Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Bakıdakı səfirliyi binasının açılışında çıxışı - 4 may 1995-ci il


Hörmətli cənab səfir Kozlariç və xanım Kozlariç!

Hörmətli səfirlər, diplomatik işçilər və rəsmi qonaqlar!

ABŞ-ın Bakıdakı səfirliyi binasının təmir olunub abadlaşdıqdan və avadanlıqla təmin edildikdən sonra açılması münasibətilə cənab Kozlariçi və səfirliyin bütün işçilərini təbrik edirəm. Mən bunu böyük hadisə hesab edirəm.

Müstəqil Azərbaycan Respublikasında ABŞ səfirliyinin açılması ölkələrimiz arasında əlaqələr üçün şübhəsiz ki, ilk və böyük addım idi. Ancaq Amerika Birləşmiş Ştatlarına layiq olan binanın əldə olunması və səfirliyin tam fəaliyyəti üçün onun lazımi səviyyəyə çatdırılması da böyük hadisədir.

Əminəm ki, səfirliyin işçiləri bu binada yerləşdikdən sonra daha səmərəli fəaliyyət göstərəcəklər. Çünki burada deyildiyi kimi, onlar üçün yüksək səviyyədə şərait yaranıbdır. Binanın hazırlanması və burada digər şöbələrlə yanaşı, kitabxana da yaradılması belə bir fikir söyləməyə əsas verir ki, səfirlik binası təkcə ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyi kimi yox, həm də elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Əminəm ki, bundan həm Amerikanın Azərbaycana gələn vətəndaşları - güman edirəm ki, indən sonra onların sayı daha çox olacaqdır, - həm də Azərbaycan vətəndaşları istifadə edəcəklər.

Səfirliyin binasının təmiri və onun avadanlıqla təmin edilib bugünkü səviyyəyə çatdırılması üçün çox iş görülübdür. Ancaq buna çoxlu vaxt sərf olunubdur. ABŞ-da belə işləri adətən, qısa müddətdə həyata keçirirlər. Ola bilsin ki, bizim işlərimiz ləng getdiyi kimi, bu səfirliyin binasının təmiri də ləng olubdur. Ancaq hər halda işlər başa

çatıb və mən bu münasibətlə cənab Kozlariçi təbrik edirəm. Bu binanı təmir edib onu belə səviyyəyə çatdıran şirkətlərin və adamların hamısına təşəkkür edirəm.

ABŞ-ın Azərbaycandakı ilk səfiri olmuş cənab Riçard Maylsın bu gün burada iştirak etməməsinə mən də təəssüflənirəm. Güman edirəm ki, o, bu çatışmamazlığı özünün Moskvadakı fəaliyyəti ilə əvəz edəcəkdir. O, ABŞ prezidenti cənab Bill Klintonun Moskvaya qarşıdakı səfəri ilə bağlı məsələlərlə məşğuldursa, güman edirəm ki, həmin səfər zamanı və cənab Bill Klintonun Rusiya prezidenti cənab Boris Yeltsinlə görüşlərində və söhbətlərində şübhəsiz ki, Azərbaycan mövzusu da öz yerini tapacaqdır. Ona görə də hesab edirəm ki, cənab Riçard Maylsın buraya gəlməməsini bağışlamaq olar.

Mən cənab Kozlariçin söylədiyi bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. O dedi ki, cənab Mayls Bakıdan gedərkən buradakı ağacların qorunmasını tövsiyə etmişdir. Bu fikir mənim üçün də çox əzizdir. Bu, əhəmiyyətli məsələdir. Çünki Bakının vətəndaşları, xüsusən də 70-ci illərdə paytaxtda yaşamış adamlar yaxşı bilirlər ki, həmin vaxtlar mən burada işləyərkən şəhəri yaşıllaşdırmaq, ağac əkmək məsələsi ilə çox ciddi məşğul olurdum. Yaşıllıqların qorunması demək olar ki, dövlət səviyyəsinə gəlib çatmışdı. Bu gün iftixar hissi ilə deyə bilərəm - güman edirəm ki, buna mənim ixtiyarım var – indi Bakıda mövcud olan ağacların əksəriyyəti mənim burada işlədiyim vaxtlar bu məsələyə çox ardıcıl səj göstərməyim nəticəsində əkilibdir.

Uzun müddət Moskvada yaşadıqdan sonra mən 90-cı illərdə Azərbaycana qayıdarkən, Bakı hava limanından şəhərə gələrkən yolun kənarlarındakı ağacların boy atdığını gördükdə çox sevindim və onların hər birini öz doğma övladım kimi qəbul etdim. Çünki mən həmin ağacların hər birinin əkilməsi, becərilməsi, suvarılması məsələləri ilə şəxsən məşğul olurdum.

Təəssüf ki, son illər Bakıda o vaxt əkilmiş ağacların bəziləri qırılıb, dağıdılıb. Məsələn, şəhərin Bakıxanov qəsəbəsində o vaxtlar saldığımız yaşıllıqların dağıdılması haqqında mənə verilən məlumatı çox ürək ağrısı ilə dinlədim. Mənə dedilər ki, 1991-1993-cü illərdə onların bir çoxunu kəsib məhv ediblər, bildirdilər ki, Badamdardakı ağacları da kəsib dağıdıblar. Çox can atıram ki, gedib həmin yerlərə baxım. Şübhəsiz ki, mən bunun səbəbkarlarını axtarıb tapacağam və imkan daxilində çalışacağam ki, onlar cəzalandırılsınlar.

Bunları deməklə mən bəlkə də vaxtınızı alıram, ancaq bu, Bakı üçün çox mühüm məsələdir. Ona görə də cənab Riçard Maylsın burada bir dənə də olsun ağaca toxunulmaması barədə sizə verdiyi tövsiyə ən gözəl hallardan və fikirlərdən biridir. Çox şadam ki, siz cənab Maylsın bu tövsiyəsinə əməl etmisiniz. Bugünkü mərasimdə onu qeyd etməyiniz məni daha çox sevindirir. Biz bu məsələdə həmfikirik. Nə qədər siyasi plüralizm olsa da, burada fikirlərimiz eynidir.

ABŞ-ın Bakıdakı səfirliyinin bu cür şəraitdə fəaliyyət göstərməsi şübhəsiz ki, prezident Bill Klintonun Azərbaycana bəslədiyi xüsusi diqqət və marağı nümayiş etdirir.

Cənab Kozlariç qeyd etdi ki, səfirliyin binasınınu bu şəkildə açılışı ilə Azərbaycana dəstək verirlər. Mən də deyə bilərəm ki, Azərbaycan Respublikasının belə çətin vəziyyətində Bakıda ABŞ səfirliyi üçün bu gözəl binanın ayrılması və onun təmirinə şərait yaradılması Azərbaycan dövlətinin Amerika Birləşmiş Ştatlarına, onun xalqına olan yüksək münasibətini nümayiş etdirir. Güman edirəm ki, bu, ABŞ ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin rəmzidir. Əmin olduğumu bildirmək istəyirəm ki, ABŞ səfirliyi işləmək üçün lazımi şərait əldə etdikdən sonra, yəni belə gözəl binada fəaliyyətini davam etdirdiyi vaxtda ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi üçün daha səmərəli çalışacaqdır.

Biz ABŞ səfirliyi işçilərinin və bu ölkənin bütün nümayəndələrinin burada sərbəst fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaratmışıq və indən sonra da bunu edəcəyik.

Bu fürsətdən istifadə edib Azərbaycan dövləti adından, Azərbaycan xalqı və vətəndaşları adından Amerika xalqına, onun dövlətinə və cənab prezident Bill Klintona bir daha hörmət və ehtiramımızı bildirmək istəyirəm. Sizi bir daha təbrik edirəm və bütün işlərinizdə uğurlar arzulayıram.