İttifaqının - çox böyük neft potensialına malik olan bu dövlətin neft problemlərinin həllində Neftçi Qurban fəal iştirak edirdi. Mən bunların da şəxsən şahidiyəm. Bütün bunlarla yanaşı, bir daha deyirəm ki, o çox təvazökar bir adam idi. Şöhrət dalınca getmək, yaxud özünü qabağa salmaq, gördüyü işləri nəzərə çarpdırmaq, özünü gözə soxmaq - bunlar ona xas olan xüsusiyyətlər deyildi. O, ancaq işlə məşğul idi. Doğrudan da bu adam gecə də, gündüz də özünü işə, xalqa xidmətə həsr etmişdi.

Neftçi Qurban Azərbaycan xalqının qəlbində böyük neftçi, böyük mühəndis, böyük təşkilatcı, böyük dövlət xadimi və gözəl insan - yüksək mənəvi keyfiyyətləri olan bir insan kimi daim yaşayacaqdır. Neftçi Qurbanın həyat yolu xalqımız üçün, gənclərimiz üçün nümunədir.

Müstəqil Azərbaycan Respublikası öz müstəqil həyatını qurur. Qarşımızda böyük vəzifələr var. Neft sənayesi Azərbaycan Respublikası iqtisadiyyatının həlledici sahəsidir. Bu sənayenin inkişaf etdirilməsi üçün bizim böyük proqramlarımız, böyük layihələrimiz var. Onların həyata keçirilməsi Azərbaycan iqqisadiyyatını və xalqımızın rifah halını qaldıracaq və inkişaf etdirəcəkdir. Ancaq bunları həyata keçirmək üçün və tərəqqipərvər, işgüzar, fədakar, saf mənəviyyatlı insanlar, mütəxəssislər, alimlər lazımdır. Bax, bütün bunlar üçün Neftçi Qurbanın həyat yolu, iş təcrübəsi, onun siması, mənəviyyatı nümunədir və ümidvaram ki, nümunə olacaqdır.

Mən bu gün kədər içərisindəyəm. Çünki əziz bir dostumuzu itirmişik. Bu gün mən Neftçi Qurbanın cənazəsi qarşısında baş əyirəm. Demək istəyirəm ki, Neftçi Qurban və onun kimiləri xalqımızın qəlbində, tarixində daim yaşayacaqlar. Allah xalqımıza dözüm, səbr versin. Allah Qupban Abasova rəhmət eləsin.

Tarixi arayış