Azərbaycan Prezidenti Heydər Əliyev Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - 27 sentyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, xoş gəlmisiniz. Güman edirəm ki, Küveytin parlament nümayəndə heyəti Azərbaycana ziyarəti ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına çox xidmət edəcəkdir.

Mən bilirəm ki, siz burada çox görüşlər keçirmisiniz. Güman edirəm ki, Azərbaycanın bugünkü vəziyyəti ilə tanış ola bilmisiniz. Bildiyimə görə, bu görüşlər dostluq və mehribanlıq şəraitində keçir. Bu, təbiidir, çünki Küveyt ilə Azərbaycan arasında çox sıx dostluq, əməkdaşlıq əlaqələri yaranıbdır. Biz bu əlaqələri yüksək qiymətləndiririk. Buyurun.

Camal Hüseyn Fahat əl-Ömər: Zati-aliləri cənab prezident!

Ölkələrimiz arasında əlaqələrin inkişaf etməsi, yüksək inkişafda olması haqqında fikirlərinizə görə təşəkkürümü bildiririk.

Biz burada özümüzü Azərbaycan xalqı, Azərbaycan müsəlmanları, öz qardaşlarımız arasında olduğumuz kimi hiss edirik. Bu qardaş ölkədə biz ancaq islama xas olan mehribanlıq və qardaşlıq hissləri görürük. Fürsətdən istifadə edərək, bu səfər zamanı bizi müşayiət edən Gövhər xanıma da dərin təşəkkürümü bildirmək istəyirəm.

Mən Küveyt dövlətinin əmiri şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt parlamenti sədrinin salamlarını Sizə yetirirəm.

Bildiyiniz kimi, biz burada bir çox görüşlər keçirdik. O cümlədən nazirliklərdə, parlamentdə görüşlər keçirdik. Bu görüşlərimizin hamısı qardaşlıq və səmimilik şəraitində keçmişdir. Biz hesab edirik ki, bu səfərimiz, görüşlərimiz ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə kömək göstərəcəkdir.

Biz görüşlər və danışıqlar zamanı bir çox məsələləri daha yaxından müzakirə etdik, müsəlman ölkəsinin qayğısı, problemləri ilə tanış olduq. Hesab edirəm ki, belə görüşlər, danışıqlar iki müsəlman ölkəsi arasında əməkdaşlığın, əlaqələrin daha da sıx olmasına xidmət edəcəkdir.

Hamı bilir ki, islam aləmi, islam ölkələri bir çox problemlər qarşısındadır. Biz əvvəl də bilirdik və burada bir daha öyrəndik ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur, çoxlu qaçqınlar vardır. Bu təcavüz Azərbaycana bir çox problemlər gətirmişdir. Vaxtilə biz də belə problemlərlə üzləşmişdik.

Siz bilirsiniz ki, İraqın Küveytə qarşı təcavüzü nəticəsində ölkəmiz bir sıra problemlərlə üzləşdi. Bu problemlərin bir qismi hələ də həll olunmamışdır. İraqdakı 625 əsir hələ də öz ölkəsinə qaytarılmamışdır.

Cənab prezident, xüsusilə Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisələri ilə bağlı bir çox informasiya vasitələrində islam ölkələrinə qarşı müəyyən kampaniya aparılır. Məlumdur ki, terrorçunun nə milliyyəti, nə də dini olur. Biz də terroru pisləyirik və terrorçuluğa qarşı çıxırıq. Amma bu məsələdən sui-istifadə edərək, islam aləmini, islam ölkələrini başqa şəkildə təqdim etmək cəhdlərinə qarşı da öz münasibətimizi bildirməliyik. Hesab edirəm ki, bu sahədə də əməkdaşlığa, qarşılıqlı anlaşmaya ehtiyac vardır.

Düşünürük ki, islam aləmində, eləcə də ərəb dünyasında olan problemlərin həlli üçün fəaliyyətimizin əlaqələndirilməsinə ehtiyac vardır. Biz bir-birimizə yaxın olmalıyıq, bu əlaqələri daha da möhkəmləndirməliyik. Gələcəkdə Küveytdə görüşmək arzusu ilə sözlərimi bitirmək istəyirəm. Sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm.

Əvvəlcə, Küveyt əmiri şeyx Cabir əs -Sabahın və Küveyt parlamenti sədrinin mənə çatdırdığınız salamlarına görə təşəkkürümü bildirirəm. Xahiş edirəm, mənim qardaşlıq salamımı, hörmət və ehtiramımı onlara çatdırasınız.

Sizin Azərbaycanda olduğunuz zaman əldə etdiyiniz təəssüratlar, təbiidir ki, bizim əlaqələrimizin daha da sürətlə inkişaf etməsinə imkan yaradacaqdır. Bizə yaxın olan, dost Küveytlə bütün sahələrdə əməkdaşlıq etmək arzusundayıq və müəyyən sahələrdə də bu əməkdaşlıq həyata keçirilir.

Bizim ölkələrimizin son tarixində və həyatında müəyyən oxşarlıqlar vardır. Siz bunu qeyd etdiniz. Siz artıq yaxşı bilirsiniz ki, 12-13 il bundan öncə qonşu Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz edilibdir. Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. İşğal olunmuş torpaqlardan 1 milyondan artıq soydaşlarımız zorla çıxarılıbdır, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Bildiyimə görə, deyəsən, qaçqınlarla görüşmüş, onların vəziyyətini görmüsünüz.

Ermənistan tərəfindən başlanmış bu hərbi təcavüz öncə ayrı-ayrı terror aktları vasitəsilə həyata keçirilirdi. Bu terror aktları da sonra böyük müharibəyə çevrildi. Müharibənin özü də, hərbi təcavüz də terrorun böyük bir hissəsidir.

İraqın Küveytə qarşı hərbi təcavüzü və tökülən qanlar, verilən qurbanlar bizim xatirimizdədir. İraqın bu hərbi təcavüzü demək olar ki, Küveytin iqtisadiyyatının və başqa sahələrinin çoxunu məhv etmişdi, dağıtmışdı. Biz o vaxt çox böyük məyusluqla və kədərlə sizin ölkənin başına gələn hadisələri izləyirdik və təbiidir ki, qardaş, dost xalq kimi sizinlə bir yerdəydik. Amma eyni zamanda siz Dünya Birliyinin yardımı ilə bu təcavüzdən xilas oldunuz. Bu hadisələrdən xeyli vaxt keçibdir. Təbiidir ki, siz ölkənizi bərpa etmisiniz, amma bildirdiyiniz kimi, hələ çox problemlər həll olunmayıbdır. Sizin vətəndaşlarınız İraqda əsir olaraq qalırlar. Biz bunların hamısını anlayırıq.

İndi təsəvvür edin, biz hələ indiyə qədər bu təcavüzdən xilas olmamışıq, torpaqlarımız işğal altındadır. İşğal olunmuş ərazilərdə də hər şey dağıdılıbdır. Ona görə biz işğal olunmuş torpaqların azad edilməsi üçün çalışırıq. Ondan sonra isə bizim vətəndaşlarımızın öz yerinə qayıtması və orada həyatın bərpa olunması - təsəvvür edin, bu, nə qədər böyük vaxt tələb edəcək, nə qədər böyük vəsait tələb edəcək və biz hələ nə qədər böyük problemlərlə üzləşəcəyik.

Həm İraqın Küveytə hərbi təcavüzü, həm Ermənistanın Azərbaycana hərbi təcavüzü əsassız torpaq iddiaları ilə əlaqədardır. Ona görə də bütün dünya, hər bir ölkə, bizim kimi bir-biri ilə yaxın olan ölkələr gərək, beynəlxalq hüquq normalarına riayət olunmasını və onun pozulmaması yolunda bundan sonra da çalışsınlar və əməkdaşlıq etsinlər.

Son illər bu hərbi təcavüz eyni zamanda ayrı-ayrı yerlərdə çox dəhşətli terror hadisələrinin meydana çıxmasının səbəbkarı olur. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında - Nyu-Yorkda, Vaşinqtonda həyata keçirilmiş dəhşətli terror aktları təkcə Amerika əleyhinə yox, Amerika xalqına yox, bütün dünyaya, sülhə, demokratiyaya yönəldilmiş çox təhlükəli bir cinayətdir.

Biz hansı formada, hansı şəkildə olursa-olsun, dünyanın hansı ölkəsində olursa olsun, həmişə terror aktlarını pisləmişik və bu gün də pisləyirik. Ona görə də Amerika Birləşmiş Ştatlarında törədilmiş terror aktlarını bütün bəşəriyyətə, sülhə, bütün dünyaya yönəldilmiş terror aktı kimi qiymətləndiririk, o cümlədən bizim özümüzə qarşı, ölkəmizə qarşı edilən terror aktı kimi qiymətləndiririk. Biz bəyan etmişik və bu gün bir daha bəyan edirəm ki, terror aktlarının qarşısını almaq üçün, sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında terror aktlarını həyata keçirən qüvvələrlə mübarizə aparmaq üçün, onları aşkara çıxarmaq, cəzalandırmaq üçün Amerika Birləşmiş Ştatları ilə və bu sahədə əməkdaşlıq etmək istəyən bütün ölkələrlə bir yerdəyik və bu işlərdə öz fəal iştirakımızı nümayiş etdirəcəyik.

Biz eyni zamanda, dünyada ayrı-ayrı dairələrin terrorçuluğun guya ancaq islam aləminə, islam ölkələrinə aid olduğunu iddia etməsini də pisləyirik və buna qarşı öz etirazımızı bildiririk.

Siz doğru buyurdunuz. Biz də bu fikirdəyik ki, terrorçunun nə milliyyəti var, nə də dini var. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Corc Buş da öz bəyanatında, o cümlədən Amerikada müsəlman məscidini ziyarət etdiyi zaman bildirmişdir ki, bu terror aktlarının bütün müsəlmanlara aid edilməsinin əleyhinədir. Sadəcə, terrorçular hər bir dinə, hər bir xalqa mənsub olan insanlardan ibarətdir və indiyə qədər dünya tarixi bunu dəfələrlə göstəribdir.

Ona görə biz terrora, terrorçulara qarşı, xüsusən sentyabrın 11-də Amerikada törədilmiş terrora qarşı bütün səylərimizi birləşdirməliyik və birgə mübarizə aparmalıyıq. Eyni zamanda bəzi dairələrin terrorun guya ancaq islama mənsub olduğu barədə fikirlərinin də qarşısını almalıyıq. Biz şübhə etmirik ki, həmin o dəhşətli terror aktlarını həyata keçirmiş qüvvələr, şəxslər aşkar olunub yaxalanandan sonra, - güman edirəm, bu, mütləq olacaqdır, - məlum olacaq ki, bu, islamdan, islama mənsubiyyətdən irəli gəlmir, sadəcə, bu terrorçuların özlərinin hansısa daxili aləmindən meydana çıxan bir hadisədir.

Son illər onu göstərir ki, terror bütün ölkələr üçün təhlükəlidir. Küveyt xalqı və Azərbaycan xalqı bunu son illərdə özləri onlara qarşı yönəldilmiş terror hadisələrindən bu nəticəni çıxarır. Ona görə terrorçuluğa qarşı mübarizə, terrorun qarşısının alınması və terrorçuların yaxalanıb cəzalandırılması bizim hamımızın birgə borcudur. Bizim bu barədə fikirlərimiz eynidir. Sadəcə, siz də, mən də bu fikirləri bir daha səsləndirdik və aşkar oldu ki, fikirlərimiz eynidir. Ümid edirəm ki, sizin ölkəniz, çox zəngin bir ölkə İraqın təcavüzündən yaranmış bütün problemləri həll edəcəkdir. Güman edirəm, dost, qardaş ölkə kimi siz də Azərbaycanın erməni təcavüzündən xilas olması, erməni terrorundan xilas olması üçün əlinizdən gələni etməlisiniz.

Bir daha təşəkkür edirəm. Mənim dostluq, qardaşlıq salamlarımı Küveytin əmiri cənab Cabir əs-Sabaha çatdırasınız. Sizin xalqınıza sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm.

(Sonra Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömər dövlətimizin başçısı Heydər Əliyevə xatirə hədiyyəsi təqdim edərək dedi:)

-Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Bu, bizim parlamentimizin binasının maketidir. İnşallah, Siz Küveyti ziyarət edərkən bu binanı görəcəksiniz. Bunu hədiyyə olaraq Sizə təqdim edirəm.

Heydər Əliyev: Gözəl binadır. Bunun içində görülən işlər daha da gözəldir.

Camal Hüseyn Fahat əl-Ömər: Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Qiymətli vaxtınızı bizə sərf etdiyinizə görə təşəkkür edirik.