"Rossiyski fermer" qəzetinin müxbiri ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin söhbəti - 3 avqust 1993-cü il


- Heydər Əliyeviç, güman ki, Siz hələ bizim qəzeti görməmisiniz?

- Xeyr, təəssüflər olsun, "Rossiyski fermer" qəzetini ilk dəfə görürəm. Sağ olun, asudə vaxtımda oxuyaram.

- Görüşümüzün vaxt-vədəsindən belə başa düşürük ki, Sizin üçün asudə vaxt olduqca şərti anlayışdır.

- Həqiqətən belədir. Gördüyünüz kimi, indi gecədən xeyli keçib, saat ikinin yarısıdır. Biz isə işləyirik. Özü də təkcə bu gün yox, hər gün belədir, gecəni gündüzə qatıb çalışırıq. İşə səhər tezdən başlayıram, onu, bir qayda olaraq, gecə saat dörd radələrində qurtarıram. Əlbəttə, ölkədə vəziyyət elədir ki, gərək istirahət barəsində düşünməyəsən. Bir də ki, mən həmişə bu qayda ilə işləməyə öyrəşmişəm. Bu iş rejimi mənim üçün adi bir rejimdir.

- Sirr deyilsə, Siz bu qüvvəni haradan alırsınız, axı bu yaxınlarda yetmiş yaşınız tamam oldu, yoxsa Sizə yoq kömək edir? Hər halda belə şayiələr gəzir.

- Xeyr, mən yoqla məşğul olmamışam və məşğul olmuram. Görünür, təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və bacarığımı səfərbərliyə almağa vadar edir. Daha nə deyim? Ömrümdə heç vaxt siqaret çəkməmişəm. İçkini də rəmzi olaraq dilimə vurmuşam - sağlıq deyiləndə badəni ancaq qaldırmaqla kifayətlənmişəm.

- Azərbaycanın axırıncı prezidenti bu məsələdə, deyəsən, başqa yolla gedir.

- Deyəsən, elə belədir. O, yəni Elçibəy iş-güclə məşğul olmaqdansa, indi öz kəndində, deyilənlərə görə, oturub araq-çaxır içir. Nəticə etibarilə əsas məsələ heç də bunda deyildir. Ölkə üçün, belə rəhbərliyin ucbatından zillət-zülm çəkən xalq üçün, inanın, adamın ürəyi ağrıyır.

- Sizin gəlişinizdən sonra vəziyyət dəyişirmi?

- Bu qədər dağıntı, viranəlik olduğu bir şəraitdə işə başlamaq, iş görmək çox çətindir.

- İşin öhdəsindən gələcəksinizmi?

- Əlimdən gələni edəcəyəm. Mən heç kəsə söz verməmişəm və vəd etmək fikrində də deyiləm. Parlamentdə söhbət mənim seçilməyimdən gedərkən mənə belə bir sual verdilər: mən nə vaxt və nə etmək niyyətindəyəm? Cavab verib dedim: heç nə vəd edən deyiləm. Bu hakimiyyət mənə gərək deyil, mən ona can atmamışam, elə bu dəqiqəcə çıxıb gedə bilərəm. Getdim də. Amma məni saxladılar və yekdilliklə seçdilər.

- Yəqin, hər halda ürəklərinə dammışdı ki, qələbə sizinlədir. Amma aralarında elələri də vardı ki, Sizin gözdən salındığınız illərdə dalınızca danışır, ayağınızın altını qazır, Sizi ləkələməyə çalışırdı.

- Əlbəttə, belələri az deyildir. Mən həyatda çox böyük sarsıntılar keçirməli oldum. Onlara yalnız möhkəm əsəblər və güclü xarakter sayəsində dözmək mümkün idi. Yüksək vəzifələrə irəli çəkdiyim, təyin etdiyim, inandığım adamlar mən istefa verdikdən sonra birdən məndən üz döndərdilər, mənə xəyanət etdilər.

- Belələri çoxmu idi?

- Əksəriyyəti belə idi. Onlar öz yerlərində qalmağa, vəzifələrindən bərk-bərk yapışıb onu əldən verməməyə və öz ailələrinin yağ-bal içində üzməsini təmin etməyə var qüvvələri ilə çalışırdılar.

- Vəzifələrinin itirilməsi təqdirində ailələri, qohum-əqrəbaları üçün narahat olmağa onların əsasları var idimi?

- Başıma gələnlərin, praktikamın göstərdiyi kimi, əfsuslar olsun, var idi. Əvvəlki sistem bu mənada yaman amansız və qəddar idi. Eybi yoxdur, mən özüm çox təqiblərə, böhtanlara məruz qalmışam, mənə çox şər atıblar. Lakin hər şeyə dözmüşəm. Bəs qohum-əqrəbamın nə günahı? Təəssüflər olsun ki, onlar da az əziyyət çəkməmişlər. Oğlum İngiltərə üzrə mütəxəssisdir. Oraya işləməyə getməli idi, özü də bütün rəylərə və obyektiv göstəricilərə görə buna tamamilə layiq idi. Halbuki o, İngiltərəyə getsəydi, bunun işə xeyri olardı. Amma mən istefaya çıxan kimi, onun karyerasının üstündən çalın-çarpaz xətt çəkdilər. Gözəl bir mütəxəssis olan oğlum öz çörək pulunu kommersiya strukturlarında qazanmaq məcburiyyətində qaldı. Kürəkənim əks-kəşfiyyatda xidmət edirdi, o da əla perspektivli mütəxəssis idi. Amma mənim gözdən salınıb qəzəbə düçar olmağım onun da karyerasının üstündən xətt çəkdi.

- Necə bilirsiniz, Sizə xain çıxan adamları başa düşmək olarmı?

- Bilirsinizmi, həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Mənim üçün burada suallar yoxdur. O ki qaldı bu adamlara - Allah özü hər şeyi görür. Mən kinli adam deyiləm, heç kəsi də gözümçıxdıya salmaq, təqib etmək fikrim yoxdur.

- Deyəsən, Siz artıq ateist deyilsiniz, dindarsınız?

- Bəli, mən Allaha inanmağa başlamışam. Məni bu inama həyatda qarşılaşdığım sınaqlar, ictimai şüurda baş vermiş köklü və böyük dəyişikliklər, digər sırf şəxsi səbəblər gətirib çıxarmışdır.

- O cümlədən də inanıb etibar etdiyiniz adamlardan məyusluq, insanların vəfasından, xeyirxahlığından məyusluq?

- Yox, nə deyirsiniz? Əksinə, bu illər ərzində neçə-neçə gözəl, cəsarətli, prinsipial adamlar gördüm, onlarla tanış oldum. Başqa məsələdir ki, əvvəllər onlar mənə tanış deyildilər. Bu adamlar məni axtarıb tapır, mənə ürək-dirək verir, gözdən salınmış xadimlə ünsiyyət üzərində özlərinin də rüsvay ediləcəyindən qorxmurdular. Bu, adamın qəlbini riqqətə gətirir və unudulmazdır. Xalqa isə elə minnətdaram ki, bunu ifadə etməyə söz tapmıram! Axı mən Naxçıvana gəldikdə on minlərlə adam meydana axışdı və bütün günü bir ağızdan mənim familiyamı ucadan çəkib tələb edirdilər ki, mən əməli dövlət fəaliyyətinə qayıdım. Məgər mən imtina edə bilərdimmi? Əlbəttə, mən çox böyük bir ölkənin - SSRİ-nin rəhbərlərindən biri olduqdan sonra Naxçıvanın rəhbəri olmaq sanki elə bir iş deyildi. Amma məsələ əsla miqyasda deyildi. Əgər mən insanlara lazımamsa, əgər onlar mənə ümid edirlərsə, deməli, mənim borcum sırada durmaqdır, fəaliyyət göstərməkdir.

- Lakin hər halda, rəhbər vəzifə...

- Bu illər ərzində Naxçıvana rəhbərlik etməyin nə demək olduğunu yalnız o kəslər qiymətləndirə bilərlər ki, bunu özləri görmüş olsun. Biz blokada şəraitində yaşayırıq. Digər tərəfdən, Xalq Cəbhəsi hökuməti bu blokadanın aradan götürülməsi üçün tamamilə mümkün olan tədbirləri qəsdən görmürdü. Onlar məndən qorxur və riyakarlığa bax ki, ümid edirdilər - Naxçıvanın müsibəti məni hörmətdən salacaq və yenə də hakimiyyətdən uzaqlaşdıracaqdır. Halbuki, Elçibəyin özü əslən Naxçıvandandır. Görün, siyasət nə olan şeydir! Amma əllərindən bir iş gəlmədi. İstədiklərinə nail olmadılar. Hərçənd dolanmaq, özü də şaxtalı-boranlı qışda dolanmaq bizim üçün asan olmadı. Ev-eşikləri isitmək üçün meşələrin 70 faizə qədərinə balta çalındı - yenə də kifayət etmədi. Hamı kimi, mən də soyuqdan, suyun yoxluğundan əzab-əziyyət çəkdim. Amma nə edəsən? Mən həmyerlilərimə elə bəri başdan dedim: Əgər soyuqdan və ya aclıqdan ölmək lazım gəlsə, onda hamımız birlikdə öləcəyik. Lakin əminəm ki, bu faciə baş verməyəcəkdir. Belə də oldu. Mən öz köhnə şəxsi əlaqələrimdən istifadə edərək, Türkiyə və İran rəhbərliyi ilə yardım haqqında, kredit, humanitar kömək, elektrik enerjisi ilə təchizat və digər məsələlər haqqında razılığa gəlməyə müvəffəq oldum. Sülh rejimi haqqında Ermənistan rəhbərləri ilə də razılığa gələ bildim. Öz adıma artıq heç bir şey çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı müharibədən qorudum.

- Bəlkə, indi sülhü Azərbaycana qaytara biləcəksiniz?

- Təkrar edirəm, mən heç nə boyun olmuram. Lakin münaqişəni aradan qaldırmaq üçün imkanlar var.

- Bəs iqtisadiyyatı sağlamlaşdırmaq üçün necə?

- Daha doğrusu, iqtisadiyyatı dirçəltmək üçün. Axı o qədər dağıtmış, o qədər soyub-talamışlar ki, heç deyiləsi deyildir. Sənayedə də, kənd təsərrüfatında da vəziyyət son dərəcə bərbaddır. Camaat özünə bir tikə çörək pulu qazana bilmir, cəmiyyətə lazım olan məhsulu istehsal edə bilmir. Başlıca səbəblərdən biri budur ki, bütün səviyyələrdə rəhbər vəzifələrdə peşəkarlar naşılarla ucdantutma əvəz edilmişdi. Əgər kənd müəllimi, deyək ki, iri bir üzümçülük təsərrüfatına rəhbərlik edirsə (nə var ki, o, Xalq Cəbhəsinin üzvüdür), dünənki bazar alverçisi isə bütöv bir sahənin başında durursa, buna nə ad verəsən, burada nədən danışasan?

- Deməli, kadrlar kütləvi surətdə təzələnəcəklər?

- Bu, çox mürəkkəb və kifayət qədər ağrılı sualdır. Çünki elə köhnə kadrlar arasında da hamı öz yerində deyildir. Bəlkə də, yeni kadrlar arasında da öz vəzifələrinə layiq olanlar var. Yaxşı məlum olan bir meyar var - praktika. Yeri gəlmişkən, mənim bu barədə ayrı heç bir fikrim yoxdur. Söz düşmüşkən, onu da deyim ki, mən Naxçıvanın rəhbəri olarkən xalq cəbhəçilərini rəhbər vəzifələrə respublikada birinci olaraq təyin etmişdim. Başqa məsələdir ki, bir müddətdən sonra onların paxırı, fırıldaqçı olduqları üzə çıxdı və buna görə də belələrini vəzifədən uzaqlaşdırmaq lazım gəldi. Məhz bundan sonra Xalq Cəbhəsi mənim əleyhimə qalxdı. Onlar elə düşünürdülər ki, əgər kimsə onların adamıdırsa, deməli, o hər şey edə bilər.

- Problemləriniz doğrudan da başdan aşır. Hər şeydən göründüyü kimi, Siz asudə vaxtı ancaq arzulaya bilərsiniz. Əgər asudə vaxtınız olsa, Siz onu necə keçirərdiniz? Nə kimi məşğuliyyətiniz var?

- Məşğuliyyət barəsində yalnız keçmiş zamanda danışmaq olar. Həyat sevimli əyləncə və qalan məşğuliyyət üçün imkan vermirdi. Halbuki mən uşaqlıq illərində şer də yazır, şəkil də çəkirdim. Başlıca arzum arxitektor olmaq idi. Həmin ixtisas üzrə hətta bir az oxumuşdum da, lakin sonra bu arzumdan əl çəkməli oldum. Hərçənd o, qəlbimdə qalır. Yeri gəlmişkən, Azərbaycanın rəhbəri olarkən şəhərsalma sahəsində az iş görmədim. Ümumiyyətlə, geridə qalmamağa, arxitekturada baş verən hadisələri izləməyə çalışırdım.

Qoy sizə həyatımdan maraqlı bir əhvalatı danışım. Bir dəfə ölkənin görkəmli ustaları Moskvaya, Arxitektor evinə toplaşmışdılar. Mənə söz verdilər. Sonra da başıma toplaşıb təəccüblə soruşdular: Siz arxitekturanı haradan belə dərindən bilirsiniz? Özünü tərifləmək olmasın, arxitekturadan, gözümdə qalan arzumdan söhbət getdikdə belə hallar mənim üçün son dərəcə xoşdur.

- Bəs indi başlıca arzunuz hansıdır?

- Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı mən bu amala həsr etmişəm.

- Allah eləsin ki, bu arzunuz tez bir zamanda həyata keçsin.

Söhbəti Vasif Səmədov aparmışdır, "Rossiyski fermer".

"Azərbaycan" qəzeti, 5 avqust 1993-cü il.

Tarixi arayış