Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Baş katibi Butros Butros-Qalinin şərəfinə verilən ziyafətdə çıxışı - Gülüstan sarayı, 30 oktyabr 1994-cü il


Hörmətli xanımlar və cənablar!

İkinci gündür ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi hörmətli cənab Butros Butros-Qali Azərbaycan Respublikasında, qədim Azərbaycan torpağındadır. Bu gün cənab Butros Butros-Qali ilə bizim çox əhəmiyyətli, səmərəli söhbətlərimiz olubdur. Nəticələrinə görə mən deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin ilk dəfə Azərbaycana səfəri çox uğurludur və gələcəkdə bizim üçün əhəmiyyətli nəticələr verəcəkdir.

Cənab Baş katib, mən sizi burada - Azərbaycanın gözəl bir guşəsi olan "Gülüstan" sarayında Azərbaycan xalqı adından, öz adımdan bir daha səmimi-qəlbdən salamlayıram. Sizin Azərbaycana səfəriniz, Birləşmiş Millətlər Təşkilatının 49 illik tarixində ilk dəfə bu beynəlxalq təşkilatın Baş katibinin Azərbaycana ilk səfəri Azərbaycan Respublikasının həyatında böyük bir hadisədir. Mən bu gün sizinlə söhbətlərimdə də dedim və bir daha təkrar edirəm ki, Azərbaycan ictimaiyyəti sizin səfərinizə çox böyük maraq göstərir və Azərbaycan vətəndaşları sizin bu səfərinizə böyük ümidlərlə baxırlar. Bugünkü danışıqlarımız mənə bunu deməyə əsas verir ki, bu ümidlər öz nəticəsini verəcəkdir və siz bizim respublika ilə, xalqımızla yaxından tanış olandan sonra, Azərbaycanın dərdlərini duyub hiss edəndən, görəndən sonra, Azərbaycanın məsələləri ilə daha yaxından məşğul olacaqsınız.

Hörmətli cənab Butros Butros-Qali, sizi bütün dünyada böyük bir siyasət adamı və böyük bir diplomat, eyni zamanda böyük bir alim kimi tanıyırlar. Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, siz həyat və fəaliyyətiniz dövründə, həm elmi işlə məşğul olarkən, həm də böyük diplomatik vəzifələr həyata keçirərkən, Misir Ərəb Respublikasının rəhbərlərindən biri olduğunuz zaman çox böyük işlər görmüsünüz və gördüyünüz işlərə görə də böyük hörmət qazanmısınız. Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsində sizin fəaliyyətiniz bütün dünyaya məlumdur və sizin bu fəaliyyətinizə Azərbaycanda da böyük hörmət və ehtiram var.

Birləşmiş Millətlər Təşkilatının əsas vəzifələrindən biri bütün dünya ölkələrinin, dünya millətlərinin arasında sülh və əmin-amanlıq yaratmaq və dünya ölkələrinin, dünya dövlətlərinin inkişaf etməsinə kömək etməkdən ibarətdir. Üç il bundan öncə müstəqillik qazanmış Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin bu baxımdan BMT-nin fəaliyyətinə çox böyük ehtiyacı var. Bizim arzumuz budur ki, dünyanın hər bir yerində sülh olsun, əmin-amanlıq olsun. Ancaq bizim regionda, Azərbaycanın ərazisində sülh, əmin-amanlıq olması həm bizim xalq üçün, həm də bütün dünya ictimaiyyəti üçün ən zəruri bir vəzifədir. Altı il müharibə şəraitində yaşayan, böyük itkilər vermiş, torpaqlarının bir qismini itirmiş Azərbaycan xalqı sülhün bu gün bizim üçün nə qədər lazım olmasını hamıdan çox hiss edir və bilir. Azərbaycanda hər bir vətəndaş sülh və əmin-amanlıq arzusu ilə yaşayır, ərazi bütövlüyümüzün bərpa olunması arzusu ilə yaşayır, işğal edilmiş torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayır, insanların firavan yaşaması arzusu ilə yaşayır. Bütün bu arzuların yerinə yetirilməsinə nail olmaq üçün xalqımız Birləşmiş Millətlər Təşkilatına böyük ümidlər bəsləyir. Mən şübhə etmirəm ki, siz - dünyada çox təcrübəli bir insan, bir alicənab insan kimi, tutduğunuz vəzifədə əlinizdə olan imkanlardan istifadə edib, Azərbaycanın bu ağır vəziyyətdən çıxmasına bundan sonra daha güclü fəaliyyətlə yardım edəcəksiniz.

Azərbaycan xalqı sizi əziz qonaq kimi, hörmətli bir dost kim qəbul edibdir və bu gün sizin şərəfinizə bu salonda toplaşanların hamısı bu hissiyyatla buraya gəlibdir. Bu hissiyyatlarla mən sizi bir daha salamlayıram, sizə öz hörmət və ehtiramımı bildirirəm və badələri Birləşmiş Millətlər Təşkilatının Baş katibi, dünya miqyasında tanınmış ictimai-siyasi xadim, böyük alim, Azərbaycan xalqının dostu olan cənab Butros Butros-Qalinin şərəfinə qaldırmağı rica edirəm.

"Azərbaycan" qəzeti, 1 noyabr 1994-cü il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış