Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa senatının Vitse-marşalı xanım Zofiya Kuratovskaya ilə görüşdə söhbətindən - Varşava, Parlament sarayı, 27 avqust 1997-ci il


Hörmətli xanım Kuratovskaya!

Azərbaycan Respublikası, onun xalqı, ölkəmizdə gedən demokratik proseslər barədə söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Vurğulayıram ki, mən Azərbaycan ilə Polşa arasında əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verirəm və ölkənizə ilk rəsmi səfərimi bu baxımdan yüksək qiymətləndirirəm.

Azərbaycan çətin mübarizələrdən sonra yenidən müstəqillik qazanmışdır və biz bunu tarixi nailiyyətimiz hesab edirik. Biz müstəqilliyimizı qoruyuruq və heç vaxt əldən verməyəcəyik. Azərbaycan müstəqillik yolu ilə inamla gedən dövlətləri yüksək qiymətləndirir və Polşa da bu cür dövlətlərdən biridir.

Azərbaycan öz müstəqilliyinə doğru getdiyi çətin yolda bir sıra çətin problemlərlə qarşılaşmışdır ki, bunlardan ən ağrılısı Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hələ Sovet İttifaqının tərkibində olarkən, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə məruz qaldıq. Üstəlik, keçmiş Sovet İttifaqı rəhbərləri Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq üçün 1990-ci ılın yanvarında böyük hərbi qüvvə yeridərək Bakıda və başqa bölgələrdə qanlı qırğın törətdilər. Lakin bu, xalqımızın mübarizə əzmını qıra bilmədi. Ermənistanın hərbi təcavüzü ilə başlanmış münaqişəyə isə hələ də son qoyulmayıbdır. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub, bir milyondan artıq azərbaycanlı öz vətənində qaçqına çevrılıbdir. Bununla belə, biz məsələni dinc yolla həll etməyə çalışırıq və üç ildən çoxdur ki, atəşkəsə əməl edirik. Ancaq hələlik tam sülh də yoxdur və Azərbaycan bu ağrılı problemin ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilmiş prinsiplər əsasında həllinə çalışır.

Azərbaycandakı ictimai-siyasi vəziyyətdən danışarkən onu demək olar ki, son illərdə ölkə rəhbərliyinin müəyyən etdiyi və xalqın tam əksəriyyəti tərəfindən dəstəklənən tədbirlər nəticəsində respublikada sabitlik təmin edilmiş, ilk demokratik Konstitusiya qəbul olunmuş, ilk demokratik parlament seçilmişdir. Hazırda geniş miqyaslı iqtisadi islahatlar, o cümlədən aqrar islahat keçirilir, xarici sərmayələrin ölkəyə gəlməsi üçün böyük işlər görülür və bütün bunlardan ötrü lazımi qanunverıcılık bazası yaradılmışdır.

Hörmətli xanım Kuratovskaya, səmimi söhbət üçün Sizə təşəkkürümü bildirirəm.

Görüşdən sonra Senatın Sosial Siyasət və Səhiyyə Komissiyasının sədri Azərbaycan rəhbərini həmkarları adından səmimiyyətlə salamladı.

Heydər Əliyev təşəkkür edərək komissiya üzvlərinə müraciətlə dedi: Böyük tarixə, ənənəyə malik Polşa Senatında olmağımdan çox şadam. Bilirəm ki, siz yeni seçkilər ərəfəsindəsiniz. Bu seçkilərdə Sizə uğurlar arzulayıram. Şübhə etmirəm ki, seçkilər Polşa Respublikasının həyatında demokratik prinsipləri daha da möhkəmləndirəcəkdir.

Biz dünən və bu gün çox yaxşı danışıqlar aparmışıq. Bunlar Polşa ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına xidmət edəcəkdir.

Sizə cansağlığı, xoş həyat arzulayıram. Sağ olun.

Senatın fəxri qonaqlar kitabına yazılmış ürək sözləri:

Demokratik dəyişikliklərin həyata keçirilməsində mühüm rol oynayan Polşa Senatını böyük ehtiramla salamlayıram. Polşa xalqına yeni uğurlar, tərəqqi arzulayıram, dövlət müstəqilliyinin, təhlükəsizliyin möhkəmləndirilməsində yeni nailiyyətlər diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.