Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 14 iyun 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab səfir, mən bu gün sizinlə öz təşəbbüsümlə görüşürəm. Adətən, çox vaxt görüşməyi siz arzu edirsiniz. İndi bu dəfə mən arzu etmişəm. Məqsədim də ondan ibarətdir ki, mən sizə Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun, vitse-prezidenti Albert Qorun, dövlət katibi, xarici işlər naziri xanım Olbraytın və Amerika hökumətinin mənə Amerikada cərahiyyə əməliyyatı keçirərkən, müalicəmi davam etdirərkən göstərdikləri qayğıya, diqqətə, hörmətə görə bir daha təşəkkür edim və bir daha sizə deyim ki, mən bu münasibətdən, göstərilən bu diqqət və qayğıdan həddən artıq şadam. Mən bu fikirlərimi artıq bir neçə dəfə mətbuata verdiyim bəyanatlarda, televiziya vasitəsilə bildirmişəm və xüsusən Amerika Birləşmiş Ştatlarından vətənə yola düşərkən prezident cənab Bill Klintona göndərdiyim məktubda bunların hamısını göstərmişəm.

Bilirsiniz ki, bu ayın 10-da Azərbaycana dönməyimin ikinci günü mən Təhlükəsizlik Şurasının iclasını keçirdim və o iclasda da Amerika Birləşmiş Ştatlarına, onun hökumətinə, prezident cənab Bill Klintona hədsiz minnətdarlığımı bildirdim. Ancaq bu gün sizə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə bu sözləri bir daha deməyi özümə borc bilirəm.

Doğrusu, mən heç təsəvvür edə bilməzdim ki, mənə bu qədər qayğı və diqqət göstəriləcəkdir. Sizə təşəkkür edirəm. Çünki mən Klivlend xəstəxanasına daxil olandan oradan çıxana qədər, yəni Klivlendin hava limanından Amerika Birləşmiş Ştatlarını tərk edənə qədər Dövlət Departamentinin nümayəndəsi, sizin işçi də daim mənimlə olubdur.

Yenə deyirəm, təsəvvür edə bilməzdim ki, mənə bu qədər qayğı, diqqət göstəriləcəkdir. Ancaq eyni zamanda, mən bunu təkcə mənə göstərilən qayğı, diqqət kimi yox, Amerika Birləşmiş Ştatlarının Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına, Azərbaycan xalqına göstərdiyi qayğı və diqqət kimi qiymətləndirirəm. Bu, bir də onu göstərir ki, Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələri, münasibətləri yüksək səviyyədədir və biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi özümüz üçün həmişə çox əhəmiyyətli hesab etdiyimiz kimi, artıq mən belə düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının hökuməti də, prezidenti də Azərbaycanla əlaqəni öz ölkəsi, dövləti üçün əhəmiyyətli hesab edir.

Mən çox məmnunam ki, Vaşinqtonda səfərdə olduğum zaman NATO-nun 50 illik yubileyində, o mərasimlərdə iştirak etdim və 50 illik yubiley mərasimində Azərbaycanın NATO-ya aid fikirlərini, münasibətini açıqca bildirdim. Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla, dövlət katibi xanım Olbraytla, ticarət naziri cənab Deyli ilə, konqresmenlərlə, senatorlarla və hökumətin başqa nümayəndələri ilə görüşdüm, danışdım və lazımi söhbətlər apardım.

Bildirmək istəyirəm ki, NATO-nun 50 illik yubileyi Vaşinqtonda çox yüksək səviyyədə keçdi. Şübhəsiz ki, bu, birinci növbədə Amerika Birləşmiş Ştatları hökumətinin və prezident Bill Klintonun xidmətləridir. Ağ evdə çox böyük, möhtəşəm və çox dostluq, mehribanlıq hisslərini əks etdirən böyük bir ziyafət keçdi. Bu, mənə çox böyük təsir bağışladı və prezident cənab Bill Klintonun həmin ziyafətdə söylədiyi nitqi də mənim üçün çox əhəmiyyətlidir. Mən cənab Bill Klintonla, xanım Olbraytla apardığım danışıqları çox yüksək qiymətləndirirəm.

Senator Braunbəkin təşəbbüsü ilə Qafqaz və Orta Asiya ölkələri prezidentlərinin, Türkiyə prezidenti də burada olmaq şərti ilə görüşünü keçirib və İpək yolunun bərpası haqqında qanun layihəsini müzakirə etməsi də çox böyük hadisədir. Əgər nəzərə alsaq ki, həmin müzakirədə Amerika prezidentinin təhlükəsizlik işləri üzrə köməkçisi Sendi Berger də iştirak etdisə və nitq söylədisə, demək, burada həm senat, həm də hökumət eyni fikirdədir. Keçmiş dövlət katibi cənab Beykerin, keçmiş prezidentin təhlükəsizlik işləri üzrə köməkçisi cənab Bjezinskinin də bu mərasimdə söylədyi nitqlər çox əhəmiyyətli idi.

Mən çox məmnunam ki, konqresdə, senatda çoxsaylı görüşlər keçirdim və bu görüşlərin hamısında bir daha xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması müzakirə olunurdu və bu məsələnin həll olunması yolları müzakirə edilirdi. Mən bundan çox məmnunam.

Mən dövlət katibi xanım Olbraytın təşəbbüsü ilə Qafqaz ölkələri prezidentlərinin görüşünü xüsusi qeyd etmək istəyirəm. Belə bir görüş ilk dəfə keçirilmişdir. İndiyə qədər heç bir ölkədə, heç bir ölkənin təşəbbüsü ilə üç Qafqaz Respublikası prezidentlərinin belə məhsuldar görüşü olmamışdır. Məlumdur ki, bu görüşdə təkcə Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri yox, eyni zamanda İngiltərənin, Fransanın, Almaniyanın, Norveçin və Türkiyənin xarici işlər nazirləri də iştirak edirdilər.

Nəhayət, Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının üç şirkəti - "Mobil", "Ekson" və "Monkrif oyl" şirkətləri arasında Amerika senatının binasında böyük müqavilələr imzalanmışdır. Bu müqavilələr Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının iqtisadi əlaqələrinin nə qədər sürətlə inkişaf etdiyini bir daha göstərir.

Məlumdur ki, 1997-ci ilin avqust ayında Vaşinqtonda, Ağ evdə Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının dörd böyük neft şirkəti arasında böyük müqavilələr imzalanmışdır. Bu il senatın binasında üç müqavilə imzalandı. Mən bunlardan çox məmnunam. Çox məmnunam ki, bu müqavilələrin imzalanmasında Amerika Birləşmiş Ştatlarının ticarət naziri cənab Deyli nitq söylədi, senatorlar, konqresmenlər iştirak etdilər, onlar nitq söylədilər və bu mərasim çox yüksək səviyyədə keçdi. Bütün bunlara görə mən Vaşinqtona səfərimdən, NATO-nun 50 illik yubileyində iştirakımdan və eyni zamanda Amerika Birləşmiş Ştatlarının dövlət, hökumət başçıları ilə görüşümdən həddindən ziyadə məmnunam.

Klivlend klinikasında mənə göstərilən tibbi yardım, ürəyimdə cərrahiyyə əməliyyatı, ondan sonra müalicə zamanı, ümumiyyətlə, mənə göstərilən qayğı və dostluq münasibəti məni çox şad etmişdir və müalicəmin tezliklə keçməsinə əsas yaratmışdır.

Cənab səfir, mən sizə təşəkür edirəm. Bilirəm ki, siz Amerika Birləşmiş Ştatlarında oldugum zaman həm rəsmi görüşlər keçirərkən, həm də xəstəxanada olduğum zaman mənim orada gördüyüm bütün işlərə, həm də xəstəxanada müalicə olunmağıma həmişə diqqət yetirmisiniz, qayğı göstərmisiniz. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri kimi Azərbaycan xalqına, mənə öz yüksək münasibətinizi həmişə göstərmisiniz.

Mənim qəlbim hissiyyatlarla doludur, bu barədə çox danışa bilərəm. Ancaq hesab edirəm ki, dediyim sözlərlə qəlbimdə olan fikirləri qısaca ifadə etdim.

Stenli Eskudero: Cənab prezident, mənim də qəlbim hisslərlə doludur. Həqiqətən, mən də öz sözlərimi tam ifadə edə bilmirəm. Lakin deməliyəm ki, Siz çox böyük bir iş görmüsünüz. Siz çox tezliklə sağalmısınız. Ümumiyyətlə, bütün dünyada dövlət başçıları ildən-ilə xəstələnirlər və müalicə prosesi keçirlər. Özünüz də qeyd etdiyiniz kimi, Sizin sağalma prosesiniz Amerika Birləşmiş Ştatlarında keçdi. Sizin ölkəniz Azərbaycan və Sizin özünüz də bizim üçün çox vacibsiniz. Biz çox istəyirdik ki, Siz tezliklə sağalasınız, tam qüvvə ilə işə qayıdasınız və yenidən Azərbaycanı əvvəlkitək idarə edəsiniz.

Cənab prezident, Amerika Birləşmiş Ştatları Azərbaycan xalqı üçün çox işlər görmüşdür və çalışır ki, Azərbaycan xalqına daim yardım etsin. Lakin elə bilirəm ki, Azərbaycan xalqı üçün bu dəfəki kimi böyük hədiyyə ola bilməz. Biz çalışmışıq ki, Siz tam sağlam halda Azərbaycana dönəsiniz. Azərbaycan xalqına bundan böyük hədiyyə ola bilməz. Əgər bundan sonra da nəyəsə bir ehtiyacınız olarsa, hər hansı vasitə ilə Sizə yardımımız dəyə bilərsə, deməliyəm ki, bu, bizim üçün yalnız böyük şərəf olardı.

Cənab prezident, ürəkdən gələn sözlər dediyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə ki, Sizin bu səmimi sözlərinizin hamısını prezident Bill Klintona, vitse-prezident Albert Qora və dövlət katibi xanım Olbrayta çatdıracağam.

Cənab prezident, onu da bilməlisiniz ki, bizim hökumətin, amerikalıların Sizin sağlamlığınızla əlaqədar maraqları və qayğıları hələ də davam etməkdədir. Bununla əlaqədar olaraq mən prezident Bill Klintonun şəxsi məktubunu Sizə yetirmək istəyirəm və cənab Riçardsonun məktubunu da Sizə təqdim etmək istəyirəm.

Cənab prezident, bir halda ki, yenidən işə başlamısınız, bilirəm ki, Sizin vaxtınız məhduddur. Fürsətdən istifadə edərək istərdim ki, bəzi məsələlərə də toxunaq.

Heydər Əliyev: Mən sizə bir daha minnətdarlğımı bildirirəm və sizin dediyiniz sözlərə görə təşəkkür edirəm. Allah eləsin ki, bir daha cərrahiyyə əməliyyatı olmasın. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 15 iyun 1999-cu il.