Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun direktoru cənab Anne-Villem Baylaveldin başçılığı ilə Ali Komissarlığın Şərqi Avropa dövlətlərində çalışan rezident nümayəndələrini qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 mart 1999-cu il


Heydər Əliyev:  Hörmətli qonaqlar, mən sizi salamlayıram. Azərbaycana, bizim ölkəmizə xoş gəlmisiniz. Birləşmiş Millətlər Təşkilatının çoxsaylı nümayəndə heyətini görməkdən çox məmnunam.

Birləşmiş Millətlər Təşkilatı ilə, onun bütün strukturları ilə biz daim sıx əməkdaşlıq etməyə çalışırıq. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı daimi nümayəndəsi ilə də bizim sıx əməkdaşlığımız vardır. Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda bizi çox məsələlər maraqlandırır. Bunların içərisində qaçqınlar, köçkünlər problemi xüsusi yer tutur. Çünki siz yaxşı bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bir milyondan artıq vətəndaş öz ölkəmizdə qaçqın olubdur. Bu, bizim ən ağır, ən çətin problemlərimizdən biridir. Ona görə də biz bu sahəyə xüsusi diqqət yetiririk və mən BMT-nin bu sahə üzrə məsul vəzifəli şəxslərinin Azərbaycana gəlməsini qiymətləndirirəm. Güman edirəm ki, siz bu səfəriniz zamanı Azərbaycanda qaçqınların, köçkünlərin vəziyyəti ilə daha da yaxından tanış ola biləcəksiniz. Mən də sizə bu sahədə kömək edə bilərəm.

Sabah mən qaçqınların məskunlaşdığı düşərgələrdən birində olmağı qərara almışam. Mən özüm sizə onların vəziyyətini göstərə bilərəm. Buyurun, mən sizi dinləyirəm.

Anne-Villem Baylaveld: Cənab prezident, çox sağ olun ki, Novruz bayramı ərəfəsində bizim nümayəndə heyətini qəbul edirsiniz. İcazə verin, bu imkandan istifadə edərək Sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edim.

Cənab prezident, qaçqınlar üzrə ali komissar xanım Aqata mənim vasitəmlə öz salamlarını Sizə yetirir və bu il Azərbaycana gəlmək fikrində olduğunu bildirmək istəyir. Sizə məlum olduğu kimi, mən bir həftədir ki, sizin ölkənizdə, Azərbaycandayam. Bu müddət ərzində çalışmışam ki, Azərbaycanda qaçqınların vəziyyətinin hansı səviyyədə olduğunu yaxşı anlayım. Eyni zamanda biz bu müddət ərzində regional görüşlər - keçmiş SSRİ ölkələrində işləyən bizim nümayəndələrin görüşünü keçirmişik. Bu görüşlər zamanı çalışmışıq ki, qaçqınların problemlərini həll etməyin ən yaxşı üsüllarını öyrənək. Biz ümumi problemləri aramağa çalışmışıq və ayrı-ayrı vəziyyətləri nəzərdən keçirmişik.

Biz görüşlər zamanı həmçinin öz təcrübəmizi bir-birimizlə bölüşmüşük və bu təcrübə mübadiləsi zamanı hökumətə daha yaxşı yardım yollarını arayıb-axtarmağa çalışmışıq ki, doğma yurdlarından zorla qovulmuş insanların - qaçqınların vəziyyətini düzəltmək üçün gələcəkdə əlimizdən gələni edə bilək.

Heydər Əliyev: Çox gözəl. Mən görürəm ki, siz Azərbaycana xüsusi diqqət göstərmisiniz. Keçmişdə Sovetlər İttifaqına mənsub olan ölkələrdəki nümayəndələrinizin hamısını Azərbaycanda, Bakıda toplamısınız. Mən bunu çox yüksək qiymətləndirirəm.

Güman edirəm ki, siz və müxtəlif ölkələrdə olan nümayəndələriniz bu günlərdə Azərbaycanla yaxından tanış olarkən ölkəmizin problemlərini daha yaxşı biləcəksiniz və Birləşmiş Millətlər Təşkilatında daha da geniş məlumat olacaqdır.

Anne-Villem Baylaveld: Cənab prezident, deməliyəm ki, burada olduğumuz müddətdə cənab Əli Həsənov bizə çox yardım etmişdir və biz birlikdə Azərbaycanın müxtəlif regionlarına səyahət etmişik, iki qaçqın düşərgəsində olmuşuq. Qeyd etməliyəm ki, cənab Həsənov öz işinə sadiq bir adamdır. Həqiqətən onu doğma yurdlarından zorla qovulmuş, qaçqın düşmüş insanların taleyi dərindən maraqlandırır. Biz Sizin keçən ilin sentyabrında verdiyiniz fərmanı eşitdikdən, bu haqda məlumat aldıqdan sonra çox xoşhal olduq. Çünki həmin fərmana görə Siz qaçqınlara, zorla qovulmuş şəxslərə yeni iş imkanları açmaq haqqında sərəncam vermisiniz. Məhz həmin fərmanın nəticəsidir ki, Sizin hökumətin işçi qrupu ilə hökumətinizdə olan həmkarlarla bizim həmkarlar arasında çox yaxşı, sıx əlaqə yaranmışdır və biz işləyərək həm bir-birimizə kömək edirik, həm də qaçqınların vəziyyətini düzəltmək üçün yardım göstəririk. Məhz bunun nəticəsidir ki, Sizin və bizim həmkarlarımız birgə plan işləyib hazırlamışlar. Mən bunu tamamlayıcı plan adlandırardım. Bu, çox gözəl plandır. İstərdim ki, belə bir plan başqa ölkələrdə də hazırlansın və həyata keçirilsin.

Bizim Tbilisidəki nümayəndəmiz cənab Əkbər Menemençioğlu bir neçə həftədir Bakıdadır. O, həmin planı burada çox dərindən öyrənir ki, Gürcüstanda onu daha yaxşı tətbiq edə bilsin. Mən bu planla əlaqədar olaraq Azərbaycanı Cenevrədə misal çəkəcəyəm. Azərbaycan haqqında deyəcəyəm ki, həqiqətən, öz ölkəsi daxilində doğma yerlərindən mərhum olmuş şəxslərə geri dönənədək çox böyük qayğı, diqqət göstərilir.

Cənab prezident, Sizin hökumətin yoxsulluğu aradan götürmək və qaçqınlar üçün hər bir şərait yaratmaq planına, uzunmüddətli siyasətinizə böyük hörmətimiz vardır. Eyni zamanda bizim birgə uğurlu işimiz, Sizin hökumətlə Birləşmiş Millətlər Təşkilatının uğurlu əməkdaşlığı donorların da bu işə cəlb olunmasını təmin edəcəkdir. Mən yalnız bizim axtardığımız donorları yox, Azərbaycan tərəfindən axtarılan donorları da nəzərdə tuturam. Yalnız donorlar vasitəsilə burada olan qaçqınların vəziyyətini həqiqətən yaxşılaşdırmaq üçün lazımi fondlar yaradıla bilər.

Cənab prezident, çox hallarda donorlar buraya gəlməkdə və vəsait ayırmaqda tərəddüd edirlər. Onlar bunu əsas səbəb gətirirlər ki, hökumətlə BMT-nin kifayət qədər əlaqəsi, əməkdaşlığı yoxdur. Lakin mən deyə bilərəm ki, biz çox gözəl əlaqədəyik, çox gözəl əməkdaşlıq edirik və bu da donorların buraya gəlməsi üçün gözəl işarədir.

Cənab prezident, eyni zamanda icazə verin, Sizin vətəndaşlıq haqqında fərmanınızla əlaqədar olaraq öz hörmət və ehtiramımı bildirim. Bu, bizə böyük ruh vermişdir və çox perspektivli bir fərmandır. Biz Sizin parlamentin üzvləri ilə çox sıx əlaqədəyik, yaxşı əməkdaşlıq edirik. Xüsusilə də parlamentin hüquq komissiyasının üzvləri ilə sıx əlaqədə işləyirik və çox şadıq ki, qaçqınlar haqqında qanunun qəbul edilməsi sahəsində böyük tərəqqi əldə olunubdur. Biz çox məmnunuq ki, qeyri-hökumət təşkilatları haqqında qanunvericilik fəaliyyətində də irəliyə doğru addım atılmışdır və biz əlimizdən gələni edəcəyik ki, bu sahədə Sizə yardım edək. Eyni zamanda çalışacağıq ki, Avropa Şurasının işçi qrupu ilə sizin əlaqənizi möhkəmləndirək və bu vasitə ilə həmin qanun qəbul və təsdiq olunsun.

Cənab prezident, beləliklə, artıq dörd-beş ildir ki, bizim Qaçqınlar üzrə Ali Komissarlıq ölkənizdə çalışır. Sizin hökumətlə sıx əlaqədədir. Elə bilirəm ki, bu müddət ərzində birgə işin nəticəsi kimi biz qaçqınlıq əziyyətini çəkən şəxslərin vəziyyətlərinin bir qədər yaxşılaşması üçün müəyyən işlər görə bilmişik. Bundan sonra da görəcəyimiz işlər çoxdur və biz bunu böyük məmnuniyyətlə edəcəyik.

Heydər Əliyev: Mən təşəkkür edirəm. Sizin nümayəndə heyətindən kimsə söz demək istəyirmi? Deyəsən, yoxdur.

Mən bir daha sizin bu günlərdə Azərbaycanda olmağınızdan və həmçinin başqa ölkələrdəki nümayəndələrinizin də Azərbaycanda sizinlə bərabər olmasından çox məmnunam. Mən sizin məlumatınızı çox diqqətlə dinlədim. Deyə bilərəm ki, həqiqətən, Birləşmiş Millətlər Təşkilatı ilə, sizin Ali Komissarlıqla Azərbaycan arasındakı əməkdaşlıq uğurludur. Əgər donorlardan kimsə hesab edirsə ki, bu əməkdaşlıq istənilən səviyyədə deyil, ola bilər, onlar həqiqi vəziyyəti bilmirlər. Güman edirəm ki, siz onlara lazımi izahatlar, məlumatlar verəcəksiniz.

Bir daha qyed edirəm ki, Azərbaycanda ölkənin əhalisinin sayına nisbətdə qaçqınlar, köçkünlər həddən artıq çoxdur. Son siyahıyaalmanın yekunlarına görə Azərbaycanın bugünkü əhalisi 8 milyona yaxındır. 8 milyon əhalidən bir milyonunun qaçqın vəziyyətində olması həddindən artıq ağır, çətin bir hadisədir. Siz bilirsiniz ki, onların əksəriyyəti çadırlarda yaşayır. Təsəvvür etmək çətindir ki, bir il yox, beş il, altı il insanlar çadırda yaşasınlar. Ancaq bu həqiqətdir, bu reallıqdır. Mən həmişə bizim vətəndaşlarımızın, yerindən-yurdundan didərgin düşmüş, qaçqın, köçkün vəziyyətində yaşayan vətəndaşlarımızın dözümlülüyünə heyran olduğumu bildirirəm.

Azərbaycan öz daxili imkanları ilə qaçqınların, köçkünlərin yaşaması üçün əlindən gələni edir. Ancaq bilirsiniz ki, bizim imkanlarımız da məhduddur. Təsəvvür edin, ərazimizin 20 faizi işğal olunubdur. İşğal olunmuş torpaqlar ən münbit torpaqlardır. Biz o torpaqlardan istifadə etməkdən mərhum olmuşuq. Bu ərazilərdə bizim vaxtilə yaratdığımız zavodlar, fabriklər, digər istehsal müəssisələri və insanın yaşaması üçün lazım olan bütün imkanların hamısı əlimizdən çıxıbdır. Ona görə də bizim daim yardıma ehtiyacımız vardır.

Təbiidir ki, bizim əsas məqsədimiz işğal olunmuş torpaqların işğal etmiş qüvvələrdən azad olunması, vətəndaşlarımızın öz yerinə-yurduna qayıtmasıdır. Belə olan halda biz məsələləri daha da uğurla həll edə bilərik. Təəssüf ki, hələ biz buna nail ola bilməmişik və Ermənistan tərəfi bu məsələlərdə qeyri-konstruktiv mövqe tutur.

Vaxtilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrı-ayrı bölgələrini işğal etməsi ilə əlaqədar bir neçə qətnaməsi olubdur və o qətnamələrdə tələb edilibdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan şərtsiz olaraq çıxsınlar. Ancaq Ermənistan hökuməti BMT-nin Təhlükəsizlik Şurasının bu qətnamələrini indiyə qədər yerinə yetirməyibdir. Aydındır ki, o qətnamələr indi də öz qüvvəsini saxlayır.

Siz bilirsiniz ki, biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik və ATƏT-in Minsk qrupu çərçivəsində çox fəal əməkdaşlıq edirik. Ancaq bu da hələ bir nəticə verməyibdir. Hər halda bizim qarşımızda duran vəzifəmiz və məqsədimiz işğal olunmuş torpaqların azad edilməsi, Azərbaycanın bir dövlət kimi ərazi bütövlüyünün bərpa olunması və yerindən-yurdundan köçmüş, didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmasıdır.

Məlumdur ki, işğal edilmiş torpaqlarda Azərbaycanın bütün mülkiyyəti dağıdılıbdır. Ancaq buna baxmayaraq insanlar öz torpaqlarına qayıtmaq istəyir və biz inanırıq ki, onlar öz torpaqlarına qayıdandan sonra qısa bir müddətdə özlərinin yaşayışı üçün şərait yarada biləcəklər. Məlumdur ki, vətən məhəbbəti, torpaq məhəbbəti, doğma yer məhəbbəti hər şeydən üstündür. Biz insanlar üçün bunu təmin etməliyik. Ancaq hələ ki, buna nail ola bilməmişik. Biz qaçqınların, köçkünlərin vəziyyətini mümkün qədər yaxşılaşdırmalıyıq və arzumuz, istəyimiz ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı bu problemə daha da diqqətlə yanaşsın, daha da çox qayğı göstərsin və humanitar yardımları mümkün qədər artırsın. Güman edirəm, siz Azərbaycanda olduğunuz müddətdə mənim bu fikirlərimi təsdiq edən faktların şahidi oldunuz.

Mən məmnunam ki, Birləşmiş Millətlər Təşkilatının Ermənistandakı nümayəndəsi də bu gün buradadır - Bakıda, Azərbaycandadır. Güman edirəm ki, o, qaçqınların vəziyyətini, Azərbaycanın vəziyyətini görəndən sonra Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunması üçün Ermənistanda daha da çox səylər qoyacaqdır.

Bir sözlə, biz sizinlə bundan sonra da sıx əməkdaşlıq edəcəyik. Ümid edirik və mən bu gün də inanıram ki, siz, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın bu probleminin həll olunmasına bundan sonra da yardım edəcəksiniz və qaçqınların, köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün humanitar yardımlarınızı artıracaqsınız.

Anne-Villem Baylaveld: Cənab prezident, çox sağ olun. Mən Sizi əvvəlcədən inandırmaq istəyirəm ki, biz fəaliyyətimizi başlamışıq və bunu artırırıq. Donorların bəziləri ilə danışmışıq və ümid edirəm ki, bizim əməkdaşlığımız daha da uğurlu olacaqdır. Lakin Sizdən xahiş etmək istəyirəm ki, Siz də donorlara eyni müraciəti edəsiniz, onlardan bizim etdiyimiz xahişi edəsiniz. Çünki praktika göstərir ki, hökumətinizin, yaxud da BMT-nin donorlara ayrı-ayrılıqda müraciət etməsi bir o qədər də səmərəli olmur. Ona görə də biz gərək birgə - həm hökumət, həm də BMT - donorlara müraciət edək və bu işin lazımlılığını onlara inandırmağa çalışaq.

Cənab prezident, biz çox gözəl anlayırıq ki, qaçqınlar və köçkünlər ölkə üçün çox ağır bir yükdür. Lakin inanın ki, humanitar yardım məsələsi də çətindir.

Cənab prezident, Sizin verdiyiniz fərman bizim dediklərimizi təsdiq edir. Qaçqınlara yalnız nicat yardımları kifayət etmir. Onların vəziyyətini həqiqətən yaxşılaşdırmaq üçün onları işə cəlb etmək lazımdır və bu baxımdan biz çox şadıq ki, Birləşmiş Millətlər Təşkilatı burada - bu məsələ ilə əlaqədar Dünya Bankı ilə birlikdə çalışır və biz bu problemi birgə həll etməyə səy göstəririk. Bu barədə siyasətimiz belədir ki, istəmirik onlar həmişə ehtiyacda olsunlar. İstəyirik ki, bir növ onlar istehsalçıya çevrilsinlər. Eyni zamanda böyük ümidlər bəsləyirik ki, bu problem aradan götürüləcəkdir. Humanitar agentlik kimi bizim yardımlarımız çox məhduddur. Lakin bu məsələnin siyasi həlli tapılan kimi biz sizinlə olacağıq. Sizin ən yaxın yardımçınız olacağıq.

Heydər Əliyev: Təşəkkür edirəm, çox sağ olun. Mən bir daha bəyan edirəm ki, bütün imkanlarımızdan qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirik. Onları əmək fəaliyyətinə daha da çox cəlb etmək sahəsində işlər gördük və görürəm ki, siz artıq bunları yaxşı qiymətləndirirsiniz. Amma bunlar hamısı onların vəziyyətinin yaxşılaşdırılmasını təmin etmir. Biz daim onların qarşısında borcluyuq.

Biz də bilavasitə donorlara müraciət edəcəyik. Sizin bu məsləhətinizi yaxşı qəbul edirəm. Yəqin ki, bu barədə Əli Həsənov təkliflər hazırlayacaqdır. Yəni siz də, biz də bütün imkanlardan istifadə etməliyik.

Ercan Murad (BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi): Cənab prezident, biz cənab Əli Həsənovla razılaşmışıq, mayın 5-də Bakıda beynəlxalq seminar keçirəcəyik. Bu seminarın məqsədi cənab Baylaveldin dediyi kimi, aydındır. Sizin hökumətinizin donorlara edəcəyi təkliflərlə bağlı, həmçinin qaçqın, köçkün probleminin həli üçün hazırlanmış proqramın Dünya Bankının köməyindən istifadə edərək birlikdə həyata keçməsinə nail olmaq lazımdır. Artıq bəzi təşkilati işlər görülmüşdür. İki gün ərzində Bakıdakı donorlara, Moskvadakı, Ankaradakı səfirliklərə, eyni zamanda digər Avropa, Amerika donor mərkəzlərinə dəvətnamələr göndəriləcəkdir. İstəyirik ki, bu yaxşı seminar olsun.

Heydər Əliyev: Bu, çox yaxşı təşəbbüsdür. Mən bu təşəbbüsü dəstəkləyirəm və bu barədə sizə yardım etməyə hazıram. Hamınıza can sağlığı arzu edirəm. Sizi də Novruz bayramı münasibətilə təbrik edirəm və bütün işlərinizdə uğurlar arzulayıram.

(Sonra Heydər Əliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Yerevandakı nümayəndəsi Lars Tomas Biratdan Ermənistandakı vəziyyəti xəbər aldı).

Lars Tomas Birat: Vəziyyətin o qədər də yaxşı olduğunu demək olmaz. Burada olduğu kimi, orada da - həm Yerevanda, həm də Ermənistanın digər bölgələrində Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar əllərindən gələni etməyə çalışırlar ki, vəziyyət yaxşılaşsın. Əlbəttə, mənim Bakıya gəlmək imkanı əldə etməyim çox əvəzsiz şansdır. Mən gəldim və hər şeyi öz gözlərimlə görə bildim.

Heydər Əliyev: Siz çalışın ki, onlar işğal olunmuş torpaqları azad etsinlər. Onda problemlər tez həll oluna bilər. Sağ olun.

"Azərbaycan" qəzeti, 19 mart 1999-cu il.

Tarixi arayış

Azərbaycan - BMT