Türkiyə Böyük Millət Məclisində Ankara bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 29 oktyabr 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli cənab Süleyman Dəmirəl!

Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli cənab Hikmət Çətin!

Türkiyə Cümhuriyyətinin Baş naziri hörmətli cənab Məsud Yılmaz!

Gürcüstan Prezidenti cənab Eduard Şevardnadze!

Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev!

Özbəkistan Prezidenti cənab İslam Kərimov!

Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Bill Riçardson!

Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə bayram mərasimləri zamanı Ankarada imzaladığımız bəyannamə tarixi əhəmiyyət daşıyır. Bu, birinci növbədə bizim ölkələrimizin, xalqlarımızın milli mənafeyinə cavab verir, milli mənafeyindən irəli gəlir. Eyni zamanda dövlətlərimiz, ölkələrimiz arasında iş birliyinin, əməkdaşlığın yeni bir mərhələsini nümayiş etdirir.

Məlumdur ki, Azərbaycan Respublikası Xəzər dənizinin enerji ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması üçün bir neçə il bundan əvvəl əməli işlərə başlamışdır. 1994-cü il sentyabrın 20-də dünyanın nüfuzlu 11 neft şirkəti ilə, konsorsium yaratmış şirkətlərlə böyük bir müqavilə - Xəzər dənizindəki "Azəri", "Çıraq" yataqlarından və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən neft və qaz hasil edilməsi haqqında müqavilə imzalanıbdır. Bu müqavilə "Əsrin müqaviləsi" adı alıbdır.

Biz keçən il noyabrın 12-də "Çıraq" neft yatağından ilkin neftin alınmasını qeyd etdik. Hazırda həmin yataqdan gündə 10 min ton neft hasil olunur və dünya bazarlarına çıxarılır. Aparılan işlər nəticəsində yaxın vaxtlarda hasilat 3 dəfə artacaqdır.

Biz 1994-cü ildə bu müqaviləni imzalayarkən Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün bir neçə boru kəməri yaradılmasını nəzərdə tutmuşuq. Onlardan birincisi Bakı-Novorossiysk marşrutu, ikincisi - ilkin neftin ixracı üçün Bakı-Supsa, Gürcüstan marşrutu və ən əsas, böyük neft kəməri isə - dörd il bundan əvvəl də fikrimiz belə idi - Bakı-Ceyhan marşrutu olmalıdır.

Xəzərin Azərbaycan sektorunda ötən dörd il müddətində bir çox yataqlar barədə 10-dan artıq beynəlxalq konsorsiumla müqavilələr imzalanmış və həmin neft, qaz yataqlarından gələcəkdə böyük neft alınması gözlənilir.

Məlumdur ki, Xəzərin digər ölkələrə - Qazaxıstana, Türkmənistana, Rusiyaya, İrana məxsus sektorlarında da neft yataqları vardır. Məmnuniyyətlə qeyd edirəm ki, bu sektorlarda da, xüsusən Qazaxıstana məxsus sektorda artıq əməli işlər aparılır.

Mərkəzi Asiyanın, Xəzəryanı ölkələrin - Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın ərazilərində də böyük neft və qaz yataqları vardır. Həmin yataqların gələcəkdə işlənilməsi, neftin və qazın dünya bazarlarına çıxarılması üçün yollar araşdırılır.

Bunlar hamısı 1994-cü ildə bizim nəzərdə tutduğumuz Bakı-Ceyhan böyük, əsas neft kəmərinin çəkilməsini bu gün daha da reallaşdırır. Məlumdur ki, Qazaxıstanın "Tengiz" yatağında zəngin neft və qaz ehtiyatları vardır. Oradan hasil edilən neftin bir hissəsi artıq Qazaxıstan, Azərbaycan, Gürcüstan respublikalarının ərazilərindən, Xəzər dənizi və Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılır. Məlumat verirəm ki, bu yolla artıq 2 milyon 500 min ton Qazaxıstan nefti daşınıbdır.

"Tengiz"dəki zəngin neft yataqlarının gələcəkdə işlənilməsi Qazaxıstanın Aktau limanı ilə bizim Bakı limanı arasında bir neft borusu tikilməsi zərurətini də meydana çıxarmışdır. Bütün bunlar hamısı Bakı-Ceyhan əsas neft boru kəmərinin bu gün çox real olduğunu əyani surətdə sübut edir. Ona görə də bu gün burada, Türkiyədə, Ankarada hamımızın birlikdə imzaladığımız bu bəyannamə bizim dörd il müddətində apardığımız işin böyük bir nəticəsidir.

Doğrudur, Bakı-Ceyhan marşrutuna, Bakı-Tbilisi-Ceyhan marşrutuna etiraz edənlər və onun həyata keçirilməsinə mane olmaq istəyənlər də vardır. Bəzi şirkətlər kommersiya nöqteyi-nəzərindən bu marşrutun səmərəli olmadığını iddia edirlər. Şübhəsiz ki, bu şirkətlərin kommersiya maraqları da nəzərə alınmalıdır. Biz həmin şirkətlərlə bundan sonra da iş aparacağıq. Ancaq hesab edirəm ki, mərasimdə iştirak edən ölkələrin dövlət başçılarının bu gün ifadə etdikləri siyasi iradə bu proqramın, layihənin həyata keçirilməsinin təməlini qoyur.

Bilirsiniz ki, bu işlərin təməlini, əsasını müstəqil Azərbaycan Respublikası Xəzər dənizindəki enerji ehtiyatlarının birgə işlənilməsi barədə qəbul etdiyi qərarlarla qoymuşdur. Mən çox məmnunam ki, dörd il bundan əvvəl təməlini qoyduğumuz iş bu gün böyük vüsət almışdır və bu gün burada iştirak edən dövlət başçılarının hamısının birgə iradəsi ilə böyük bir bəyannamənin qəbul olunmasına gətirib çıxarmışdır.

Mən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin böyük gələcəyinə, uğuruna inanıram. Mən inanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi bizim ölkələrimiz arasında olan dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaqdır. Eyni zamanda, bunlar hamısı ölkələrimizin dövlət müstəqilliyinin nə qədər vacib olduğunu sübut edir. Biz yalnız dövlət müstəqilliyini əldə edəndən sonra öz təbii sərvətlərimizin sahibi olmuşuq, bunlardan sərbəst surətdə istifadə edirik və hasil edilmiş nefti istədiyimiz vaxt dünya bazarlarına çıxarırıq.

Mən bu gün bəyannamənin imzalanması münasibətilə dost ölkələrin dövlət başçılarını - Türkiyəni, Qazaxıstanı, Gürcüstanı, Özbəkistanı, Amerika Birləşmiş Ştatlarını və Xəzəryanı ölkələrin hamısını təbrik edirəm. Ümidvaram ki, bizim bu gün gördüyümüz iş XXI əsr, gələcək əsrlər üçün böyük töhfələr verəcəkdir. Xeyirli, uğurlu olsun!

"Azərbaycan" qəzeti, 30 oktyabr 1998-ci il