Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müsəlman ölkələrinin ölkəmizdəki səfirlərini qəbul edərkən söhbətindən - 4 dekabr 2002-ci il


Heydər Əliyev: Hörmətli səfirlər!

Mən Sizi müsəlmanların müqəddəs bayramı - Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə, təmsil etdiyiniz ölkələrin hökumətinə və xalqlarına sülh, əmin-amanlıq, rifah arzu edirəm.

Ramazan bayramı müsəlmanların müqəddəs bayramlarından biridir. Bu bayram həmişə müsəlmanlara xeyir-bərəkət gətirib, sülh, əmin-amanlıq gətirib, dostluq-mehribanlıq gətiribdir.Təəssüflər olsun ki, biz Azərbaycanda bu bayramı yalnız son illər ümummilli bayram, xalq bayramı kimi qeyd edirik. Yəni son illərə qədər belə bayram etməmişik, indi edirik. Keçmiş illərdə Sovet ittifaqının hər yerində olduğu kimi, Azərbaycanda da din yasaq edildiyinə görə, bu bayramlar qadağan olunduğuna görə insanlar bunları öz ailəsində, evində, qəlbində bayram ediblər.

Xatirimdədir, mən uşaq idim, valideynlərim oruc tuturdular, bu bayramı da qeyd edirdilər. Biz uşaq kimi bu bayramdan öz bəhrəmizi götürürdük. İndi isə müstəqil Azərbaycanda, müsəlman ölkəsində bu, bizim milli bayramımızdır, dövlət bayramımızdır, xalqın bayramıdır. Biz bunu geniş qeyd edirik.

Biz Azərbaycanda bu bayramı qeyd edərkən, bütün dünyada yaşayan müsəlmanların hamısını təbrik edirik. Bu bayram münasibətilə dünya müsəlmanlarına yaxşı-yaxşı günlər arzulayırıq. Sizi bir daha təbrik edirəm, hər birinizə cansağlığı arzu edirəm.

Özbəkistanın Bakıdakı səfiri Əbdürrəhmanov səfirlər adından prezident Heydər Əliyevə müraciət edərək dedi: Möhtərəm cənab prezident!

Əvvəla, artıq dərəcədə məşğul olmağınıza baxmayaraq, bu gün bizi qəbul etməyə imkan tapdığınıza görə Sizə böyük minnətdarlığımı bildirirəm.

Bu gün mənim üzərimə böyük və şərəfli missiya düşübdür. Müsəlman ölkələrinin səfirləri adından zati-alinizi və Sizin simanızda Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Burada iştirak edən həmkarlarımın fikirlərini ifadə edərək bildirmək istəyirəm ki, biz Azərbaycanda siyasi və iqtisadi islahatların həyata keçirilməsində böyük nailiyyətlərlə yanaşı, dini sahədə də müsbət meylləri müşahidə edirik. Sizin ölkədə müxtəlif konfessiyaların nümayəndələri üçün tolerantlıq mühiti və qanuni vicdan azadlığı yaradılmışdır. Bütün bu nailiyyətlər Sizin böyük həyat təcrübəniz, beynəlxalq aləmdəki nüfuzunuz, öz vətəninizə və xalqınıza böyük məhəbbətiniz nəticəsində mümkün olmuşdur.

Hörmətli cənab prezident!

İcazə verin, bu görüşdə iştirak edən həmkarlarım adından Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edim. Sizə can-sağlığı, uzun ömür, ölkənizdə inkişaf və əmin-amanlıq yolunda apardığınız fəaliyyətdə böyük uğurlar diləyirəm.

Heydər Əliyev: Cənab səfir, çox dəyərli sözlərinizə, fikirlərinizə görə çox sağ olun, mən Sizə təşəkkür edirəm. Bayram etmək lazımdır. Düzdür, mən burada Sizə bayram süfrəsi açmamışam. Mən Sizi sözlə təbrik edirəm. Amma bilirəm ki, hər biriniz böyük bayram süfrəsi açmısınız, açacaqsınız, həm özünüz, həm də yaxınlarınızla birlikdə bu bayramı keçirəcəksiniz. Mən də belə edəcəyəm. Sağ olun.