Orucluq bayramı münasibətilə xalqa təbrik - 12 mart 1994-cü il


Rəhmli, mərhəmətli Allahın adı ilə!

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi mübarək Ramazan ayını ləyaqətlə başa vurmuş bütün müsəlman qardaş və bacılarımızı Orucluq bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Respublikamızın müsəlmanları Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, sıx həmrəylik və möhkəm iradə nümayiş etdirmiş, imanlarının saflığını təkcə sözlə deyil, həm də əməllə sübut etmişlər. İndi bu bayram günündə hər bir müsəlmanın öz müqəddəs borcunu şərəflə yerinə yetirməkdən doğan rahatlıq, sevinc və fərəh hisslərini bildirməyə tam haqqı vardır.

Mən əminəm ki, bu müqəddəs Orucluq günlərindəki ibadətlərdə edilən dua və niyyətlərin böyük əksəriyyəti müstəqil Azərbaycanımızın çiçəklənməsi, torpaqlarımızda əminamanlığın bərqərar olması, xalqımızın xoşbəxt və firavan yaşaması arzuları ilə bağlı olmuşdur. Allahın köməyi ilə, xalqımın hikməti ilə həmin arzuların həyata keçəcəyinə tam inanıram.

Bu əziz bayram günündə müqəddəs şəhid ruhlarının narahat-narahat dolaşdığı Azərbaycanın hər bir övladına - dözümlü və mətanətli xalqıma cansağlığı, Orucluq bayramından doğan xoş əhval-ruhiyyə, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.