Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 110 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Respublika sarayı, 18 sentyabr 1996-cı il


Sizi təbrik edirəm. Biz Müslüm Maqomayevin 110 illik yubileyinə həsr olunmuş təntənələrin keçirilməsində bir qədər gecikmişik, ancaq hesab edirəm ki, onu layiqincə qeyd etdik. Bilirsiniz, mən xoş həyəcan keçirdim. Vaxtilə mənim respublikaya rəhbərliyim dövründə biz Müslüm Maqomayevin anadan olmasının 90 illiyini və 100 illiyini qeyd etmişik. İndi onun 110 illiyini də qeyd etmək mənə nəsib oldu. Hesab edirəm, 120 illiyini də qeyd edəcəyəm.

Bu gün Müslüm Maqomayevin yaradıcılığı çox yaxşı təmsil olundu. Ən başlıcası isə, siz, sənət ustaları, dünya miqyaslı ulduzlar həm bizim görkəmli bəstəkarlarımızın yaradıcılığını, həm də öz yaradıcılığınızı Azərbaycana da və hesab edirəm, bütün dünyaya da nümayiş etdirdiniz. Sizi təbrik edirəm.

Mən bu yubileyin keçirilməsini çox istəyirdim. Təkid edirdim ki, məhz sentyabrın 18-də, Müslüm Maqomayevin və Üzeyir Hacıbəyovun anadan olduqları gün, musiqi və incəsənət günü qeyd etdiyimiz gün keçirilsin. Siz də yubileyi bu cür gözəl çıxışınızla rövnəq etdiniz.

Şübhəsiz, siz o qədər məşhursunuz, yaradıcılığınız, ustalığınız haqqında o qədər deyilmişdir ki, tərifə ehüyacınız yoxdur. Ancaq sızin əvvəlki kimi cavan olmağınız və yenə də belə gözəl oxumağınız məni heyran qoyur. Sizin çoxunuz Müslüm Maqomayevin 90 illiyi qeyd olunarkən burada da, Moskvada İttifaqlar evinin sütunlu salonunda çıxış etmisiniz. Siz indi də o zaman olduğu kimi, hətta ondan yaxşı oxuyursumız.

Mən Moskvadan, Kiyevdən gələn qonaqlarımıza xüsusilə minnətdaram. Onlar mənim köhnə dostlarımdır, mən onların sənətinin, ustalığının pərəstişkarıyam. Onların Müslüm və Tamara ilə birlikdə buraya gələrək bu konsertə rövnəq vermələrini əlamətdar nailiyyət hesab edirəm. Hamımızın ayrıldığı, müstəqil dövlətlərə çevrildiyimiz indiki vaxtda bu, qeyri-adi hadisədir.

1972-ci ildə Azərbaycanda keçirilən Rusiya Federasiyası günlərini xatırlayıram, o zaman mən gənc və gözəl Tamara Sinyavskayanı ilk dəfə görmüşdüm. Azərbaycanda Ukrayna mədəniyyəti günlərini də xatırlayıram, bu tədbirlərdə Ukraynanın bütün incəsənət ustalan iştirak edirdilər və şübhəsiz ki, çox gözəl oxuyaraq bizi heyran qoyan Solovyanenkov diqqət mərkəzində idi. Elə bu gün də belə oldu. Görün, tamaşaçılarımız sizin hamınızı necə qarşıladılar. Ölkələrimizdə baş verən bütün dəyişikliklərə baxmayaraq, tamaşaçılarımız əvvəlki kimi yenə də sizi qiymətləndirir, hər şeyə çox düzgün münasibət bəsləyir və incəsənət ustalarını layiqincə qarşılayırlar. Bu məni sevindirir. Çox sağ olun ki, gəlmisiniz.

Daim Azərbaycanda yaşayan incəsənət ustalarına gəldikdə isə, mən onlarla tez-tez görüşürəm. Keçmiş Sovetlər İttifaqına daxil olan ölkələrdə, xususən son vaxtlarda müharibə gedən, ancaq indi də sülh olmayan bizim ölkəmizdə bir çox mürəkkəb proseslərin baş verdiyi dövrdə, ölkələrimizin qarşılaşdığı iqtisadi çətinliklər şəraitində xalqın incəsənətlə, mədəniyyətlə birlikdə olması, incəsənət ustaları ilə görüşərkən özünü çox yaxşı hiss etməsi məni sevindirir. Müslüm və Tamara "Azərbaycan" mahnısını ifa edəndə mən iftixar hissi keçirdim ki, bu mahnı 70-ci illərdə, mən Azərbaycana rəhbərlik edəndə, respublikamızı tanıtmaq, ucaltmaq, Azərbaycanın incəsənətini göstərmək üçün hər şeyi etdiyim vaxt yaranmışdır. Azərbaycanı tərənnüm edən başqa gözəl mahnılar, o cümlədən Polad Bülbüloğlunun bəstələdiyi və Müslüm Maqomayevin ifasında xüsusilə yaxşı səslənən mahnılar da var idi. Lakin yenə mahnılar gərək idi və o zaman Müslüm Maqomayev Nəbi Xəzrinin şerinə həmin "Azərbaycan" mahnısını bəstələdi. Mən ümumiyyətlə, hissiyyatlı adamam, musiqi, mahnılar məni həmişə həyəcanlandırır. Lakin o zaman ki, bu mahnını ifa edirlər, mən özümü xoşbəxt sanıram. Vaxtilə Müslüm Maqomayev bu mahnını mənə ithaf olunduğunu demişdi. Lakin mən bununla razılaşmamışdım, indi isə qəbul edirəm. Mən bu mahrımı sevirəm, o, məni çox həyəcanlandırır, çünki mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan həqiqətən də mənim həyatımın mənasıdır. Ona görə də bu mahnını qəbul edirəm. Yəqin gördünüz, siz bu mahnını ifa edəndə salondakıların hamısı ayağa qalxaraq əl çalmağa başladı. Bu, gözəl idi.

Musiqimizin ağsaqqalı Tofiq Quliyev həmişəki kimi bu gün də gözəl çıxış etdi. Mən onu görəndə həmişə sevinirəm. Onun mahnılar yazmağa başladığı illər xatirimdədir. O, 30-cu illərdə Azərbaycanda ilk caz orkestri yaratmışdı və mən caz musiqisinin gənc pərəstişkarı kimi o vaxtdan onu xatırlayıram. Mən onun "Sənə də qalmaz" adlı gözəl mahnısını çox sevirəm. Bilirsiniz, elə mahnılar olur ki, onlar bütün başqa mahnılardan xüsusi seçilir. Tofiq Quliyevin mahnıları çoxdur, lakin "Sənə də qalmaz" bunların zirvəsidir. Onun oğlu bugünkü gecənin rejissoru idi və gözəl də təşkil etmişdir. Rauf Abdullayev bu gün fərqlənirdi, orkestri çox yaxşı idarə edirdi. Mən heç kimə heç bir dərəcə vermək istəmirəm, hər bir musiqisevərin öz rəyi var. İndiki halda demək istəyirəm ki, o, Niyazidən sonra Azərbaycan dirijorluq məktəbini şöhrətləndirməkdə davam edir.

Bilirsiniz, əgər burada hər birinizdən söhbət açsam, onda sizin tərcümeyi-halınızı özünüzdən daha yaxşı danışaram.

Bugünkü gecə qeyri-adi idi. Hamınız gözəl, əla çıxış etdiniz. "Şah İsmayıl" operasından rəqs mənim çox xoşuma gəldi, bu operanın böyük əhəmiyyəti təkcə sənət əsəri olmaqla bitmir. Müslüm Maqomayev bu mövzuya sadəcə olaraq bəstəkar, incəsənət xadimi kimi deyil, Azərbaycanın tarixini gözəl bilən bir insan kimi müraciət etmişdir. Axı Şah İsmayıl görkəmli sərkərdə, Azərbaycan şahı olmuşdur. O dövrdə tarixi keçmişimizdən kimin kim olduğunu söyləmək bizim üçün çətin idi. İndi isə açıq şəkildə deməyə imkanımız var ki, Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır. Müslüm Maqomayevin də bu mövzuya müraciət edərək belə gözəl opera yazmasının incəsənət üçün əhəmiyyəti böyükdür, həmçinin böyük tarixi, siyasi əhəmiyyəti var. Mən bu operadan ariyaları dinləyəndə, - bu gün həmin gözəl rəqsə də baxdım, - xüsusi hisslər keçirirəm.

Sizin hamınızı təbrik edirəm, çox sağ olun. Sizə cansağlığı, səadət, firavanlıq arzulayıram. Sevinirəm ki, xalqımız indiki ağır şəraitdə incəsənətlə yaşayır, mədəniyyətdən ayrılmır. Fikir verin, sizin ifa etdiyiniz əsərlərin əksəriyyəti klassik musiqidir. Deyirlər ki, bu musiqini heç də hamı başa düşmür, qəbul etmir. Ancaq salonun münasibətinə baxın! Şübhəsiz ki, bu, məni sevindirir, bugünkü Azərbaycanın, mənim xalqımın səviyyəsini göstərir. Görün, o, klassik musiqini necə başa düşür. Çətinliklərə baxmayaraq, mədəniyyətimiz yaşayır. Yaxın vaxtlarda mən bizim mədəniyyət xadimlərinə kömək göstərilməsi üçün tədbirlər görəcəyəm. İndiki çətin şəraitdə mədəniyyət və incəsənət xadimlərimizin öz işlərini fədakarlıqla davam etdirmələri isə məni çox sevindirir.

Çox sag olun. Sizə cansağlığı, firavanlıq arzulayıram. Moskvaya, Rusiyaya, mənim möhkəm əlaqələrim olan və Moskvada işləyərkən hamilik etdiyim Böyük Teatra səmimi salamlarımı yetirin. Məndə get-gedə dərin hörmət doğuran Ukraynaya salamlarımı yetirin. Prezident Leonid Kuçma ilə bizi böyük dostluq birləşdirir. Dostumuz Solovyanenkonun bu gün burada olması çox xoşdur.

Hesab edirəm ki, biz qonaqlarımızla hələ gorüşəcəyik, vaxtınızı almaq istəmirəm, siz yorulmusunuz. Görüş barədə sabah sizə xəbər verəcəklər. Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT