Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin ev -muzeyinin açılış mərasimində Turan Cavidlə söhbəti- 24 oktyabr 2002-ci il


Heydər Əliyev: Mən sizin ananızı görmüşəm. Bir vaxt mənim anam xəstə idi. İndi Cavadzadənin klinikası olan bina o vaxt xəstəxana idi, orada müalicə edilirdi. Deyəsən sənin anan da yanaşı otaqda müalicə olunurdu. Bu təxminən 1956-1957-ci illər idi. Mən anamın yanına gedib-gəlirdim. Anam mənə deyirdi ki, Hüseyn Cavidin həyat yoldaşı Mişginaz xanım da buradadır, söhbət edirik. Təbiidir, anam keçmişdə onunla tanış olmamışdı, xəstəxanada tanış olmuşdular, görüşmüşdülər. Mən də o vaxtlar anamın yanına gələndə onu anamın yanında görmüşdüm. Mişginaz xanım çox gözəl qadın olubdur. Mən o vaxt onu görəndə də gözəlliyini saxlamışdı.

Turan Cavid atasının muzeydə saxlanılan əlyazmaları, kitabları, Türkiyədən gətirdiyi əsərlər, sürgündən yazdığı məktublar barədə məlumat verdi, Hüseyn Cavidin oğlu Ərtoğrulun, qardaşı Şeyx Məhəmmədin fəaliyyəti haqqında danışdı, Hüseyn Cavidin cənazəsinin qalıqlarının Uzaq Sibirdən doğma vətənə gətirilməsinə və Naxçıvana aparılıb orada dəfn olunmasına, ədibin şərəfinə böyük məqbərə ucaldılmasına görə respublikamızın rəhbərinə təşəkkürünü bildirdi.

Prezident Heydər Əliyev Şeyx Məhəmmədin ona Azərbaycan dilindən dərs dediyini vurğuladı, Ərtoğrulu da həyatda gördüyünü bildirdi: Mən sənin qardaşını da görmüşəm. Deyəsən 1943-cü il idi, Naxçıvanda idim. Mənə dedilər ki, Hüseyn Cavidin oğlunu əsgərlik xidmətindən buraxıblar, gəlibdir. Ağır xəstə idi. O bir dəfə küçə ilə gedirdi. Onu mənə göstərdilər. Əsgər paltarında idi. Üz-gözü çox solğun, amma sifəti gözəl bir oğlan idi. Amma ondan sonra xəbərim olmadı. Nə vaxt vəfat etdiyi barədə xəbərim olmadı. Çünki mənim işlərim çox idi.

Turan Cavid: Cənab Prezident, onun dəfnində qohumlarından başqa, heç kim iştirak etmədi. Çünki qorxurdular. Amma indi Naxçıvanda gözəl məqbərə Cavidlərə qismət oldu. Bu, taleyin işi imiş.

Heydər Əliyev: Elədir. Hüseyn Cavid çox faciəli həyat keçiribdir. Ancaq onun yəqin bir xoşbəxtliyi də o imiş ki, sən varsan, yaşamısan. Gəl açıq danışaq, sən yaşamasaydın, bütün bu gördüklərimizi bir yerə yığmaq olmayacaqdı. Vəfalı övlad ata-ana üçün həmişə çox böyük nemətdir. Amma vəfasızlar da var. Yenə də deyirəm, sən varsan, deməli, bunlar yaranıbdır. Bunları səndən savayı heç kəs görə bilməzdi. Demək, Allah onlara əzab-əziyyət qismət edibdir, ancaq yaxşı ki, səni də onlara verib və Allah səni saxlayıbdır ki, bu irsi qoruyub yaşadasan.

Turan Cavid: Cənab Prezident, bu stolun da maraqlı bir tarixi var. Mənim arzumdur ki, Siz onun arxasında oturasınız. Bu həmin stoldur ki, vaxtilə evimizi yoxlayanda onun siyirtməsi olduğunu bilməmişdilər. Atamın bir çox əsərləri burada saxlanmışdır. İndi bizə nə qalıbsa, bunun sayəsində qalıbdır. Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün saat 5-də Hüseyn Cavidin heykəlinin qarşısında böyük konsert olacaqdır. Orada onun əsərlərindən parçalar da səslənəcəkdir.

Heydər Əliyev: İndi o heykəl çox gözəldir, ətrafındakı bağı da düzəltdik. Əvvəl ora çox pis vəziyyətdə idi. Mən həmişə oradan keçirəm, hər dəfə fikirləşirdim, axı bu niyə belədir? Hacıbala bu vəzifəyə təyin olunandan sonra özü də təşəbbüs göstərdi, mən də ona dedim, oranı düzəldibdir. İndi mən oradan keçəndə görürəm ki, nə qədər adam istirahət edir, nə qədər gözəl bir bağdır. Orada iki fəvvarə də var. Biri Cavidin heykəlinin yanında, digəri onun ətrafındadır.

Turan Cavid: Çox gözəl bağdır. Fəvvarələr də gözəldir. Atamın özü də suyu xoşlayırdı. İstirahət yeri üçün çox əlverişlidir.

Heydər Əliyev: Orada çox adam yaşayır. Əvvəllər o bağ yaxşı vəziyyətdə deyildi, heç kəs oraya istirahətə getmirdi. İndi elə gözəl vəziyyətdədir ki, ətrafda yaşayan insanlar hər gün gəlib dincəlirlər.

Turan Cavid: Cənab Prezident, bu kitab «Peyğəmbər» əsəridir. Yuxarıda isə Şeyx Məhəmmədin şəklidir.

Heydər Əliyev: Mənə Azərbaycan dilini ilk dəfə öyrədən Şeyx Məhəmməd olmuşdur. Gözəl müəllim idi, amma çox da tələbkar idi.

Turan Cavid: Siz həmişə müəllimlərinizi xatırlayırsınız. Tələbkar müəllim olmaq çox yaxşıdır.

Heydər Əliyev: Bəli, müəllim tələbkar olmasa, şagird oxuya bilməz. Özü də o vaxtlar. Mənim kimi şagirdə qarşı o qədər də tələbkar olmaq lazım deyildi. Amma mənimlə birlikdə 25–30 nəfər oxuyurdu, müxtəlif səviyyədə idilər. O çox tələbkar müəllim idi. Özü də dərsi qanun-qayda ilə keçirdi. O mənə 5-ci sinfə qədər Azərbaycan dili dərsi deyibdir. Amma deyim ki, görünür o vaxtlar maddi çətinliklər içində yaşayıbdır. Mən özüm də kasıb bir ailədən idim. Ümumiyyətlə, o vaxtlar dövlətli adam yox idi, müəllim də kasıb idi, məktəbli də kasıb idi. Amma bizim bəzi müəllimlər, keçmişdən qalan müəllimlər var idi. Onların əyin-başı yaxşı idi. Amma bunun çox sadə paltarı vardı.

Turan Cavid: O, sadə insan idi. Birinci arvadından üç uşağı, o birisindən 5 uşağı var idi. Ona görə kasıb idi.

Heydər Əliyev: Görürdüm, çətinlik içində yaşayırdı. Təsəvvür edin, mənim o vaxtlar neçə yaşım var idi, üçüncü, dördüncü sinifdə oxuyurdum. Ortadan da aşağı səviyyədə yaşayırdı, amma çox tələbkar, intizamlı müəllim idi.

Turan Cavid: O, şeirlər də yazırdı, folklor materialları toplayırdı. Bir-ikisini oğlu mənə veribdir.

Heydər Əliyev: İndi onun uşaqlarından qalan varmı?

Turan Cavid: Bəli, iki qızı, iki oğlu durur. Oğlanları Moskvada yaşayırlar, qızların biri ədəbiyyat müəllimidir, biri isə bioloqdur, işləyirlər.

Heydər Əliyev: Turan xanım, Hüseyn Cavid bu qədər böyük əsərlər yazıbdır. Demək olar, hamısı tarixi mövzulu əsərlərdir. Elə bir əsər yazmayıb ki, məsələn, filankəs filankəsnən sevişdi, yaxud, sevişmədi, nə bilim, nə təhər oldu. Onun əsərləri tarixi mövzudadır və bunlarda tarixi dəqiqlik var. O elə çox da yaşamayıbdır. Sən mənə de görüm, düzdür, sən o vaxtlar uşaq olmusan, amma indi sən yeganə adamsan ki, onu hamıdan yaxşı tanıyırsan. O bu qədər tarixi nə çür yazıbdır, bilibdir?

Turan Cavid: Cənab Prezident, onun mütaliəsi son dərəcə güclü olubdur. Gəncliyindən gözləri zəif idi. İstanbula gedəndə kitablar gətirirdi. O qədər də firavan dolanmayıb, amma pulunu kitablara verirdi. O, uzaqgörən idi. Müharibə başlayan zaman onun yanına gələnlər deyir ki, Cavid bizə söylədi ki, bu müharibə ya 4, ya da 5 il çəkəcək və Sovet İttifaqı qalib gələcəkdir. Hətta həbslər başlayan zaman deyirdi ki, məni niyə həbs edirsiniz, əsərlərim göz qabağındadır. O, son əsərlərinin birini də gizlədə bilmədi. Heç olmasa, evdən çıxara bilərdi.

Heydər Əliyev: Yəni onun tapılmayan əsərləri var?

Turan Cavid: Bəli, hamısını apardılar və heç birini qaytarmadılar.

Heydər Əliyev: Axı bərpa olunan əsərləri var?!

Turan Cavid: Yox, onlar çap olunanlardır. Onun yazıb bitirdiyi və çap olunmayan «Otello», «Çingiz», «İblisin intiqamı», «Şəhla», «Telli saz» pyeslərini, «Koroğlu»nun ssenarisini – hamısını apardılar. O, bəraət alan kimi, birinci məktubu təhlükəsizlik orqanlarına yazdım ki, atamın xəttini tanıyıram. Mən 4-cü sinifdə oxuyanda, yayda bağda olarkən ərəb əlifbasını mənə öyrətmişdi. Mənə dedilər ki, heç bir şey qalmayıbdır. «Telli saz» və «Şəhla» əsərləri evdən çıxarılıbdır. «Telli saz»ı aktyorlar tamaşaya qoymaq istəyiblər, nədənsə, yarımçıq qalıbdır. Yeganə olaraq «Xəyyam» əsərini Yerevanda bir aktyordan almışam.

Heydər Əliyev: Mən elə bilirdim «Xəyyam» qalıbdır.

Turan Cavid: «Xəyyam» yox idi, çap olunmamışdı. 1935-ci ildə, sovet hökumətinin qurulmasının 15-ci ildönümü münasibətilə müsabiqə elan ediblər. Cavid bu əsəri həmin müsabiqəyə verir və üçüncü mükafatı alır. Mükafat almış əsər kimi, «Xəyyam» tamaşaya qoyulmalı idi. Elə oldu ki, özü də getdi, əlyazma da getdi, əsər də itdi.

Heydər Əliyev: Demək, onun vaxtında «Xəyyam» tamaşaya qoyulmayıbdır.

Turan Cavid: Azərbaycan teatr tarixində yeganə əsərdir ki, yazılandan 35 il sonra tamaşaya qoyulmuşdur. 1935-ci ildə yazılmış, 1970-ci ildə tamaşayа qoyulmuşdur.

Heydər Əliyev: Onu tamaşaya Mehdi Məmmədov qoyubdur.

Turan Cavid: Bəli, o qoyubdur, gözəl tamaşa idi.

Heydər Əliyev: Mən o tamaşaya baxdım. Amma mən onda bunu bilmirdm. Elə bilirdim ki, «Xəyyam» o vaxtlar, Cavidin sağlığında tamaşaya qoyulubdur.

Turan Cavid: 35 ildən sonra Mehdi Məmmədov tamaşaya qoyubdur.

Heydər Əliyev: Demək, çap da olunmamışdı?

Turan Cavid: Bəli, çap olunmamışdı. Bir nəfər əsərin üzünü köçürübdür. Bu çox maraqlıdır, öz xətti deyil. Bu əsər mükafata layiq görüldüyünə görə, qəzetlərdə ondan parçalar çap olunmuşdu. Mən onları da götürdüm.

Heydər Əliyev: Yaxşı ki, saxlanılıbdır.

Turan Cavid: Bu əsəri əldə edəndə, elə bil dünyanı mənə verdilər. İndi ümid edirəm ki, bəlkə o biri əsərlər də tapıldı. Hər halda, insan ümidsiz yaşamır. Bəlkə hələ qapalı yerlər var ki, əsərləri vermirlər.

Heydər Əliyev: Yəni deyirsən, burada qapalı yerlər var? Mən bir də yoxladaram.

Turan Cavid: Cənab Prezident, yadımdadır, Siz bir dəfə çıxışınızda dediniz ki, işə təzə gələndə işçilərinizdən biri deyib ki, həyətdə Cavidin əsərlərini yandırıblar.

Heydər Əliyev: Bəli, mən Moskvadan təzə gəlmişdim. Burada işləyirdim. Xeltov adlı bir nəfər var idi. Bir-iki işçi o vaxtlar işləyən adamlar idi, danışırdılar ki, Hüseyn Cavidin əsərlərini və Salman Mümtazın – onun çox kitabları olubdur – kitablarını yeşiklərə doldurub həyətə tökmüşdülər, yandırırdılar. Özü də bunu edən, o işi aparan – indi Cavidin işinə baxmaq lazımdır, həmin Xeltov olub, yoxsa yox – bir qrup adam olubdur, onların içində ermənilər də olubdur. Xeltov yəhudi idi, erməni deyildi. Onların çoxu sonralar həbs edildi. Bəli, keçmiş binanın həyətində yeşiklərə doldurub yandırıblar. Bəzən də qızınmaq üçün yandırıblar. Yanacaq olmayanda kağız yandırırdılar. Mən müharibə vaxtı bunu görmüşəm. Yanacaq yox idi. Köhnə kağızları, kitabları yandırırdıq, əllərimizi qızdırırdıq. İndi Allaha şükür, qalan əsərləri də çoxdur.

Turan Cavid: Mən Sizə təqdim edəcəyəm. «Bahar şəbnəmləri» adlı şeirlər kitabı təzə, Cavidin öz qələmindən çıxan tərzdə nəşr olunubdur. Çox gözəl çap edilibdir. Dünən imzaladığınız sərəncama görə Sizə təşəkkür edirik. Görünür, Allah insanların hərəsini yer üzünə bir missiya üçün göndəribdir. Çox qəribədir, hərə bir iş görməlidir. Həqiqətən də, bu işi başlayan adam onu sona çatdırmalı idi. Bunu da Siz etdiniz. Adicə bu otaqların alınmasında deyirdilər ki, mümkün deyildir. Deyirdim ki, həyatda mümkün olmayan şey yoxdur. İnsan təkcə ölümün qarşısında acizdir, qalan hər şey insan iradəsindən asılıdır. Gərək hər işi ürəklə edəsən. Bu işləri gələcək nəsillər üçün etmisiniz.

Heydər Əliyev: Dünən sərəncam imzalayanda düşündüm ki, 20 il bundan öncə ilk dəfə mən Hüseyn Cavidin 100 illik yubileyi ilə əlaqədar fərman imzalamışam. Onun cənazəsinin qalıqlarının vətənə gətirilməsi dövrü yadıma düşdü. Sonra fikirləşdim ki, dünya qəribədir, 20 il bundan öncə başladığım işi yenə davam etdirirəm. Bu birincisi. İkincisi, mən onun 120 illik yubileyi haqqında sərəncam imzalamışam. Onun cənazəsinin qalıqlarının gətirilməsi, sonrakı dövr də qəribə dövr idi. Bilirsiniz, Cavidin 1937-ci ildə repressiya zamanı həbs edilməsi, sürgün olunması və orada vəfat etməsi, bu özü bir dövrdür. Vəfat etdi, getdi torpağa, qurtardı. Amma ondan sonra, əgər loru dildə desək, onun dirildilməsi, yəni, mənəvi cəhətdən bəraəti məsələsi var idi. Biz bunu 20 il öncə etdik.

Turan Cavid: Mən həmişə deyirəm, onlar cismani bəraət aldılar.

Heydər Əliyev: Bəli, elədir. 1980-ci ildə onun cənazəsinin, nəşinin Sibirdən gətirilməsi mənim xatirimdədir. Nə qədər çətinliklər var idi. Birincisi, gedib onun gətirilməsi məsələsi nə qədər çətin idi. Bunu etdik. Mənə xəbər verdilər ki, onu gətirdilər. Xatirimdədir, burada böyük bir müşavirə topladım ki, nə edək? Hərə bir fikir deyirdi. Düzü, o vaxt çoxları, elə sənin özün də deyirdin ki, Cavid Fəxri xiyabanda dəfn olunsun. O vaxtlar bizim yazıçılar, alimlər toplaşdılar, amma mən yeganə adam idim ki, – indi özümü tərifləmək istəmirəm – dedim ki, Naxçıvanda dəfn olunsun.

Turan Cavid: Bunun özü uzaqgörənlik idi.

Heydər Əliyev: Amma nə üçün Naxçıvanda?! Mən Naxçıvanın qəbiristanlığını da tanıyıram, Naxçıvanda Fəxri xiyaban da, başqa bir şey də yoxdur. Amma mən Naxçıvan deyəndə, nəyi nəzərdə tuturdum? Mən Naxçıvan deyəndə, nəzərdə tuturdum ki, şəhərin mərkəzində, gözəl bir yerdə dəfn olunsun və qəbri üzərində məqbərə ucaldılsın. Mən bunu deyirdim. Mən bunu başa salandan sonra çoxları razı oldu, amma bəziləri yenə başladılar ki, Bakı paytaxtdır. Mən dedim, axı Naxçıvan onun doğulduğu yerdir. Bir də burada, Fəxri xiyabanda Azərbaycanın böyük insanlarının çoxu yan-yanadır. Təəssüflər olsun ki, orada layiq olmayanlar da var. Belədir, hər dövrdə kimsə, hansısa bir səhv buraxır. Onun nəticəsində belə şeylər olur. Amma mənim fikrim, düşüncələrim belə idi. O vaxt göndərdim, Naxçıvanda yer seçdilər, çox da gözəl yerdir. Yaşadığı evin yanında. Hamısını mənə dedilər. Orada onu böyük təntənə ilə dəfn etdilər. Ancaq iki ildən sonra mən buradan getdim. Mən gedəndə də tapşırıqlar vermişdim, amma etmədilər. Sonra mənim özüm hər şeyi etdim. Mən bunu sizə demişəm. O vaxt Moskvada ağır vəziyyətdə, məhdudiyyətlər içində olanda çox şeylər düşündüm. Cavidin məzarını da düşünmüşdüm. Naxçıvana gələn kimi, təxminən 80 minə qədər adam mənimlə görüşmək üçün böyük meydana toplaşmışdı. Mən oraya getdim. Meydan o qədər dolu idi ki, insanlar gəlib qəbrin yanına çatmışdılar. Getdim, dedim, əvvəlcə mənə qəbri göstərin. Göstərdilər, dəhşətə gəldim. Ondan sonra da əlacım yox idi. Çünki mən Naxçıvanda adi bir insan kimi yaşayırdım, heç bir səlahiyyətim, vəzifəm yox idi. Sonra məni orada deputat seçdilər, yenə də Naxçıvanın rəhbərliyinə dedim ki, belə bir iş görmüşük, gəlin axıra çatdıraq. Onlar mənə dedilər ki, gəlin edək. Amma vəziyyət çətin idi, o qədər də mümkün deyildi. Mən 1991-ci ildə Naxçıvana rəhbər seçildim və dərhal bir-iki layihə verdim. Naxçıvanın Mədəniyyət naziri Fəttah Heydərovu sənin yanına göndərdim. Dedim, Turan xanımın yanına get, onunla danış, gəlsin görək, hansı layihə ola bilər. Bir neçə layihəyə baxdım. Ancaq o vaxt istəklərimi yerinə yetirməyə mənim imkanım yox idi. Sonra o şeyi ki, mən etdim, bunun üçün başqa imkan lazım idi. Amma görünür ki, bu adamın taleyi ağır olubdur. Onun ağır taleyi var, amma gör sonu necədir. Kim bunu təsəvvür edə bilərdi ki, bu cür məqbərə ucaldılsın. Azərbaycanda ikinci şəxs yoxdur ki, onun sevimli həyat yoldaşı da, oğlu da onunla bərabər bir yerdə dəfn olunsun.

Turan Cavid: Mən həmişə bir şeyə inanıram ki, nə isə gecikirsə, bu, uğurlu səbəbə görə gecikir. Bunlar vaxtilə olsaydı, yəqin belə olmayacaqdı. Demək, bu, mütləq gecikməli idi. Azərbaycanda Sizdən başqa heç kəs onların üçünü də birləşdirə bilməzdi. Bu mənim üçün çox böyük ağrı idi. Ona görə mən və çoxları çox minnətdarıq və bunu yüksək qiymətləndiririk.

Heydər Əliyev: Allah Hüseyn Cavidə rəhmət eləsin. Mişginaz xanıma rəhmət eləsin, Ərtoğrula rəhmət eləsin. Biz onların xatirəsini əbədiləşdirmək üçün nə mümkündür etmişik, bundan sonra da edəcəyik.

Turan Cavid: Əminəm ki, onların ruhları bu evdədir. Burada 17 il çox xoş günlər keçirilibdir.

Heydər Əliyev: Bu gün də xoş söhbət gedir. Doğrudur, bu söhbət bir az məyusluq doğurur. Turan xanım, mən təbrik edirəm ki, ev muzeyi açıldı. Buranın qapılarını insanlar üçün açın. Qoy gəlsinlər, baxsınlar, görsünlər ki, bunlar bizim xalqımızın, millətimizin tarixidir və insanlar bu tarixlə tanış olsunlar. Tariximizi daim insanlara, xüsusən gənc nəslə anlatmaq, bildirmək, öyrətmək lazımdır. Çünki tarixini bilməyən insan öz millətinə, xalqına sədaqətlə xidmət edə bilməz və həqiqi insan ola bilməz. Ona görə də biz Azərbaycanda muzeylər yaradarkən tariximizin ayrı-ayrı hissələrini bugünkü nəsillərə, gələcək nəsillərə göstərmək istəyirik. Bu da bunun gözəl bir nümunəsidir. Allah xeyirli eləsin.

Turan Cavid: Çox sağ olun. Allah Sizdən razı olsun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT