Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın ölkəmizdəki səfiri Endryü Taker ilə görüşü - Prezident sarayı, 7 may 2002-ci il


Böyük Britaniya diplomatını mehribanlıqla salamlayan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev səfirliyin işləri ilə maraqlandı və dedi ki, mən 1998-ci ildə Londonda olarkən Böyük Britaniyanın Xarici İşlər naziri Bakıdakı səfirliyin genişləndiriləcəyini bildirmişdi.

Səmimi qəbul üçün təşəkkür edən cənab Endryü Taker Azərbaycanda bütün sahələrdə işlərinin kifayət qədər olduğunu vurğulayaraq, səfirlikdə işçilərin sayının üç dəfə artdığını, hazırda Britaniyadan 18, Azərbaycandan isə 17 nəfərin çalışdığını söylədi.

Səfir dedi ki, keçən il Azərbaycan vətəndaşları Britaniyaya getmək üçün 2800-dən artıq viza almışlar.

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin çox genişləndiyini, bu ölkənin şirkətlərinin Bakıda çox yaxşı fəaliyyət göstərdiyini xatırladan respublikamızın rəhbəri Heydər Əliyev dedi ki, bp şirkəti indi Xəzərdə aparıcı rol oynayır. «Şahdəniz» qaz yatağı da onun qismətinə düşdü. Mən indi başa düşürəm ki, bp hər şeyi yaxşı öyrənmişdi və bilirdi ki, orada nə var. O vaxt bəziləri şübhə edirdilər. Ancaq bp bu yataqdan çox möhkəm yapışmışdı. Nəticəsi isə gözləniləndən də yaxşı oldu.

Görüşdə bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.