Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 27 oktyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mənə verilən məlumatlara görə, siz bir neçə gündür buradasınız. Təbiidir ki, biz buna çox müsbət münasibət bəsləyirik. Çünki gənc, müstəqil dövlət kimi Azərbaycan həmişə çalışır ki, öz ölkəsini tanıtsın. Bu da böyük və uzun sürən bir prosesdir. Hansısa bir ölkə öz müstəqilliyini əldə edəndən sonra elə düşünməlidir ki, müstəqilliyini elan etdisə, onu bütün dünyada tanıya bilərlər. Biz belə düşünmürük.

Azərbaycan öz dövlət müstəqilliyini 9 ildir ki, elan edibdir. Deyə bilərəm, biz bu illərdə çox işlər görmüşük ki, Azərbaycan dünya birliyində layiqli yer tutsun, ölkəmizi, onun həm tarixi keçmişini, həm müasir həyatını, həm zəngin mədəniyyətini, elmini, həm də yeni demokratik dövlət quruculuğu prosesini olduğu kimi tanısınlar.

Azərbaycanın prezidenti kimi mən hər bir qonağın ölkəmizə gəlməsinə sevinirəm. Doğrudur, bəzi qonaqlar gəlib Azərbaycanda yalnız mənfi şeyləri görürlər, müsbət işləri görmək istəmirlər. Çalışırlar ki, mənsub olduqları ictimaiyyətdə Azərbaycan haqqında mənfi fikir yaratsınlar. Ancaq onlar azlıq təşkil edir.

Hər bir ölkədə mənfi cəhət vardır. Kim desə, yoxdur, bu, yəqin ki, ədalətli olmaz. Amma həmişə ölçmək lazımdır ki, nə qədər mənfi, nə qədər müsbət var. Mən qərəzli fikirli insanların Azərbaycana gəlməsinə də heç vaxt etiraz etməmişəm. Təbiidir, Azərbaycana gələn qonaqların əksəriyyəti ölkəmiz haqqında ədalətli təəssüratlar toplayırlar, bu da ölkəmizi daha yaxşı tanımağa imkanlar yaradır.

Sizin bu ziyarətiniz adi, turist ziyarəti deyildir. Sizin bu ziyarətiniz bizim üçün çox əhəmiyyətlidir və siyasi xarakter daşıyır. Ona görə də mən sizin bu ziyarətinizi başqa ziyarətlərlə müqayisə etmək fikrində deyiləm.

Azərbaycan demokratik dövlət qurur, demokratik təsisatları təmin etməyə çalışır. Bu, bizim qurduğumuz yoldur. Bizi bu yolu tutmağa heç kəs məcbur etməyibdir. Biz vaxtilə sovet hakimiyyəti dövründə yaşamışıq. O vaxt xalqdan soruşmayıblar ki, siz bu sistemi istəyirsiniz, yoxsa yox. 1917-ci ildə oktyabr inqilabı baş verib, bolşeviklər qalib gəliblər. Onlar keçmiş rus imperiyasının yerində yeni bir dövlət qurublar. Doğrudur, onlarla mübarizə aparanlar çox olmuşdur. Ancaq mübarizə aparanlar məğlub olublar, sistem qalib gəlibdir. Biz də bu sistemin içərisində dünyaya gəlmiş, yaşamış insanlarıq.

O vaxt bizim seçimimiz yox idi, həmin sistem nə idisə, biz də onun içində yaşayırdıq və ona öyrənmişdik. Biz başqa sistemlərə, aparılan təbliğatlara da o qədər müsbət münasibət göstərmirdik. Ancaq hamımızı narahat edən o idi ki, biz müstəqil millət, müstəqil dövlət deyildik. Təbiidir ki, müstəqillik əldə edəndən sonra keçmiş sistemdən imtina etdik. Hansı yolla getməliyik? Dünyada müxtəlif yollar var. Amma biz demokratiya yolunu seçdik. Bu yol asan yol deyildir. Özünü demokratik ölkə elan edib düşünmək olmaz ki, artıq bu ölkədə demokratiya tətbiq edildi və hər yerdə yayıldı.

Hər bir ictimai-siyasi proses, o cümlədən demokratik prinsiplər heç də asan həyata keçirilmir. Biz bir tərəfdən bunu öyrənirik. Çünki bu, bizim üçün o qədər də yaxın, tanış bir sistem deyildir. İkinci tərəfdən, biz bunu tətbiq edirik. Tətbiq etmək isə tədrici xarakter daşıyır, bu, birdən-birə ola bilməz. Belə olsa, qeyri-təbii alınar. Ancaq bu yolda bizim nailiyyətlərimiz vardır. Biz bu yolla gedərək indi yeni bir mərhələyə, parlament seçkilərinə gəlib çatmışıq.

Müstəqil dövlət kimi Azərbaycan birinci demokratik parlament seçkilərini 1995-ci ildə keçirdi. Biz ilk müstəqil, demokratik Konstitusiyamızı yaratdıq və ötən beş ildə bütün demokratik prinqipləri tətbiq edirik. Azərbaycanda hakimiyyətin bütün qanadları öz yerini tapıbdır. Ölkəmizin Milli Məclisi bu beş ildə 900-ə qədər qanun qəbul edilibdir. Onların böyük bir hissəsi Azərbaycan prezidentinin təşəbbüsü ilə qəbul olunubdur.

Təbiidir ki, biz keçmişdə sovet qanunları ilə yaşayırdıq. Yeni qanunların, demokratik prinsiplərə söykənən qanunların qəbul edilməsi əsas şərtlərdən biridir. Biz bu sahədə çox iş görmüşük.

Qanunu qəbul etmək dünya təcrübəsi, bilik, zəka tələb edir. Amma bu, o qədər çətin deyildir. Ancaq qanunu yerinə yetirmək ondan çox-çox çətindir. Eləcə də Azərbaycanın müstəqilliyinin elan edilməsi çətinliklə başa gəlməyibdir. Sovetlər İttifaqı dağıldı, onun tərkibində olan 15 müttəfiq respublikanın hər biri bu fürsətdən istifadə edib öz müstəqilliyini elan etdi.

Burada birinci nümunəni Rusiya göstərdi. Sovetlər İttifaqının əsasını Rusiya təşkil edirdi. Sovetlər İttifaqı Rusiyanın əlində idi. Ona görə də Sovetlər İttifaqına imperiya deyəndə, Rusiya imperiyası nəzərdə tutulurdu. Amma Rusiya bütün müttəfiq respublikalardan əvvəl öz müstəqilliyini, suverenliyini elan etdi. Beləliklə də, başqa respublikalara, millətlərə yol açdı.

Bir daha qeyd etmək istəyirəm ki, müstəqillik o qədər də çətinliklə başa gəlməyibdir. Amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbiidir ki, onu əldə etməkdən çox çətindir. Hesab edirik ki, biz bu sahədə çox iş görmüşük, gələcəkdə daha da çox iş görmək üçün əsas yaratmışıq.

Biz müstəqillik dövründə ikinci parlament seçkilərinə hazırlaşırıq. Mən belə anlayıram ki, sizin də buraya gəlişinizin məqsədi Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənməkdən ibarətdir. Sizə təşəkkür edirəm ki, zəhmət çəkib buraya gəlmisiniz, bizim ölkəmizi görürsünüz. Güman edirəm, necə var, elə görürsünüz. Hesab edirəm ki, sizin bu təəssüratlarınız və eyni zamanda, burada olduğunuz zaman verdiyiniz tövsiyələr, məsləhətlər, təcrübəniz noyabrın 5-də olacaq parlament seçkilərinin uğurla keçirilməsinə kömək edəcəkdir. Mən sizi bir daha salamlayıram.

Dadli Smit: Cənab prezident, hər şeydən öncə icazə verin, qiymətli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirim. Bilirəm ki, dövlət başçısı kimi Sizin iş cədvəliniz çox gərgindir və bu günlər Sizi görmək istəyənlərin sayı da yəqin ki, həddindən çoxdur.

Mən bu yaxınlarda oteldə bir köhnə tanışımla rastlaşdım. Biz görüşən kimi o, məndən soruşdu ki, burada nə edirsiniz? Mən ona cavab verdim ki, Azərbaycana səfərə gəlmişəm. Dedim, bəs siz nə edirsiniz? Bildirdi ki, mən prezidenti görmək istəyirəm. Ona dedim ki, sabah biz prezidentlə görüşəcəyik.

Cənab prezident, doğru buyurdunuz, ölkənizi ziyarət etməkdə bizim iki əsas məqsədimiz var. Birincisi, biz - bu nümayəndə heyətinin üzvləri Avropa Şurasının fəxri üzvləriyik. Biz Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün tövsiyə vermək və Sizi bu işə daha da ruhlandırmaq məqsədi ilə ölkənizə gəlmişik.

Səfərimizin ikinci məqsədi isə, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə sıx təmaslar qurmaqdan ibarətdir. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz onlarla olduqca yaxşı, gözəl əməkdaşlıq münasibətləri qurmağa nail olmuşuq. Ümidvarıq ki, görüşlərimiz və söhbətlərimiz zamanı verdiyimiz tövsiyələr qarşıdan gələn parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsi işində onlara yardımçı olacaqdır.

Cənab prezident, beş həftə bundan öncə biz Sizin ölkənizdə olmuşuq. O zaman Sizinlə görüşmək arzusunda idik. Amma biz Bakıda olarkən Siz səfərdə idiniz və Amerika prezidenti cənab Bill Klinton ilə görüşürdünüz. Görürsünüz, biz yenidən qayıtmışıq, məmnunuq ki, budəfəki səfərimiz zamanı Sizinlə görüşmək imkanı yaranıbdır. Bildirmək istəyirəm ki, indi biz vətənimizə yola düşmək ərəfəsində olsaq da, noyabrın 5-nə çox az qalmış yenidən Azərbaycana qayıdacağıq və seçkilərdə müşahidəçi kimi iştirak edəcəyik.

Yüz illərlə öncə öz müstəqilliyini qazanmış azad, suveren şəkildə yaşamış ölkələrin təmsilçiləri kimi bizə bəzən anlamaq çətin idi ki, totalitar rejimdən yaxa qurtarmış, azadlığını əldə etmiş bir ölkə öz həyatını necə qurur və hansı işləri görür. Totalitarizm şəraitində yaşamamış və belə bir təcrübəyə malik olmayan ölkələrin təmsilçiləri üçün burada nailiyyətləri, müvəffəqiyyətləri əldə etməyin və işləri başa çatdırmağın nə qədər çətin olduğunu anlamaq bəzən asan olmur.

Biz - ömrünü siyasətlə, dövlət işləri ilə məşğul olmağa həsr etmiş insanlar yaxşı anlayırıq ki, demokratiyaya gedən yol asan deyildir. Bu yol tufanlı, boranlı yollardır və burada çox böyük çətinliklər meydana çıxır.

Onu da bildirmək istəyirəm ki, əgər biz ölkənizin indi qarşılaşdığı obyektiv çətinlikləri nəzərə almasaq, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə etməyə cəhd göstərsək, yanılmış olarıq. Bəyan etmək istəyirəm ki, biz müstəqillik qazandıqdan sonra Azərbaycanın əldə etdiyi nailiyyətləri, müvəffəqiyyətləri görməkdən çox məmnun olmuşuq, ruhlanmışıq. Ölkənizə hər iki ziyarətimiz Azərbaycanın bu nailiyyətləri barədə təsəvvürümüzü bir daha təsdiqlədi.

Onu da bildirim ki, bir həftə bundan əvvəl mən Londonda olarkən Sizin region - Azərbaycan, Gürcüstan barədə yazılmış bir məlumat bülleteni ilə tanış oldum. Bu, məni yaxşı mənada çox təsirləndirdi. Həmin bülletendə Əfqanıstanda baş verən hadisələr barədə də məlumat var idi. Bülletenin Azərbaycanla bağlı hissəsində deyilir ki, sovet dövrünün xarabalıqları üzərində qurulmuş bir məmləkətdə böyük tərəqqi var və insanlar gələcəyə nikbinliklə baxırlar.

Məhz bütün bunlara görə də biz bu fikri dəstəkləyirik ki, Azərbaycan Avropa Şurasının fəal, tam hüquqlu üzvünə çevrilsin. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasına qəbul olunması Sizin ölkə üçün geniş imkanlar açmaqla bərabər, eyni zamanda, Avropa və dünya üçün də əhəmiyyətlidir.

Bildirmək istəyirəm ki, biz öz ölkələrimizdə müxtəlif siyasi partiyaların nümayəndələriyik. Məsələn, mən mühafizəkarlar partiyasındanam, sol tərəfimdə əyləşən cənab Almaniya sosialistlərini təmsil edir, bu xanım liberal-demokratdır, sağ tərəfimdə əyləşən cənab isə xristian-demokratdır. Amma biz dünyada bir şeyə - azadlığa inanırıq. Hesab edirik ki, bu azadlığa nail olmaq üçün biz hər hansı bir dəstəyi verə biliriksə, yardım göstəririksə, demək, onun uğrunda mübarizə aparmaq işində eyni mövqedən çıxış edirik. Amma Azərbaycana səfərimizdə isə biz siyasi cəhətdən bitərəf mövqedəyik, yəni Azərbaycanda hər hansı bir siyasi partiyanı dəstəkləmirik.

Cənab prezident, ona görə də tam bitərəflik mövqeyindən çıxış edərək, biz noyabrın 5-də ölkənizdə keçiriləcək parlament seçkilərinin müvəffəqiyyətlə başa çatmasını arzulayırıq. Arzu edirik ki, bu seçkilər Azərbaycan üçün müvəffəqiyyətli seçkilər olsun.

Ümidvar olduğumuzu bildiririk ki, bu seçkilər Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması prosesinə öz töhfəsini, yardımını verəcəkdir. Beləliklə də biz gələcəkdə Sizinlə əməkdaşlığımızı daha yaxından, sıx surətdə davam etdirəcəyik.

Cənab prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Hörmətli cənab Smit, dediyiniz bu sözlərə görə mən sizə təşəkkür edirəm. Məni çox sevindirən odur ki, deyirsiniz, bitərəf mövqedən çıxış edirsiniz. Sizin ondan öncə dediyiniz sözlər də məndə belə təəssürat yaradır ki, Azərbaycandakı vəziyyəti həqiqətən obyektiv təhlil edə, qiymətləndirə bilirsiniz. Bunlar bizim üçün bəsdir. Mən nə üçün belə deyirəm? Çünki təəssüflər olsun ki, biz bir çox hallarda qərəzli fikirlərlə rastlaşırıq. Biz o qədər qərəzli fikirlərlə rastlaşmışıq ki, obyektiv, bitərəf bir fikir eşidəndə o, bizim üçün böyük sevinc gətirir.

Siz doğru dediniz, Londonda bülletendə oxumusunuz ki, totalitar rejimin dağıntıları içərisində demokratik bir dövlət qurmaq və burada müəyyən nailiyyətlər əldə etmək özlüyündə böyük bir hadisədir.

Mən sovet hakimiyyətinin tarixi haqqında sizə qısaca olaraq bir neçə kəlmə söz dedim. Bildirdim ki, o vaxt bu rejimi insanlara zorla qəbul etdiriblər. İnsanlar bunu qəbul edib amma həqiqi demokratiyanı, - çünki hesab edirdik ki, sovet rejimi də demokratikdir və biz də belə təsəvvür edirdik, - görməyiblər. Həmin rejimə uyğunlaşmaq necə çətin idisə, eləcə də bugünkü demokratiyaya, zorla olmasa da, uyğunlaşmaq asan deyildir. İndi insanların şüurunda, beynində dəyişikliklər prosesi gedir. Əsas odur ki, bu proses bizim istədiyimiz istiqamətdə gedir və zor işlədilmir. Sadəcə, insanlara anlatmaq, onları köhnə fikirlərdən yeni bir fikrə gətirmək lazımdır. Biz də bunu edirik.

Siz doğru dediniz ki, yüz illərlə demokratiya şəraitində yaşamış, inkişaf etmiş ölkələri yeni müstəqillik qazanmış, demokratiya yolu ilə gedən ölkələrlə müqayisə etmək olmaz. Ancaq təəssüf ki, respublikamızın daxilindəki bəzi qüvvələr öz şəxsi mənafelərinə görə, - demokratiya naminə yox, - hesab edirlər ki, məsələn, İngiltərədə, Fransada, Amerikada olan demokratiya bu gün Azərbaycanda da olmalıdır. Onlara həqiqi demokratiya lazım deyildir. Onlar sadəcə, bu şüardan istifadə edib öz mübarizələrini aparırlar. Amma bu, sağlam mübarizə deyildir. Belələri ölkəmizin daxilindədir. Ancaq bəzi xarici qüvvələr, dairələr, mərkəzlər Avropadakı, Amerikadakı demokratiyanın Azərbaycanda olmasını tələb edirlər, belə olmadığı halda, ölkəmiz haqqında mənfi fikirlər söyləyirlər.

Keçmiş sovet elmində belə bir mülahizə var idi ki, hər bir şeyə dialektik nöqteyi-nəzərdən baxmaq lazımdır. Amma bu, sovet fəlsəfəsi deyildir. Bu, ən qədim insan fəlsəfəsidir. Təbiidir ki, tarixdə hər bir ölkə müəyyən bir yolla gedib, müəyyən bir mərhələyə çatıbdır. Dünyada təkcə əkizlərdən başqa bir-birinə bənzər iki adam tapmaq mümkün deyildir. Amma bəzən əkizlərin arasında da fərq tapmaq olur. Eləcə də dünyada hamısı, necə deyərlər, bir boyda, bir biçimdə, bir sifətdə, bir rəngdə olan ölkə tapmaq mümkün deyildir. Bunlar obyektiv xüsusiyyətlərdir. Onları nəzərə almayan, yaxud da Azərbaycanın reallığını, xalqımızın tarixini, millətimizin mentalitetini bilməyən, haradasa, Avropada, Amerikada oturan adam deyir ki, yox, Azərbaycanda da belə olmalıdır.

Azərbaycanda isə elə adamlar var ki, öz kəndindən, Azərbaycandan kənara çıxmayıblar, başqa yeri görməyiblər. Onlar xalqa, millətə, o cümlədən mənə də demokratiya dərsi vermək istəyirlər. Allaha şükürlər olsun ki, mən bütün dünyanı görmüşəm. Mənim dünyada görmədiyim az ölkə vardır. Təkrar edirəm, dünyada heç bir şey görməyən adam istəyir ki, mənə demokratiya dərsi versin. Bax, biz belə paradokslarla rastlaşırıq. Yenə də deyirəm, bunların səbəblərindən biri də ayrı-ayrı xarici dairələrdə Azərbaycana göstərilən qərəzli münasibətdir.

Dediniz ki, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvləri kimi siz Azərbaycanın Avropa Şurasına daxil olmaq məsələləri ilə də məşğul olursunuz. Onu da deyim ki, Avropa Şurasına daxil olmaq prosesi bizim üçün uzun çəkibdir. Hələ bir il bundan öncə belə bir qərar qəbul olunub ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına qəbul edilsin. Bu, çox yaxşı fikirdir. Çünki beləliklə, Avropa Şurası Ermənistanla Azərbaycan arasında olan münaqişənin aradan götürülməsi üçün yeni bir addım ata bilər.

Siz bilirsiniz ki, biz bu münaqişəyə son qoyulmasını istəyirik. Çünki bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Azərbaycanın 8 milyon əhalisinin bir milyonu qaçqın vəziyyətində çadırlarda yaşayır. Bizim istəyimiz, arzumuzdur ki, bu məsələ sülh yolu ilə həll olunsun. Bu münaqişənin həll edilməsi də ondan ibarət olmalıdır ki, gərək Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxsın və həmin bir milyon insan darmadağın edilmiş o yerlərə qayıtsın, orada öz həyatını yenidən qursun. Ona görə də biz hər bir vasitədən istifadə edib məsələni bax, bu yolla həll etmək istəyirik.

Avropa Şurasının bəzi komissiyalarında bu məsələ müzakirə edilərkən Ermənistan haqqında bir dənə də etiraz olmayıbdır, ancaq Azərbaycan barədə etirazlar olubdur. Bu, bizi incidir. Kim deyə bilərsə ki, Ermənistanda demokratiya Azərbaycandan üstündür, o, çox böyük səhv etmiş olar.

Bəzən Azərbaycanda insan hüquqlarının pozulması haqqında danışırlar. Belə hallar hər bir ölkədə vardır. Mən istisna etmirəm, bizdə də vardır. Amma Ermənistan bir milyon azərbaycanlının hüququnu pozubdur, mənliyini tapdalayıbdır. Ona görə də bu məsələdə insanların hüquqlarının pozulmasını görməyənlərin və bunu görmək istəməyənlərin axtarıb Azərbaycanda həbsxanada bir nəfər cinayətkarın hüquqlarının pozulmasından, onun azad edilməsindən danışması, əlbəttə, bizi incidir. Ona görə də biz, xüsusi qeyd edirəm, bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartlar tətbiq olunmasını görürük. Həmin qüvvələr səhv edirlər.

Biz Avropa Şurasına daxil olmaq istəyirik. Amma dərk edirik ki, bu, bizim üzərimizə daha da çox yeni vəzifələr qoyacaqdır. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasına daxil olması Avropa Şurası üçün də çox əhəmiyyətlidir. Çünki Şərq ilə Qərbin qovuşuğunda Avropanın son nöqtəsində yerləşən Şərq və Qərb mədəniyyətlərinin sinezindən ibarət mədəniyyətə malik olan, öz milli, mənəvi dəyərləri ilə bərabər ümumbəşəri dəyərləri Avropa dəyərlərini özündə əks etdirən bir xalqın, bir ölkənin Avropa Şurasından kənarda qalması bu şuraya heç də böyük hörmət gətirməz. Biz bu qərəzli qüvvələrlə mübarizəyə çox vaxt itiririk. Biz o qədər qərəzli hallara rast gəlirik ki, sizin kimi obyektiv adamları görəndə sevinirik.

Dediniz ki, seçkilərə hazırlıq prosesində artıq ikinci dəfədir buradasınız, ölkəmizin reallıqlarını görürsünüz. Təbiidir, bu proses elədir ki, orada hər şey ideal ola bilməz. Kim deyirsə ki, onun ölkəsində hər şey idealdır, o, səhv edir.

Biz əlimizdən gələni edirik ki, noyabrın 5-də Azərbaycanda parlament seçkiləri demokratik keçsin, beynəlxalq standartlara uyğun olsun. Biz bunun üçün çalışırıq, qarşıdakı günlər də çalışacağıq.

Ümidvaram ki, siz yenidən Azərbaycana gəlib seçki prosesini müşahidə edəcəksiniz və öz obyektiv fikirlərinizlə bizə kömək göstərəcəksiniz. Vaxt çox getsə də ürəyimdə olanları sizə dedim. Sağ olun.

"Azərbaycan" qəzeti 28 oktyabr 2000-ci il.