Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin C.Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi - Respublika sarayı, 21 aprel 2003-cü il


Əziz kursantlar, zabitlər, generallar!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

30 il bundan öncə Cəmşid Naxçıvanski adına hərbi litseyin yaranması və o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz iş nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi hadisədir. Bu, bizim bayramımızdır. Çünki Azərbaycanın tarixində heç vaxt belə bir hərbi təhsil müəssisəsi olmayıbdır. Bu, ağır bir dövrdə yaranıb, 30 il yaşayıb və bu gün də 30 illik yubileyini qeyd edir. Mən bu münasibətlə, bu bayram münasibətilə hamınızı ürəkdən təbrik edirəm, Naxçıvanski adına litseyin məzunlarına, kursantlarına yeni-yeni uğurlar arzulayıram, Azərbaycanın Silahlı Qüvvələrinin daim güclü, qüdrətli olmalarını arzulayıram.

Mən aprelin 19-da da hərbi litseydə olarkən çox böyük hisslər keçirirdim və bu gün də keçirirəm. Çünki Azərbaycanda ikinci bir adam yoxdur ki, o, - güman edirəm ki, məni qeyri-təvazökarlıqda günahlandırmayacaqsınız, - belə bir hərbi məktəbi yaratsın, yaşatsın və onun 30 illik yubileyində iştirak etsin.

Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu, mənə qismət olub və çox şadam ki, həqiqətən belə bir şərəfli iş mənə nəsib olubdur. 30 il az vaxt deyildir. 1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirdilər. İndi onlar generaldırlar, polkovnikdirlər, korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm.

Hamıya məlumdur ki, o illərdə mən hər il bu məktəbə gedirdim. Bunun da səbəbləri vardı. Məktəbdə siniflərdə olarkən və xüsusən, kursantlar meydanda hərbi qaydada sərrast addımlarla gedəndə mən hər dəfə düşünürdüm ki, bu uşaqların 14-15 yaşı var, 16 yaşı var, onların qarşısında böyük həyat var, özü də çətin həyat var. Bu yolu onlar keçə biləcəklər, yoxsa yox? Təbiidir ki, mənim arzum-istəyim o idi ki, onların hər biri Naxçıvanski adına məktəbi, indiki litseyi bitirib, sonra ali hərbi məktəblərə daxil olsunlar və nəhayət, yüksək səviyyəli zabit olsunlar. O vaxt mən bunu istəyirdim, buna inanırdım, amma eyni zamanda bilirdim ki, həyatda nə qədər çətinliklər var. İndi isə, Allaha şükür olsun ki, o kursantların tam əksəriyyəti bu çətin yolu uğurla keçiblər, indi bizim ordunun zabitləri, generallarıdırlar və ordunu gücləndirən kadrlarımızdır.

Siz bilirsiniz ki, mən keçmişdə uzun müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərmişəm, hərbi rütbələrim olubdur. Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur. Biz ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdik. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarına düşürdü. Soruşanda ki, nə üçün bizim əsgərlərdən belə istifadə edirsiniz, deyirdilər ki, bilirsiniz, onlar rus dilini bilmir, yaxud da yaxşı bilmirlər. Bu, doğru deyildi. Onların içində bir qismi rus dilini də bilirdi. Ola bilər, kənd yerlərindən olanlar rus dilini bilmirdilər, ya yaxşı bilmirdilər. Bizə deyirdilər ki, orduda hər şey texnika ilə əlaqədardır, gərək dil biləsən, ona görə də biz onları hərbi hissələrin yaxşılarında yerləşdirə bilmərik. Mən fikirləşirdim ki, əgər onlar əsgər kimi orduda öz yerini tuta bilmirlərsə, onda zabitə nə demək olar. Ümumiyyətlə, SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış bir qərarı var idi ki, ali hərbi məktəblərə, əsasən, ruslar, ukraynalılar, belaruslar qəbul oluna bilərlər. Qalan millətlərdən gənclərin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Demək, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum.

Bilirsiniz, artıq burada dedilər, Səfər Əbiyevin məruzəsində də deyildi ki, bu, nə cür oldu, hansı məktəbin bazasında yaratdıq. Ancaq bir il keçməmiş Moskvadan gəlib bizi yoxlamağa başladılar. Həm Müdafiə Nazirliyindən, həm də Maarif Nazirliyindən. Nəyi yoxlayırdılar? Deyirdilər, siz qanunsuz məktəb yaratmısınız. Niyə qanunsuz yaratmışam?! Onda mən bilirdim axı, nə cür etmək lazımdır, bir az üstünü örtmüşdüm ki, bu, orta məktəbdir. Amma bir az ixtisaslaşdırılmış orta məktəbdir. Siz buna nə deyəcəksiniz?! Yaxşı, əgər burada mən hərbi təhsili bir az artıq verirəmsə, bunun sizə maneçiliyi nədən ibarətdir?! Təbii ki, onlar bunun kökünü görürdülər, bilirdilər ki, demək, beləliklə, bizim gənclər gələcəkdə ali hərbi məktəblərə gedə biləcəklər.

İki ildən sonra bir dəfə də yoxlamağa gəldilər. Daha sonra bir dəfə də gəldilər. Mən hər dəfə onların cavablarını verdim və axırda da Moskvaya getdim, ən yüksək səviyyədə bunu müzakirə etdim. O səviyyədə mənim arqumentlərimə etiraz etmək mümkün deyildi. Amma aşağılar, təbiidir ki, məntiqsiz işlər görürdülər. Amma yüksək səviyyədə mən məntiqlə danışanda, onlar da məntiqlə danışmalı idilər. Məni aldatmaq olmaz.

Beləliklə, mən məktəbi, bax, bu bəlalardan xilas etdim. Bu, yeni bir iş idi və açıq deyim ki, bizim buna cəlb olunmuş adamların bu barədə təcrübəsi olmadığına görə, bəzən onlar özləri də deyirdilər, bu, nəyə lazımdır. Mən məhz bunların hamısını görərək, hər il məktəbə gedirdim, vəziyyəti görürdüm, özüm nöqsanları aşkarlayırdım. Hər il də orada hansısa yenilik yaratmaq üçün göstərişlər verirdim. Bunlar hamısı bir gündə olmayıbdır. İndi təsəvvür edin, bir məktəb binasından böyük bir hərbi şəhərcik düzəltmişik. Səfər Əbiyev dedi, orada indi nə qədər imkanlar var.

Beləliklə, bu məktəbi yaşatdıq, böyütdük. Ancaq o illərdə mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər nə üçün orduda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax, bizim bu günümüzə görə də, müstəqillik dövrümüzə görə də mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm, 30 yaşa çatdırdım.

Ailədə uşaq doğulur. Yəqin ki, çoxlarınızın övladları var, kim hələ çox gəncdirsə, övladı yoxdursa, gələcəkdə olacaqdır. Uşaq doğulur, ailəni sevindirir. Bir yaş, iki yaş, üç yaş, sonra valideynlər düşünür, bu uşaq nə təhər oxuyacaq, sonra nə olacaqdır, Onu baxçaya qoyur, məktəbdə oxudur.

Sonra bizim Azərbaycanda çoxları çalışır ki, uşaqları ali təhsil alsın, ona görə ali məktəbə qoyurlar. Təxminən 18 yaşında. Ali məktəbi 22-23 yaşında qurtarır, sonra onu işə qoyurlar, işləyir.

Görürsünüz, dünyaya gələn bir fərdin həyatı 30 ildə nə qədər yollar keçir. Bax, Naxçıvanski məktəbi də belə yol keçibdir. Bir ailədə doğulmuş, Azərbaycan Respublikasının ailəsində doğulmuş bir uşaq kimi, böyüyüb 30 yaşına çatıbdır. Bilirsiniz, sizə səmimi deyirəm, Naxcıvanski adına litsey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam.

Amma o vaxtlar Bakıda, Azərbaycanda iki güclü ali hərbi məktəb var idi. Biri Ali Ümumqoşun Komandirləri Məktəbi, - Salyan kazarmasında yerləşirdi, - o birisi isə Ali Hərbi Dənizçilik Məktəbi, - o da Zığ qəsəbəsində yerləşirdi. Mən o məktəblərdə çox olmuşdum. Çünki respublikanın rəhbəri kimi məni o məktəblərin müxtəlif tədbirlərinə dəvət edirdilər. İlk illərdə gedəndə bu məktəblərə fikir verirdim. Zığda yerləşən Ali Hərbi Dənizçilik Məktəbi SSRİ-də əhəmiyyətinə görə ikinci idi. Məsələn, orada xarici ölkələrin təxminən 150-200 vətəndaşı oxuyurdu. Orada çox güclü müəllim-professor heyəti var idi. Çox yaxşı məktəb idi. Bu biri məktəb də yaxşı idi. Ancaq həmin Ali Ümumqoşun Komandirləri Məktəbinə getdim - rəisi rus, siyasi şöbənin də başçısı erməni. Axı, bu, Azərbaycanda yerləşir, burada bir azərbaycanlı olmalıdır, yoxsa yox?! Yoxdur! Bəs, burada azərbaycanlılar oxuyur, yoxsa yox? Mənə dedilər ki, 20-yə qədər azərbaycanlı öz həvəsləri, öz gücləri ilə gedib oraya daxil olmuşdular.

O biri məktəbə, Ali Hərbi Dənizçilik Məktəbinə getdim. Təbii, orada da hamısı ruslar idi, bəlkə erməni də, başqaları da var idi. Orada bir nəfər azərbaycanlı oxuyurdu. Bilirsiniz, bu, məni dəhşətləndirdi. Məktəb bizim respublikada yerləşir, bizim torpağımızda fəaliyyət göstərir, imkanlarımızdan istifadə edir, amma orada Azərbaycan təmsil olunmayıbdır!

Nə edim, bu, mənim əlimdə deyil, onlar mənə tabe deyildilər. İş aparmağa başladım. Onun nəticəsində ermənini oradan çıxartdım, çıxdı getdi. Yəni özüm yox, tədbirlərimlə. Komandir rus idi. Dedim, bəs azərbaycanlı polkovniklər var, onlardan birini buraya təyin edək. Dedilər, yox, olmaz, gərək general olsun. Axtardım, tapdım, general-mayor Bərşadlı Almaniyada qulluq edirdi. Onu Bakıya çağırdım. Onunla danışdım, dedim, Almaniyada nə qədər qulluq edəcəksən. Vətəninə gəl. Təbii ki, o da sevindi.

 

Onu gətirdim və böyük bir çətinliklə o hərbi məktəbə, Ali Ümumqoşun Komandirləri Məktəbinə rəis təyin elətdirdim. Beləliklə, mən orada rəhbərliyi dəyişdirdim. İndi lazım idi ki, sonra oraya azərbaycanlılar da daxil olsunlar. Oraya ildə 350 nəfər qəbul edilirdi. SSRİ-nin hər yerindən gəlirdilər, müsabiqədən keçirdilər, kim keçdi, kim keçmədi. Mən Bərşadlıya göstərişlər verdim, bir neçə il içərisində oraya qəbul olunanların tərkibində azərbaycanlıların sayını 50 faizə çatdırdıq.

Bayramınızı bir daha təbrik edirəm, hər birinizə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Tarixi arayış

ORDU QURUCULUĞU