Fransanın milli bayramı şərəfinə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 14 iyul 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Fransa İnqilabının ildönümü münasibətilə - Bastiliyanın alınması günü və dünyada ən böyük tarixi hadisənin baş verməsi - Fransanın milli bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə, fransız xalqına xoş arzularımı çatdırıram.

Hörmətli səfir, sizin bu gün - Fransanın milli bayramı günü öz çıxışınızın əsas hissəsini Azərbaycan dilində etməyiniz və onu son illər Azərbaycanın həyatında əldə olunan nailiyyətlərə həsr etməyiniz bizim hamımızda böyük ruh yüksəkliyi yaratdı. Çünki Sizin çıxışınızın bu hissəsi Fransanın Azərbaycana nə qədər böyük diqqət və dostluq münasibəti göstərdiyini, Fransanı təmsil edən səfir kimi Azərbaycanda yaşadığınız, işlədiyiniz dövrdə bizim ana dilimizə, Azərbaycan dilinə sizin bu qədər böyük hörmət bəslədiyinizi nümayiş etdirdi.

Bunlara görə mən sizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, Fransanın səfiri kimi, Azərbaycanda gedən proseslərə, ölkəmizin həyatında baş vermiş hadisələrə və əldə olunmuş nailiyyətlərə bu qədər doğru, düzgün, obyektiv münasibət göstərməyiniz, qiymət verməyiniz bizi çox sevindirir.

Ancaq bu gün Fransanın milli bayramıdır. Ona görə də təbiidir ki, Fransa xalqının bəşəriyyətə verdiyi töhfələr haqqında və Fransa-Azərbaycan əlaqələri haqqında bir neçə söz demək lazımdır.

Hər xalqın, hər ölkənin özünün əsas milli bayramı var və təbiidir ki, bu bayram xalqın həyatında baş vermiş tarixi hadisə ilə əlaqədardır.

Fransanın milli bayramı - 1789-cu ildə baş vermiş Fransa inqilabı Fransa xalqı üçün çox əziz olduğu kimi, bütün bəşəriyyət üçün də çox əhəmiyyətlidir. Çünki Fransa inqilabı, Bastiliyanın alınması bəşər tarixində yeni bir mərhələ açdı.

Respublika Üsul İdarəsi, insan hüquqlarına diqqət və onların qorunması, insanlara bərabərlik verilməsi sonra insanların, millətlərin, xalqların taleyində mühüm olan hadisələrin baş verməsinin əsasını qoymuşdur. Ona görə də müstəqillik, demokratiya, bazar iqtisadiyyatı, insan haqlarının qorunması, fikir, söz, vicdan azadlığı, siyasi plüralizm yolu ilə gedən ölkə və xalq olaraq biz, Fransa inqilabını və Fransanın bugünkü bayramını, eyni zamanda öz bayramımız kimi qəbul edirik.

Əsas odur ki, fransız xalqı Bastiliyanın alınması günündən sonra həmin yolla ardıcıl olaraq gedibdir və xalqın milli mənafeləri üçün bu yolun nə qədər əhəmiyyətli olduğunu dərk edərək onu qoruyub saxlayıbdır, yeni bir dövlət üsuli idarə formasının yaranması ilə dünyaya böyük töhfələr verib, nümunələr göstəribdir.

Fransa inqilabından sonra fransız xalqının getdiyi yol şərəfli yol olmuşdur. Həmin yol dünya ictimaiyyəti, bəşəriyyət üçün çox əhəmiyyətli yol olmuşdur. Ona görə də Fransa həmişə böyük maraq doğurmuşdur. Fransanın əldə etdiyi nailiyyətlərə hamı özü üçün təcrübə mənbəyi kimi baxmışdır və beləliklə, Fransa inqilabı və bu ölkənin ondan sonra keçdiyi yol bütün dünyada baş vermiş dəyişikliklərə böyük təsir etmişdir.

Fransa bu gün dünyanın bütün sahələrdə inkişaf etmiş ölkələrindən, dünyanın böyük dövlətlərindən biridir.

Fransa dünya siyasətinə böyük təsir göstərən ölkələrdən, dövlətlərdən biridir. Fransa bütün beynəlxalq təşkilatlarda özünə məxsus siyasət həyata keçirir və beləliklə də heç bir başqa dövlətdən asılı olmayaraq, müstəqil siyasət apardığını daim dünyaya nümayiş etdirir.

Ona görə də müstəqil dövlət kimi Azərbaycan Fransa ilə əlaqələrini çox əhəmiyyətli hesab edir və bu əlaqələrin daim inkişaf etməsinə öz səylərini göstərir.

Eyni zamanda, biz Fransa tərəfindən, Fransanın dövləti, hökuməti tərəfindən ölkəmizin bu səylərinə müsbət münasibət göstərildiyini hiss edirik.

Fransa-Azərbaycan əlaqələri, dostluq, tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Çünki həm Fransa dövlətinin, həm də Azərbaycan dövlətinin bu barədə iradəsi eynidir. Mən çox məmnunam ki, Azərbaycanda Fransanın tarixinə, dilinə, mədəniyyətinə, ədəbiyyatına maraq ilbəil artır. Azərbaycanda fransız dili artıq geniş öyrənilir və bunların hamısı bizim dövlətlərimiz və xalqlarımız arasındakı gələcək əlaqələr üçün əhəmiyyətlidir.

Cənab səfir, siz Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər barəsində burada danışdınız və bunlara öz qiymətinizi verdiniz. Mən buna görə sizə bir daha təşəkkür edirəm. Siz eyni zamanda, bir məsələni - Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasını da qeyd etdiniz. Təbiidir ki, bu, bizim üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir. Çünki Azərbaycanın ərazi bütövlüyü, sərhədləri pozulubdur, ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Onların əksəriyyəti uzun illərdən bəri ağır vəziyyətdə, çadırlarda yaşayırlar. Bu, Azərbaycanın ən ağır, ən çətin problemidir.

Ona görə də Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması, bu münaqişənin sülh yolu ilə həll olunması Fransa-Azərbaycan əlaqələrində xüsusi yer tutur.

Cənab səfir, siz burada 6 istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə və sonra Azərbaycanın problemi haqqında danışdınız. Mən bəyan edirəm ki, saydığınız bu sahələrdə bundan sonra da böyük nailiyyətlər olunacaqdır. Amma Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində bizim Fransaya böyük ehtiyacımız vardır.

Fransa 1997-ci ildən Rusiya və Amerika Birləşmiş Ştatları ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Minsk qrupunun həmsədrlərindən biridir.

Bildirmək istəyirəm ki, Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa o vaxtdan indiyədək çox böyük fəaliyyət göstəribdir və məsələnin sülh yolu ilə həll edilməsi üçün səylər qoyubdur. Ən əsası odur ki, məsələnin məzmunu ilə əlaqədar çox ədalətli və obyektiv mövqe tutur.

Mən Fransa Respublikasının prezidenti, əziz dostum cənab Jak Şirak ilə ötən illər dəfələrlə görüşüb bu məsələnin müzakirəsini aparmışam. Hörmətli prezident cənab Jak Şirakla həm Parisdə, həm də müxtəlif beynəlxalq təşkilatların toplantılarındakı görüşlərimdə mən onun və Fransa dövlətinin bu məsələyə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsinə nə qədər diqqətli olduğunu və bu məsələnin tezliklə həll edilməsi üçün nə qədər səylər göstərdiyinin şahidiyəm.

Hörmətli prezident cənab Jak Şirakla bu ilin yanvar-fevral aylarında Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar saatlarla həm ikitərəfli, həm də üçtərəfli danışıqlar aparmışıq. Bütün bu danışıqlar zamanı, - bunu xüsusi qeyd etmək istəyirəm, - həmişə hiss etmişəm ki, Fransa dövləti, onun prezidenti bu məsələnin ədalətlə və tezliklə həll olunmasını istəyir.

Minsk qrupunun həmsədrləri - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın nümayəndələri bu günlərdə bizim regionda - Ermənistanda, Dağlıq Qarabağda, Azərbaycanda olmuşlar. Ancaq bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, onlar Dağlıq Qarabağdan Azərbaycana cəbhə xəttini keçərək gəlmişlər və cəbhə xəttinə qədər olan ərazini vertolyotdan görmüşlər. Xüsusən Füzuli rayonunun ərazisini vertolyotdan çox diqqətlə seyr etmişlər, nə qədər böyük dağıntılar olduğunu görmüşlər. Onlar keçən dəfə Ağdamın, o, gözəl diyarın dağıldığını, hər şeyin tarmar olunduğunu görmüşdülər və bu barədə öz təəssüratlarını çox dərin hisslərlə bizə söyləyirdilər. Bunların hamısı deməyə əsas verir ki, Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa bu faciənin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün təmin olunması və doğma yerlərindən didərgin düşmüş insanların öz elinə-obasına qayıtması üçün səylərini bundan sonra da davam etdirəcəkdir. Ümid edirəm ki, onların səyləri ilə, Minsk qrupu həmsədrlərinin, dünyanın beynəlxalq təşkilatlarının səyləri ilə biz buna nail olacağıq. Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq və bizim soydaşlarımız öz yerlərinə qayıdacaqlar.

Fransanın Azərbaycana səmimi, dost və ədalətli münasibət göstərməsini, biz bir də Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesində müşahidə etdik. Məlumdur ki, Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesində bizə mane olmaq istəyən ölkələr, ayrı-ayrı qüvvələr də var. Amma mən sizə bəyan etmək istəyirəm ki, Fransa dövləti, prezident cənab Jak Şirak Azərbaycanın Avropa Şurasına qəbul olunmasını əvvəldən axıradək dəstəkləmişdir və maneələrin aradan qaldırılması üçün çox işlər görmüşdür.

Cənab səfir, ona görə mən sizə bir daha təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürlərimi dövlətinizə və hörmətli prezident Jak Şiraka çatdırasınız. Bəyan edirəm ki, Azərbaycan Avropa Şurasının dəyərlərinə və prinsiplərinə sadiq olacaq, Avropa Şurasının tərkibində üzərinə düşən vəzifələrin hamısını yerinə yetirəcəkdir.

Nitqimin əvvəlində dediyim kimi, Bastiliyanın alınması günü dünyada böyük tarixi bir hadisə kimi qəbul olunubdur. Həm fransız xalqı, həm də demokratiya yolu ilə gedən xalqların hamısı bu günü - 14 iyulu həmişə xatırlayırlar.

Amma mənim həyatımda bu günün bir mənası da vardır. Çünki 1969-cu ilin iyulun 14-də, məhz bu gün, 32 il bundan öncə mən Azərbaycana ilk dəfə rəhbər seçilmişəm. Bu, mənim üçün çox böyük rəmzi əhəmiyyət daşıyır. Çünki dünyanın hər yerində qeyd olunan məhz bu gündə mənim də həyatımda tarixi hadisənin baş verməsi, təbiidir ki, mənim üçün çox qiymətlidir. Ancaq mən bu gün bir də təəssüf hissi keçirirəm. Çünki Fransanın Azərbaycandakı səfiri cənab Ginyut yaxın vaxtlarda Azərbaycanı tərk etməyə başlayır. Biz bunu istəmirik. Amma bizdən bir şey asılı deyildir. Əgər asılı olsaydı, mən dostum Jak Şirakdan xahiş edərdim ki, onun vaxtı bir az da artırılsın.

Hörmətli cənab səfir, burada olduğunuz illərdə çox yüksək səviyyəli fəaliyyətinizə, Fransa-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz dəyərli xidmətlərinizə, Azərbaycana dost olduğunuza görə sizə səmimi qəlbdən təşəkkür edirəm və gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Bir daha bayramınız mübarək olsun. Sağ olun.


"Azərbaycan" qəzeti, 15 iyul 2001-ci il.