Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Xalq Məclisində çıxışı - Sofiya, 29 iyun 1995-ci il


Hörmətli Bolqarıstan parlamentinin sədri cənab Sendov, hörmətli parlament üzvləri, hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikası adından, Azərbaycan xalqı adından sizi və sizin simanızda bütün Bolqarıstan xalqını səmimi qəlbdən salamlayıram, sizin ölkənizə və xalqınıza Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm.

Bolqarıstan Respublikasının prezidenti hörmətli cənab Jelyu Jelevin dəvətini böyük məmnuniyyətlə qəbul edib, mən sizin ölkənizə rəsmi səfərə gəlmişəm və artıq bir neçə saatdır ki, biz burada çox səmərəli əməkdaşlıq edirik. Bolqarıstan prezidenti hörmətli cənab Jelyu Jelev və mən Bolqarıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında çox əhəmiyyətli saziş imzaladıq. Bundan başqa, iqtisadiyyatımızın, iqtisadi əlaqələrin inkişafı üçün və onların inkişafına şərait yaratmaq üçün bir neçə saziş də imzalandı. Mən bu sazişlərin imzalanmasını Bolqarıstan ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün yeni bir mərhələ hesab edirəm.

Azərbaycan Respublikası üç il yarımdır müstəqil dövlət kimi yaşayır, Azərbaycan Respublikası 1918-ci ildə əldə etdiyi müstəqilliyi keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra bir daha bərpa etməyə nail oldu. Xalqımız dövlət müstəqilliyini və milli azadlığı tarixi bir nailiyyət hesab edir və müstəqilliyi daimi etmək əzmi ilə yaşayır. Ona görə də sizə bəyan etmək istəyirəm ki, bu müstəqillik Azərbaycan üçün daimi olacaqdır. Bir müstəqil dövlət kimi, Azərbaycanda ümumdemokratik, sivilizasiyalı dövlət yaranır. Biz hüquqi cəmiyyət yaradırıq, insan hüquqlarının və bütün insan azadlıqlarının qorunması bizim həm dövlət siyasətimizin, həm də cəmiyyətimizdə gedən proseslərin əsasını təşkil edir. İqtisadiyyat sahəsində Azərbaycan bazar iqtisadiyyatı, azad iqtisadiyyat yolu ilə gedir və bu sahədə iqtisadi islahatlar keçirilməsi ilə məşğuldur. Biz aqrar sektorda islahatların keçirilməsinə başlamışıq, özəlləşdirmə proqramı qəbul etmişik və yaxın vaxtlarda bu proqramın geniş surətdə həyata keçirilməsinə başlayacağıq. Cəmiyyətimizdə siyasi plüralizm, bütün azadlıqlar bərqərar edilib, hökm sürür. Bizdə çoxpartiyalı cəmiyyət yaranıbdır. İndi Azərbaycanda qırxdan artıq partiya var və siyasi plüralizmi təmin etmək üçün yüzlərlə qəzet də çıxır.

İqtisadi sahədə gördüyümüz tədbirlər respublikamızı dünya iqtisadiyyatı üçün açır və dünya iqtisadiyyatının Azərbaycana investisiya qoyması üçün hər cür şərait yaradılır. Bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikası ilə Qərbin aparıcı neft şirkətləri arasında bağlanmış böyük müqavilədən sizə danışmaq istəyirəm. Həmin müqavilədə Xəzərin Azərbaycan Respublikasına aid sektorundakı neft yataqlarının Qərb şirkətləri ilə birlikdə işlənməsi və bundan ölkəmizin faydalanması, xarici ölkə şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyulması nəzərdə tutulubdur.

Demək istəyirəm ki, respublikamızda xarici investisiyalar üçün bütün şərait yaradılıb, o cümlədən qanunlar qəbul olunubdur. Odur ki, biz bütün xarici ölkələri Azərbaycana investisiya qoymağa dəvət edirik.

Ölkəmizdə demokratik prinsiplərin inkişaf etməsi üçün bu il, 1995-ci il xüsusi əhəmiyyətə malikdir. Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlamentinə seçkilər olacaq və bu seçkilər tam demokratik prinsiplər əsasında, çoxpartiyalı sistem əsasında keçiriləcəkdir. Həmin vaxt Azərbaycanın yeni demokratik konstitusiyası da qəbul olunacaqdır. İndi biz bu konstitusiyanın üzərində işləyirik. Konstitusiyada Azərbaycanın gələcəkdə də demokratik və hüquqi dövlət kimi inkişaf etdirilməsi üçün əsas yaradılır.

Azərbaycan Respublikası çoxmillətli respublikadır. Azərbaycanda yaşayan bütün xalqlar milli mənsubiyyətindən, dinindən, dilindən, siyasi dünyabaxışından asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və Azərbaycanın dövlət strukturlarında, ictimai təşkilatlarında bərabər hüquqla iştirak edir.

Ola bilər, mətbuatdan sizə məlumdur ki, son illər Azərbaycanda ictimai-siyasi proseslər çox kəskin gedib, hakimiyyət uğrunda mübarizə olub, üç dəfə hakimiyyət dəyişikliyi baş veribdir və son bir il ərzində iki dəfə silah vasitəsilə dövlət çevrilişinə cəhd göstərilibdir. Lakin Azərbaycanın indiki dövləti bütün bunların qarşısını ala bilir və bundan sonra da almağa qadirdir. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir.

Azərbaycanın indiki sosial-iqtisadi vəziyyətini böhran vəziyyəti kimi səciyyələndirmək olar. Bu sahədə Azərbaycanın vəziyyəti sizin ölkənizin, habelə sizin kimi keçmiş sosialist iqtisadiyyatına mənsub olmuş ölkələrin vəziyyətinə oxşayır. Sosialist iqtisadi, ictimai-siyasi sistemindən yeni sistemə keçmək prosesi çox ağır və çətindir. Bu, bizim respublikamızda da böyük və ciddi problemlər yaradıbdır.

Azərbaycanda keçid dövrü daha da ağırlaşıb. Ona görə ki, Azərbaycan yeddi ildir Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Ermənistan Respublikası 1988-ci ildən Azərbaycan ərazisinin bir hissəsini, Dağlıq Qarabağı ələ keçirmək üçün hərbi təcavüzə başlayıbdır. Bu təcavüz nəticəsində böyük itkilər olub, çox qanlar tökülübdür, Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyon nəfərdən artıq Azərbaycan vətəndaşı qovulub və indi Azərbaycanın başqa regionlarında qaçqın vəziyyətində, çox ağır vəziyyətdə yaşayır.

Azərbaycan sülhsevər dövlətdir, biz Ermənistanın və digər qonşu ölkələrin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da başqa ölkəyə verə bilmərik. Buna görə də biz öz ərazi bütövlüyümüzü qoruyur, torpaqlarımızı müdafiə edirik və bu müharibəni ancaq və ancaq özümüzü müdafiə etmək üçün aparırıq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə 700-dən artıq şəhər, qəsəbə və kənd viran edilib, tarixi abidələr, fabrik və zavodlar, yaşayış evləri dağıdılıbdır. Azərbaycana böyük maddi zərər və mənəvi zərbə vurulubdur.

Bütün bu itkilərə, bütün bu zərərlərə baxmayaraq, Azərbaycan Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək istəyir. Buna görə də sülh danışıqları aparırıq. Sizə məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, keçən ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş bağlanıbdır. On üç aydır ki, atəşkəs rejimi davam edir, biz bu atəşkəs rejiminə sadiqik və böyük sülh əldə etmək üçün gələcəkdə də sadiq qalacağıq. Etibarlı, uzunmüddətli sülh əldə etmək üçün biz ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla danışıqlar aparırıq və əmin olduğumuzu bildirmək istəyirik ki, bu danışıqlar müsbət nəticə verəcək, biz nəhayət, sülhə nail olacağıq.

Lakin bu sülhü əldə etmək üçün bizim əsas şərtlərimiz var. Bunlar ədalətli şərtlərdir: Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır və Azərbaycan torpağının işğal edilmiş hissələrindən erməni silahlı qüvvələri çıxmalıdır, bir milyondan artıq qaçqın öz ev-eşiyinə, yurd-yuvasına qayıtmalıdır. Bununla yanaşı biz etibarlı sülhün şərti kimi, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni əhalinin təhlükəsizliyinin təmin edilməsinə təminat veririk. Biz onlara müəyyən status verilməsi barədə də öz bəyanatlarımızı bildirmişik. Yəni Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qalmalıdır, orada yaşayan erməni millətinə mənsub adamlar, əhali də Azərbaycan vətəndaşları kimi müəyyən status, azadlıq statusu alıb yaşamaq imkanına malik olacaqlar.

Bizim təkliflərimiz ədalətli təkliflərdir və ümidvar olduğumu bildirmək istəyirəm ki, dünya dövlətləri, dünya ictimaiyyəti, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olan ölkə kimi Bolqarıstan da bu məsələlərin həllində Azərbaycana, bizim regionumuzda sülh yaranmasına kömək edəcəkdir.

Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur, beynəlxalq təşkilatların əksəriyyətinin üzvüdür və bu təşkilatlarda öz sülhsevər, eyni zamanda mütərəqqi xarici siyasətini həyata keçirir.

Mən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bundan sonra da qoruyacaq və bir müstəqil dövlət kimi bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması yolu ilə gedəcəkdir.

Hörmətli parlament üzvləri, tərcüməçimiz böyük təcrübəyə malik olmadığına və çətinlik çəkdiyinə görə mən çıxışımın yekun hissəsini rus dilində ifadə edəcəyəm. Bizim xüsusi tərcüməçimiz yoxdur.

Siyavuş Məmmədzadə Azərbaycanın görkəmli şairlərindən biridir, bolqar şairlərinin şerlərini Azərbaycan dilinə tərcümə edir. Onun tərcüməçilik fəaliyyəti diqqətəlayiqdir. Elə düşünürəm ki, məni başa düşəcəksiniz.

Mən burada olmağımla əlaqədar, Avropa dövlətinin - Bolqarıstan Respublikasının parlamenti kimi nüfuzlu parlamentdə çıxış etməyimə görə böyük məmnunluq hissi keçirdiyimi bir daha bildirmək istəyirəm. Biz sizin ölkənizdə baş verən prosesləri - demokratikləşdirmə proseslərini, insan hüquqlarının bərqərar edilməsi proseslərini, keçmişdə buraxılmış səhvlərin düzəldilməsi proseslərini böyük ehtiramla izləyirik və dərin xeyirxahlıq hissi ilə sizə getdiyiniz yolda böyük uğurlar arzulayırıq.

Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Söhbət iqtisadi, elmi, texniki və mədəni əlaqələrdən gedir. Biz bu əlaqələrə böyük əhəmiyyət veririk, onları əziz tuturuq. İndi də - Azərbaycanın müstəqil dövlət olduğu, Bolqarıstanda çox mühüm ictimai-siyasi proseslərin getdiyi yeni şəraitdə biz hesab edirik ki, əlaqələrimiz keyfiyyətcə yeni səviyyədə ola bilər. Mənim buraya, Bolqarıstana səfərim məhz bununla bağlıdır ki, bu münasibətləri daha yüksək keyfiyyət səviyyəsinə qaldıraq.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycanda Bolqarıstanı çox yaxşı tanıyırlar, onun qədim tarixinə, Bolqarıstan oğullarının azadlıq və istiqlaliyyət uğrunda hünərlərinə bələddirlər. Son illər Bolqarıstan torpağında gedən proseslərdən Azərbaycanda yaxşı xəbərdardırlar.

Mən xalqımızın ən səmimi duyğularını və ən xoş arzularını sizə çatdırıram. Getdiyiniz yolda sizə uğurlar arzulayıram!

Ölkələrimiz arasında əlaqələrin daha uğurlu inkişafını təmin etmək üçün biz bu gün hörmətli prezident cənab Jelyu Jelev və parlamentin sədri hörmətli cənab Blaqovest Sendov ilə ətraflı söhbət apardıq. Mən sizin qarşınızda açıq bildirirəm ki, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün daha böyük ehtiyat mənbələri var və bunlardan istifadə olunması, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri yaradılması üçün biz öz tərəfimizdən hər şeyi edəcəyik.

Yaşasın müstəqil, gözəl Bolqarıstan!

Qəhrəman bolqar xalqına, onun tarixi nailiyyətlərinə eşq olsun!

Yaşasın sarsılmaz Bolqarıstan - Azərbaycan dostluğu!