Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasıyasına dövlət səfərindən vətənə qayıdarkən Binə beynəlxalq hava limanında jurnalistlərə verdiyi müsahibə - 26 yanvar 2002-ci il


Heydər Əliyev: Mən bu gün ikinci dəfədir jurnalistlərlə görüşürəm. Biri Moskvada olubdur, İTAR-TASS-a getmişdim, Moskvanın böyük bir jurnalist dəstəsi ilə görüşdüm, onlarla danışdım. Mənim bu səfərim haqqında onlara da bəzi məlumatlar verdim. İndi siz də gəlmisiniz, yəqin maraqlanırsınız.

Mən iş yoldaşlarımla danışanda gördüm ki, səfərim haqqında televiziya daha çox məlumat veribdir, nəinki mən indi deyə bilərəm. Çünki mən bəzi şeyləri deyirəm, amma gürürəm onlar mən demək istədiyimdən çox bilirlər. Çünki televiziya hamısını veribdir. Ona görə güman edirəm, siz də eşitmisiniz və təkrar etməyə ehtiyac yoxdur. Mənim bu səfərimi, bizim görüşlərimizi, danışıqlarımızı, aparılan söhbətlərimizi Moskva televiziyası çox geniş işıqlandırıbdır. Sadəcə, onu deyə bilərəm ki, bu səfər Azərbaycan üçün çox əhəmiyyətlidir. Birincisi, Rusiya dövləti, Rusiyanın prezidenti Azərbaycan prezidentini dövlət səfəri səviyyəsində Rusiyaya, Moskvaya dəvət edibdir. Bu status, dəvət də dövlət səfərinə aid olan bütün tələblərə uyğun həyata keçirilmişdir. Yəqin ki, siz televiziya ilə bunu görmüsünüz. Təbii, hamısını görə bilməmisiniz, amma gördükləriniz sizdə müəyyən təəssürat yaradır. Bu, görünən tərəfidir. O biri tərəfi isə, bizim görüşlərimiz, danışıqlarımızdır.

Mənim gəldiyim gün, yanvarın 24-də prezident Putinlə onun evində iki saata qədər təkbətək danışıqlarım oldu. Səhərisi gün Kremldə yenə də təkbətək görüşdük. Ondan sonra nümayəndə heyətləri də görüşdülər, sənədləri imzaladıq, mətbuata məlumat verdik. Dünən axşam Azərbaycan prezidentinin şərəfinə Kreml sarayında böyük ziyafət verdilər. Mən bu gün Xarici işlər naziri İvanov ilə ayrıca görüşdum. Dünən hökumətin sədri cənab Kasyanov ilə də ayrıca görüşmüşdüm. Bu gün də İTAR-TASS-da görüşdum. Bizim Beynəlxalq Bankın Moskvada nümayəndəliyi açılırdı. Gedib oranı da ziyarət etdim və sonra da buraya gəlmişəm. Mən səfərin nəticələrindən çox məmnunam. Çünki birincisi, bizi maraqlandıran, hər iki tərəfi maraqlandıran məsələləri çox ətraflı müzakirə etdik. Qafqazdakı vəziyyəti müzakirə etdik. Beynəlxalq məsələlər haqqında fikir mübadiləsi apardıq. Bunlar hamısı bizim üçün çox vacibdir. Çünki bir çox məsələlərdə biz öz mövqelərimizi bildirməliyik və Rusiyanın mövqeyini bilməliyik. Ona görə də bu çox vacibdir və çox da əhəmiyyətlidir. İkincisi, bütün bu danışıqların nəticəsində, əvvəlcədən aparılmış hazırlığın nəticəsində biz çox əhəmiyyətli sənədlər imzaladıq. Prezident Putin və mən bizim əlaqələrimiz haqqında, əlaqələrimizin məzmunu və prinsipləri haqqında birgə bəyanat imzaladıq. Sonra uzunmüddətli əməkdaşlıq üçün, 2010-cu ilə qədər Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq haqqında müqavilə imzaladıq və ona əlavə olaraq başqa iki sənəd imzaladıq.

Nəhayət, Qəbələ Radiolokasiya Stansiyası haqqında saziş imzaladıq, başqa məsələlər barəsində də sazişlər imzaladıq. Bunların hamısı Azərbaycan üçün çox əhəmiyyətli sənədlərdir və hesab edirəm ki, bunlar eyni zamanda, Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etməsinə çox böyük təkan verir.

Səfərin nəticəsi olaraq, mən bəyan etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Keçən il prezident Putinin Azərbaycana gəlməsi və onun Azərbaycana səfərindən sonra aparılan işlər, bunların nəticəsində dünənki görüşlərimiz və imzaladığımız sənədlər - hamısı birlikdə bizim onillik diplomatik əlaqələrimiz dövründə Rusiya-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırıbdır. Bu da bizim milli mənafeyimizə, milli maraqlarımıza tamamilə cavab verən bir haldır. Ona görə biz bundan məmnun olmalıyıq. Bunun əsasında, hesab edirəm ki, Rusiya ilə bütün sahələrdə, əsas sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Güman edirəm ki, bundan həm Rusiya böyük fayda götürəcəkdir, həm də Azərbaycan böyük fayda götürəcəkdir. Sizə yenə də deyirəm, biz öz milli maraqlarımızı təmin etmək üçün bu yol ilə davam etməliyik.

Sual: Cənab Prezident, Qəbələ Radiolokasiya Stansiyasını icarəyə götürməklə Rusiyanın Azərbaycanda həbri obyekt əldə etməsi haqqında fikirlər dolaşır. Buna münasibətiniz necədir?

Cavab: Birincisi, Qəbələ Radiolokasiya Stansiyası 10 ildir Rusiya tərəfindən istifadə olunur. İndi isə biz həmin 10 il istifadə olunan Qəbələ stansiyasına, sadəcə, müəyyən hüquq verdik. Yəni sənəd imzaladıq, onu icarəyə verdik.

Mənim 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfərim zamanı biz Rusiya ilə bütün borclarımızı araşdırıb sıfır həddinə cıxmışdıq. Yəni bizim onlara o vaxta qədər olan borcumuzu, onların bizə olan borclarını müəyyən etdik və bu, sıfır həddində idi. Ona görə 1997-ci ildən sonra onlar Qəbələ stansiyasını istifadə etmək üçün ildə 6 milyon 200 min dollar bizə borcludurlar. Beləliklə, bizə 31 milyon dollar borcludurlar və biz Qəbələ stansiyasından ildə 13 milyon dollar fayda götürəcəyik. Amma indiyə qədər Qəbələ stansiyası durub orada, istifadə olunub və biz heç bir şey əldə etməmişik. İkincisi, indi, müqavilə imzalanandan sonra biz Qəbələ stansiyasında birgə monitorinq aparacağıq, vəziyyəti öyrənəcəyik. Onlar da oradan arxayınlıqla istifadə edəcəklər və onun ətrafı daha da yaxşı olacaqdır. Onu da nəzərə almalısınız ki, orada 1300 Azərbaycan vətəndaşı işləyir. Özü də yüksək maaş alırlar. Bunu da nəzərə almaq lazımdır. Ona görə hesab edirəm ki, bu məsələdə həm Azərbaycanın maraqları, həm də Rusiyanın maraqları təmin olunubdur. Çox yaxşı müqavilədir.

Sual: Cənab Prezident, bu müqavilənin Azərbaycan ilə Rusiya arasında digər sahələrdə əməkdaşlığa, o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsiri olacaqmı?

Cavab: Bilirsiniz, hər müqavilənin özünün məqsədi var. Bir müqavilənin o biri məsələyə təsiri olacaq, olmayacaq, bunu ölçmək mümkün deyildir. Mən istəməzdim ki, bunları bir-biri ilə başlayaq.

Sual: Cənab Prezident, Xəzərin statusu məsələsində keçmiş SSRİ ölkələrinin bir mövqedən çıxış etdiyi bildirilir. Bu məsələdə İran olmadan, hansısa razılaşma əldə edilə bilərmi?

Cavab: Siz bilirsiniz ki, mən heç vaxt qabağa qaçmağı sevmirəm. Nə ola bilər, mən bunu heç vaxt demirəm. Bu sizsiniz ki, hər dəfə müəyyən mülahizələr söyləyirsiniz, ondan sonra da müsahibə aparırsınız. Onu deyə bilərəm ki, görüşlərimiz nəticəsində, mənim prezident Putinlə danışıqlarım nəticəsində biz bu barədə də irəliyə getdik. Bilirsiniz ki, bir il bundan öncə biz Rusiya ilə Azərbaycan arasında Xəzərdən istifadə olunmasının prinsipləri haqqında, Xəzərin dibinin mineral ehtiyatlarından istifadə edilməsi haqqında bir sənəd imzalamışıq. Belə bir sənədi Moskvada Qazaxıstanla da imzaladıq.

Xatirinizdədir ki, yayda Soçidə olanda biz üçümüz - Rusiya prezidenti, Qazaxıstan prezidenti, Azərbaycan prezidenti Xəzərdən istifadə haqqında bir bəyanat da verdik. İndi bunlar hamısı bir də təsdiq olundu və biz irəliyə getdik. Prezident Putinlə mən razılaşdıq. Hər iki tərəfə tapşıracağıq. Biz prinsiplər haqqında sənəd imzalamışıq. Amma orta xətti müəyyən etmək lazımdır. Məsələn, prezident Putin mənə dedi ki, Qazaxıstanla Rusiya arasında orta xətti artıq razılaşdırıblar və sənəd də imzalanacaqdır. Biz də Rusiya ilə orta xətti müəyyən edirik. Beləliklə, biz irəliyə gedirik. Güman edirəm ki, o biri ölkələr də bir-biri ilə danışacaq, bizimlə danışacaqlar, Rusiya ilə danışacaqlar. Hesab edirəm ki, Xəzəryanı ölkələr, nəhayət, bu sahədə beynəlxalq hüquq normalarına əsaslanan razılığa gələ biləcəklər.

Sual: Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı bir müzakirə aparıldımı?

Cavab: Çox müzakirə aparıldı. Bilirsiniz, mən, demək olar ki, prezident Putinlə təkbətək də, nümayəndə heyəti ilə birlikdə də danışıqlarımın çox hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına həsr etdim. Orada dedim, yəqin bunu televiziyada veriblər, ya verəcəklər. Dedim ki, Azərbaycan cəmiyyəti Rusiyaya çox böyük ümid bəsləyir və belə fikirləşir ki, Rusiya bu məsələni həll edə bilər, Rusiya bu məsələnin aradan qaldırılmasında həlledici rol oynaya bilər. Azərbaycan cəmiyyətində belə ümidlər var. Dedim, mən də belə fikirdəyəm ki, bu məsələnin həll olunmasında Rusiya çox həlledici rol oynaya bilər. Mən bunların hamısını demişəm və danışmışam.

Sual: Cənab Prezident, Siz Rusiyada olanda ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədri Nikolay Qribkov belə bir bəyanat verdi ki, prezidentlər kompromisə getməyə artıq razıdırlar. Təkcə ictimaiyyəti buna hazırlamaq qalır. Bu fikrə münasibətiniz necədir?

Cavab: Bilirsiniz, mən orada Qribkovu görmüşəm. Qribkov dünən də bizim yanımızda idi. Onu bir neçə dəfə görmüşəm, mənə belə bir şey deməyibdir. Bilmirəm harada deyibdir.

Sual: Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya əvvəllər deyirdi ki, bu məsələni Azərbaycan və Ermənistan özləri həll etsin. Ancaq Sizin Moskvaya səfərinizdən, prezident Putinin danışıqlarından da gördünüz ki, Rusiya bu sahədə müsbət rol oynamaq istəyir. Rusiyanın fikrini dəyişməsi nədən ola bilər?

Cavab: Əziz dostum, bilirsiniz, Rusiya da belə deyir, Amerika da belə deyir, Fransa da belə deyir, bizim qardaşımız Turkiyə də belə deyir ki, bu məsələni özünüz həll edin, siz, yəni Ermənistan prezidenti və Azərbaycan prezidenti hansı qərarı qəbul etsəniz, biz onu dəstəkləyəcəyik. Bu fikri həmişə deyirlər və bu dəfə də deyiblər. Amma mən bu dəfə çalışrdım Rusiyaya inandırım ki, biz iki prezident çalışırıq, yəni çalışırıq deyəndə, bir yerdə çalışmırıq, Ermənistanın öz marağı var, bizim də öz marağımız var. Amma görüşlərdə hiss edirəm ki, Ermənistan tərəfi də, Azərbaycan tərəfi də bu məsələnin həll olunmasını istəyir. Ancaq hələ ki, bunu həll edə bilməmişik. Ona görə mən indi prezident Putinlə danışarkən ondan xahiş edirdim ki, Rusiya bu barədə əlavə addımlar ata bilsin. İndi bilmirəm nə olacaq.

Sual: Cənab Prezident, 907-ci düzəlişin ləğvi Azərbaycan-Amerika münasibətlərində hansı üstünlüklər yarada biləcəkdir? Dünən prezident Buş həmin sənədə imza atıbdır.

Cavab: Siz özünüz bilirsiniz, neçə ildir, 1992-ci ildən 907-ci düzəliş mövcuddur. Biz də çalışırdıq ki, onu götürsünlər. Bunun daha çox siyasi əhəmiyyəti var. Ola bilər, vaxtilə bizim hansısa yardıma ehtiyacımız olanda bunun iqtisadi əhəmiyyəti var idi. İndi bizim o yardıma o qədər də böyük ehtiyacımız yoxdur. Amma bunun siyasi əhəmiyyəti böyükdur. Mən çox məmnunam ki, nəhayət, Amerikanın prezidenti cənab Buş bu 907-ci düzəlişi dayandırıbdır. Bu, yaxşı haldır.

Sual: Cənab Prezident, Avropa Şurasının son qətnaməsini necə dəyərləndirirsiniz? Siz burada olmayan vaxt Avropa Şurası Parlament Assambleyasının iclası Azərbaycana qarşı qətnamə qəbul etmişdir.

Cavab: Necə dəyərləndirirəm, əlbəttə, istəməzdik ki, belə qətnamə qəbul olunsun. Yəqin oradakı proseslər haqqında sizin məlumatınız var. Burada iş yoldaşlarım danışdılar ki, televiziya bu barədə geniş məlumat veribdir. Bunda bir faciə, heç bir şey yoxdur. Mən hesab etmirəm ki, burada bir problem var. Narahat olmayın, heç kəs narahat olmasın. Bəzi adamlar var, onlar da narahat olmasınlar.

Sual: Cənab Prezident, Sizin Moskvaya səfəriniz ərəfəsində Rusiya Federal Sərhəd Xidmətinin başçısı Totski narahatlığını bildirmişdi ki, NATO Rusiya sərhdlərinə getdikcə daha çox yaxınlaşır, eyni zamanda, Azərbaycana və Gürcuütana yaxınlaşır. Dünənki görüşdə o da iştirak edirdi. Orada bu məsləyə toxunuldumu?

Cavab: Mən onun bu barədə dediyini eşitməmişəm. Yeri gəlmişkən, o bizim Xarici İşlər naziri ilə birlikdə sərhəd nümayəndələrinin fəaliyyəti haqqında saziş imzalamışdır. Mən ondan heç nə eşitmədim. Əgər o demişdirsə, ondan soruşun, mən bilmirəm.

Sual: Azərbaycanın hava hücumundan müdafiə sisteminin Rusiya tərəfindən modernləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə edildimi?

Cavab: Biz bu məsələyə toxunmamışıq.

Sual: Cənab Prezident, Rusiyanın iki böyük şirkəti Bakı-Ceyhan neft kəmərinin tikintisinə qoşulacağını açıqlamışdır. Rusiya rəsmilərinin mövqeyi necədir, bu məsələ ətrafında fikir mübadiləsi aparıldımı?

Cavab: Bilirsiniz, bu elə bir məsələ deyil ki, biz bu barədə fikir mübadiləsi aparaq. Çünki əgər Rusiya şirkətləri Bakı-Ceyhana qatılmaq istəyirlərsə, bu, açıqdır, gəlib qatıla bilərlər. Amma mən də bilirəm ki, bəzi belə təkliflər irəliyə sürülübdür. Amma bu elə bir məsələ deyil ki, bunu iki prezident müzakirə etsin. Biz Xəzərin statusu barəsində çox geniş fikir mübadiləsi apardıq. Mən danışıqların nəticəsindən məmnunam. Sağ olun.