Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 10 fevral 2003-cü il


Əziz bacı və qardaşlar!

Sizi bütün dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir. İnsanları bir-birinə daha da doğmalaşdıran bu bayram günündə ürəklərdən kin-küdurət silinir, fədakarlıq və şəfqət hissləri güclənir, doğma və yaxın adamlar yad olunur, əzizlərin ruhlarına dualar oxunur.

Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçmiş övladlarımıza bu mübarək bayramda Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına səbr arzulayıram.

Ümidvar olduğumu bildirirəm ki, doğma ocaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtmaları üçün bu müqəddəs bayram günlərində edilən arzu və niyyətlər gerçək olacaqdır. Qoy bütün böyük milli və dini bayramlarımız kimi, mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!

Sizi Ulu Tanrının islamı bir din kimi tamamlayıb insanlara bəxş etdiyi bu əziz bayram günündə bir daha ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 11 fevral 2003-cü il