"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi" (Respublika Sarayı, 8 noyabr 1996-cı il) sənədinə tarixi arayış


Məhəmməd Süleyman oğlu Füzuli (1494-1556) klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir olub. Yaxın Şərqin ən böyük lirik şairi olan Füzuli ailəsi Azərbaycandan Bağdada köçdüyünə görə, İraqın Kərbəla şəhərində anadan olub.

Füzuli poeziyası yalnız Azərbaycanda, Türkiyədə, İraqda, Orta Asiyada deyil, Rusiyada və qərb ölkələrində də geniş yayılıb. Onun bir çox əlyazmaları Avropanın tanınmış kitabxana və muzeylərində qorunub saxlanmaqdadır.

Füzuli Azərbaycan, ərəb və fars dillərində yazılmış mükəmməl qəsidə, qəzəl və rübailərin, "Rindu-Zahid", "Səhhəti-Mərəz", "Bəngü-Badə", "Söhbət-ül Əsmar", "Şikayətnamə" kimi əsərlərin müəllifidir.

Füzuli yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində qəzəldən geniş istifadə etdiyi əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Klassik Azərbaycan İntibahının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli həmişə dünya şərqşünaslıq elminin diqqət mərkəzində olub. Avropada Hammer Purqital, Braun Rio, Beqli, Aibb, Rusiyada D.Smirnov, A.Krımski, Y.E. Bertels kimi müəlliflər Füzuli yaradıcılığının tədqiqatçıları sırasında olub.

1994-cü il YUNESKO xətti ilə Füzuli ili elan olunub, dünyanın bir çox ölkələrində dahi şairin yubileyi ilə bağlı tədbirlər keçirilib.

Azərbaycan Milli Bankı 1996-cı ildə Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının 500 illiyinə həsr olunmuş 100 manat nominalında qızıl, 50 manat nominalında isə gümüş xatirə sikkələri buraxıb.

1996-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimizin adı verilib.

Üzeyir Hacıbəyovun Füzulinin "Leyli və Məcnun" poeması əsasında yaratdığı eyni adlı opera, bəstəkar Cahangir Cahangirovun (1921-1992) "Füzuli kantatası", Füzulinin Bakıdakı möhtəşəm abidəsi, respublikanın rayonlarından birinə onun adının verilməsi Azərbaycan xalqının dahi şairin irsinə verdiyi qiymətin təzahürüdür.

Dahi Azərbaycan şairinin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə çıxış edən Heydər Əliyev dünya mədəniyyətini zənginləşdirən Füzuli irsinə yüksək qiymət verib.

Tarixi arayış 8 iyul 2008-ci ildə tərtib edilib.