Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 11 avqust 1998-ci il


Jurnalist: Cənab prezident, Siz bir neçə dəfə bəyan etmisiniz ki, 1998-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəksiniz. Lakin respublikamızda yaradılmış dörd seçici birliyinin və 11 təşəbbüs qrupunun üzvləri, eləcə də Sizin namizədliyinizi irəli sürmək üçün öz imzalarını atmış yüz minlərlə seçici 1998-ci il avqustun 7-də Sizə müraciət qəbul etmişlər. Həmin müraciətdə deyilir ki, respublikamızda yaradılmış dörd seçici birliyinin və 11 təşəbbüs qrupunun üzvləri və Sizin namizədliyinizi irəli sürmək üçün öz imzalarını atmış yüz minlərlə seçicinin adından Sizdən xahiş edirik ki, 1998-ci il oktyabrın 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verəsiniz.

Xahiş edirəm, bu müraciətə öz münasibətinizi bildirəsiniz.

Heydər Əliyev: Bu müraciət mənə məlumdur. Bu müraciət mənə çatdırılıbdır. Mən dünən televiziyada da bu müraciətin oxunuşunu dinləmişəm. O, bu gün mətbuatda da dərc olunubdur. Yaranmış seçici birlikləri, təşəbbüs qrupları Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün artıq xeyli fəaliyyət göstəriblər. Onların hamısı yenidən prezident seçilməyim üçün mənə müraciət ediblər və bu barədə xeyli iş görüblər.

Mən bu münasibətlə onu deyə bilərəm ki, indiyə qədər mənim həyatım həmişə Azərbaycan xalqının iradəsinə tabe olmuşdur. Mən həyatımın mənasını həmişə xalqa xidmətdə görmüşəm. Son illər, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra öz xalqına xidmət etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir. Keçmişdə etdiyim xidmətlərin nə qədər böyük olmasına baxmayaraq, mən müstəqil Azərbaycana xidmət etməyi həyatımın ən mənalı, ən əhəmiyyətli hissəsi hesab edirəm. Ona görə də mən bu növbəti prezident seçkilərindən də kənarda qala bilmərəm.

Doğru buyurursunuz, dəfələrlə bəyan etmişəm ki, mən yenidən prezident seçilmək üçün özümün namizədliyimi irəli sürməyəcəyəm. Bu gün də bu fikirdəyəm. Ancaq keçmiş günlərdə də demişdim və bu gün də buna riayət edirəm, - əgər vətəndaşlar, xalq mənim bundan sonra da prezident vəzifəmi aparmağa ehtiyaclıdırlarsa, şübhəsiz ki, mən buna etiraz etməyəcəyəm.

Bunlara əsasən bu gün bəyan edirəm ki, mənə olan bu müraciətlərə müsbət cavab verirəm. Mənim namizədliyimi irəliyə sürdüklərinə və namizədliyim üçün çoxsaylı imzalar topladıqlarına görə, bu barədə əməli fəaliyyətinə görə seçici birliklərinə, təşəbbüs qruplarına öz təşəkkürümü bildirirəm. Bəyan edirəm ki, bu müraciətə cavab olaraq mən oktyabr ayının 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verirəm. Prezident seçilməyim üçün mənim namizədliyimin qeydə alınmasını da xahiş edirəm.

Bu müraciət mənə çatdırılmışdır. Bunun əsasında mən Mərkəzi Seçki Komissiyasına öz rəyimi artıq bildirmişəm. Ancaq bu məsələ Azərbaycan ictimaiyyətində çox böyük maraq doğurduğuna və mənim əvvəllər verdiyim bəyanatlardan çoxlarının narahat olduğuna görə bu gün sizin bu sualınıza cavab verərək bildirirəm ki, mən prezident seçkilərində iştirak edəcəyəm. Təşəbbüs qruplarının, seçici birliklərinin mənə göstərdikləri qayğıya, diqqətə, xoş münasibətə cavab olaraq çalışacağam ki, onların bu etimadını doğruldum.

Oktyabrın 11-də respublikamızda prezident seçkiləri ilk dəfə müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası əsasında keçiriləcəkdir. Mən müstəqil Azərbaycanın ilk Konstitusiyası əsasında aparılan seçkilərdə iştirak etməyi özüm üçün şərəf hesab edirəm. Çalışacağam ki, bu şərəfə layiq olum, məni yenidən prezident seçmək istəyən Azərbaycan vətəndaşlarının arzularına və istəklərinə çatması üçün öz xidmətimi göstərim.

Azərbaycanın prezidenti kimi mən bu gün bir daha bildirirəm ki, Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsi üçün bütün imkanlar yaradılıb və bundan sonra da yaradılacaqdır. Təbiidir ki, prezident seçkilərini seçki komissiyaları - Mərkəzi Seçki Komissiyası, ərazi və məntəqə seçki komissiyaları aparır. Ümid edirəm ki, onlar öz üzərlərinə düşən bu tarixi məsuliyyəti, missiyanı layiqincə həyata keçirəcəklər. Ancaq Azərbaycanın icra orqanları prezident seçkilərinin keçirilməsində seçki komissiyalarına kömək etməlidirlər və üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

İctimaiyyətə artıq məlumdur ki, mən bu barədə lazımi tədbirlər görmüşəm və icra orqanları qarşısında müvafiq vəzifələr qoymuşam. Bu gün də bildirirəm ki, Azərbaycanın icra orqanları respublikamızda oktyabr ayının 11-də prezident seçkilərinin keçirilməsi üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər və əminəm ki, onlar heç bir səhvə, qanun pozuntusuna yol verməyəcəklər.

Şübhəsiz ki, bu, təkcə icra orqanlarından asılı deyil, Azərbaycanda yaşayan bütün vətəndaşlardan, ictimai-siyasi təşkilatlardan, siyasi partiyalardan asılıdır. Düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir ictimai-siyasi təşkilat, siyasi partiya Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən prezident seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsi üçün öz səylərini əsirgəməyəcəklər. Hərə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Hesab edirəm ki, hər kəsin üzərinə bu sahədə ona məxsus olan vəzifə düşür.

Mən bəyan edirəm ki, indiyə qədər görülmüş iş, qəbul olunmuş qanunlar, Azərbaycanın Konstitusiyası, Azərbaycan vətəndaşlarına verilmiş azad hüquqlar hamısı birlikdə ölkəmizdə prezident seçkilərinin demokratiya şəraitində, azad, ədalətli, sərbəst, aşkar keçirilməsini təmin edəcəkdir. Əminəm ki, Azərbaycanda oktyabr ayının 11-də keçiriləcək prezident seçkiləri dünya ictimaiyyətinə Azərbaycanda demokratiyanın inkişafını nümayiş etdirəcəkdir və Azərbaycanın demokratiya yolunda atdığı böyük, dəyərli bir addım olacaqdır.

Jurnalist: Cənab prezident, təşəkkür edirəm. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun.

 
"Azərbaycan" qəzeti, 12 avqust 1998-ci il.

Tarixi arayış