Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçika Krallığı Parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edərkən söhbətindən - 24 noyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, bizim belçikalı dostlarımız. Siz Azərbaycana xoş gəlmisiniz. Azərbaycana sizin bu səfəriniz Belçika ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi üçün atılan yeni addımdır. Mən bundan çox məmnunam. Bilirəm ki, siz artıq bir çox görüşlər keçirmisiniz. Çox yaxşı haldır ki, siz burada - Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsi, aparılan döyüşlər nəticəsində yerindən-yurdundan didərgin düşmüş insanlarla və bir çox nazirlərlə görüşmüsünüz. Bu da çox əhəmiyyətlidir.

Təbiidir ki, siz Azərbaycan parlamentində görüşlər aparmısınız. Amma bir çox nazirlərimizlə görüşməyinizi mən çox əhəmiyyətli hesab edirəm. Beləliklə, yəqin ki, Azərbaycanın bugünkü həyatı, reallığı haqqında müəyyən təəssüratlar toplaya bilmisiniz. Ümidvaram ki, bu təəssüratlarınızı da ölkənizin parlamentinə, təkcə parlamentinə yox, ictimaiyyətinə çatdıracaqsınız ki, Belçikada Azərbaycanı daha da yaxşı tanısınlar.

Buyurun, mən sizi dinləyirəm.

Məryəm Kaçar (Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri): Cənab prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. İlk dəfədir ki, Belçika və Azərbaycan parlament qrupları arasında belə bir görüş keçirilir. Bizim Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibinə 17 deputat daxildir.

Cənab prezident, Sizə məlum olduğu kimi, Belçika parlamentinin 221 üzvü vardır ki, bunların da 17-si Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunda çalışan deputatlardır. Biz hesab edirik ki, Azərbaycan Belçika üçün, eləcə də, ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli ölkədir. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, mədəniyyətlərin, tarixlərin kəsişdiyi nöqtədə yerləşməsi, elə bilirəm ki, bu ölkənin əhəmiyyətini bir qədər də artırır. Həm də Azərbaycan Avropadan Asiyaya giriş qapısıdır.

Cənab prezident, Sizə məlum olduğu kimi, biz burada olduğumuz müddətdə daimi yaşayış yerlərindən məhrum olmuş, öz ölkələrinin daxilində qaçqın-köçkünə çevrilmiş adamlarla görüşmüşük. Əlbəttə ki, onların vəziyyəti çox acınacaqlıdır. O da acınacaqlıdır ki, Dağlıq Qarabağ torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət səylərini daha da artıracaq və bu məsələ öz həllini tapacaqdır.

Lakin eyni zamanda Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu cür münaqişələrin həll olunmasında şəxsi münasibətlər də böyük rol oynayır. Bizim üçün çox xoşdur ki, Siz hazırda Ermənistan prezidenti ilə ikitərəfli görüşlər keçirirsiniz. Bəzən belə qeyri-rəsmi görüşlər bir çox konfransları, zirvə toplantılarını əvəz edə bilir.

Cənab prezident, bizim missiyamızın da əsas məqsədlərindən biri yalnız parlament üzvləri ilə deyil, eyni zamanda əhalinin bütün təbəqələrini təmsil edən insanlarla görüşmək, onlarla münasibət yaratmaqdır. Bizim missiyamızı, bir növ, parlament diplomatik missiyası adlandırmaq olar. Biz həm də xalq diplomatiyası rolunu yerinə yetiririk və əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmiz haqqında məlumatı Sizə çatdıraq və sizin ölkəniz haqqında məlumatı öz ölkəmizdə yayaq.

Cənab prezident, bir daha Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, bu gün vaxt ayırıb bizi qəbul edirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu səfərimizin baş tutması üçün Azərbaycanın Belçikadakı səfiri bizə çox yardım etdi. Onun köməyi ilə biz buraya gəlmişik.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin fikirlərinizlə, mülahizələrinizlə tamamilə razıyam. Siz dediniz ki, buraya gəlib Azərbaycanla tanış olmaq istəyirsiniz. Azərbaycanın bu bölgədə həm coğrafi-strateji, həm də digər sahələrdə əhəmiyyəti haqqında öz fikirlərinizi bildirdiniz. Təəssüflər olsun ki, Avropada çox yerdə son vaxtlara qədər bu barədə ya məlumat yox idi, yaxud da ki, buna maraq yox idi. Amma dünya miqyasında Azərbaycanın əhəmiyyəti barədə sizin dediyiniz sözlərin, fikirlərin hamısı - bəli, mədəniyyətlərin kəsişdiyi bir yerdə yerləşən Azərbaycan haqqında dediyiniz sözlər həqiqətdir. Lazımdır ki, bu həqiqəti hamı bilsin. Onda Azərbaycana maraq daha da çox olar. Azərbaycanla əlaqə saxlamaq arzusu daha da çox olar.

Siz gəlmisiniz ki, Azərbaycanla tanış olasınız, biz də Belçika ilə yaxından tanış olaq. Belçika Avropanın mərkəzində yerləşən çox məşhur ölkədir. Onun çox böyük xüsusiyyətləri var. Sizdə bir neçə icma toplaşıb. Onların həm ayrı-ayrı parlamentləri var, həm də ki, vahid bir ölkənin parlamenti vardır. Heç bir ziddiyyət də yoxdur. Orada icmanın dili istifadə olunur və buna heç bir maneə də yoxdur. İqtisadiyyat və mədəniyyət inkişaf edir. Təsadüfi deyildir ki, Avropanın ən mühüm təşkilatlarının - həm NATO-nun baş qərargahı, həm də Avropa Birliyinin baş qərargahı Belçikada yerləşir.

Mən sizin ölkədə bir neçə dəfə olmuşam. Sizin keçmiş baş nazirinizi mən dəvət etmişdim, o, Azərbaycanı ziyarət etdi. Bilmirəm, indi o, nə iş görür.

Məryəm Kaçar: Siz cənab Dehanı deyirsiniz.

Heydər Əliyev: Bəli, bəli...

Mən hər dəfə Brüsselə gələndə mütləq baş nazirlə görüşürdüm. Amma mənim bu səfərlərim Belçikaya rəsmi səfər deyildi. Bu səfərlər NATO, yaxud da ki, Avropa Birliyi ilə əlaqədar idi. Mən onu Azərbaycana dəvət etdim. O, dəvəti qəbul etdi, Azərbaycana rəsmi səfərə gəldi. O da məni bir neçə dəfə rəsmi səfərə dəvət etdi. Təəssüf ki, bundan istifadə etməyə mənim imkanım olmadı. Beləliklə, bizim ölkələrin rəhbərləri arasında çox yaxşı münasibətlər var. Amma bu münasibətlər gərək xalqların da arasında olsun. Siz burada dediniz ki, xalq diplomatiyası... Bu da təbiidir ki, çox mühüm məsələlərdən biridir.

Mən hiss etdim ki, siz Ermənistan-Azərbaycan münaqişəsi, onun bugünkü vəziyyəti haqqında da məlumatlısınız. Ermənistan prezident Koçaryanla mənim bilavasitə görüşlərim haqqında da bilirsiniz. Tövsiyə edirsiniz ki, beləliklə, daha da yaxşı nəticə əldə etmək olar. Mən də belə düşünürəm. Əgər belə düşünməsəydim, bu cür, bilavasitə təmasa razı olmazdım. Amma təəssüflər olsun ki, indiyə qədər həm ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, həm də ki, biz iki prezidentin arasında aparılan görüşlər istənilən nəticəni verməyibdir.

Siz xoşbəxt ölkəsiniz. Ölkənizdə həyat tərzi yüksəkdir, insanlar rahat yaşayır. Müharibə, münaqişə yoxdur. Gərək ki, on milyon əhaliniz var. Bizim də əhalimiz az deyildir. Səkkiz milyon əhalimiz var. Ancaq bizim problemimiz çoxdur.

Təbiidir ki, iddia edə bilmərik ki, biz də Belçika kimi olaq. Belçika bir gündə, bir ayda, bir ildə belə olmayıbdır. Bu ölkənin böyük tarixi ənənələri var. Xüsusən İkinci dünya müharibəsindən sonra orada çox müsbət proseslər gedibdir. Amma biz cəmi 10 ildir ki, müstəqil olmuşuq. Müstəqil olanda da biz Ermənistanla müharibə aparırdıq. Daxildə ictimai-siyasi vəziyyət gərgin idi. Sizin onillərlə, yüzillərlə istifadə etdiyiniz bu iqtisadi, siyasi sistem, sosial məsələlər bizdə yenidən düzəlməli idi. Çünki biz 70 il sovet sosialist ölkəsində yaşamışıq. Bilirsiniz ki, onun da bütün qanun-qaydaları sizin ölkənizdəkindən çox fərqli idi.

Biz müstəqilliyi əldə edəndən sonra öz dövlətimizi qurarkən bəyan etmişik və bu bizim Konstitusiyamızda yazılıbdır ki, biz demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedirik. Siyasi plüralizm, vicdan, dillər azadlığı... Bunların hamısı Konstitusiyamızda təsbit olunmuşdur. Amma bunları bir gündə, bir ildə, hətta on ildə də həyata keçirmək, sizin səviyyənizə gəlib çatmaq olmaz. Ancaq təəssüf ki, bəzən Avropa ölkələrində belə düşünürlər ki, bir halda ki, demokratiya var, o, Belçikadakı, Lüksemburqdakı, yaxud da Almaniyadakı, Fransadakı kimi olmalıdır. Təbiidir ki, bu, səhv fikirdir. Bizdə də demokratiyanı hələ o qədər anlaya bilməyən, ancaq müəyyən qədər müxalifət mövqeyində duran adamlar tələb edirlər ki, bəs Belçikadakı demokratiya burada da olmalıdır. Amerikadakı demokratiya burada da olmalıdır. Amerikaya 200 il lazım olubdur ki, bu demokratiya səviyyəsinə çatsın. Amerikanın 200 il ərzində keçdiyi yolu biz on ildə keçə bilmərik. Xüsusən də ona görə ki, bizim həm xarici, həm daxili problemlərimiz var.

Bu işlərdə irəli getmək üçün, təbiidir ki, sizin kimi ölkələrlə - Belçika, Avropanın başqa ölkələri ilə daha da sıx münasibətlər, sıx əməkdaşlıq çox vacibdir. Siz bilirsiniz, biz bu ilin əvvəlində Avropa Şurasına qəbul olunduq. Bu da çox yaxşı haldır. Doğrudur, çox böyük imtahandan keçdik. İmtahan da çətin idi. Çünki bizim qarşımızda çətin şərtlər qoymuşdular. İmtahandan keçdik, şərtləri də yerinə yetirdik. Güman edirəm ki, bu da bizim gələcək inkişafımız üçün, demokratiyanın inkişafı üçün yaxşı şərait yaradır.

Bir sözlə, - indi buna çox vaxt sərf etmək lazım deyil, bunu siz də yaxşı bilirsiniz, biz də yaxşı bilirik ki, - belə əlaqələr, məsələn, sizin Belçikadan Azərbaycana gəlməyiniz, gələcəkdə, ola bilər, Azərbaycan parlamentinin üzvləri sizin ölkənizə gəlsinlər, bunların hamısı ölkələrimizin yaxınlaşmasına və xüsusən də Azərbaycanın daha da inkişaf etməsinə çox fayda verir.

Siz dediniz ki, 200 deputatdan 17 deputat Belçika-Azərbaycan dostluq qrupundadır. Onlar bizim yaxın dostlarımızdır. Biz də bundan istifadə etməliyik.

Mən sizin bu ziyarətinizə görə bir də çox təşəkkür edirəm. Ümid edirəm ki, sizin bu ziyarətiniz təkcə parlamentlər arasında deyil, bütün başqa sahələrdə də Belçika-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün çox yaxşı hadisədir.

Mən sözümü qurtarıram. Amma bir şeyi aydınlaşdırmaq istəyirəm. Siz mənimlə görüşəndə dediniz ki, türk kökündənsiniz. Sonra mən baxdım adınıza, soyadınıza, Məryəm Qacar. Siz bilirsinizmi, Qacar soyadı haradandır?

Məryəm Kaçar: Qarabağdan, Azərbaycandan olduğunu duymuşam. Elədirmi?

Heydər Əliyev: Lap kökü Qarabağdandır. Amma Qacaq nəsli, Qacaq sülaləsi uzun illər İranın şahları olublar. Ağa Məhəmməd Şah Qacar... Qacarlar, Qacar nəsli haqqında bir kitab var. Çünki burada bizdə də adamlar var ki, o nəsildəndirlər. Onlardan biri bizim Milli Akademiyanın həqiqi üzvüdür. O, Qacarlar nəslinin bütün sülalələri haqqında gözəl bir kitab yazıbdır. Orada bir çox şəkillər də var. Doğrudan da onların kökü Qarabağdandır. Bunu yaxşı ki, bilirsən. Ona görə bir deputat kimi Dağlıq Qarabağ məsələsinin həll olunmasına sən gərək daha da can qoyasan.

Məryəm Kaçar: Cənab prezident, bizə bu açıqlamanı verdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Düzü, mənim adımla bağlı olaraq, Siz mənə çox ağır tapşırıq verdiniz. Elə bilirəm ki, bu çətin bir tapşırıq olacaqdır. Amma eyni zamanda həm də qürur hissi keçirirəm ki, mən əslən buradanam. Bəlkə də elə adıma görə mən bu məsələlərə biganə deyiləm. Sizə bildirmək istəyirəm ki, bütün türk xalqı bu məsələyə biganə deyil, bu məsələyə böyük can yanğısı ilə yanaşır. Çalışacağam ki, mənim üzərimə qoyulan bu missiyanı gələcəkdə doğruldum.

Cənab prezident, Sizə bildirmək istəyirəm ki, Belçika əslində bir ölkə kimi yalnız 1831-ci ildə qurulmuşdur. Gördüyünüz kimi, 200 ilə yaxındır ki, Belçikada bu inkişaf prosesi davam edir. Siz isə gənc demokratik ölkəsiniz. İnkişaf prosesini tez keçmək üçün, əlbəttə ki, sizə xarici ölkələrin yardımı lazım olacaqdır. Onların təcrübəsi, elə bilirəm ki, sizin üçün vacib olacaqdır. Bu sahədə biz, mən və eləcə də yanımda əyləşən cənablar - Jan Remans, cənab Lui Siket öz yardımlarını əsirgəməyəcəklər. İstərdik ki, bizim qabaqcıl təcrübəmizdən öyrənəsiniz, sizin qədim mədəniyyətinizi isə biz öyrənək.

Heydər Əliyev: Mən bu fikirlə tamamilə razıyam.

(Dövlətimizin başçısı akademik Çingiz Qacarın "Qacarlar" kitabındakı bir şəkli qonağa göstərir)

Bu, sizin babanızın şəklidir.

Məryəm Kaçar: Çox təşəkkür edirəm. Mənə böyük şərəf verdiniz.

Heydər Əliyev: Çox gözəl bir kitabdır. Bax, görürsünüzmü, bunlar sizin babalarınızdır. Əgər vaxtınız olsa, bizim akademiyanın üzvü Çingiz Qacarla tanış olun. Bu kitabı o yazıbdır. Bir ay bundan qabaq bu kitabı mənə hədiyyə kimi göndəribdir. Mən də sizə hədiyyə edirəm. Həm baxarsınız, həm də kitabın müəllifi ilə görüşərsiniz.

Məryəm Kaçar: Mənə elə gəlir ki, artıq Çingiz Qacar mənimlə əlaqə saxlayıbdır və o kitabını vermək fikrindədir. Əgər bu, prezidentin nüsxəsidirsə, onu özünüzdə saxlayın. Mənə sonra çatacaqdır.

Heydər Əliyev: Hə, deməli, onunla tapışmısan. Kitabı mən də verə bilərəm.

Məryəm Kaçar: Mənim üçün böyük şərəf olar.