Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə söhbətindən - 14 iyul 2001-ci il


Heydər Əliyev: Sizin hamınızı Azərbaycanda salamlayıram. Moskvadan eyni vaxtda bu qədər jurnalistin Azərbaycana gəldiyini xatırlamıram. Amma, görünür, iş təkcə sayda deyil, həm də ondadır ki, siz çox nüfuzlu qəzetləri, nəşrləri və s. təmsil edirsiniz. Mən buna şadam və bu təşəbbüsümü yüksək qiymətləndirirəm. Çünki, təəssüf ki, biz özümüz indi Azərbaycanın necə yaşadığı, burada nələr baş verdiyi, ölkəmizin hansı problemlərlə, proseslərlə, hansı çətinliklərlə qarşılaşdığı barədə Moskva mətbuatı vasitəsilə ictimaiyyətə istədiyimiz kimi məlumat verə bilmirik. Bir halda ki, siz buraya gəlmisiniz, insanlarla ünsiyyətdə olacaqsınız, deməli, sizin şəxsi təəssüratınız olacaqdır. Deyirlər ki, indi mətbuat dördüncü hakimiyyətdir. Nə olar, qoy hakimiyyət çox olsun. Qoy mətbuat dördüncü hakimiyyət olsun. Biz bunu qəbul edirik. Buna görə də başlıcası odur ki, mətbuat özünün dördüncü hakimiyyət olmaq vəzifəsini bu və ya digər işə bələdliklə yerinə yetirsin. Bundan ötrü ən yaxşı üsul isə jurnalistin özünün tanış olması, özünün görməsi, özünün eşitməsidir.

Məsələn, biz, uzun illər ərzində həm keçmiş Sovetlər İttifaqında və həm də indi rəhbər işdə olan insanlar həmişə onu əsas götürmüşük ki, əlbəttə, daha çox öz aparatlarımızın, nazirliklərimizin, baş idarələrimizin məlumatı əsasında işləyirik. Eyni zamanda, biz həmişə onu əsas götürmüşük ki, bununla yanaşı, şəxsi tanışlıq, hər şeylə olmasa da, hər halda mövcud olanların bir hissəsi ilə tanışlıq həmişə daha faydalıdır. Yeri gəlmişkən, keçmişdə bu mənim həyat təcrübəmdə bir qayda idi və ona indi də əməl edirəm. Bu, mənə çox kömək etmişdir, çünki, deyək ki, şəxsi görüşlər zamanı gördüklərimi, duyduqlarımı, hiss etdiklərimi müxtəlif səviyyəli əməkdaşların verdikləri informasiyadan heç vaxt ala bilmirdim. Ona görə də hesab edirəm ki, siz bu səfərlərinizdə Azərbaycanı daha yaxşı tanıyacaqsınız. Mən deyə bilmərəm ki, onu tamamilə tanıyacaqsınız, bundan ötrü daha çox vaxt, daha çox ünsiyyətdə olmaq və s. lazımdır, amma, hər halda, Azərbaycanı daha yaxşı tanıya biləcəksiniz. Bu, bizim üçün xüsusilə vacibdir. Çünki, təəssüflər olsun, hər yerdə - dünyada da, o cümlədən Moskva mətbuatında da yalan məlumat vermədən, hansısa əsassız şayiələrə, qeyri-mötəbər mənbələrə istinad etmədən ötüşmürlər. Amma qəzetləri, jurnalları oxuyan insan özü nəticə çıxarır. Çox zaman da inanır ki, yəqin düz yazılmışdır.

Ona görə də şadam ki, siz gəlmisiniz. Mənə dedilər ki, siz dünən axşamdan bəri burada nəsə görə bilmisiniz və hələ görəcəksiniz. Biz indi sizinlə görüşürük, yəqin ki, sizin başqa görüşləriniz də olacaqdır. Məndən xahiş ediblər ki, sizinlə sabah qeyri-rəsmi şəraitdə də görüşüm. Qeyri-rəsmi şəraitin nə olduğunu başa düşmürəm, çünki bizim bütün həyatımız belə şəraitdə keçir.

Bununla belə, sizin arzunuzu yerinə yetirmək üçün biz yəqin ki, nəsə düşünüb tapa bilərik. Mən sizi bir daha salamlayıram və sizi dinləməyə hazıram.

Vitali İqnatenko: Sizinlə görüşmək, Bakıda olmaq və ölkənizin nailiyyətlərini öz gözümüzlə görmək, onun problemlərini, ağrılarını hiss etmək bizim üçün böyük şərəfdir. Biz indicə qaçqınlarla görüşmüşük. Bu, Sizin ölkənizdə olduğumuz müddətdə bizim üçün ən həyəcanlı an idi. Mən onu da demək istərdim ki, bu gün iyulun 14-dür. Bizim yadımızdadır ki, düz 32 il əvvəl Siz respublikaya rəhbərlik etməyə başlamışdınız. Müxtəlif vaxtlar olub, Siz heç də həmişə burada olmamısınız, lakin respublikanın taleyinə və işlərinə Sizin təsiriniz daim güclü olubdur. Biz də Sizi təbrik edir və demək istəyirik ki, cəmi iki gün ərzində bir sıra görüşlər keçirmişik. Sizin qeyri-rəsmi adlandırdığınız görüşə gəldikdə isə biz, sadəcə, Sizinlə bir daha görüşmək istəyirik.

Burada Rusiyanın, Ukraynanın, Latviyanın ən açıq, ən nüfuzlu nəşrləri təmsil olunmuşdur. Hesab edirəm ki, bizim burada gördüklərimiz ölkələrimizin bir-birini yaxından başa düşməsinə və hiss etməsinə, Sizi öz aramızda hiss etməyimizə kömək edəcəkdir.

Səfərimizin başlıca məqsədi də budur.

Heydər Əliyev: Vitali Nikitiç, sağ olun. Bəli, bu gün mənim üçün doğrudan da əlamətdar gündür. Əlbəttə, bu gün bəşəriyyət tarixində çox əlamətdar bir gün - Bastilyanın alınması günü, Fransanın milli bayramıdır. Bu, təkcə Fransanın həyatında tarixi fakt deyildir. Bu, sonrakı dövrlərdə bütün dünyada insan cəmiyyətinin inkişafı proseslərinə çox böyük təsir göstərmişdir. Mənə xoşbəxtlik nəsib olub ki, 32 il bundan əvvəl, 1969-cu il iyulun 14-də respublikanın rəhbəri seçilməyim məhz həmin günə təsadüf etmişdir. Ona görə də keçmişdə mən burada işləyərkən həmin gün məni təbrik edəndə soruşurdum ki, nə münasibətlə - Bastilya günü münasibətiləmi təbrik edirsiniz? Mənə deyirdilər ki, biz Bastilya gününün nə vaxt olduğunu xatırlamırıq. Biz sizi öz gününüz münasibətlə təbrik edirik. Mən isə Bastilya gününü həmişə xatırlayıram. Xüsusən də bu gün Fransa səfirliyindəki qəbulda iştirak etmək, onları milli bayramları münasibətilə təbrik etmək fikrindəyəm. Təbrikinizə görə sağ olun.

Həqiqətən də 32 il az müddət deyildir. Bu dövr ərzində mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram.

Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm.

İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır. Ona görə ki, bu ilin axırında biz Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edəcəyik. Bəzi çətinliklərə baxmayaraq, biz bu onillik yubileyə, hər halda, müsbət nəticələrlə gedirik. Gələcəkdə isə, hesab edirəm, ölkəmizi daha varlı, daha yaxşı, daha gözəl etmək, Azərbaycanın bütün vətəndaşları üçün daha yaxşı həyat şəraiti yaratmaq imkanımız var. Hər halda, belə perspektiv realdır və bu, təkcə təxəyyül deyil, həm də əlimizdə olan bütün hesablamalara əsaslanan proqnozdur.

Sizi Azərbaycan barəsində nə maraqlandırır, mən sizə nə kömək edə bilərəm? Siz çoxlu informasiya alırsınız, məndən nəyi öyrənmək istəyirsiniz?

Viktor Loşak: Cənab prezident, çoxumuz Bakıya ilk dəfə gəlmişik. Bizim qəzetlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər haqqında yazır. Bu münasibətlərin perspektivlərini bilmək istərdik.

Heydər Əliyev: Rusiya-Azərbaycan münasibətlərinin bizim üçün öncül əhəmiyyəti var. Yəqin ki, siz burada olduğunuz qısa müddətdə Azərbaycan əhalisinin böyük əksəriyyətində Rusiya ilə bağlı əhval-ruhiyyəyə əmin oldunuz. Xalqımız 200 il Rusiyanın tərkibində yaşamışdır. XIX əsrin əvvəlindən çar Rusiyası imperiyasının tərkibində 1920-ci ildən isə Sovetlər İttifaqının tərkibində. İndi son on ildir ki, biz müstəqillik şəraitində yaşayırıq. Ona görə də mən həmişə deyirəm ki, bu və ya digər zaman kəsiyini kim necə xarakterizə edir etsin, həmişə obyektiv olmaq lazımdır. Həm müsbəti, həm də mənfini görmək lazımdır. Məsələn, 1813-cü il, sonra 1828-ci il Rusiya-İran müharibələri əlbəttə, Azərbaycanı parçalamışdır. Həmin vaxt Azərbaycanda vahid dövlət olmasa da, ayrı-ayrı dövlətlər vardı. Keçmiş zamanlarda Azərbaycanda bütün Azərbaycanı birləşdirən dövlətlər olmuşdu. Düzünü deyək, Azərbaycan müstəmləkəyə çevrildi. Əlbəttə, bu müstəmləkə dövrü mürəkkəb idi, amma xalqımız böyük fayda vermişdir. Əsrlər boyu müsəlman dininə etiqad edən Azərbaycan xalqı ümumbəşəri mədəniyyətə, ümumbəşəri dəyərlərə, Avropa dəyərlərinə qovuşdu - bütün bunlar Rusiya vasitəsilə, xüsusən XIX əsrin ikinci yarısında və təbii ki, XX əsrdə baş vermişdir.

Əlbəttə, sovet dövrünü bu gün çoxları pisləyir, onu mənfi cəhətdən işıqlandırırlar. Təbii ki, mən həmin dövrün faciələrini, məhrumiyyətlərini, çətinliklərini görürəm, ancaq eyni zamanda, həmişə demişəm və bu gün sizə də deyirəm ki, o dövrün öz üstünlükləri, müsbət nəticələri olubdur. Məsələn, əgər bizim xalqımızı götürsək, həmin dövrdə kütləvi maariflənmə baş vermiş, insanların hamısı savadlanmışdır. Bu, təkcə bizdə olmayıb, məgər Rusiyada savadlılar çox idi? Rusiya kəndlisi savadsız idi. Həmin dövrdə Azərbaycanda çox böyük məktəb şəbəkəsi, geniş ali təhsil şəbəkəsi yaradılmışdır. Azərbaycanda ilk universitet 1919-cu ildə - qısa müddət, cəmi 23 ay müstəqil Azərbaycan dövləti mövcud olarkən yaradılmışdır. Sonra isə, demək olar ki, hər 2-3 ildən bir yeni ali təhsil müəssisələri açılırdı. Əslinə qalsa, azərbaycanlılar üçün ali təhsil almaq adi hala çevrilmişdi. Yaxud elmin inkişafını götürün. Əlbəttə, Azərbaycan xalqının tarixində görkəmli şəxsiyyətlər olduqca çoxdur və onlar ümumən dünya sivilizasiyasına, o cümlədən dünya elminə böyük töhfələr vermişlər. İstər riyaziyyat sahəsində, istər astronomiya sahəsində, istərsə də başqa sahələrdə onların adları məşhurdur, mən hələ qədim zamanlardan başlayaraq Azərbaycan ədəbiyyatının dəyərli nümunələrini demirəm. Amma bu, bütün xalqı əhatə etmirdi. Xalqın bütünlüklə maariflənməsi, elmin geniş inkişafı, Azərbaycanda ali təhsilin adi hala çevrilməsi, mədəniyyətin Ümumavropa səciyyəsi alması - bütün bunlar həmin dövrdə olmuşdur.

Məsələn, Azərbaycanda Avropa tipli teatr hələ 130 il əvvəl yaranmışdır. Onu kim yaratmışdır? Azərbaycanın qabaqcıl insanları. Bunun da başında görkəmli insanlardan biri olan Mirzə Fətəli Axundov dururdu. Məhz o, rus ədəbiyyatının təsiri altında belə dünyəvi teatr üçün ilk əsəri yaratmışdır. Onun "Puşkinin ölümünə" poeması məşhurdur. Yəqin ki, indiki yeni nəsil bunu bilmir.

Mənim xatirimdədir,- biz Azərbaycanda rus ədəbiyyatı günləri keçirəndə və sonra Moskvada bizim böyük şairimiz Səməd Vurğunun yubileyini keçirəndə o vaxtkı Rusiya ədəbiyyatının ən görkəmli nümayəndələri iştirak edirdilər. Mən bu poemadan ayrı-ayrı parçaları əzbər deyəndə, hamı təəccübləndi və xoş hisslər keçirdi. Belə faktlar barəsində lap çox danışmaq olar. Hesab edirəm ki, rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərin köklərini və Azərbaycanın milli təhsil sisteminin, elminin və mədəniyyətinin yaranmasına rus mədəniyyətinin, rus elminin, təhsilinin necə böyük təsir göstərdiyini vurğulamaq üçün dediklərim kifayətdir. Ona görə də bütün bunları kənara atmaq olmaz. Nəinki olmaz, həm də bu, yolverilməzdir. Təbii ki, bütün bunlar qorunub saxlanır, nəsildən-nəslə keçir.

Bütün bunlar Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin zəminidir.

O ki qaldı müxtəlif dövrlərdəki münasibətlərə, həmin münasibətlər artıq bu və ya digər dövlətin siyasətindən, kimin hansı siyasət aparmasından asılıdır. Biz deyə bilmərik ki, dövlət müstəqilliyi əldə edildikdən sonra Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər istənilən səviyyədə olmuşdur. Bunda bir tərəfi təqsirləndirmək olmaz. O tərəfin də, bu tərəfin də təqsiri olmuşdur. Amma, əlbəttə, Azərbaycanı müəyyən dərəcədə Rusiyadan kənarlaşdıran ən böyük kədərli hadisə 1990-cı ilin 20 Yanvarı idi. Siz yəqin ki, Şəhidlər xiyabanında olmusunuz. Siz bilirsiniz, Sovetlər İttifaqının tarixində elə bir hal olmamışdı ki, dövlət öz xalqına qarşı təcavüz etsin. Tarixi siz də bilirsiniz, mən də bilirəm. Tarixin xeyli hissəsi mənim gözlərim qarşısında keçmişdir. 1956-cı ildə Macarıstana sovet qoşunlarının yeridilməsini xatırlayıram, sonra araşdırdılar, etiraf etdilər ki, bu, səhv idi, amma insanlar həlak oldu. 1968-ci ili - Çexoslovakiyaya qoşun yeridilməsini xatırlayıram, 1978-1979-cu illəri - Əfqanıstana qoşun yeridilməsini xatırlayıram. Bunda sovet dövlətinin maraqları var idi və o zaman, əlbəttə ki, bu maraqlar siyasətlə şərtlənmişdi, lakin tarix bütün bunları pislədi.

Amma Sovetlər İttifaqının mövcud olduğu dövrdə bir müttəfiq respublikaya, bir xalqa qarşı dövlətin iri qoşun kontingenti göndərilsin - belə şey olmamışdır. Bu, bəlkə də Sovetlər İttifaqının tarixində, ilk növbədə, Kommunist Partiyasının tarixində ən faciəli epizoddur. Əlbəttə, mən demək istəmirəm ki, məsələn, 20-ci və 30-cu illərin kütləvi repressiyaları faciə deyildir. Yox, bu, məlumdur. Repressiyalar hər yerdə - Rusiyada da, Ukraynada da, Azərbaycanda da, Orta Asiyada da olmuşdur. Bu, dövlətin sovet hakimiyyətini möhkəmləndirmək üçün yenə də öz xalqına qarşı siyasəti idi. Bu, NKVD-nin əli ilə edilirdi. Amma belə bir dövlətin, fövqəldövlətin qoşunlarının bir gecədə Bakıya göndərilməsi və dinc insanları məhv etməsi, bu, Sovetlər İttifaqının tarixində yeganə haldır, bu, qara ləkədir. Əgər bu gün Rusiyada, Moskvada kimsə bunu unutmaq və ya həmin cinayəti törətmiş insanlara bəraət qazandırmaq, onları bağışlamaq istəyirsə, mən indiyədək də hesab edirəm ki, onlar düzgün hərəkət etmirlər. Heç bir cinayət cəzasız qalmamalıdır. Cəza necə olmalıdır - bu, başqa məsələdir.

Əlbəttə, bu fakt Azərbaycan-Rusiya münasibətləri üçün çox ağır yük oldu. Özü də bu, Ermənistan ilə Azərbaycan arasında əslində müharibə getdiyi bir vaxtda baş vermişdi. Azərbaycan ərazisinin bir hissəsinə göz dikən Ermənistan 1988-ci ildə özünün bu qanunsuz iddialarını açıq-aşkar silah gücünə reallaşdırmağa başladı ki, bu da qanlı münaqişəyə və nəhayət, müharibəyə gətirib çıxardı.

İkinci belə fakt odur ki, o zamankı sovet rəhbərliyi münaqişənin qarşısını almadı, halbuki bunu edə bilərdi, çünki o vaxt Sovetlər İttifaqı çox güclü idi.

Bu, mən Moskvada, Kremldə bütün vəzifələrdən istefa verdikdən, demək olar, bir ay-ay yarım sonra baş verdi. Mən Sovetlər İttifaqının o vaxtkı vəziyyətini hamıdan yaxşı bilirdim. Üstəlik, bilirdim ki, ayrı-ayrı qüvvələr həmin münaqişənin genişlənməsinə müəyyən dərəcədə imkan yaradırlar. Əlbəttə ki, bunun özü də insanları nəinki sovet dövlətindən, təbii ki, Rusiyadan da uzaqlaşdırırdı, axı insanların şüurunda Sovetlər İttifaqı ilə Rusiya eyni şey idi.

Şübhəsiz ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda təkcə ciddi nöqsanlara, səhvlərə deyil, ciddi cinayətlərə də yol verildi. Kommunist rejimi zamanı həm Azərbaycanın özünün rəhbərliyi, həm də sovet rəhbərliyi tərəfindən, sonra isə kommunist rejimini əvəz edən rəhbərlik - Xalq Cəbhəsi tərəfindən. Onlar çox cinayətlər törətmişlər. Bəlkə də Azərbaycan tərəfinin bu hərəkətləri də Rusiya ilə Azərbaycan arasında münasibətləri mürəkkəbləşdirən amil olmuşdur. Hətta MDB yaradılanda da Azərbaycan onun tərkibinə daxil olmadı. Mən 1993-cü ilin iyununda buraya gəldim, bir neçə gündən sonra respublikaya rəhbərlik etməyə başladım, xalqı, cəmiyyəti MDB-yə daxil olmağın zəruriliyinə inandırmaq üçün bir neçə ay işləmək lazım gəldi. Hərçənd müxalifətdəkilərin bir çoxu məni bu gün də təqsirləndirir ki, düzgün hərəkət etməmişəm. Deyirlər ki, bu Azərbaycanın milli mənafelərinə ziddir. Ancaq bu, təkcə mənim qərarım deyildi, həm də parlamentin qərarı idi. Ona görə də əgər bizim həmin zaman kəsiyindəki münasibətlərimizi götürsək, onda belə bir mərhələ də vardır.

Sonrakı dövrdə isə biz Rusiya rəhbərliyinə təkidlə müraciət edirdik ki, Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinə kömək göstərsin. Rusiya buna müsbət təsir göstərmək üçün hər hansı bir ölkədən daha çox imkanlara malik idi, - yeri gəlmişkən, bu gün də malikdir, - ancaq bu kömək olmadı. Təbii ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə mənfi halları müəyyən dərəcədə gücləndirirdi. Amma bizim hakimiyyət, mən özümün rəhbərlik etdiyim dövləti nəzərdə tuturam, çox illərdir ki, Rusiya ilə bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm sosial, həm də humanitar sahədə, bütün başqa sahələrdə münasibətləri inkişaf etdirmək, dərinləşdirmək və yaxşılaşdırmaq mövqeyində möhkəm durur. 1997-ci ildə mən Moskvaya rəsmi səfər etdim, biz prezident Yeltsin ilə müqavilə imzaladıq. Ancaq biz bundan sonra da Azərbaycana rəğbət baxımından böyük dəyişiklik hiss etmədik. Rusiyada rəhbərlik dəyişmişdir. Vladimir Vladimiroviç Putin prezident seçilmişdir. O, rəhbərlikdə çox dəyişikliklər edibdir. Mən bunu çox böyük tarixi hadisə hesab edirəm ki, o, XXI əsrin əvvəlində ilk rəsmi səfərini yanvarın 9-da Azərbaycana etmişdir. Deməliyəm ki, buna qədər Rusiyanın nə prezidenti, nə də hökumət başçısı Azərbaycanda səfərdə olmamışdı, halbuki biz onları dəfələrlə dəvət etmişdik.

Mən hesab edirəm ki, indi münasibətlərimizi dərinləşdirmək və inkişaf etdirmək üçün çox yaxşı şərait var. Prezident Putinin Azərbaycana səfəri çox uğurla keçdi. Açığını deyim ki, xalq onun səfərini böyük ruh yüksəkliyi ilə qarşıladı. Bu, çox mühümdür. Çünki xalqın ürəyində incikliklər olsa da, başqa hisslər daha güclü idi. Sadəcə olaraq, həmin hisslərin özünü büruzə verməsinə imkan yaratmaq lazım idi. Mən hesab edirəm ki, hazırda ölkələrimiz arasında yaxşı, xeyirxah münasibətlər mövcuddur. Münasibətlərimizi daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yaxşı perspektivlər vardır. Əlbəttə, burada bir amil var - bu, Ermənistan ilə Azərbaycan arasında hələ də davam etməkdə olan münaqişədir. Bu münaqişənin tarixi, onun səbəbləri və gedişi haqqında nə dərəcədə məlumatınız olduğunu bilmirəm. Buna baxmayaraq, sizə bu barədə qısaca danışmaq istəyirəm.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir vaxtlar, XIX əsrdə erməniləri İrandan Qarabağa köçürüblər və onlar orada yaşamışlar. Əslində, ermənilər təkcə orada deyil, Bakıda da, başqa şəhərlərdə də yaşamışlar. Bütün bunlar çarizm dövründə, sovet hakimiyyəti dövründə olmuşdur. Burada qeyri-adi bir şey yoxdur. Eynilə azərbaycanlılar da indiki Ermənistanda yaşayırdılar. İndiki Ermənistanda yaşayan azərbaycanlıların sayı vaxtilə ermənilərdən çox olmuşdur. İrəvan xanlığı var idi. O, Yerevan ətrafındakı böyük bir ərazini əhatə edirdi və Azərbaycan xanlığı idi. Azərbaycanın, İranın böyük bir hissəsinə sahib olan Qacarlar tayfasından Qacar adlı bir xan olmuşdur. Qacarların neçə-neçə nəsli İran şahı olmuşdur. Mən tarix barədə danışıb, sizin vaxtınızı çox almaq istəmirəm. Kim maraqlanırsa, ilk mənbəyə müraciət edə bilər. Bununla belə, sovet hakimiyyəti qurulduqdan sonra Ermənistanda azərbaycanlılar yaşayırdı, hərçənd tədricən oradan sıxışdırılıb çıxarılırdılar. Azərbaycanda ermənilər yaşayırdı, lakin onları buradan sıxışdırıb çıxarmırdılar. 1923-cü ildə, Sovetlər İttifaqı müttəfiq respublikaların sərhədlərini öz bildiyi kimi dəyişdirməyə başladıqda, ermənilər qərara gəldilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmaq lazımdır. Onlar bunu əsas götürürdülər ki, Azərbaycanın həmin hissəsində ermənilər çoxluq təşkil edirlər. Azərbaycanın tərkibində vilayət yaşayırdı, həm də çox yaxşı yaşayırdı. Heç bir problem yox idi. Mən Azərbaycana 14 il rəhbərlik etdiyim zaman dəfələrlə Dağlıq Qarabağda olmuşam. Yerevandan olan millətçi qüvvələr Dağlıq Qarabağda bu vilayəti Ermənistanla birləşdirməyin zəruriliyi əhval-ruhiyyəsini qızışdırsalar da, sizə açığını deyim ki, Azərbaycan rəhbəri kimi mən Azərbaycanın başqa bölgələrinə nisbətən Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına həmişə böyük diqqət yetirirdim. Heç bir problem yox idi. Problemləri yaratdılar. Kim yaratdı? Ermənistandan olan ayrı-ayrı adamlar.

Mən burada sovet ədəbiyyatı günlərinin keçirildiyi 1975-ci ili xatırlayıram. Adları tarixdə yaşayan bir çox böyük yazıçılar tədbirdə iştirak etməyə gəlmişdilər. İndi onların bir çoxu həyatdan getmişdir. Çox maraqlı görüşlər keçirildi. Mariyetta Şaginyan da gəlmişdi. Siz onu tanıyırsınız, xatırlayırsınız. O, 100 yaşınadək yaşamışdır. Əvvəllər mən onunla tanış deyildim. Əlbəttə, əsərlərini oxumuşdum. O, buraya gəlmişdi. Bütün tədbirlərdə iştirak edirdi. M.Şaginyan hələ İkinci dünya müharibəsindən əvvəl Bakıda olmuşdu. Deyirdi ki, 1948-ci ildən sonra Bakıda olmamışdır. O xahiş etdi ki, burada qonaq qalmaq istəyir. Mən də razılıq verdim. Təxminən 20 gün mənim qonağım oldu.

Onda mən dedim ki, bilirsiniz nə var, sizdən xahiş edirəm, ermənilərin yaşadıqları bölgələrə gedin. Mən xahiş etdim və o, Dağlıq Qarabağa getdi. Əlbəttə, Bakıda erməni çox idi, onlarla ünsiyyətdə olmuşdu. Gəncəyə, Azərbaycanın başqa bölgələrinə getdi və qayıdıb gəldi. Mənim rəhmətlik həyat yoldaşım da incəsənətlə, ədəbiyyatla çox maraqlanırdı. Elə oldu ki, lap əvvəldən onunla Mariyetta Sergeyevna arasında yaxşı münasibətlər yaranmışdı. Bazar günü biz onu evimizə dəvət etdik, bütün günü bir yerdə keçirdik. Onun burada olduğu axır günlər idi. O, öz kitabını mənə bağışladı və dedi: Bilirsinizmi, mən bütün ermənilərlə görüşdüm və onlara dedim ki, siz burada başqa yerlərdə olduğuna nisbətən daha yaxşı yaşayırsınız. Onun dediklərini indi də xatırlayıram: "Ermənilər Azərbaycanda yağ-bal içində yaşayırlar". Onu da dedi ki, bir həftə Yerevanda qalıb, oradan gəlibdir. Bir də dedi ki, ədəbiyyat, elm xadimləri ardı-arası kəsilmədən onun görüşünə gəlirdilər. Əllərində də 100 nəfərə yaxın görkəmli şəxsin imzaladığı siyahı. Onlar Sovetlər İttifaqının rəhbərliyindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. O, onları dinləyib demişdi ki, siz lazımsız işlə məşğul olursunuz. Əvvəla, mən bu siyahıya heç vaxt imza atmayacağam, ikincisi, mən sizə bu işlə məşğul olmağı məsləhət görmürəm. Mariyetta Şaginyan isə şəxsiyyət idi.

Bu faktla mən demək istəyirəm ki, zaman-zaman bu məsələni qaldırırdılar. Lakin Sovetlər İttifaqının rəhbərliyi həmişə onu yatırırdı. Amma 1988-ci ildə həmin məsələ yenidən ortaya çıxanda Sovetlər İttifaqının rəhbərliyi bunu yoluna qoymaq üçün nəinki tədbir görmədi, əksinə, bu işə hətta rəvac verdi. Ona görə də o zaman Sovetlər İttifaqının, Sovet İttifaqı dağıldıqdan sonra isə Rusiyanın bu münaqişədə Ermənistan və Azərbaycan barəsində mövqeyi eyni deyildi. Hamı hiss edirdi ki, burada ikili standart var. Həmin münaqişədə Ermənistana daha çox havadarlıq edilir, Azərbaycana isə başqa münasibət bəslənirdi. Bu da müəyyən bir ab-hava yaradırdı. Mən sizə 1990-cı il hadisələri barədə danışdım. Biz bu məsələni parlamentdə müzakirə etdik. Bəziləri çıxış edib deyirdilər ki, Rusiya əsgəri Bakıya soxulmuşdu. Mən isə deyirdim ki, Rusiya əsgəri yox, sovet əsgəri, sovet qoşunları, çünki onlar Rusiyanın deyil, Sovetlər İttifaqının qoşunları idi. Adamların şüurunda bu eyniləşir və vəziyyəti mürəkkəbləşdirirdi.

Xoşbəxtlikdən Vladimir Vladimiroviç Putin münaqişəni nizama salmaq üçün fəal işə başladı. ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir. Ona Avropanın 12 dövləti, habelə Amerika Birləşmiş Ştatları daxildir. İlk vaxtlar, təxminən 1997-ci ilədək bu işlə təkcə Rusiya məşğul olurdu. Lakin təəssüflər olsun ki, Rusiya nümayəndəsi normal mövqe tutmurdu və buna görə də məsələni həll etmək mümkün olmurdu. 1997-ci ilin əvvəlindən üç dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa həmsədr oldular. 1998-ci ildə onlar təkliflər verdilər və biz həmin təkliflərlə razılaşdıq. Təkliflər hansılar idi? Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilsin. Ermənistan isə bununla razılaşmır. Ermənistan Dağlıq Qarabağa müstəqillik statusu verilməsini və ya Dağlıq Qarabağı Ermənistana birləşdirməyi tələb edir. Biz bununla razılaşa bilmərik. Biz Minsk qrupunun, həmin üçlüyün iki təklifini qəbul etdik, Ermənistan isə rədd etdi. Yeri gəlmişkən, 1997-ci ilin axırında prezident Ter-Petrosyan hər halda belə bir qənaətə gəldi ki, vəziyyətdən bundan yaxşı çıxış yolu yoxdur. O, açıq bildirdi ki, həmin təklifləri, yəni Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını sonra isə Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparılmasını, yəni Dağlıq Qarabağa yüksəl status verilməsini dəstəkləyir. O, öz fikrini açıq bildirdi, Moskvada "Nezavisimaya qazeta"da və öz vətənində, Ermənistanda geniş məqalə dərc etdirdi. Lakin ona mane oldular. 1998-ci ilin fevralında o, istefa verdi.

Biz və Ermənistan 1994-cü ildə atəşin dayandırılması haqqında qərar qəbul etdik. Yeddi ildir ki müharibə yoxdur, döyüş əməliyyatları aparılmır, təmas xəttində hansısa əsgərin o tərəfə və ya əksinə, atəş açdığı, hansısa əsgərin həlak olduğu nəzərə alınmazsa, atışma yoxdur. Yəni, hərbi-əməliyyatlar aparılmır, lakın vəziyyət necədir? Özünü "respublika" elan etmiş Dağlıq Qarabağ başdan-başa işğal altındadır və yeri gəlmişkən, təəssüflər olsun ki, bəzi yerlərdə həmin "respublikanı" tanımaq istəyirlər. Hətta cənab Seleznyov da belə bir bəyanat vermişdir ki, Dağlıq Qarabağ Ermənistanla birlikdə Rusiya-Belarus ittifaqına daxil ola bilər. Doğrudur, bizim parlamentin sədri Seleznyova məktub yazdı. Seleznyov cavab verdi ki, belə bir söz deməmişdir. Lakin bu, mətbuatda dərc edilmişdi.

Özünü "respublika" elan etmiş Dağlıq Qarabağ əslində Ermənistanın bir hissəsinə çevrilmişdir. Dağlıq Qarabağın hüdudlarından kənarda Azərbaycanın yeddi rayonu işğal olunmuşdur. Beləliklə, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş həmin torpaqlardan bir milyondan çox azərbaycanlı qovulmuşdur. Səkkiz ildir, ən azı yeddi ildir ki, onlar çox ağır şəraitdə yaşayırlar.

Bu gün sizin gördükləriniz çadır şəhərciklərində görəcəyinizlə müqayisədə cənnətdir. Mən sizdən xahiş edəcəyəm ki, bir müddətdən sonra daha bir səfərə gələsiniz. Mən sizin üçün hər cür şərait yaradacağam, sizi bütün nəqliyyat növləri ilə təmin edəcəyəm. Bircə xahişim olacaq ki, siz həmin çadır şəhərciklərinə gedəsiniz və öz yaşayış yerlərindən qovulmuş adamların hansı şəraitdə yaşadıqlarını öz gözlərinizlə görəsiniz.

Biz bütün bunlara ona görə dözürük ki, münaqişənin dinc yolla nizama salınmasına nail olaq. Həmin insanlar əcdadlarının və özlərinin bir çox yüzilliklər ərzində topladıqları bütün sərvətlərdən məhrum olmuşlar. Bu insanlar ağır şəraitdə yaşayırlar, onlar işləmirlər. Biz onları müəyyən dərəcədə təmin etməli oluruq. Lakin büdcəmizdən ayırdığımız vəsait onların yaşayışı üçün, təbiidir ki, kifayət etmir.

Siz təsəvvür edirsinizmi, dünyada buna bənzər vəziyyət yoxdur. Lakin əfsuslar olsun ki, dünya ictimaiyyəti buna normal hal kimi yanaşır. Bu məsələ harada müzakirə olunursa, Ermənistana və Azərbaycana eyni gözlə baxılır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. Ermənistan həmin qətnamələri yerinə yetirmir. ATƏT-in 1994-cü ildə Budapeşt sammitində, 1996-cı ildə Lissabon sammitində qəbul edilmiş sənədləri var.

Ermənistan onlara məhəl qoymur. Bu səbəbdən də biz belə bir vəziyyətdəyik.

İki gün əvvəl mən Minsk qrupunun həmsədrlərini qəbul etdim. Ən müsbət hal budur ki, üç həm-sədr ölkənin liderləri - prezident Buş, prezident Putin, prezident Şirak arasında, zənnimcə, səmimi münasibətlər yaranmışdır. Burada olmuş həmsədrlər dedilər ki, prezident Putin və prezident Buş Sloveniyada görüşəndə həmin məsələni müzakirə etmişlər və münaqişəni birlikdə aradan qaldırmağı birinci dərəcəli məsələ sayırlar. Prezident Şirak Rusiyada, Sankt-Peterburqda olarkən prezident Putinlə söhbət etmiş və bu zaman həmin məsələ də müzakirə olunmuşdur.

Mən özüm dəfələrlə prezident Putinlə görüşmüşəm, bir neçə dəfə prezident Şirakla görüşmüşəm. Corc Buş ABŞ prezidenti seçilən kimi mən onunla da Vaşinqtonda görüşdüm və bu barədə xahiş etdim. Mən təkrar edirəm, bizi sevindirir ki, bu üç böyük ölkə, üç böyük dövlət və onların buraya gələn nümayəndələri bəyan ediblər ki, həmin məsələnin həllini tapmaq üçün həmsədrlər arasında, yəni, bu ölkələr arasında indiyədək heç vaxt bu cür həmrəylik olmamışdır.

1999-cu ildən başlayaraq, Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa görüşlər keçirilir. Həmin görüşlərdə bir vaxt biz irəliləyiş əldə etmişdik. O mənada ki, qarşılıqlı güzəştlərin olması barədə razılığa gəlmişdik - yəni, həm Azərbaycan tərəfindən güzəştlər, həm də Ermənistan tərəfindən güzəştlər. Həmin kompromislərin konturları müəyyən dərəcədə məlum idi. Lakin 1999-cu ilin axırında Ermənistan bundan imtina etdi. İndi isə yenidən təkid edir ki, bilirsinizmi, Dağlıq Qarabağ müstəqil olmalıdır Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Axı beynəlxalq hüquq var, beynəlxalq hüquq normaları var, hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığı barədə ATƏT-in prinsipləri, Helsinki aktı var. Həmin prinsiplər sarsılmazdır və beynəlxalq təşkilatlar bu mövqelərdə möhkəm dayanmışlar. Hər bir ölkənin Birləşmiş Millətlər Təşkilat tərəfindən tanınmış dövlət sərhədləri pozulmazdır. Bu prinsipləri pozanlar cəzalandırılmalıdır. Lakin Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, ərazimizin 20 faizi işğal altındadır. Bizim sərhədlərimiz pozulmuşdur. Biz sərhədlərimizin xeyli hissəsini itirmişik. Lakin BMT də, ATƏT də bizi razılığa gəlməyə çağırır. Ermənistan torpaqlarımızı işğal etmələri ilə əlaqədar yaranmış müəyyən üstünlükdən istifadə edərək, öz dediyində təkid edir. Biz isə bununla razılaşa bilmərik.

Mən ad çəkmək istəmirəm, bəzi ölkələrin liderləri ilə söhbət edərkən demişəm: Yaxşı, siz öz ərazi bütövlüyünüzün pozulması ilə razılaşa bilərsinizmi? Xeyr Siz razılaşarsınız? Xeyr. Bəs siz razılaşmadığınız halda, nə üçün hesab edirsiniz ki, başqaları razılaşmalıdırlar? Bir vaxtlar bizi bunda təqsirləndirməyə çalışırdılar ki, guya biz Çeçenistana kömək edirik. Moskva qəzetlərində də bu barədə yazılır, televiziyada da hər cür verilişlər gedirdi. Mən sizə demək istəyirəm ki, bütün bunlar ağ yalandır, böhtandır. Mən Rusiya sərhəd qoşunlarının rəisini buraya çağırmalı oldum və ona bu barədə dedim. Dedilər ki, guya sərhəd mühafizə olunur, lakin onlar hansısa cığırlardan keçirlər. Mən onlara dedim: bu cığırları tapın. Tapa bilmədilər. İş bundadır ki, bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Çeçenistan ilə sərhədlərimiz yoxdur. Yəni, Azərbaycandan Çeçenistana getmək üçün Dağıstandan keçmək lazımdır. Rusiyanın bizimlə sərhədi Dağıstanın bizimlə sərhədidir. Orada Rusiya sərhəd qoşunlarının güclü qüvvələri dayanmışdır. Tutaq ki, biz tərəfdən kimsə sərhəd: keçir, bəs onlar nə üçün buraxırlar?

Biz, yəni Çeçenistanda baş verənləri heç vaxt müdafiə etməmişik. Çünki biz özümüz on ildir ki, separatizmdən əziyyət çəkirik. Biz separatizmin əleyhinəyik, biz terrorizmin əleyhinəyik. Çünki biz bundan əziyyət çəkirik. Rusiya Çeçenistanda terrora əl atan, Çeçenistanı Rusiyadan ayırmaq istəyən qüvvələrə qarşı antiterror tədbirləri həyata keçirir. Biz həmin qüvvələri müdafiə etmirik. Biz hesab edirik ki, Rusiya düzgün hərəkət edir.

Əgər belədirsə, bəs onda nə üçün Azərbaycandakı erməni separatizmi pislənmir? Nə üçün terrorizm pislənmir?

Təəssüf ki, biz, Azərbaycan Ermənistanla müqayisədə informasiya sarıdan geri qalırıq. Əvvəla, Moskvanın informasiya orqanlarında, mətbuatda işləyən çox adamlar Ermənistanın mənafelərini müdafiə edirlər və ya sadəcə olaraq, onlarla əlaqədədirlər. Bizim belə imkanlarımız yoxdur. Ona görə də, mənə elə gəlir ki, indi Moskvada, Rusiyada, cəmiyyətdə düzgün təsəvvür olmalıdır. Nə olmuşdur? Münaqişə nə üçün yaranmışdır? Bunda bizim günahımız yoxdur. Biz Ermənistanın ərazisinə hücum etməmişik. Biz Ermənistan ərazisinin bircə metrin də işğal etməmişik. Ermənistan bizə hücum edib, Ermənistan bizim ərazimizi işğal etmişdir. Ermənistan işğal olunmuş ərazilərdən bir milyon azərbaycanlını qovmuşdur.

Mən bu barədə danışarkən, bir tərəfdən, sizə real vəziyyət haqqında, bu məsələnin tarixi barədə məlumat vermək istəyirəm. Çünki bu məsələnin tarixini təhrif etməyə çalışırlar. Əfsuslar olsun ki, bəzən bu mətbuat orqanlarının səhifələrinə də yol tapır. Digər tərəfdən, mən sizin diqqətinizi cəlb etmək istəyirəm ki, ədalətin tərəfində olasınız.

Biz heç bir şey istəmirik, biz haqq-ədalət istəyirik. Biz dünya brliyindən haqq-ədalət umuruq. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən və ümumiyyətlə, ATƏT-dən ədalət istəyirik.

Bu yaxınlarda Portuqaliyanın xarici işlər naziri burada olmuşdur. Portuqaliya gələn ildən ATƏT-də sədrlik edəcəkdir. Mən bu barədə ona danışdım. Dedim ki, yaxşı, siz 2002ildə ATƏT-in sədri olacaqsınız. Mən ATƏT-in indiyədək neçə-neçə sədrini görmüşəm. Vaxtaşırı bir ölkə ATƏT-in sədri olur. İtaliya da, İsveçrə də olub, indi isə Rumıniyadır, bundan əvvəl isə Polşa sədr olmuşdur. Onlar sədrlik edir, əllərini ağdan qaraya vurmur, xalq isə burada əziyyət çəkir.

Avropa Şurasında və ATƏT-də insan hüquqlarının müdafiəsinə böyük diqqət yetirilir. Mən bununla razıyam. Lakin mən onlara dedim ki, burada yüz minlərlə insanın hüquqları tapdanmışdır, siz isə buna göz yumursunuz. Azərbaycanda hər hansı bir şəxs törətdiyi cinayət üstündə həbs edildikdə, o, məsələni elə qələmə verir ki, hansısa siyasi və ya qeyri-hökumət təşkilatına mənsubdur, siz də bizə qarşı iddialar irəli sürüb soruşursunuz ki, insan hüquqları nə üçün pozulur. Gəlin, insan hüquqlarına hər yerdə riayət edək. Yoxsa, siz bir halda bir nəfərin hüquqlarını cidd-cəhdlə müdafiə edir, başqa bir halda isə bir çox insanların - bir nəfərin, iki nəfərin, yüz nəfərin yox, yüz minlərlə insanın hüquqlarının pozulmasına biganəsiniz.

Bax, bizim vəziyyətimiz belədir. Mən bugünkü həyatımızdan danışmaq istəmirəm, ona görə ki, siz özünüz görürsünüz. Azərbaycanda bütün müsbət hallarla yanası başlıcası budur ki, biz respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirə bilmişik, müstəqilliyimizin onuncu ildönümünü, bax, belə qarşılayırıq.

Azərbaycan Ermənistanla münaqişədə daha nə üçün zərər çəkmişdir? Bunda Azərbaycan xadimlərinin də təqsiri vardır. Çünki həmin münaqişə davam etdiyi vaxtlarda xalqı birləşdirmək və doğma torpaqları birlikdə müdafiə etmək əvəzinə, burada, Azərbaycanda müxtəlif silahlı dəstələr yaradılır və onlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İş o yerə çatmışdı ki, qısa müddət burada rəhbərlik edən, Azərbaycanın prezidenti olan Mütəllibov, - hazırda kimlərinsə qanadı altında Moskvada yaşayır, - özü üçün "Qardaşlıq" deyilən silahlı dəstə yaratmışdı.

Yaxud Xalq Cəbhəsi. 1992-ci ildə o, hakimiyyətə gəldi. Madam ki, hakimiyyətə gəlmisən, deməli, sənin ordun var, polisin var, hər cür hüquq-mühafizə orqanların var. Həm də Xalq Cəbhəsinin silahlı dəstələri var idi. Onlar həmin dəstələrdən hakimiyyətə gəlməmişdən əvvəl də istifadə edirdilər, hakimiyyətə gələndə də.

O vaxtlar mən, Naxçıvanda yaşayır, Naxçıvan Respublikasına rəhbərlik edirdim. Bir dəfə şənbə günü Xalq Cəbhəsinin silahlı dəstəsi Daxili İşlər Nazirliyinə soxuldu, televiziyanı ələ keçirdi və məni devirməyə cəhd göstərdi. O zaman mən Azərbaycan prezidenti Əbülfəz Elçibəyə və başqa rəhbərlərə bir neçə dəfə zəng vurdum. Mən ona dedim ki, axı siz prezidentsiniz, burada qayda yaradın. Sizin sərəncamınızda ordu var, polis var. Üstəlik Xalq Cəbhəsinin silahlı dəstələrini nə üçün saxlayırsınız? Burada belə silahlı dəstələr çox idi. Silah gücünə hakimiyyətə gəlmək cəhdləri geniş yayılmışdı.

1993-cü ildən biz qayda yaratmağa başladıq, 1994-cü ildə isə burada silahlı çevriliş etmək, Əliyev hakimiyyətini devirmək üçün cəhd göstərildi. Mən nə etdim? O zaman mən orduda hələ kifayət qədər qüvvəyə malik deyildim və s. Mən axşam saat 10-da televiziya vasitəsilə xalqa müraciət etdim. Həmin gecə iki saat ərzində yarım milyona yaxın adam meydana toplaşdı, səhərədək bizi qorudular və müdafiə etdilər. Sonra isə səhər onların hamısı - yarım milyondan çox adam Azadlıq meydanına toplaşdı və məni öldürmək və çevriliş etmək istəyən terrorçuları bütün gün ərzində lənətlədilər. O zaman mən onların qarşısında çıxış etdim. Lakin bu hələ kifayət deyildi.

Altı aydan sonra, 1995-ci ilin martında Xüsusi Təyinatlı Milis Dəstəsi, - belə bir dəstə, görünür, hər yerdə var, bizdə də Daxili İşlər Nazirliyinin tərkibində belə bir dəstə yaradılmışdı, - vaxtilə tamamilə başlı-başına buraxılmış həmin dəstə öz funksiyalarını yerinə yetirmək əvəzinə, reketliklə, adam öldürməklə məşğul olur və bu yolla varlanırdılar. Biz onları öz yerlərində oturdanda, bəzi siyasi partiyaları öz ətraflarına topladılar və silahlı çevrilişə cəhd göstərdilər. Yeri gəlmişkən, onların sərəncamında kifayət qədər silah və canlı qüvvə var idi. Onlar adam öldürməkdə böyük təcrübə qazanmışdılar və s. Biz bunun da qarşısını aldıq.

Sonra mənim təyyarəmi raketlə vurmağa cəhd göstərildi. O vaxt bizi Allah qorudu. Onlar istədiklərinə nail ola bilmədilər. Burada körpünü partlatmaq cəhdi oldu. Burada körpünü partlatmaq cəhdi oldu. Körpünün altında 200 kiloqram trotil aşkar etdik. Biz prezident Leonid Kuçma ilə oradan keçməli idik. Yəqin ki, Kuçmadan daha çox Əliyevi öldürmək istəyirdilər.

Lakin biz bütün bunların qarşısını aldıq. Biz ictimai-siyasi sabitliyə nail olduq, müharibəni dayandırdıq və bu, islahatları həyata keçirməyə imkan verdi. Biz bazar iqtisadiyyatı yolu ilə, siyasi plüralizm yolu ilə, şəxsiyyət azadlığı, söz azadlığı, mətbuat azadlığı yolu ilə inamla irəliləyirik və təbiidir ki, müxtəlif islahatları - həm iqtisadi, həm də sosial və siyasi islahatları həyata keçiririk. Biz hüquq-mühafizə, məhkəmə orqanlarında, prokurorluq orqanlarında böyük islahat həyata keçirmişik və s.

1994-cü ildən başlayaraq iqtisadiyyatın inkişafında təbii ehtiyatlarımızdan, neft sərvətimizdən istifadə edirik. Biz Qərbin neft şirkətləri ilə bir çox müqavilələr bağlamışıq. Yeri gəlmişkən, Rusiyadan təkcə "LUKoyl" maraq göstərmişdir. "LUKoyl" burada bir çox müqavilələrdə iştirak edir. Biz başqa şirkətləri də dəvət etdik, lakin onlar gəlmədilər. Görünür, investisiya qoymaq üçün vəsaitləri yoxdur.

Biz bu müqavilələrdən mənfəət əldə edirik. İki neft kəməri çəkmişik - Bakı-Novorossiysk və Bakı-Supsa kəməri. Supsa Gürcüstanın Qara dənizdəki limanıdır. İndi biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişinə başlayırıq. Bu kəmərlə ildə təqribən 60 milyon ton neft ötürüləcəkdir. Neftdən əlavə, bizdə zəngin qaz yataqları vardır. Təkcə "Şahdəniz" yatağında bir trilyon kubmetrdən çox qaz ehtiyatı var. Biz Türkiyə ilə saziş bağlamışıq. Dünən Gürcüstan nümayəndələri burada oldular. Yəqin ki, yaxın vaxtlarda Gürcüstan ərazisi ilə Türkiyəyə qaz ixracı haqqında saziş imzalayacağıq.

İş təkcə bununla bitmir. Bizim qeyri-neft sektoruna da çoxlu investisiya, xarici investisiya gəlir. Mənə dedilər ki, bəzi yerləri sizə göstərmişlər. Şəhər tikilir, biz yox, insanlar tikirlər. Çoxlu mağaza, restoran var. Doğrusu, burada bəzilərinin Qərb həyat tərzini ötməyə çalışması mənim xoşuma gəlmir. Siz yaxşı başa düşürsünüz ki, mən nəyi nəzərdə tuturam. Moskvada da bunun şahidi olmaq mümkündür. Bəzən burada buraxılan jurnallara baxanda mat qalırsan, ilahi, bu nədir? Digər tərəfdən isə mətbuat azadlığıdır, insan azadlığıdır.

Burada özəl sektor çoxlu mənzil tikir, çoxmərtəbəli evlər, fərdi evlər tikirlər. Kənd yerlərində biz torpağı kəndlilərə paylamışıq. Yeri gəlmişkən, biz hələ 1995-ci ildən torpaq islahatı keçirmiş, kolxozları, bütün sovxozları ləğv etmiş, bütün mal-qaranı, bütün torpağı kəndlilərə paylamışıq. İndi bütün kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır.

Mən burada birinci katib işləyəndə hər şey mövsümi xarakter daşıyırdı - toxumu nə vaxt səpmək, sahələri nə vaxt suvarmaq, məhsulu nə vaxt yığmaq, planı necə yerinə yetirmək, öhdəliklərə necə əməl etmək, necə raport vermək, bir toyuqdan neçə yumurta almaq, hər inəkdən nə qədər süd sağmaq, hər 100 baş heyvandan neçə buzov, neçə quzu almaq və s. Əti biz Rusiyadan, Ukraynadan alırdıq. Əvəzində onlara pambıq verirdik, üzüm, tərəvəz verirdik. Bizə ət göndərilməsini ildən-ilə azaldırdılar. Mənim işlədiyim son illərdə əti talonla verirdik. Moskvada da talon sistemi tətbiq edilirdi. İndi belə şeylər yoxdur. Ət boldur, çörək də boldur. Yadımdadır, 1993-1994-cü illərdə taxıl və un təchizatı ilə dövlət məşğul olan vaxtlarda çörək almaq üçün camaat uzun növbəyə dururdu. İndi müxtəlif keyfiyyətli, dadlı çörək boldur. Bu işləri kim görür, mən bilmirəm. Çünki hər şey özəlləşdirilmişdir.

Bir sözlə, biz hesab edirik ki, həyata keçirdiyimiz iqtisadi islahatlar, bazar iqtisadiyyatı yolu, bizim getdiyimiz və gedəcəyimiz bu yol düzgün yoldur. Görürsünüzmü, sizin bir sualınıza cavab nə qədər vaxt apardı. Siz yəqin belə ətraflı cavab gözləmirdiniz.

Mən daha nələri demək istərdim? Bunlar arzudur. İstərdim ki, mətbuat orqanları maksimum obyektiv olmağa çalışsınlar. Hazırda biz Moskvanın müxtəlif qəzetlərində Azərbaycanla bağlı bu və ya digər məsələlərin işıqlandırılmasında qeyri-obyektivliyi hiss edirik, - ötən illərdə, sovet dövründə bir çox materialları, Vitali Nikitiç həmin dövrü xatırlayır, - zənnimcə, başqalarına nisbətən daha yaxşı dərc etməyə başlamışdılar, - vaxtilə mən özüm barəsində bunu görmüşəm. Mən bütün vəzifələrdən gedəndən, demək olar, altı ay sonra mənim barəmdə başdan ayağa böhtanla dolu məqalələr dərc edilməyə başlandı. Adama toxunan odur kj, - burada "Literaturnaya Qazeta"nın nümayəndələri varmı, yoxdur? - o vaxt baş redaktor mənim dostum Çakovski idi, onun müavinləri Udaltsov və başqaları idi.

Qəzet tam bir səhifəlik böhtançı məqalə dərc etmişdi. Həmin qəzet həmişə mənim sevimli qəzetim olmuşdu. Sovet dövründə müxalifət çalarlı yeganə qəzet idi. Həmin qəzetdə dərc olunan müsahibələrim bütün Sovet İttifaqında böyük heyranlıqla qarşılanırdı, çünki mən sovet cəmiyyətinin həyatı barəsində həmişə tənqidi ruhda çıxış edirdim. Onlar isə belə bir böhtançı məqalə dərc etdilər. Çakovskiyə zəng vurdum, sonra həmin Udaltsova zəng vurdum. Ona dedim ki, qısaca izahat verməyimə imkan yaradın. İmkan vermədilər.

1990-cı ilin yanvarında Azərbaycana qarşı təcavüz olanda mən xəstə idim, xəstəxanada yatırdım. Ancaq dözə bilmədim. Ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldim. Oraya 5-6 min adam toplaşmışdı, onların qarşısında çıxış etdim. Xarici müxbirlər də var idi. Mən suallara cavab verdim. Əlbəttə, mən təcavüzü kəskin surətdə pislədim. Onda hələ Sovetlər İttifaqı, Siyasi Büro mövcud idi, mən həmin təcavüzü kəskin şəkildə pislədim. Başqa cür hərəkət edə bilməzdim. Düz bir həftə sonra "Pravda" qəzetində "Aliyevşina ili plaç po sladkim vremenam" sərlövhəli böyük məqalə dərc edildi. Frolova zəng vurdum, biz onunla bir yerdə işləmişdik. Dedim ki, mənə cavab vermək imkanı yaradın. Mən demirəm ki, mənim üçün bütöv bir səhifə ayırın, heç olmasa, qəzetdə kiçik yer verin. Dedi ki, edə bilmərəm.

Mən öz həyatımdan çoxlu belə faktlar göstərə bilərəm. Doğrudur, o zaman mən həyəcan keçirirdim. Haqsızlığa görə həyəcan keçirirdim, çünki mən öz həyatımı o ölkəyə, o partiyaya, o dövlətə həsr etmişdim. Nə qədər işlər görmüşdüm. Axı mən on doqquz yaşımdan dövlət xidmətində olmuşdum. 26 il DTK-da işləmişdim. Sonra burada rəhbər olmuşdum, daha sonra Moskvada işləmişdim. Amma, bu nə hakimiyyət idi, bu nə dövlət, bu nə partiya idi?! Elə buna görə də Kommunist Partiyasından çıxmaq haqqında ərizə yazdım və səbəblərini də göstərdim. Ona görə yox ki, şəxsən məni incitmişdilər.

Əvvəla, mən Bakıya qoşun yeridilməsini, ikincisi, Qarabağ məsələsində ədalətsizliyi, üçüncüsü də, Bakıda ilboyu komendant saatı tətbiq edilməsini pisləmişdim. Mən Kommunist Partiyasından çıxdım. Bu, sensasiya idi. Bu nə olan işdir? O, neçə illər Siyasi Büronun üzvü olmuş və indi də Kommunist Partiyasından çıxmışdır. Yəni haqsızlığa özüm məruz qalmışdım. Mən çox həyəcan keçirirdim. Xalq barəsində, respublika barəsində haqsızlığa yol verilməsi isə başqa məsələdir. Axı, biz burada Rusiyanın həyatı haqqında və ya prezidenti, hökumət başçısı haqqında pis bir şey yazmamışıq, hətta bizim müxalifət qəzetləri də pis şeylər yazmamışlar. Moskvada işə başqa müstəqil dövlət barəsində belə hərəkətlərə yol verməyi özlərinə rəva bilirlər.

Mən başa düşürəm ki, həmin müəllif istəyir ki, onun məqaləsini oxusunlar. Məqalənin, qəzetin oxunması üçünsə hökmən belə bir şey dərc etmək lazımdır. Bilirsinizmi, bizdə nə qədər müxalifət qəzeti var? Yəqin ki, sizdə o qədər deyildir. Ümumiyyətlə sizdə də hər hansı bir partiyanın qəzeti varmı? Sizdə düzgün mövqedə dayanan qəzetlər - "Nezavisimaya Qazeta", "Obşaya qazeta" və sıra başqa qəzetlər vardır. Və onlar hər hansısa partiyaya mənsub deyildir. Burada isə partiyanın öz qəzeti var. Kimin pulu var, gedib qəzetini qeydiyyatdan keçirir, qəzet yaradır, hər cür hədyan yazmağa başlayır.

Əlbəttə, ilk növbədə Əliyev barəsində. Bəzən vaxtım olmur və ya başqa qəzeti açıram, birinci səhifədə Əliyev, üçüncü səhifədə Əliyev, onuncu səhifədə Əliyev, on ikinci səhifədə Əliyev. Mən qəzetləri oxumuram. Şübhəsiz elə hesab etmirəm ki, gördüyümüz bütün işlər qüsursuzdur. Mən heç vaxt belə hesab etməmişəm və belə hesab etmirəm ki, işimizdə nöqsanlar, qüsurlar yoxdur, biz nə edirdiksə, düz edirdik. Elə buna görə də sovet vaxtı mən həmişə tənqidə sövq edirdim. Xatirimdədir, Xruşşov bir dəfə demişdi, hər kollektivdə, heç olmasa bir nəfər demaqoq olmalıdır. Həmin demaqoq doğru danışsa da, doğru danışmasa da, həmin müəssisə rəhbərinin qarşısında göz olacaqdır. Əgər o, nə isə iş çıxartsa, həmin demaqoq yenidən çıxış edəcəkdir. Həmin rəhbərlik belə düşünürdü. Mən isə, burada Azərbaycana rəhbər etdiyim vaxtlarda həmişə istəmişəm ki, mətbuatımız, adamlarımız. insanlarımızı aşkara çıxarsın. Gördüyümüz işlər yaxşıdır, amma nöqsanlar da olmuşdur. Mən burada 1969-cu ildə rüşvətxorluğa qarşı birinci olaraq mübarizəyə başladım. Neçə-neçə adamları ifşa etdim, biz neçə-neçə raykom katibini işdən qovduq, neçə-neçə adamlar həbsxanalara salındı. Sonra isə tutduğum vəzifədən getdikdə məni ittiham etməyə başladılar ki, Əliyev qəddardır, Əliyev filankəsi haqsız olaraq vəzifədən götürmüşdür. Lakin həyat göstərdi ki, mən, əsasən, bütün işləri düzgün görmüşəm. Hərçənd səhvim də, nöqsanlarım da olmuşdur.

Buna görə də indi söz azadlığı olduğu bir vaxtda .informasiya orqanları açıq yazmalıdır, qorxub çəkinməməlidir. Heç kəs onlara toxunmamalıdır. Lakin yazılarda böhtana, yalana, şayiələrə uymaq lazım deyil. Mən bunları sizə demirəm. Bizim mətbuatda da belə faktlar vardır. Mən onlara həmişə deyirəm. Sizə isə bu barədə qəzetlərinizin oxucusu kimi, zaman-zaman Moskva televiziyasının kanallarına baxan bir insan kimi öz arzularımı bildirirəm.

Vitali İqnatenko: İcazə verin, "Moskva Kreml" kitabını Sizə təqdim edim, Siz burada uzun illər işlədiyiniz yerləri görəcəksiniz. Biz istəyirik ki, Siz bizim Kremli həmişə xatırlayasınız.

Heydər Əliyev: Sağ olun. Bilirsinizmi, Kreml mənim yaddaşımda həyatımın ən yaxşı səhifəsi kimi qalmışdır. Hərçənd haqsızlıqlar barədə də danışdım. Mən oranı təmiz vicdanla tərk etmişəm. Mənim üçün çox xoşdur ki, neçə-neçə illər ötəndən sonra adamlar mənim gördüyüm xeyirxah işləri xatırlayırlar. Yeri gəlmişkən, o zaman mənim üzərimə ağır vəzifələr düşürdü. Mən əvvəllər dörd nəfər sədr müavininin baxdığı sahələrə kuratorluq edirdim. Gecə-gündüz işləyirdim, qüvvəmi əsirgəmirdim. Mən bərpa edilmiş Kremli gördüm. O, çox dəyişmişdir. Kreml bərpa edildikdən sonra mən oraya gəldikdə, - o vaxtlar da işləyirdilər, yeri gəlmişkən, Kremli mühafizə edənlərin bəziləri məni yaxşı xatırlayırlar, həmişə deyərdilər ki, Kremldə Əliyevin kabinetinin pəncərələrində işıq hamıdan sonra sönür, onlar mənə hörmətlə yanaşırdılar, - işlədiyim kabineti mənə göstərdilər. Dedilər ki, bu, tarixi kabinetdir. Kremldə 2 nömrəli kabinet sayılırdı. Orada Stalin, Molotov işləmişdilər. Yaxşı, rahat kabinet idi. Yenidən qurulduqdan sonra o, kabinet yox, hansısa kompleksin hissəsi olmuşdur. Hər halda, mən çox illər ərzində işlədiyim yerdə gəzdim. Çox sağ olun.

Sizinlə görüşməyimə şadam. Arzu etdiyiniz kimi, biz sabah sizinlə görüşəcəyik. Yeri gəlmişkən görkəmi tamamilə dəyişmiş çimərliklərimizi sizə göstərmək lazımdır. Axı indi oralar da özəl sektordur. Orada maraqlı çox şey var. Sağ olun. Mən sizinlə vidalaşmıram. Sabah sizinlə yenə görüşəcəyik.

"Azərbaycan" qəzeti, 15 iyul 2001-ci il.

Tarixi arayış