Xalq yazıçısı Rəsul Həmzətova - 8 sentyabr 2003-cü il


Çox hörmətli Rəsul Həmzətoviç!

Sizi - müasir ədəbiyyatın görkəmli xadimini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

İnsanlara hədsiz məhəbbətlə dolu, incə lirizm və milli kolorit aşılanmış bütün yaradıcılığınız dərin fəlsəfi məna və məzmun daşıyır. Sizin yaradıcılığınız həm özünün rəngarəngliyi ilə, həm də zəmanənin sosial problemlərini böyük söz sənətinin yüksək tələbləri ilə əlaqələndirilməsi baxımından insanların qəlbini fəth edir. Poeziyanızda təcəssümünü tapan ümumbəşəri dəyərlər belə mürəkkəb dövrdə yaşayan bizim hamımızı, şübhəsiz ki, bir-birinə yaxınlaşdırır, mədəniyyətlərin və xalqların dialoquna təkan verir.

Artıq tarixə qovuşmuş XX əsri Sizin yaradıcılığınızı, şerlərinizin emosional vüsətini nəzərə almadan təsəvvür etmək çətindir. Böyük humanizm ruhu ilə aşılanmış poeziyanız, əlbəttə ki, Sizin bənzərsiz şəxsiyyətinizin inikasıdır. Avar xalqı Sizinlə, eləcə də, bir çox digər xalqların da Sizi öz doğması kimi qəbul etməsi ilə haqlı olaraq fəxr edir.

Bizim ölkəmizdə Sizin yaradıcılığınız müasir insanın mənəvi aləmi haqqında təsəvvürlərimizi zənginləşdirmiş parlaq fenomen kimi qiymətləndirilir. Pərəstişkarlarınızın məhəbbət və ehtiramı xeyli dərəcədə həm də onunla əlaqədardır ki, Sizin bir çox şerlərinizdə Azərbaycanla və onun paytaxtı Bakı ilə bağlı ülvi hisslər öz əksini tapmışdır. Eyni zamanda Azərbaycanın mədəniyyət xadimləri də Sizin yaradıcılığınıza dəfələrlə müraciət edərək, ondan ilham almışlar.

Əziz Rəsul!

Xalqlarımızın mənəvi birliyi Sizin bütün poeziyanızda gözəl əks olunmuşdur. Siz Azərbaycan və Dağıstan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün xeyli səylər göstərmisiniz. Ümidvaram ki, Sizin parlaq istedadınız və çox böyük fitri müdrikliyiniz bundan sonra da bizim hamımızı sevindirəcəkdir.

Ən xoş arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 sentyabr 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT