Azərbaycan Qadınlarının II qurultayına Heydər Əliyevin təbrik məktubu - 27 sentyabr 2003-cü il


Hörmətli qurultay nümayəndələri !

Sizi müstəqil Azərbaycan Respublikası Qadınlarının II qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan cəmiyyətində qadınların rolu həmişə yüksək qiymətləndirilmişdir. Biz qadınlarımızın mənəviyyatı və intellektual səviyyəsi ilə daim fəxr etmişik. Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrində Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. İftixar hissi ilə qeyd edilməlidir ki, qadınlarımız öz əcdadlarının yolunu bu gün də davam etdirərək, müasir dünya qadınları arasında özlərinə məxsus yer tuturlar.

Son qurultayımızdan keçən beş il ərzində respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Azərbaycanın müasir dünya birliyinə inteqrasiyası daha intensiv və dönməz xarakter almışdır. Azərbaycan irimiqyaslı beynəlxalq layihələrə qoşulmuş, dünya xalqları ailəsinin tam hüquqlu üzvünə çevrilmiş və bəşəriyyət qarşısında duran problemlərin həllində yaxından iştirak etməyə başlamışdır. Milli dövlətçilik mövqeyini həmişə yüksək tutan qadınlarımız da daim əmin-amanlığın hökm sürdüyü, çiçəklənən və inkişaf edən bir diyara çevrilməsi yolunda aparılan əzəmətli işlərə öz dəyərli töhfələrini vermişlər.

Bu qurultay Azərbaycan qadınlarının XXI əsrdə toplaşdığı ilk qurultayıdır. Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətli missiyasını dərk edən qurultay Azərbaycanda qadın hərəkatının inkişafında yeni mərhələ olmaqla, qadınlarımızın yeni-yeni uğurlar qazanmasına təkan verəcəkdir.

Sizin qurultayın işinə uğurlar diləyir, hər bir Azərbaycan qadınına cansağlığı, xoşbəxtik və ölkəmizin gələcəyi naminə daha böyük fəallıq göstərməyi arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.