Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Milli televiziyasına müsahibəsi - Tbilisi, 23 mart 2000-ci il


Sual: Heydər Əliyeviç, Siz gürcü və Azərbaycan xalqlarının indiki mərhələdə qarşılıqlı münasibətlərini necə qiymətləndirirsiniz?

Cavab: Mən bu barədə dünən də, bu gün də kifayət qədər danışmışam. Buna baxmayaraq, deyə bilərəm ki, Azərbaycan-Gürcüstan münasibətləri həmişə çox dostcasına, qardaşcasına olmuşdur, bu münasibətlər artıq yüzilliklər ərzindən mövcuddur.

Lakin dövlət müstəqilliyi əldə edildikdən sonra bu münasibətlər, təbii olaraq, keyfiyyətcə ayrı xarakter daşımağa başlamışdır. Yeni şəraitdə, müstəqil, suveren dövlətlər olaraq Gürcüstanın da, Azərbaycanın da daxili və xarici xarakterli bir çox mürəkkəb məsələləri həll etdikləri şəraitdə Gürcüstanla Azərbaycan arasında münasibətlər daha yaxın və daha yüksək olmuşdur. Çünki bu münasibətlər artıq nəinki xalqlar arasındadır, həm də dövlətlər, suveren dövlətlər, ölkələr arasındadır.

Deməli, burada artıq olduqca çox məsələlər meydana çıxır.

Söhbət xalqların dostluğundan getdikdə, bu dostluq qarşılıqlı yardım, mehriban qonşuluqdur, yəni bir adamın başqa birisi üçün nə edə biləcəyi deməkdir. Söhbət dövlətlərarası münasibətlərdən, müstəqil dövlətlər arasındakı münasibətlərdən getdikdə isə, burada qarşıya çox məsələlər çıxır - hər bir ölkənin seçdiyi yol barəsində mövqelər, xarici siyasət sahəsində mövqelər, regionda vəziyyətə, dünyada baş verən proseslərə aid mövqelər bir-birinə nə dərəcə uyğun gəlir. Yəni çox şeylər var.

Əgər bütün bunları cəmləşdirsək, iqtisadi əməkdaşlığın, mədəniyyət, təhsil, elm sahəsində əməkdaşlığın inkişafının yeni təkan aldığını da buraya əlavə etsək, onda, zənnimcə, münasibətlərimiz ən yüksək səviyyədədir.

Sual: Cənab prezident, Gürcüstanın və Azərbaycanın eyni bir problemi var - onların ərazi bütövlüyü pozulmuşdur. Necə bilirsiniz, bu problemi ölkələrimiz özləri həll etməyə qadirdirmi, yoxsa Dünya Birliyinin köməyi olmadan mümkün deyildir?

Cavab: Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasındakı münaqişəyə, habelə Abxaziyadakı münaqişəyə kənardan müdaxilə olmasaydı, onda, şübhəsiz, müstəqil dövlətlər olan ölkələrimiz onları özləri həll edərdilər.

Dağlıq Qarabağda baş vermiş münaqişəni götürün. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, orada qədimdən bəri azərbaycanlılar yaşamışlar, sonra oraya ermənilər gəlmişlər. XX əsrin əvvəllərində orada ermənilər az idi. Münaqişə başlayan vaxtadək Dağlıq Qarabağda 170 min adam yaşayırdı, onların 30 faizi azərbaycanlılar, 70 faizi ermənilər idi.

Əgər bu problem dövlətimizin hüdudlarından kənara çıxmasaydı, əgər bu problemin arxasında Ermənistan, - o, əslinə baxsan, bu münaqişəyə lap əvvəldən cəlb edilmişdir, - durmasaydı, onda, əlbəttə, biz öz erməni vətəndaşlarımızla ümumi dil tapardıq, razılığa gələrdik. Mən demişəm ki, artıq onlar muxtar vilayət statusuna malik idilər, biz onlara ən yüksək özünüidarə statusu veririk, yəni adına görə, o, respublika olacaq, səlahiyyətlərinə görə isə, keçmişdə başa düşdüyümüz adi muxtar respublikaya nisbətən daha böyük muxtariyyət olacaqdır.

Hesab edirəm ki, biz ümumi dil tapardıq və razılığa gələrdik, burada məsələlər olmazdı. Amma Ermənistan müdaxilə etdi, bu, hətta müdaxilə də deyildir. Bu, əslində, Ermənistanla Azərbaycan arasında münaqişədir. Buna baxmayaraq, biz - Ermənistan və Azərbaycan bu problemi hər halda, daha sadəcə və asan həll edə bilərdik, nəinki hər bir başqa ölkə öz mənafelərini güddüyü bir şəraitdə. Yəni başqa ölkələrin müdaxiləsi var.

Bir tərəfdən, indi biz bəzi ölkələrin - Azərbaycan və Ermənistan üçün bunlar ATƏT-in Minsk qrupudur, indi ona Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa başçılıq edirlər - dəstəyi və ya müdaxiləsi, vasitəçiliyi olmadan keçinə bilmirik. Digər tərəfdən, mən və Ermənistan prezidenti Robert Koçaryanla bilavasitə danışıqlar aparmağa başladıqda, biz hiss etdik ki, irəliləyə bilərik.

Mənə elə gəlir ki, bunlar abxaz münaqişəsinə də aiddir. Zənnimcə, müdaxilə olmasaydı, bu münaqişəyə, yəni onun olmasına müxtəlif ölkələr tərəfindən maraq göstərilməsəydi, onda Gürcüstan dövləti abxazlarla razılığa gəlməyə imkan tapardı və razılığa da gələrdi. Bir sözlə, burada başqa ölkələrin müdaxiləsi var və bu, xeyir əvəzinə bəzən ziyan gətirir.

Sual: Bir siyasətçi kimi və bir insan kimi Eduard Şevardnadzeyə siz xarakteristika verə bilərsinizmi?

Cavab: Əlbəttə. Mən bu barədə dünən də, bu gün də danışmışam. Mən onu 1968-ci ildən, yəni 30 ildən artıqdır tanıyıram. Bu müddət ərzində bizim aramızda şəxsi münasibətlər, yoldaşlıq münasibətləri olmuşdur. Bu, mənim hansısa bir dövlət xadimini sadəcə olaraq tanımağıma bənzəmir. Bizim aramızda şəxsi insani münasibətlər yaranmışdı. O, Gürcüstanın daxili işlər naziri idi, mən isə Azərbaycanın dövlət təhlükəsizliyi naziri idim. Təbii ki, biz işlə əlaqədar tanış olmuşduq. Lakin tezliklə aramızda şəxsi insani münasibətlər yaranmışdı. Sonralar taleyimiz çox oxşar olmuşdur. 1969-cu ildə mən Azərbaycan KP MK-nın birinci katibi seçildim, 1972-ci ildə isə Eduard Şevardnadze Gürcüstan KP MK-nın birinci katibi seçildi. Təbii ki, öz respublikalarımızın başçıları kimi biz əməkdaşlıq etməyə borclu idik. Amma öz dövlət vəzifələrini yerinə yetirərək əməkdaşlıq etmək bir şeydir, sırf dostluq münasibətlərinə malik olmaq isə başqa şeydir. Ona görə də dostluq münasibətlərimiz, şübhəsiz, çox böyük rol oynamışdır. Yəni Gürcüstanla Azərbaycan arasında münasibətləri inkişaf etdirmək kimi dövlət funksiyalarımızın həyata keçirilməsində insani, ailəvi, dostluq münasibətlərimizin çox böyük rolu vardı.

Sonra tale elə gətirdi ki, hər ikimiz Siyasi Büronun üzvü kimi Moskvada işlədik. Mən əvvəlcə, 1982-ci ildə, Eduard Amvrosiyeviç isə sonra, 1985-ci ildə. Mən həm də Nazirlər Soveti sədrinin birinci müavini idim, o, xarici işlər naziri idi. Biz Siyasi Büronun iclaslarında birlikdə olurduq.

Sonralar talelərimiz bir qədər müxtəlif cür oldu. 1987-ci ildə mən bəzi səbəblərə görə istefaya getdim, Eduard Amvrosiyeviç vəzifəsini davam etdirdi, işlədi. Bildiyiniz kimi, sonra mən Moskvanı tərk etməli oldum. 1990-cı ilin yanvarında Bakıdakı məlum hadisələrdən, Azərbaycan xalqına qarşı hərbi təcavüz edildikdən sonar mən Kommunist Partiyasından çıxdığımı bildirdim və getdim. Amma mən Bakıda yaşaya bilmədim. Öz vətənimə, Naxçıvana getdim, orada yaşadım. Eduard Amvrosiyeviç Moskvada qalmaqda davam etdi. Lakin Gürcüstanda çox ağır vəziyyət yarandıqda xalq onu tələb etdi və o, respublikaya gəldi, yəni o, Gürcüstana mən Azərbaycan rəhbərliyinə gəldiyimdən əvvəl gəlmişdir. Ancaq burada fərq o qədər də böyük deyil - bir ildən bir qədər artıqdır.

Budur, hər ikimizin taleyi elə gətirdi ki, biz Gürcüstana və Azərbaycana artıq yeni şəraitdə başçılıq etməli olduq. Baxın, necə böyük dövrdür! Bu da mənə onun haqqında çox dəqiq və aydın danışmağa əsas verir - o, son dərəcə gözəl, sadə, qəlbi açıq, təvazökar, çox ünsiyyətli insandır, onunla dostluq etmək çox asandır. Bilirəm ki, o, ailəcanlıdır, dostluq etdiyi adamlarla dostluğa çox sadiqdir. Əlbəttə, o, qeyri-adi dövlət xadimi, siyasi xadimdir. Hesab edirəm ki, o, XX əsrdə gürcü xalqının ən görkəmli dövlət, siyasi xadimlərindən biridir.

Zənnimcə, gürcü xalqının çox böyük xoşbəxtliyi ondadır ki, xalq özünə belə bir insan tapmış, onu irəli çəkmişdir. Bu insan, Eduard Amvrosiyeviç Şevardnadze artıq 30 ildən çoxdur ki, adi bir vətəndaş kimi deyil, ölkənin rəhbəri kimi xalqın taleyi ilə bağlıdır. Buna görə də onu təcrübəli siyasətçi, böyük beynəlxalq nüfuza malik insan hesab edirəm. Gürcüstanda işlədiyi dövrdə də onun nüfuzu var idi. Lakin Eduard Amvrosiyeviç Siyasi Büronun üzvü, xarici işlər naziri kimi Moskvada işləyən dövrdə bu nüfuz daha da artmışdır. Buna görə də bir daha deyim ki, bu, gürcü xalqı üçün böyük səadətdir. Onu qorumaq lazımdır. O, Gürcüstana da, Qafqaza da, bizim hamımıza da gərəkdir.

Sual: Cənab prezident, axırıncı sualımdır. Siz gürcü xalqına nə arzu edə bilərsiniz?

Cavab: Bilirsiniz, indi gürcü xalqı öz tarixinin ağır dövrünü keçirir. Amma biz, yəni Sovetlər İttifaqının süqutundan sonra dövlət müstəqilliyinə qovuşan bütün xalqlar da belə bir dövrü yaşayırıq. Bu, bəzi ölkələrdə mürəkkəb, digərlərində isə asan keçir. Amma iş elə gətirmişdir ki, Gürcüstanda da, Azərbaycanda da oxşar problemlər, münaqişələr var, bizdə gedən proseslər əslində eyni proseslərdir. Gürcü xalqına arzu edirəm ki, o, bütün bu çətinliklərə, necə deyərlər, mərdliklə dözsün. Yəni demək istəyirəm ki, mən bu çətinliklərin arxasında, bu mürəkkəb problemlərin arxasında Gürcüstanın gözəl gələcəyini görürəm. Bunun üçün zəmin ölkənin müstəqilliyidir, gürcü xalqının bir çox yüzilliklərdən sonra dövlət müstəqilliyinə qovuşmasıdır. Öz taleyinin, öz ölkəsinin, öz torpağının sahibi olan xalq, öz dövləti, öz dövlətçiliyi olan xalq çox şeyə qadirdir. Gürcü xalqı isə hər cəhətdən çox istedadlıdır. Gürcü xalqının istedadı belə şəraitdə özünü daha çox büruzə verəcək və o, şübhəsiz, gözəl gələcəyə malik olacaqdır. Arzu edirəm ki, xalq bu gözəl gələcəyə doğru səbrlə, təmkinlə, müdrikliklə, cəsarətlə irəliləsin.

Müxbir: Cənab prezident, çox sağ olun. Sizə ən xoş arzularımızı bildiririk.

Heydər Əliyev: Sağ olun.