Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan parlamentinin sədri Zürab Jvaniyanı qəbul etmişdir - Prezident sarayı, 8 noyabr 1996-cı il


Azərbaycan rəhbəri böyük Füzulinin 500 illiyi münasibətilə yubiley şənliklərində Gürcüstan parlamenti başçısının iştirakından məmnun qaldığını bildirərək dedi ki, bu, hər iki ölkədə çətinliklər olmasına baxmayaraq, Azərbaycan və gürcü xalqları arasında dostluğun pozulmazlığını bir daha təsdiqləyir. Prezident Heydər Əliyev bir daha qeyd etdi ki, buna respublikamızın nümayəndələrinin iştirakı ilə Gürcüstanda, onun paytaxtında da böyük Azərbaycan şairi Füzulinin yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilməsi sübutdut. Bu isə Azərbaycanda dərin minnətdarlıq hissi doğurmuşdur. Bu, xüsusi ilə xoş idi ki, həmin tədbirlərdə Gürcüstan prezidenti Eduard Şevardnadze də iştirak etmişdir. Azərbaycan rəhbəri ölkələrimizin ərazi bütövlüyünün pozulması, müxtəlif sosial-iqtisadi proseslər ilə bağlı mövcud çətinlikləri aradan qaldırmaq üçün respublikamızın qarşılıqlı yardımının, birgə səylərinin vacibliyini nəzərə çarpdırdı.

Zürab Jvaniya prezident Heydər Əliyevə təşəkkürünü bildirərək prezident Eduard Şevardnadzenin səmimi təbriklərini ona çatdırdı. Həmçinin dedi ki, prezident Eduard Şevardnadze Azərbaycana rəsmi səfərə hazırlaşdığına görə Bakıya, yubiley şənliklərinə şəxsən gələ bilmədiyindən təəssüflənir.

Gürcüstan parlamentinin başçısı dedi ki, Füzulinin yubileyinə həsr olunmuş şənliklərdə Gürcüstanı təmsil etməyi özünə şərəf bilir. O, xüsusi nəzərə çarpdırdı ki, Füzulinin "Leyli və Məcnun" poeması gürcü dilinə tərcümə olunmuş Azərbaycan ədəbiyyatının ilk əsəridir və əsrlər boyu gürcülər bu poema ilə tərbiyə edilmişlər. Buna görə də böyük Azərbaycan şairinin şərəfinə bayram həm də gürcü xalqının bayramıdır və o, Gürcüstanda da qeyd edilmişdir ki, bu da xalqlarımızın mənəvi, mədəni yaxınlığını bir daha nəzərə çarpdırır.

Sonra Z.Jvaniya Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşündən, bu görüşdə parlamentlərarası əlaqələri daha da inkişaf etdirməyin zəruri olduğunun vurğulandığından, habelə Azərbaycan-Gürcüstan parlamentlərarası komissiyasının Tbilisidə ilk birgə iclasından danışdı və dedi ki, həmin iclasda gömrük, vergi problemlərinin və digər məsələlərin həlli yolları müzakirə edilmişdir. Qeyd edilmişdir ki, Avropa Şurasında da, MDB və ATƏT-in Parlamentlərarası Assambleyalarında da eyni mövqedən çıxış etmək Azərbaycan və Gürcüstan parlamentlərinin üzvlərində ənənəyə çevrilmişdir. Bu barədə prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze dəfələrlə danışmışlar. Belə bir inam ifadə edilmişdir ki, Gürcüstan dövləti başçısının Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlığın və dostluğun daha da genişlənib möhkəmlənməsində mühüm addım olacaqdır.

Z.Jvaniya Azərbaycanda prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik proseslərə beynəlxalq mətbuatda yüksək qiymət verildiyini qeyd etdi.

Azərbaycan dövlətinin başçısı dedi ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə və əməkdaşlıqda müəyyən uğurları qeyd etmək olar. Bu uğurların olması qarşılıqlı münasibətlərin və əməkdaşlığın daha da inkişaf etməsi və möhkəmlənməsi üçün yaxşı əsasdır.

AzərTAc

"Azərbaycan qəzeti", 9 noyabr 1996-cı il.