Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri - 26 iyun 2002-ci il


Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün Türkiyə paytaxtının Oran diplomatik şəhərciyində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etdi.

Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi, burada çalışanlara işlərində uğurlar dilədi. Mərkəzin sədri, tanınmış türk alimi, professor Yüksəl Bozər çıxış edərək, respublikamızın rəhbərinin mərasimdə iştirakından böyük şərəf duyduğunu bildirdi, görüləcək işlər barədə ətraflı məlumat verdi.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyevə xatirə hədiyyəsi təqdim olundu.

Mərasimdə Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı və digər rəsmi şəxslər iştirak edirdilər.

Bakı küçəsinin açılışı

İyunun 26-da Ankarada Bakı küçəsinin açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak edirdi. Dövlətimizin başçısının buraya gəlişi hərarətli alqışlarla qarşılandı.

Ankara Böyük Şəhər Bələdiyyəsinin başçısı Məlik Qökçək Azərbaycan paytaxtının adını daşıyan küçənin yaxın gələcəkdə Oran diplomatik şəhərciyinin ən gözəl guşələrindən birinə çevriləcəyini bildirdi və respublikamızın rəhbərinə müraciətlə dedi:

Hörmətli cümhur başqanı Heydər Əliyev!

Qardaş Azərbaycanın paytaxtı Bakı şəhərini Ankarada yaşatmaq üçün Ankara Böyük Şəhər Bələdiyyəsi Məclisinin 2001-ci il noyabrın 30-dakı qərarı ilə bu küçəyə Bakının adını verdik.

İnşallah, bir azdan hörmətli cümhur başqanımızın açacağı küçəmizin Azərbaycan–Türkiyə dostluğunun rəmzi kimi qalacağına inanıram.

Azərbaycan Prezidenti Heydər Əliyev və Ankara Böyük Şəhər Bələdiyyəsinin başçısı Məlik Qökçək yeni küçənin açılışını bildirən qırmızı lenti kəsdilər, «Bakı küçəsi» sözləri yazılmış lövhənin üzərindən örtüyü götürdülər.

Heydər Əliyev: Mən çox məmnunam ki, burada, Ankaranın bu gözəl güşəsində Azərbaycanın paytaxtı olan Bakı şəhərinin adını daşıyan yeni bir küçə açılır. Mən buna görə Türkiyə Cümhuriyyətinə, onun Ankaradakı bələdiyyəsinə və bütün bu işdə öz qeyrətlərini göstərmiş insanlara təşəkkür edirəm.

Ümidvaram ki, küçənin bu adı Türkiyə–Azərbaycan dostluğunun daha da inkişaf etməsinə yardım edəcəkdir. Təbrik edirəm.

* * *

Mərasimdə Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı, Müdafiə naziri Sabahəddin Çaxmaqoğlu, millət vəkilləri, professor İhsan Doğramacı və digər rəsmi şəxslər iştirak edirdilər.