Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sevastopolda qarşılanma mərasimində çıxışı - 9 sentyabr 1999-cu il


Heydər Əliyev: Ukraynaya, Krıma yenidən gəlməyimə şadam. Mən Ukrayna Prezidenti, dostumuz Leonid Daniloviç Kuçmanın dəvətini böyük məmnuniyyətlə qəbul etdim.

Sammit özlüyündə çox mühüm, çox maraqlıdır. Mənə çox xoşdur ki, bu sammitin keçirilməsinin təşəbbüsçüsü Ukrayna, onun Prezidenti möhtərəm Leonid Daniloviç Kuçmadır.

Sizin hamınıza cansağlığı, əmin-amanlıq, Ukrayna xalqına firavanlıq, sizə qarşıdakı sınaqlarda uğurlar arzulamaq istəyirəm.

Sizdə prezident seçkiləri keçiriləcəyini bilirəm və ümidvaram ki, Ukrayna xalqı düzgün qərar qəbul edəcəkdir. Lakin hər bir dövlətdə artıq təşəkkül tapmış sabitliyin təmin edilməsi üçün varislik hökmən gərəkdir, onu pozmaq olmaz. O vaxtlar ötüb keçmişdir. Hər bir ölkədə sabitliyi uzun müddətə təmin etmək lazımdır. Bu halda həm qurmaq, həm yaratmaq, həm də insanların rifahını yaxşılaşdırmaq olar. Əgər hər il, yaxud üç-dörd ildən bir gah bunu, gah da başqa bir şeyi dəyişsən, bu, heç vaxt fayda gətirməz. Bunu keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş bütün ölkələrdə son bir ildəki hadisələr göstərir.

Sizin sağlığınıza, Leonid Daniloviç Kuçmanın sağlığına, Ukrayna xalqının şərəfinə, sizin gələcək uğurlarınızın şərəfinə badə qaldırıram.