Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin "Nərgiz-TV" televizyasına müsahibəsi - Ankara, Gülhanə Tibb Akademiyası, 20 yanvar, 1999-cu il


Sual: Hörmətli prezident Heydər Əliyev,Türkiyəyə xoş gəlmisiniz.Ramazan bayramı münasibətilə Sizi təbrik edirəm. Siz bayramı Azərbaycandan kənarda keçirirsiniz. Bu barədə nə demək istərdiniz?

Cavab: Mən də sizin bayramınızı təbrik edirəm və "Nərgiz-TV" vasitəsilə qardaş Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına öz bayram salamlarımı yetirirəm. Bəli ilk dəfədir ki, Ramazan bayramı zamanı ölkəmizdə deyiləm. Amma Türkiyə də mənim üçün doğma bir yerdir. Ona görə də bu o qədər də fərqli deyildir.

Siz onu da bilməlisiniz ki, bu gün Azərbaycanın tarixində ən faciəli günlərdən biridir. Bu gün 20 Yanvar faciəsi günüdür. 1990 - cı il yanvarın 20-də sovet kommunist rejimi Azərbaycan xalqının suverenliyinə, milli azadlıq duyğularına qarşı hərbi təcavüz etmişdir. Azərbaycana, xüsusən Bakı şəhərinə bir gecənin içində çoxsaylı əsgər, ordu dəstələri yeridilmiş, tanklardan, toplardan atəş açılmış, günahsız, dinc insanlar qırılmışdır. Bir gecədə 135 nəfər həlak, şəhid oldu, 740-750 nəfərdən çox adam yaralandı, xəsarət aldı. Onlar indi də o yaralarla yaşayırlar.

Bu gün Azərbaycanda matəm-hüzn günüdür. Mən həmişə 20 Yanvarda matəm mərasimlərində oluram. Amma bu il bundan məhrum oldum. Bu matəm mərasimlərinə bu ildə əvvəlcədən böyük hazırlıq işləri görülübdür.

Türkiyədə özümü doğma məmləkətimdəki kimi hiss edirəm. Ona görə də burada heç bir sıxıntın yoxdur.

Müxbir: Cənab prezident, Siz öz xalqınıza bu barədə demək istədiyiniz sözlərinizi "Nərgiz - TV" vasitəsi ilə çatdıra bilərsiniz.

Heydər Əliyev: Mən şəhidlər günü münasibətilə Azərbaycan xalqına bir daha iradəli olmağı arzulayıram. Azərbaycanın müstəqilliyini qorumaq üçün hər bir vətəndaş əlindən gələni etməlidir.

1990-cı il 20 Yanvar faciəsi baş verəndə Azərbaycan Sovetlər Birliyinin tərkibində idi. Ancaq 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Bu da Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir.

Biz 7 ildir ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlamışıq. Əlbəttə, bu, bizim üçün o qədər də asan bir iş deyildir. Ancaq xalqımız müstəqil yaşamaq istəyir. Ötən 7 ildə bu müstəqilliyini yaşatmaq Azərbaycan prezidenti kimi mənim vəzifəm olubdur.

Bu matəm günü arzu edərdim ki, insanlarımız tökülən qanları, verilən şəhidləri heç vaxt unutmasınlar və Azərbaycanın müstəqilliyi uğrunda bundan sonra daha da sıx birləşsinlər.

Sual: Hörmətli prezident, Siz Süleyman Dəmirəllə görüşünüzdə dediniz ki, 9 ildir həkimlərə müraciət etmirsiniz.

Cavab: Bəli. Çünki həkimlərə ehtiyacım yox idi. Mən Moskvadan 1990-cı ildə ayrılmışam. Təbii ki, orada mənim həkimlərim var idi. Ancaq ondan sonra mənim həyatım çox çətin şəraitdə keçdi. Öz həkimim olmasına imkanım yox idi, amma çox ehtiyac da duymurdum. Hesab edirdim ki, mənim orqanizmim çox möhkəm və dözümlüdür, həkimsiz də yaşamaq olar. Mən 9 il həkimsiz yaşamaqla bunu sübut etdim və belə bir eksperiment də keçirdim.

Sual: Cənab prezident, Sizi burada Türkiyənin və Azərbaycanın həkimləri birgə müayinə və müalicə edirlər. Bundan məmnunsunuzmu?

Cavab: Məmnunam. Mən bu xəstəxanadan çox məmnunam. Ən öncə, mənim əziz dostum, qardaşım, Türkiyənin cümhur başqanı Süleyman Dəmirəldən çox məmnunam ki, o mənim kiçik rahatsızlığımla maraqlandı, telefon etdi, həkimlər göndərdi və məni Türkiyəyə dəvət etdi. Buraya gəldiyim andan mən onun qayğısı altındayam. Hər gün görüşürük. Bu gün də buraya gəlmişdi, yenə də görüşüb söhbət etdik. Mən çox məmnunam. Eyni zamanda, burada mənə qayğı, diqqət göstərən insanlardan çox məmnunam. Eyni zamanda , burada mənə qayğı, diqqət göstərən insanlardan çox məmnunam. Baş nazir Bülənt Ecevit, parlament sədri Hikmət Çətin buraya gəliblər, digərləri isə telefon edirlər, teleqramlar göndərirlər.

Bu xəstəxana da gözəl bir xəstəxanadır. Mən çox sevinirəm ki, Türkiyə Respublikasının belə gözəl hərbi xəstəxanası və həkimləri vardır. Burada dünyanın ən müasir müayinə və müalicə üsullarından istifadə edilir, ən önəmlisi odur ki, çox təcrübəli, bilikli həkimlər fəaliyyət göstərirlər. Onlar mənə çox yaxşı xidmət göstərirlər.

Sual: Hörmətli prezident, Türkiyə ilə Azərbaycan arasında əlaqələr qısa müddətdə çox sürətlə inkişaf edibdir. Bunun gələcəyini necə görürsünüz?

Cavab: Gələcəyi çox yaxşı olacaqdır. Çünki bizim əlaqələrimizin bu səviyyəyə gəlib çatması asan bir iş deyildir. Bu həm Türkiyənin, həm Azərbaycanın, həm xalqlarımızın, həm də hökumətlərimizin qarşılıqlı istəyi, arzusu nəticəsində meydana gəlmişdir. Amma buna mane olmaq, onu pozmaq istəyənlər də çoxdur. Ona görə də biz çox sayıq olmalıyıq, bu dostluğumuzu qorumalıyıq, möhkəmlənməliyik.

Bizim bu dostluğumuzun çox böyük gələcəyi bizim kökümüzdədir. Bizi tarixi kökümüz birləşdirir. Amma eyni zamanda ölkələrimiz arasında yaranmış siyasi, iqtisadi əlaqələr Azərbaycan-Türkiyə əməkdaşlığını daha da inkişaf etdirəcəkdir.

Bilirsiniz ki, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümündə - oktyabrın 29-da biz Ankarada böyük bir bəyannamə imzaladıq. Bakı-Ceyhan boru kəməri tarixi bir hadisədir. O, XXI əsrin sonunadək yaşayacaq, Türkiyə və Azərbaycan üçün çox böyük faydalar gətirəcəkdir.

Sual: Cənab prezident, Siz Türkiyə-Azərbaycan dostluğunu pozmaq istəyənlərdən danışdınız. Bunlar kimlərdir və nə etmək istəyirlər?

Cavab: Sizdə paxıl sözü var? Yəni bir adamın yaxşı olmasını istəməyən. Bu hər bir yerdə vardır. Bəzən görürsən ki, iki adam dost olur, amma üçüncüsü onu pozmaq istəyir. Elədirmi?

Dövlətlərə gəldikdə, Türkiyə dünyanın ən böyük və iqtisadi cəhətdən inkişaf etmiş güclü dövlətlərindən biridir. Azərbaycan isə Qafqazda coğrafi - siyasi cəhətdən çox böyük strateji mövqe tutan ölkədir. Azərbaycanın çox zəngin təbii yeraltı sərvətləri vardır. Azərbaycan Xəzərdəki yataqlardan neftin, qazın dünya bazarına çıxarılmasında çox böyük işlər görübdür. Ancaq bir çox ölkələr də vardır ki, onlar da bu işdə iştirak etmək istəyirlər. Onlar istəmirlər ki, Türkiyə ilə Azərbaycan bu qədər yaxın olsunlar. Bunların səbəbləri çoxdur, qısa vaxtda onların hamısını söyləmək mümkün deyildir.

Sual: Cənab prezident, təşəkkür edirəm. Sevinirəm ki , səhhətiniz çox yaxşıdır .Sizi belə yaxşı görmək bizi məmnun etdi. "Nərgiz - TV" ilə daha nə demək istərdiniz?

Cavab: Mən "Nərgiz - Tv" televizyasına təşəkkür edirəm. "Nərgiz - Tv" 1997 - ci ildə məni "Dünyada ilin dövlət adamı" elan etdi. Siz məni İstanbula dəvət etdiniz, orada mənə mükafat verdiniz, çox yüksək qiymətləndirirəm. "Nərgiz-TV" - nin verilişləri indi Azərbaycanda da yayılır. Azərbaycanda onun bürosu fəaliyyət göstərir.

Mənim dostum Cavid Çağlar vaxtilə Bakıya gəldi, biz bu məsələləri onunla bərabər həll etdik. Mən arzu edirəm ki, "Nərgiz - TV" daha da geniş yayılsın, böyük uğurlar əldə etsin.

Mən bu imkandan istifadə edib Türkiyənin bütün vətəndaşlarını Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm, türk xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Müxbir: Hörmətli prezident, Sizə çox təşəkkür edirəm. Sizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Heydər Əliyev: Sağ olun.

Tarixi arayış