Azərbaycan Prezidenti Heydər Əliyevin Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Halina Kobeskaytenin etimadnaməsini qəbul edərkən söhbətindən - 17 may 2001-ci il


Halina Kobeskayte: Hörmətli cümhur başqanı, zati-aliləri cənab prezident, Litva Respublikasının Türkiyədəki səfiri kimi mən həm də Azərbaycan Respublikasında səfir vəzifəsinə təyin olunmaqdan böyük qürur duyuram və etimadnaməmi Sizə təqdim etməyi özümə şərəf hesab edirəm.

Litva Respublikasının xarici siyasətinin üstün istiqamətləri təkcə Avropa Birliyi və Avroatlantika strukturlarına inteqrasiya olunmaqla məhdudlaşmır, eyni zamanda digər dövlətlər ilə yaxın dostluq münasibətləri qurulmasına yönəlibdir. Litva Azərbaycanın öz qarşısında qoyduğu məqsədlərə böyük hörmətlə yanaşır və ümidvar olduğunu bildirir ki, əməkdaşlığımız nəticəsində biz ölkələrimizin qarşısında duran məqsədlərə nail ola biləcəyik.

Ölkələrimiz arasında yüksək səviyyəli səfərlər və hüquqi bazanın daha da inkişaf etdirilməsi dövlətlərimiz arasında bərabərhüquqlu, qarşılqılı surətdə faydalı münasibətlərin, əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verərdi.

Ölkənizdə fövqəladə və səlahiyyətli səfir təyin olunmağım barədə etimadnaməni zati-alinizə təqdim edərkən, fürsətdən istifadə edərək, Sizə dərin hörmət və ehtiramı, Azərbaycan xalqına ən xoş münasibət bəslədiyimi bildirirəm. Ümidvar olduğumu söyləyirəm ki, biz ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməyə nail ola biləcəyik.

Hörmətli prezident, mayın 10-nun Sizin ad gününüz olduğunu bilirdim. Bizim prezidentimiz Valdas Adamkus Sizə salamlarını, hörmət və xoş diləklərini göndərdi. Mən də Sizi təbrik edirəm.

Heydər Əliyev: Hörmətli xanım səfir, sizi Litva Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə ürəkdən təbrik edirəm. Bu işinizdə sizə uğurlar arzulayıram.

Sizin fikirlərinizlə tamamilə razıyam ki, bizim ölkələrimi arasında mövcud olan əlaqələr dostluq və faydalı əməkdaşlıq xarakteri daşıyır. Bu əlaqələri bundan sonra daha da inkişaf etdirmək hər iki ölkə üçün çox gərəklidir.

Dövlət müstəqilliyini əldə edəndən sonra, yəni müstəqilliyini bərpa edəndən sonra sizin ölkənizin qazandığı nailiyyətlər bizi sevindirir. Fikirlərinizlə tamamilə razıyam ki, sizin kimi ölkələr təkcə Avropa-Atlantika strukturları ilə yox, eyni zamanda Qafqaz və Asiya ilə əməkdaşlığını genişləndirməlidir. Bu baxımdan Azərbaycan, hesab edirəm ki, sizin ölkə üçün böyük əhəmiyyət daşıyır. Ümidvaram ki, bizim ölkəmizdə səfirliyiniz dövründə sizin də, bizim də arzularımızın yerinə yetirilməsi üçün lazımi fəaliyyət göstərəcəksiniz.

Sizin prezidentinizin və sizin doğum günüm münasibətilə mənə çatdırdığınız təbriklərə görə təşəkkür edirəm. Çox məmnunam ki, siz bunu unutmamısınız. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.

(Sonra Heydər Əliyev ilə Litva səfiri arasında səmimi söhbət oldu).

Heydər Əliyev: Türkcə yaxşı danışırsınız.

Halina Kobeskayte: Çox da yaxşı deyil. Bir az Türkiyədə işləmişəm, orada öyrənmişəm.

Heydər Əliyev: O vaxta qədər bilmirdiniz?

Halina Kobeskayte: Türkcə bilmirdim, özbəkcə bilirdim.

Heydər Əliyev: Özbəkçə nə üçün?

Halina Kobeskayte: Daşkənddə özbək ədəbiyyatını Litva dilinə tərcümə etmişəm. Ona görə dili bilirəm.

Heydər Əliyev: Siz tərcüməçisiniz?

Halina Kobeskayte: Bəli. O zamanlar Azərbaycan dilindən Yusif Səmədoğlunun, İlyas Əfəndiyevin, Mehdi Hüseynin əsərlərini Litva dilinə tərcümə etmişəm.

Heydər Əliyev: Tamamilə Litva dilinə tərcümə etmisiniz?

Halina Kobeskayte: Bəli.

Heydər Əliyev: Çox böyük işlər görmüsünüz.

Halina Kobeskayte: Bu işlərim üçün çox sevinirəm.

Heydər Əliyev: Əvvəllər Azərbaycanda olmuşdunuzmu?

Halina Kobeskayte: Bəli. Azərbaycana 30 il öncə gəlmişdim. Litva Universitetinin tələbələri ilə gəldik və burada konsert verdik.

Heydər Əliyev: Güman edirəm, sizin burada əskidən dostlarınız var. Yoxsa yox?

Halina Kobeskayte: Çox yoxdur, amma bir az var.

Heydər Əliyev: Səfir kimi indi bundan sonra daha çox olacaqdır.

Halina Kobeskayte: Bəli. Cənab prezident, Sizi ölkəmizdə gözləyirlər. Hörmətli prezidentimiz Valdas Adamkus Sizi gözləyir. Nə zaman istəsəniz, gələ bilərsiniz.

Heydər Əliyev: Çox təşəkkür edirəm. Bu dəvəti almışam, bilirəm. Siz bunu bir daha xatırladırsınız. Mən çalışacağam, münasib vaxt tapıb Litvaya gəlim. Keçmişdə, əski Sovetlər Birliyi zamanı mən Litvada olmuşam. Sonra Moskvada çalışanda Litvanın işləri ilə çox məşğul olmuşam. Ona görə də indi Litvanı gəlib görmək istəyirəm. İndi bizim ölkələrimiz - Litva da, Azərbaycan da müstəqildir. Ona görə də müstəqil dövlətlər kimi, eyni həyat yolu keçmiş dövlətlər kimi bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün görüşlərimiz vacibdir. Mən bu dəvəti yerinə yetirəcəyəm. Eyni zamanda mən Litvanın prezidentini Azərbaycana dəvət etmişəm. Yəqin ki, o da bunu edəcəkdir.

Halina Kobeskayte: Çox təşəkkür edirəm. Bunların baş tutacağına ümid edirəm. Bu görüşlər çox faydalı olar. Litva ilə Azərbaycan müstəqil ölkələrdir.

Heydər Əliyev: Elədir. Mən Vilnüs şəhərini xatırlayıram. Gözəl şəhəriniz var. Şəhərdən kənarda gözəl bir yer var. Oraya istirahətə getmişdik. Karaimlər yaşayan yerdir.

Halina Kobeskayte: Mən də karaimləri təmsil edirəm.

Heydər Əliyev: Karaimlərdənsiniz?

Halina Kobeskayte: Bəli.

Heydər Əliyev: Demək, türksən.

Halina Kobeskayte: Bəli. Biz karaylar deyirik. Amma rusca karaimdir.

Heydər Əliyev: Tarixdən bilmirəm, bəlkə səhv edirəm, karaylar burda da olublar.

Vilayət Quliyev (Azərbaycanın xarici işlər naziri): Cənab prezident, Xəzər xaqanlığından köçən türklərdir. Yəhudi dinini qəbul ediblər, amma türkdürlər.

Halina Kobeskayte: Bəli. Krımda da var. İspaniyada da, Polşada da var.

Vilayət Quliyev: Onlardan çoxlu məşhur şəxsiyyətlər yetişibdir. Məşhur balerina Anna Pavlova da karaimdir.

Heydər Əliyev: Çox gözəl. Sovetlər vaxtında Litvada çalışanlardan indi dövlət işində olanı var, yoxsa yox? Brazauskas nə edir?

Halina Kobeskayte: Brazauskas indi bir partiyanın başçısı oldu. Bir neçə partiya birləşdi və Brazauskas onun sədri seçildi.

Heydər Əliyev: Yəni yenidən siyasətə qayıtdı.

Halina Kobeskayte: Bəli, oncə cümhur başqanı oldu.

Heydər Əliyev: Bilirəm. Sonra o yenidən cümhur başqanı seçilmək istəmədi. Mən onunla danışmışdım. Dedi ki, istirahət etmək istəyir. Amma indi yenidən siyasətə qayıdıbdır.

O vaxt, sovetlər vaxtı Brazauskas Litvanın müstəqil olması üçün çox çalışırdı. O, vaxtilə, hələ Sovetlər Birliyi zamanı çox məşhurlaşmışdı. O da orada Kommunist Partiyasının başçısı idi. Litva Kommunist Partiyası yaratdı. Sonra da Qorbaçov bir partiya yaratdı, Litva partiyası. Moskvaya baxan. Hamısı xatirimdədir.

Halina Kobeskayte: Qorbaçov o zamanlar çox məmnun olmadı.

Heydər Əliyev: Çünki Sovetlər Birliyinin dağılmasında ilk addımlar Litvada atıldı. Özü də bir var ki, ayrı-ayrı mədəniyyət, elm xadimləri tərəfindən ola, bir də var ki, Brazauskas partiyanın Mərkəzi Komitəsinin başçısı olduğu halda müstəqillik yolunu tutdu. Mənim xatirimdədir, o vaxt Qorbaçov Moskvada ona çox ağır sözlər deyirdi. Amma o da ona çox sakit cavab verirdi.

Halina Kobeskayte: Qorbaçov Litvanın müstəqilliyini istəmirdi. Deyirdi ki, siz Sovetlər Birliyindən ayrılırsınız, bu, mümkün deyildir. Ona görə də Vilnüs hadisələri baş verdi.

Heydər Əliyev: Vilnüs hadisələri oldu. Amma 1990-cı ilin yanvarında Qorbaçov Bakıya qoşun hissələri yeritmişdi.

Halina Kobeskayte: Litvada 1991-ci ildə baş verdi.

Heydər Əliyev: Bilirəm. Yəni Qorbaçov buradakı hadisələrdən özü üçün nəticə çıxara bilmədi. Sonra da Vilnüsdə etdi. Bizdən öncə bunu Gürcüstanda etmişdi. Ona görə də düşünmək olardı ki, artıq anlamalı idi ki, bunu etmək olmaz. Amma anlaya bilmədi. Qorbaçov buraya gələ bilməz, o, Azərbaycanın düşmənidir.

Halina Kobeskayte: O, Azərbaycan sözünü deyə bilmirdi.

Heydər Əliyev: Doğru söyləyirsiniz. Mən Siyasi Büroda olan zaman özəl görüşlərimizdə, yaxud da ancaq Siyasi Büronun üzvləri olan zaman o, Azərbaycan sözünü deyə bilməyəndə, mən ona bir-bir, hərfbəhərf deyirdim. Amma o deyə bilmirdi. Bu sözü deməyi öyrənə bilmədi. Amma Azərbaycana qarşı bu cür ədalətsizliklər etdi.

Halina Kobeskayte: Cənab prezident, gələcəkdə ölkələrimiz arasında iqtisadi və digər sahədə əməkdaşlıq üçün geniş imkanlar açmaq lazımdır.

Heydər Əliyev: Açacağıq. Məndən prezidentinizə bir daha salam söyləyin. Azərbaycanda siz artıq yeni adam deyilsiniz. Buranı tanıyırsınız, gəlmisiniz. Deyirsiniz ki, dostlarınız var. İndi yeni dostlarınız da olacaqdır. Güman edirəm ki, siz Litva-Azərbaycan əlaqələrinin inkişafında böyük iş görə biləcəksiniz.

Tarixi arayış

Azərbaycan - Avropa