Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin professor Əzizə xanım Cəfərzadəyə təbriki - Bakı şəhəri, 28 dekabr 2001-ci il


Hörmətli Əzizə xanım!

Sizi - müasir Az.rbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Xalqımızın yüzillər boyunca təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında sizin də yaradıcılığınız mühüm rol oynamışdır. Tariximizin ayrı-ayrı mərhələlərinin dərin məzmununu açan əsrləriniz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə xidmət etmişdir.

60 ildən artıq bir dövrü əhatə edən və nəsrimizin inkişafına bir töhfə olan ədəbi yaradıcılığınız Azərbaycan dilinin saflığı və təmizliyinin qorunması yolunda mübarizənin də timsalı olmuşdur. Qəhrəmanlıq dolu keçmişə ehtiram aşılayan tarixi romanlarınız insanlarımızı əsrlərin sınağından çıxmış adət-ənənələrimizə sadaqət göstərməyə, milli varlığımızın ifadəsi olan bu müqəddəs sərvəti ulu əcdadlarımızın adına layiq bir şəkildə yaşatmağa cağırır.

Siz həm də milli mədəniyyətimizin böyük xəzinəsi olan zəngin şifahi ədəbi irsimizin yorulmaz tədqiqatçısısınız. Bu mənada sizin yazıçı kimi, zəngin yaradıcılığınız gərgin elmi fəaliyyətinizdən ayrılmazdır.

Sizi Azərbaycan ziyalıları mahir pedaqoq kimi də tanıyırlar. İnanıram ki, qələminizin məhsulu olan və xalqımızın ən ülvi istəklərini tərənnüm edən əsərləriniz müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycanın mədəni inkişafı işinə bundan sonra da layiqincə xidmət edəcəkdir.

Sizə cansağlığı və yaradıcılıq uğurları arzu edirəm!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT