Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə çixişı - 16 sentyabr 1996-cı il


Hörmətli Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev!

Hörmətli deputatlar!

Hörmətli Milli Məclis!

Bu gün Azərbaycan üçün əlamətdar gündür. Qazaxıstan Respublikası Prezidentinin səhərdən Azərbaycana rəsmi səfəri başlayıb və bugünkü günün ötən saatları ərzində böyük iş görülüb. Mən hesab edirəm ki, biz dövlətlərarası münasibətlərimizdə yaxşı nəticələrə nail olduq. Möhtərəm Nursultan Abişoviç burada birgə işimizdən danışdı. Hörmətli prezidentin Azərbaycan Milli Məclisinin deputatları ilə bugünkü görüşü də onun Azərbaycan parlamentinə, demokratiya prinsiplərinə böyük hörmət bəslədiyinə sübutdur. Biz Azərbaycan parlamenti qarşısında Nursultan Abişoviçin çıxışını böyük məmnunluqla dinlədik. Qazaxıstan Respublikasının, Qazaxıstan xalqının müstəqillik illərində qazandığı uğurlar böyük hörmət hisləri doğurur. Biz sevinirik ki, Qazaxıstan öz dövlət müstəqilliyini əldə etdiyi vaxtdan bəri ölkədə vəziyyət sabit olmuş və müstəqil Qazaxıstan dövlətinin inkişafı üçün tədbirlər ardıcıl surətdə həyata keçirilmişdir. Bu tədbirlər Qazaxıstanın Dünya Birliyi tərəfindən tanınmasına gətirib çıxarmış, Qazaxıstan dünya birliyində öz layiqli yerini tutmuşdur. Bu tədbirlər Qazaxıstana xarici siyasətdə böyük uğurlar qazandırmış, Qazaxıstanın sosial-iqisadi həyatının inkişafında böyük müvəffəqiyyətlərə gətirib çıxarmışdır.

Ölkələrimiz ümumi keçmişə malikdir, xalqlarımız ümumi tarixə, dərin köklərə, əlaqələrə malikdir. Nursultan Abişoviç bu barədə danışdı. Lakin biz XX əsrdə eyni yolla getdik, Sovet Ittifaqının tərkibində olduq və müstəqilliyə keçid, yeni sosial-iqtisadi və siyasi sistemə keçid zamanı əvvəllər Sovet İttifaqının tərkibinə daxil olmuş hər bir xalq, hər bir respublika böyük çətinliklərlə, mürəkkəb hallarla qarşılaşdı.

Dərk etmək xoşdur ki, Qazaxıstan bu çətinlikləri, bu mürəkkəb yolları keçmişdir və müvəffəqiyyətlə keçir. Artıq keçilmiş olan yol barəsində, Qazaxıstanın bugünkü vəziyyəti barədə Nursultan Abişoviçin burada dedikləri bizi sevindirir və dərin hörmət hissi doğurur.

Mən Qazaxıstan xalqına, müstəqil Qazaxıstan Respublikasına müstəqilliyi daha da möhkəmlətmək yolunda, islahatların həyata keçirilməsi, iqtisadiyyatın yenidən qurulması yolunda, bu gözəl ölkənin bütün adamları üçün yeni həyat yaradılması yolunda yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, belə də olacaq, çünki, ötən beş il ərzində edilmiş hər şey bu cür inam ifadə etməyə kifayət qədər əsas verir.

Şübhə yoxdur ki, bütün bu müvəffəqiyyətlərdə Qazaxıstan Respublikası Prezidentinin, hörmətli dostumuz Nursultan Nazarbayevin böyük rolu var. O, böyük təcrübəyə və zəngin biliyə, təbii olaraq, böyük iradəyə malikdir. Tarixin bu çətin və mürəkkəb dövründə o, Qazaxıstan xalqlarını six birləşdirməyə və bu yolu uğurla keçməyə müvəffəq oldu, bununla da öz ölkəsində və bütün dünyada böyük nüfuz və şöhrət qazandı.

Nursultan Abişoviç, mən Sizi bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm, Sizə yeni nailiyyətlər, xoşbəxtlik və firavanlıq arzulayıram.

Respublikalarımız dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri eyni bir yol keçiblər. Lakin Ermənistanın Azərbaycana qarşı hələ 1988-ci ildə başlanmış hərbi təcavüzü respublikamıza olduqca böyük mənəvi və maddi zərər vurmuşdur. Məlumdur ki, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur, Azərbaycanın bir milyon nəfərdən artıq sakini öz yaşayış yerlərindən didərgin salınmış və çox ağır şəraitdə yaşayır, qaçqındır, onların əksəriyyəti çadırlarda yaşayır, işsizdir, böyük mad­di çətinlik çəkir. Respublika böyük itkilər vermis, adamlar həlak olmuşlar. Adamlar 1990-cı ilin yanvarında sovet qoşunları tərəfindən Azərbaycana qarşı təcavüz zamanı da həlak oldular. Adamlar öz torpaqlarını, Azərbaycanın ərazi bütövlüyünü, öz respublikasının müstəqilliyini, suverenliyini qoruyaraq erməni təcavüzü nəticəsində də həlak oldular.

Lakin bütün bunlara baxmayaraq, inanınq ki, Azərbaycan işğal olunmuş torpaqları azad edə biləcək, öz ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edə biləcək, öz müstəqilliyini, dövlət suverenliyini qoruyub saxlayacaqdır. Biz buna əminik, bu inamla yaşayır və işləyirik, bu çətin problemi dinc yolla həll etməyə çalışırıq. Biz müharibə istəmirik, sülh şəraitində yaşamaq istəyirik. Lakin bununla yanaşı, biz heç cür razılaşa bilmərik ki, torpaqlarımız işğal altındadır. Buna görə də bu məsələnin həlli üçün sülh yolu təklif etmişik. İki ildən çoxdur əməl olunan atəşkəs rejimi sübut edir ki, biz bu məsələnin dincliklə həllini istəyirik. Odur ki, tamamilə ədalətli şərtlər - beynəlxalq hüquq normalarına, ATƏT-in prinsiplərinə, hər hansı ölkənin ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı prinsiplərinə tamamilə cavab verən şərtlər təklif edirik. Biz bunun əsasında da bütün erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlardan çıxanlmasını, Azərbaycan sakinlərinin öz yaşayış yerlərinə qaytarılmasını, Azərbaycanın ərazi bütövüyünün, onun sərhədlərinin toxunulmazlığının bərpa olunmasını tələb edirik və Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi barədə təklif irəli sürürük. Daha ədalətli təklif tapmaq çətin ki, mümkün olsun. Ümidvarıq ki, erməni tərəfi nəhayət, başa düşəcək ki, ayrı bir yol yoxdur. Başa düşəcək ki, işğal edilmiş tor­paqlardan çıxıb getmək lazımdır. Başa düşəcək ki, sülh yolu ilə və qonşu ölkələrlə dinc həyat yolu ilə getmək gərəkdir.

Əlbəttə, bu baxımdan biz bütün ölkələrin, ATƏT-in Minsk qrupunun, Dünya Birliyinin imkanlarından istifadə edirik. Lakin bununla yanaşı, mən razıyam ki, bizim özümüzdən, Azərbaycan xalqının və Ermənistan xalqının iradəsindən, Azərbaycan və Ermənistan rəhbərlərinin iradəsindən də çox şey asılıdır. Biz öz tərəfimizdən böyük addım atmışıq, təklif etmişik, indi söz erməni tərəfinindir.

Nursultan Nazarbayev bu münaqişənin yaranmasının lap əvvəlindən böyük canıyananlıq göstərir və bu münaqişənin dincliklə aradan qaldırılmasına nail olmağa fəal çalışır. Azərbaycan ictimaiyyəti yaxşı xatırlayır ki, beş il bundan əvvəl Rusiya Prezidenti Boris Yeltsinlə birlikdə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycanda olmuş və qan tökülməsinin qarşısının alınmasında, atəşin dayandırılmasında və münaqişənin aradan qaldırılmasına nail olmaqda çox yaxından ıştirak etmişdir. Biz bunu bilirik, biz bunu xatırlayırıq və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin indi bu məsələdə göstərdiyi səyləri və tutduğu mövqeyi lazımınca qiymətləndiririk.

Lakin Qazaxıstandan fərqli olaraq, bizim müstəqillik yolumuz heç də təkcə Ermənistanın təcavüzü ilə çətinləşməyıbdir. Qazaxıstanda bütün bu dövrdə daxili siyasi vəziyyət əsasən sabit, sakit olubdur. Təəssüf ki, bizdə xarici təcavüzlə yanaşı, respublikanın daxilində silahlı qruplar arasında çəkişmələr, toqquşmalar, qanunsuz hakimiyyət iddiası, hakimiyyəti silahlı yolla devirmək cəhdləri də olmuşdur. Azərbaycan dəfələrlə fəlakət qarşısında qalmış və 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlanmış, Azərbaycan əslində hissələrə parçalanmış və şübhəsiz, böyük siyasi fəlakətlə qarşılaşmışdır.

Biz bütün bunları dəf etməyə, respublikada vəziyyəti tədricən sabitləşdirməyə müvəffəq olduq, hərçənd bu, müqavimətlə qarşılandı və 1994-cü ilin oktyabırında Azərbaycanda hakimiyyəti silahlı yolla devirməyə yenidən cəhd göstərildi. Sonra 1995-ci ilin martında daha bir bu cür cəhd edildi. Biz bütün bunların qarşısını, almağa, bütün bu çətinlikləri dəf etməyə müvəffəq olduq. İndi Azərbaycanda mənəvi-siyasi və ictimai vəziyyət sakit və sabitdir. 

Bu, müstəqillik illəri ərzində xalqımızın qazandığı ən böyük nailiyyətdir. Bunun da zirvəsi o oldu ki, ötən ilin noyabrında ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinə demokratik əsasda seçkilər keçirildi, indi o, uğurla işləyir və Nursultan Abişoviç, biz sizinlə bərabər onun garşısında çıxış edirik. Bunlar Azərbaycanda hüquqi demokratik sivilizasiyalı dövlət quruculuğunu təmin etmək üçün son vaxtlar aparılmış böyük işin mühüm yekunlarıdır.

Biz bu yolla, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmək, dövlətçiliyimizi möhkəmləndirmək, demokratiyanı inkişaf etdirmək, Azərbaycanda həyatın bütün sahələrini demokratikləşdirmək, iqtisadiyyatı demokratikləşdirmək yolu ilə gedirik.

Biz iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçiririk. "Torpaq islahatı haqqında" qanun qəbul olunmuşdur. Bu qanun, şübhəsiz, Azərbaycanda torpağın xüsusi mülkiyyətə verilməsi yolu ilə torpağa munasibəti kökündən dəyişəcəkdir. Biz xarici sərmayələr üçün böyük imkanlar yaratmışıq. Məsələn, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə istismarına dair xarici neft şirkətləri ilə bağlanmış müqavilələrin son dərəcə böyük əhəmiyyəti var. Bir neçə gündən sonra böyük neft müqaviləsinin, "Əsrin müqaviləsi" adlandırılan müqavilənin imzalanmasının iki ili tamam olacaqdır və həmin müqavilə əməli şəkildə həyata keçirilir. Sonra daha iki müqavilə imzalanmışdır. Hazırda Xəzər dənizində böyük iş başlanır. Dənizin mineral ehtiyatlarının mənimsənilməsinə dair Xəzəryanı bütün ölkələrlə, o cümlədən xüsusən Qazaxıstanla əməkdaşlığın böyük əhəmiyyəti var. Bu baxımdan bu gün razılığa gəldiyimiz məsələlərin, eləcə də Qazaxıstan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Xəzər dənizinə dair birgə bəyanatına daxil edilən məsələlərin müstəsna dərəcədə böyük əhəmiyyəti var.

Ötən dövr ərzində çox böyük çətinlıklərlə qarşılaşdığımıza baxmayaraq, biz seçdiyimiz yolla gedirik. Bu çətinlikləri aradan qaldırırıq, lakin indi də problemlərimiz var. Ermənistanın təcavüzündən xilas olmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, öz yaşayış yerlərindən qovulmus, Azərbaycan vətəndaşlarını əvvəlki yerlərinə qaytarmaq bizım üçün ən ümdə vəzifədir. Hesab edirəm ki, biz buna nail olacağıq.

Bununla əlaqədar qonşu dövlətlərlə beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Konfransı Təşkilatı və Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində əməkdaşlığın, Xəzəryanı ölkələrlə əməkdaşlığm son dərəcə böyük əhəmiyyəti var. Biz ikitərəfli əlaqələrə, o cümlədən Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərə böyük əhəmiyyət veririk.

Nursultan Abişoviç burada çox düzgün dedi ki, bu gün imzaladığımız sənədlər münasibətlərimizin gələcək inkişafı üçün olduqca yaxşı əsas yaradır. Nursultan Abişoviç, sizi əmin edirəm ki, imzalanmış sənədlərin əməli surətdə reallaşdırılması üçün biz öz tərəfimizdən mümkün olan hər şeyi edəcəyik.

Bütün başqa işlərdən elavə, indiki səfər, danışıqlar, Qazaxıstan Respublikasının Prezidenti ilə parlamentdə görüş keçmişdə zəngin tarixi olan və gələcək üçün bundan da zəngin perspektivi olan xalqlarımız arasında dostluğu daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Mən Qazaxıstan xalqına xoşbəxtlik, əmin-amanlıq, yeni nailiyyətlər arzulayıram. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Abişoviçə cansağlığı, səadət və yeni uğurlar diləyirəm.