Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Brüsseldə NATO iclasında çıxışı - 4 may 1994-cü il


Hörmətli cənab baş katibin müavini, hörmətli NATO şurası üzvləri, hörmətli səfirlər, xanımlar və cənablar!

Məni və Azərbaycanın nümayəndə heyətini səmimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu gün sizin aranızda olmaq imkanından şadam və bunu Azərbaycan Respublikası üçün mühüm hadisə sayıram. Azərbaycan Respublikası barədə dediyiniz səmimi təbrik sözlərinə və xoş arzularınıza görə çox sağ olun. Öz inkişafında böyük tarixi yol keçmiş, çoxlu çətinliklərə və maneələrə rast gəlmiş Azərbaycan xalqı 1991-ci ildə milli istiqlaliyyət qazanmışdır. Müstəqil Azərbaycan dövləti yaranmışdır və indi o, Birləşmiş Millətlər Təşkilatına, ATƏM-ə, bir çox beynəlxalq təşkilatlara daxildir. Bu gün Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika İttifaqının iqamətgahında olmasından böyük fərəh hissi keçirirəm.

Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə gedir. O, daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur, bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizm üçün şərait yaradır. İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata keçirilməsi və bazar iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın bərqərar olması yolunu tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası üçün yaxşı zəmindir.

Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı əlaqələri, qarşılıqlı asılılığı prinsipini əsas tutur, sülhsevər siyasət yeridir və suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl etmək prinsipləri zəminində bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır.

İndi Azərbaycan Respublikası ağır iqtisadi böhran keçirir. Bu böhran bir tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İttifaqının dağılması, Sovet İttifaqının bütün başqa respublikaları arasındakı sıx inteqrasiya əlaqələrinin pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə əlaqədardır. Digər tərəfdən, Azərbaycanın qonşu Ermənistan Respublikası ilə müharibə vəziyyətində olması, hərbi təcavüzə məruz qalması bu iqtisadi böhranı dərinləşdirir. Lakin, biz belə hesab edirik ki, Azərbaycanın müstəqil inkişaf yolu ilə qəti şəkildə irəliləməsini nəzərə alsaq, bütün bu çətinliklər aradan qaldırıla bilər. Azərbaycan dövlətinin müstəqilliyi dönməz amildir və biz əminik ki, həm dövlət quruculuğu, həm iqtisadi dəyişikliklər, həm də demokratik islahatların həyata keçirilməsi sahəsində tutduğumuz yol bu çətinlikləri aradan qaldırmağa və böyük imkanları, zəngin iqtisadi və intellektual potensialı olan Azərbaycanı dünya iqtisadiyyatına, dünya birliyinə qovuşdurmağa imkan verəcəkdir.

Bayaq dediyim kimi, qonşu Ermənistanın respublikamıza qarşı altıncı il davam edən hərbi təcavüzü Azərbaycanın vəziyyətini mürəkkəbləşdirir. Ermənistanın millətçi dairələrinin törətdikləri bu təcavüz həm Azərbaycan xalqına, həm də erməni xalqına saysız-hesabsız bəlalar gətirmişdir və bu gün bizdən ötrü çox çətin problemə çevrilmişdir.

Sizə yaxşı məlumdur ki, Azərbaycan ərazisinin bir hissəsini ilhaq etmək, Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmişlər. Altı ildən bəri davam edən müharibə nəticəsində 20 mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb, sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə milyardlarla dollar zərər dəymişdir.

Lakin ən dəhşətlisi odur ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və bu rayonların sakinləri - bir milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial-iqtisadi vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın ərazisində yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim kimi, erməni silahlı birləşmələrinin işğalı altındadır.

Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olmuşuq və indi də bu mövqedəyik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in və onun Minsk qrupunun imkanlarından fəal surətdə istifadə etməyə çalışırıq. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması qəti şəkildə tələb olunur, lakin Ermənistan bu sənədlərin heç birini yerinə yetirməmişdir. ATƏM-in Minsk qrupunun səyləri də hələlik müsbət nəticə verməmişdir. Hərbi əməliyyatlar bu gün də davam edir, Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmiş erməni silahlı birləşmələri respublikamızın müdafiə mövqelərinə hücum edirlər. Hər gün qan tökülür, adamlar həlak olur.

Artıq bütün bunlara dözmək mümkün deyildir. Ona görə də mən bu gün burada, NATO-nun iqamətgahında olmağımdan istifadə edərək, Azərbaycanın mövqeyini bir daha bəyan edirəm. Biz bu məsələnin sülh yolu ilə həllinə, atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, işğalçı qoşunların Azərbaycan ərazisindən dərhal çıxarılmasının və bu zaman onun ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin edəcək danışıqlara tərəfdarıq. Biz bu şərtlərlə Dağlıq Qarabağın muxtariyyət statusu haqqında məsələni nəzərdən keçirməyə hazırıq.

Aprelin 12-də Azərbaycan televiziyası və radiosu ilə çıxış edərkən mən erməni xalqına, Ermənistanın rəhbərliyinə, Dağlıq Qarabağın Azərbaycan vətəndaşı olan erməni sakinlərinə müraciət edərək qan tökülməsini dayandırmağa çağırdım. Taleyin hökmü ilə Azərbaycan və erməni xalqları yanaşı yaşamalıdırlar və əsrlərlə yanaşı yaşamışlar. Biz belə hesab edirik ki, problemin hərbi yolla həllinin perspektivi yoxdur. Bu müharibə perspektivsiz müharibədir və qan tökülməsinə mümkün qədər tezliklə son qoymaq, regionumuzda sülhü bərqərar etmək lazımdır.

Bu gün bir daha əmin olduğumuzu bildiririk ki, bizim sülh məramlı təşəbbüslərimizin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, ilk növbədə ATƏM və onun Minsk qrupu əlavə tədbirlər görəcəklər. Bu gün NATO-nun iqamətgahında olarkən yarandığı dövrdən bəri Avropada və bütün dünyada sabitlik yaradılmasına, sülh və əməkdaşlığın möhkəmləndirilməsinə çox böyük töhfə vermiş Şimali Atlantika İttifaqına dərin hörmətimi bildirmək istəyirəm. Biz NATO-ya yüksək ehtiramla yanaşır və onun müasir mərhələdəki fəaliyyətinə böyük əhəmiyyət veririk. Şimali Atlantika Əməkdaşlığı Şurasının yaradılması NATO-nun fəaliyyətində mühüm mərhələ olmuşdur və başqa dövlətləri NATO-nun orbitinə cəlb etməyə imkan verəcəkdir.

Biz NATO-nun bu il yanvarın 10-da "Sülh naminə tərəfdaşlıq" sənədini qəbul etməsi barədə qərarını razılıqla qarşılayır və bunu həm də ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün NATO-nun fəaliyyətində mühüm addım sayırıq. NATO-nun 10 yanvar tarixli qərarında Cənubi Qafqazda yaranmış vəziyyətdən xüsusi narahatlıq ifadə olunmasına, regionumuzda, o cümlədən Azərbaycanda, Ermənistanda və Gürcüstanda münaqişənin aradan qaldırılmasının zəruriliyinə əminliyin əksini tapmasına böyük əhəmiyyət veririk.

Bütün bunlar bizi cəlb edir və böyük maraq doğurur. Bunları əsas tutaraq, biz NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İttifaqına daxil olan yeni müstəqil dövlətləri "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmağa çağıran dəvətini böyük razılıqla qarşılamışıq. Biz həmin sənədi imzalamağı qərara almışıq və NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Bu əməkdaşlıq həm Azərbaycanın Qərb demokratiyasına qovuşması, həm də NATO ilə əməkdaşlıq edərək, regionda vəziyyəti sabitləşdirməyə, müharibəni dayandırmağa, Azərbaycan ilə Ermənistan arasında sülh və mehriban qonşuluq yaratmağa yönəldilmiş əlavə yollar axtarmaq baxımından bizdən ötrü çox mühümdür.

Biz buraya bu fikirlər və ümidlərlə gəlmişik və bu gün "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamağa hazırıq. Bir daha ümid etdiyimi bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bu addımı NATO tərəfindən layiqincə qiymətləndiriləcək, qarşılıqlı surətdə faydalı olacaq və başlıcası isə, regionumuzda vəziyyətin sabitləşməsinə kömək edəcəkdir. Sizin təşkilatınıza gələcək uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram və "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədini imzalamağa hazıram.