Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı Hərbi Dəniz Donanması Akademiyasında keçirilən görüşdə nitqi - 23 aprel 1999-cu il


Əziz dostlar!

Mən sizi səmimi qəlbdən salamlayıram, sizə təhsildə və gələcək hərbi xidmətinizdə uğurlar arzulayıram.

Mən bu dəvəti böyük məmnuniyyətlə qəbul edib Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Donanması Akademiyası ilə tanış olmağa gəlmişəm. Sizin təhsil aldığınız hərbi akademiya böyük tarixə və zəngin ənənələrə malikdir.

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük dövlətlərindən biridir və eyni zamanda coğrafi vəziyyətinə görə onun ərazisi hər tərəfdən okeanlarla, dənizlərlə əhatə olunmuşdur. Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Donanması ölkənin silahlı qüvvələrində həmişə görkəmli yer tutubdur. Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrində hərbi dəniz donanması sahəsində xidmət edən hərbçilər, şübhəsiz ki, öz təhsillərini məktəblərdə, akademiyalarda, kolleclərdə alıblar.

Bu sahədə sizin akademiyanın çox böyük xidmətləri var. Mən bilirəm ki, Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələrində keçmişdə və bu gün xidmət edən görkəmli sərkərdələrin bir çoxu Hərbi Dəniz Akademiyasının məzunları olmuşlar. Amerika Birləşmiş Ştatlarının dövlət, siyasi xadimlərinin də bir qismi vaxtilə sizin akademiyada təhsil almış şəxslərdir.

Bir neçə dəqiqə bundan öncə mən sizin akademiyanın ərazisi, binaları və buradakı şərait ilə qısaca tanış oldum. Akademiyanızın zəngin tarixi və çox əzəmətli binaları, bugünkü vəziyyəti məni heyran etdi. Akademiya ilə tanış olarkən, sizinlə görüşərkən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının gəncləri, vətəndaşları - sizin akademiyada təhsil alıb buranı bitirənlər, şübhəsiz, xoşbəxt adamlardır. Bütün bunlara görə də mən bu gün sizinlə görüşməyimdən və akademiya ilə tanış olmağımdan çox şadam.

Təbiidir ki, sizi bizim Azərbaycan, ölkəmiz haqqında məlumatlar maraqlandırır. Bildirmək istəyirəm ki, Azərbaycan Avropanın Asiya ilə birləşdiyi yerdə - Qafqazda yerləşən ölkədir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşir, eyni zamanda Qafqaz dağları ilə əhatə olunubdur. Azərbaycan şimalda Rusiya, cənubda İran, qərbdə isə Gürcüstan və Ermənistan ilə həmsərhəddir. Azərbaycan ərazisinin şərq hissəsi isə Xəzər dənizinin sahilləridir.

Azərbaycan gənc müstəqil dövlətdir. 1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir.

Azərbaycanın qədim, çox zəngin tarixi var. XX əsrdə isə Azərbaycan 70 il Sovetlər İttifaqının tərkibində müttəfiq respublika kimi yaşayıb və dediyim kimi, 1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman öz müstəqilliyini əldə edibdir.

Azərbaycan zəngin təbiətə və çox zəngin təbii ehtiyatlara, xüsusən enerji ehtiyatlarına malikdir. Azərbaycan qədimdən Odlar diyarı adlandırılıb, qədim neft ölkəsidir. Azərbaycanda neftdən çox qədim zamanlarda istifadə olunmuşdur. Ancaq neftin sənaye üsulu ilə çıxarılmasının başlanması 1850-1852-ci illərə təsadüf edir. Tarixdən məlumdur ki, Azərbaycanda ilk neft fontanı 1848-ci ildə vurubdur. Bu, dünyada ilk böyük neft fontanı olubdur.

Amerika Birləşmiş Ştatları da qədim neft diyarıdır. Ancaq ABŞ-da ilk neft fontanı Azərbaycandan bir neçə il sonra, Pensilvaniyada vurubdur. Bu mənada ölkələrimizin oxşar tarixi var.

1991-ci ildə dövlət müstəqilliyini əldə edərkən Azərbaycan ağır bir vəziyyət keçirirdi. Azərbaycana qonşu olan Ermənistan 1988-ci ildə ölkəmizə qarşı torpaq iddiası ilə çıxış edərək Azərbaycanın ərazisində Dağlıq Qarabağ vilayətini ələ keçirmək məqsədi ilə hərbi təcavüz etmişdir. Bu hərbi təcavüz sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmişdir. Müharibə davam etmiş və dünyanın bir neçə ölkəsinin çox böyük yardımı nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. İşğal olunmuş torpaqlardan azərbaycanlılar zorla çıxarılmış, bu torpaqlarda etnik təmizləmə aparılmış, Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirilmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaş zorla çıxarılıb və bir çox ildir ki, onlar Azərbaycanın başqa bölgələrində çadırlarda yaşayırlar.

Beş il bundan öncə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün atəşkəs rejimi əldə etmişik və bu barədə saziş imzalamışıq. Artıq döyüşlər yoxdur, müharibə getmir, amma eyni zamanda Azərbaycan torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Biz münaqişəni sülh yolu ilə həll etməyə, işğal olunmuş torpaqları azad edərək vətəndaşlarımızı bu torpaqlara, özlərinin yerinə-yurduna qaytarmağa, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırıq.

Bu məsələləri həll etmək üçün 1992-ci ildə ATƏT xüsusi Minsk Konfransı, Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa, - qrupun tərkibinə başqa ölkələr də daxildir, - məsələnin sülh yolu ilə həll olunması problemi ilə məşğuldurlar. Danışıqlar aparılır, ancaq hələ müsbət nəticə əldə edilməyibdir. Ona görə əldə edilməyib ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutub, Dağlıq Qarabağ kimi kiçik bir yerə dövlət müstəqilliyi statusu əldə etmək istəyir.

Dağlıq Qarabağ Azərbaycanın tərkibində kiçik bir vilayətdir, onun ərazisi 4 min kvadrat kilometrdir. 1988-ci ildə münaqişə başlayarkən bu vilayətin ərazisində cəmi 170 min əhali yaşayırdı. Əhalinin 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar idi. Münaqişə nəticəsində azərbaycanlılar Dağlıq Qarabağdan zorla çıxarılıblar, indi orada ermənilər yaşayır. Ancaq münaqişə ilə əlaqədar ermənilərin də çoxu oradan köçübdür. İndi orada çox az miqdarda əhali yaşayır.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə məsələnin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edilibdir. Bu prinsiplərə görə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməlidir. Biz bu prinsipləri qəbul etmişik, ancaq Ermənistan tərəfi qəbul etmir. Ona görə də məsələ indiyə qədər həll olunmayıbdır.

Azərbaycanın əhalisi 8 milyon nəfər, ərazisi 86 min kvadrat kilometrdir. Azərbaycan böyük sənaye, eyni zamanda çox böyük kənd təsərrüfatı ölkəsidir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra iqtisadi potensialını inkişaf etdirməyə, təbii ehtiyatlarından daha da səmərəli istifadə etməyə çalışır. Dövlət müstəqilliyi əldə edəndən sonra biz keçmiş kommunist ideologiyasından imtina etmişik. Azərbaycanın öz tarixi ənənələrinə, dünyada bütün sınaqlardan çıxmış demokratiya prinsiplərinə uyğun olaraq ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Biz Azərbaycanda ciddi islahatlar - həm siyasi, həm də iqtisadi islahatlar həyata keçiririk. Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurub inkişaf etdirməyə, Azərbaycanı dünya iqtisadiyyatı ilə daha sıx bağlamağa çalışırıq.

Bu sahədə Azərbaycanın enerji ehtiyatlarından istifadə olunması xüsusi əhəmiyyət daşıyır. İndiyə qədər Azərbaycan ərazisində çox neft hasil olunubdur. Ancaq Azərbaycan ərazisinin həm quru hissəsində, həm də Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqları indi də mövcuddur. Bunlardan səmərəli istifadə etmək üçün biz son illərdə dünyanın böyük neft şirkətləri ilə müştərək iş görmək məqsədi ilə bir çox tədbirlər həyata keçirmişik. O cümlədən, Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri Azərbaycanda bizimlə birgə iş görürlər.

Biz 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının və başqa Qərb ölkələrinin iri neft şirkətləri ilə bərabər böyük bir müqavilə imzalamışıq. O, "Əsrin müqaviləsi" adlandırılıbdır. İndi bu müqavilə həyata keçirilir və bunun nəticəsində 1997-ci ildə ilkin neft almışıq. Həmin neftin ixracı üçün Bakıdan Qara dənizdəki Novorossiysk limanına böyük bir neft kəməri yaratmışıq. Bu kəmər vasitəsilə nefti ixrac edirik.

Biz ikinci neft kəməri də yaratmışıq. O, Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına çəkilmişdir. Bu da istismara verilib və onun vasitəsilə neft Qara dənizə, oradan da dünya bazarlarına ixrac olunur.

Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarında təxminən 4 milyard tondan 10 milyard tona qədər neft ehtiyatları aşkar edilmişdir. Bu yataqların müştərək işlənilməsi və neft hasilatı üçün imzalanmış müqavilələr əsasında Azərbaycana təxminən 50 milyard həcmində investisiya qoyulması nəzərdə tutulur. Neftin dünya bazarlarına ixrac edilməsi üçün biz yeni - əsas neft kəmərinin çəkilməsinə də başlayacağıq. Bu, Bakı-Ceyhan neft kəməridir, Bakıdan Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməlidir.

Xəzər dənizi böyük neft ehtiyatlarına malikdir. Biz Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqlarının işlənilməsinə başlamışıq. Amma Xəzər dənizinin digər sektorlarında da zəngin neft yataqları var. Beləliklə, Xəzər dünyanın ən böyük enerji ehtiyatlarına malik olan regionudur.

Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri - "Amoko", "Yunokal", "Penzoyl", "Ekson", "Mobil", "Şevron" və başqaları Azərbaycanda artıq bizimlə müştərək iş görürlər. Bu günlərdə Vaşinqtonda Amerikanın neft şirkətləri ilə Azərbaycan arasında üç böyük müqavilənin imzalanması nəzərdə tutulubdur.

Beləliklə, biz Xəzər dənizini dünyaya təqdim etmişik. Onun enerji ehtiyatlarının dünya ölkələri üçün istifadə olunmasından ötrü böyük imkanlar yaratmışıq.

Azərbaycan çox əlverişli coğrafi-strateji mövqeyə malik ölkədir, Avropa ilə Asiyanın qovuşduğu bir yerdə və tarixi Böyük İpək yolunun keçdiyi ərazidə yerləşir. Ona görə də Azərbaycan tarixi İpək yolunun bərpası sahəsində də son illər çox ciddi işlər görmüşdür. Bizim neft strategiyamız əsasında və tarixi İpək yolunun bərpa edilməsi sayəsində Şərqlə Qərbin, Avropa ilə Asiyanın daha sıx əlaqələr saxlaması üçün böyük imkanlar yaradırıq.

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Biz bütün ölkələrlə sülh və əmin-amanlıq prinsipləri əsasında əməkdaşlıq etməyə çalışırıq. Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə strateji nöqteyi-nəzərdən baxırıq. Bu əlaqələr strateji əhəmiyyət kəsb edir. 1997-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfər etdiyim zaman biz ABŞ-ın prezidenti və hökumət üzvləri ilə çox səmərəli danışıqlar aparmış və ölkələrimiz arasında çox mühüm sənədlər imzalamışıq. Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməyə çalışırıq. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirak edir və biz bundan sonra da bu proqramın həyata keçirilməsində iştirak etməyə çalışacağıq.

Bildiyiniz kimi, mən buraya NATO-nun 50 illik yubileyi münasibətilə gəlmişəm. NATO-nun 50 illik yubileyi ilə bağlı mərasimlərdə iştirak edəcəyəm və bu günlər biz NATO ilə əməkdaşlığın özümüz üçün çox vacib olduğunu nümayiş etdiririk.

Azərbaycanın Silahlı Qüvvələri, ordusu gəncdir. Xəzər dənizində Azərbaycanın hərbi dəniz donanması da var. Bilirsiniz ki, Xəzər qapalı dənizdir, ona görə orada dəniz qüvvələri də o qədər güclü deyildir. Ancaq Azərbaycanın da hərbi dəniz donanmasının tarixi və yaxşı ənənələri vardır. Mən sizi Azərbaycana dəvət edirəm. Güman edirəm ki, hər biriniz Azərbaycanı ziyarət etsəniz, çox yaxşı təəssürat əldə edə bilərsiniz.

Mən təhsilinizdə sizə bir daha uğurlar arzulayıram. İndi isə sizin suallarınıza cavab verməyə hazıram.

"Azərbaycan" qəzeti, 25 aprel 1999-cu il.