Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə görüşdə giriş sözü - Prezident sarayı, 29 oktyabr 1997-ci il


Mən bu gün belə bir ifadə işlətmək fikrinə gəlmişəm: Bu günlər Azərbaycanda ədəbiyyat günləridir. Dünən Yazıçılar Birliyinin rəhbərləri, üzvləri, xalq şairləri ilə, yaşlı nəslə mənsub şair və yazıçılarla görüşümüz oldu. Xahiş etdim ki, gənclərlə də görüşək. Bu mənim keçmişdə beləməsələlərə münasibətimlə müəyyən dərəcədə bağlıdır. Keçmiş zamanlarda da Yazıçılar İttifaqı ilə çox sıx əlaqədə olmuşam.

Yazıçılarla vaxtaşırı görüşlərim olurdu, - yaşlılarla da, gənclərlə də görüşürdük. Şübhəsiz ki, birlikdə də görüşlərimiz olurdu. Bəzən gənclərin və yaşlıların öz problemləri olur. İndi kimin gənc və kimin yaşlı olduğunu demək çətindir. Mən bunu dünən dedim, - vaxtilə biz Anar, Elçin, Yusif və başqaları ilə gənc nəslin nümayəndələri kimi görüşürdük, indi isə onlar ədəbiyyatımızın ağsaqqalları da olmasa, hər halda yetkin nəslə, yəni yaşlı nəslə mənsub hesab olunurlar. Kiminin 50-dən yuxarı, kimininsə 60-a yaxın yaşı var. Bunlar gözlərimin qabağında böyüyüblər.

İki-üç gün bundan öncə mənə bir kitab göstərdilər. Baxıram, kitabda Elçinlə, hansısa bir şairlə, daha kiminləsə mənim də şəklim var. Elçin o vaxt gənc idi, qara, qıvrım saçları vardı. Elçin, o şəkli görmüsənmi?

Elçin:  Görmüşəm. Nizami Xudiyevin kitabında verilib. Yeri gəlmişkən deyim ki, yaxşı kitabdır.

Heydər Əliyev: Hə, Nizami Xudiyevin kitabıdır. Mən hələ oxuya bilməmişəm. Bilirəm, Azərbaycan dilinə həsr olunub. Bu da mənim üçün ən dəyərli mövzulardan biridir. Hardansa toplanmış nadir şəkillər kitabda verilmişdir. İndi belədir, həmişə cavan qalmaq olmur.

Əsrimizin sonunda Azərbaycanın gənc yazıçıları ilə görüşə gəlmişəm. Əksəriyyətinizlə şəxsən tanış deyiləm. Təəssüflər olsun ki, sizin əsərlərinizi oxuya bilməmişəm. Həqiqəti etiraf etməliyəm. Ancaq bilirəm ki, həyatımızın ən ağır illərində, əsrin əvvəllərində, yaxud Oktyabr çevrilişindən sonrakı dəyişikliklər dövründə, 1937-1938-ci illərin çətin repressiya şəraitində Azərbaycanda yazıçılar nəsli ara vermədən bir-birini əvəz edib. İtkilər, repressiyalar nəticəsində dünyasını dəyişənlər olubdur. Ancaq yazıçılar nəsli ardıcıl olaraq yaşayıb və inkişaf edibdir.

İndi də biz tariximizin çətin, mürəkkəb keçid dövrünü yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə də bizim yazıçılar nəsli daim yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur. Dünən mənə dedilər ki, Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün 100-dən artıq müraciət var. Bu, sevindirici haldır. Çünki indi yazıçıların sosial vəziyyətinə qayğı və yaxud maddi imkanlar keçmişə nisbətən çətinləşib, yaxud da yox dərəcəsinə gəlib çatıbdır. Amma belə bir vəziyyətdə yazıçı və şair olmaq, özünü bu sənətə həsr etmək, yazıçılar ittifaqlarının bəzi yerlərdə, hətta dağıldığı halda bu ittifaqa qəbul olunmaq, ona üzv olmaq istəyən gənclər Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız üçün olduqca sevindirici haldır.

Dünən səmimi söhbət etdiyimiz şəxslərin hamısı ilə tanışam. Çünki uzun illərdir ki, bir yerdə olmuşuq, vaxtaşırı görüşmüşük, onların əsərlərinin əksəriyyətini oxumuşam. Amma sizin çoxunuzla ilk dəfədir ki, üzbəüz görüşürəm. Bu da mənim üçün çox əhəmiyyətlidir. Güman edirəm ki, yaşlı nəsillə olduğu kimi, sizinlə də aramızda əlaqələr yarana bilər və biz ədəbiyyatımızın inkişafı naminə bu əlaqələrdən istifadə edə bilərik. Hesab edirəm ki, görüşümüzün məqsədi bundan ibarətdir. Görüşümüzü konkretləşdirmək üçün indi kimsə nə isə deməli, məlumat verməlidir. Buyurun.

Yekun sözü

Burada söz deyən gənc yazıçılarımızın, şairlərimizin hamısı Azərbaycan ədəbiyyatının varlığı, onun bu günü və gələcəyi haqqında mülahizələrini bildirdilər. Mən bugünkü görüşdən belə bir nəticəyə gəlirəm ki, Azərbaycan ədəbiyyatı bizim həyatımızın, tariximizin bütün mərhələlərində olduğu kimi, bu mərhələdə də yaşayır və öz tarixi missiyasını yerinə yetirir.

Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat nümunələri ilə tanınıbdır. Hətta Qərb ölkələrinin, inkişaf etmiş digər ölkələrin tarixini vərəqləyərkən görürük ki, xalqımızın yaratdığı ədəbi əsərlər, şerlər onlardan xeyli əvvəl yaranıbdır.

Beləliklə də, bir daha aydın olur ki, xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın inkişafında çox böyük rol oynayıbdır.

Doğrudur, tarixin cürbəcür mərhələlərində ədəbiyyatın çox güclü inkişaf dövrü də, süqut dövrü də olubdur. Biz enişli-yoxuşlu bir tarix keçmişik, ancaq ədəbiyyatımız yaşayıbdır. Əgər indi biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır.

Ədəbiyyatı, şeri, bədii sözü yaradan insanlar, şübhəsiz ki, fitri istedada malik olublar. Onlar xalqına, millətinə, dilinə, dininə, milli ənənələrinə sadiq insanlar olublar, yazıblar, yaradıblar. Ona görə də bizim ədəbiyyatımız daim yaşayacaqdır. Ayrı-ayrı dövrlərin çətinlikləri ədəbiyyatı heç vaxt nə söndürə bilər, nə öldürə bilər, nə də onu zəiflədə bilər.

İndiki dövr keçid dövrüdür. Biz bu keçid dövrünün çətınliklərini bütün sahələrdə hiss edirik, görürük. Şübhəsiz ki, bu çətinliklər mədəniyyət, ədəbiyyat sahəsində də var. Ancaq bu müvəqqətidir, tarixi nöqteyi-nəzərdən bir andır, müvəqqəti bir dövrdür. Biz bu dövrü keçib gedəcəyik. Biz sadəcə, buna dözməliyik, bu dövrün əzab-əziyyətini, ağrı-acısını çəkməliyik ki, gələcəyimiz daha gözəl, parlaq olsun. Heç şübhə yoxdur ki, Azərbaycan xalqıınn gələcəyi gözəl, parlaq olacaqdır. Bunun əsas, bizim ən böyük tarixi nailiyyətimiz - Azərbaycanın müstəqil dövlət olmasıdır. İndi bəlkə də hər bir kəs bu müstəqilliyi lazımi qədər dərk edə, qiymətləndirə bilmir. Ancaq zaman gələcək, hamı anlayacaqdır ki, bu müstəqillik, milli azadlıq bizim xalqımız üçün nə qədər dəyərli və əvəzsizdir.

Xalqın gələcəyi, xalqın öz tarixini, keçmişini dərk etməsi və gələcək yaşayışını qurması üçün əldə etdiyimiz dövlət müstəqilliyi, milli azadlığımız əvəzsiz bir hadisədir. Ona görə də biz bunun naminə hər bir çətinliyə dözməliyik. Bu o demək deyil ki, biz müstəqillik naminə nəyi isə itirməliyik, yox. Biz bu dövrün imkanlarından istifadə edib işlərimizi daha da yaxşı qurmalıyıq, bu müstəqilliyin bütün sahələrdə bəhrələrini görməliyik. Ola bilər bu, bir sahədə bir az tez olsun, bir sahədə gec olsun,- bunun fərqi yoxdur, bu olacaqdır. Bu da yalnız və yalnız çalışmağın, gərgin işin, fədakarlığın nəticəsində ola bilər.

Ədəbiyyat, mədəniyyət isə həmişə fədakarlıqdan doğan bir anlayışdır. Ədəbiyyatı, mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan insanlar həmişə fədakar olurlar. Onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar da ola bilməzlər.

Siz gənclər bunu bilirsiniz, amma daha dərindən bilməlisiniz ki, ən qədim dövrlərdən bizə gəlib çatmış, indi fəxr etdiyimiz ədəbiyyat əsərlərinin - Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəli Axundovun, yaxud digərlərinin əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı bilmir ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət çəkiblər, nə qədər fədakarlıq göstəriblər.

Məsələn, bizim XX əsr ədəbiyyatımızda ən fəxr etdiyimiz şəxsiyyətlər Sabirdir, Cəlil Məmmədquluzadədir. Əgər biz Nizaminin, Füzulinin həyatını ətraflı bilmiriksə, nəyisə mülahizə ediriksə, amma bunların ki, həyatını bilirik. Sabirin də Cəlil Məmmədquluzadənin də, Cəfər Cabbarlının da, Hüseyn Cavidin də həyatını bilirik. Bunların hər biri öz fitri istedadı ilə böyük qəhrəmanlıqlar göstəriblər. Əsərlər yaradıblar, böyük irs qoyub gediblər.

Ümumiyyətlə, XX əsr elə başlanğıcından sonunadək çox çətin bir əsr, ağır bir dövr olubdur. Doğrudur, XX əsrin sakit dövrləri də olubdur. Amma qalmaqallı, qarışıq, çətin, ağır dövrləri daha çox olubdur. Bizim qismətimizə nə düşübdür? Biz bunun bir çox hissəsini görmüşük. Məsələn, bizim nəsil, - mən öz nəslimi deyirəm, - biz 30-cu illərin ağırlıqlarını da görmüşük, 40-cı illərin, müharibə illərinin çətinliklərini də görmüşük, sonrakı illərin çətinliklərini də. Eyni zamanda 1960-1970-1980- ci illərdə yaranmış müsbət şəraiti də görmüşük. 1980-cı illərin sonundan başlayaraq Azərbaycan üçün ağır bir dövr başlanıbdır.

Bu, bir tərəfdən Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində meydana gəlibdir. İkinci tərəfdən, Sovetlər İttifaqının dağılması və beləliklə, Azərbaycanın öz müstəqilliyini əldə etməsi prosesi baş vermişdir. Bu proses zamanı respublikamızın daxilində millə-timizə, cəmiyyətimizə zərər vurmuş hadisələr də olmuşdur. Görürsünüz, bunlar hamısı XX əsrdə cəmlənibdir. Amma deyilən bütün bu dövrlərdə bizim adamlarımız yaşayıblar, Sabir də, Cəlil Məmmədquluzadə də, Cəfər Cabbarlı da, onlardan sonra gələn nəsillər də yazıb-yaradıblar. Siz də yazırsınız, yaradırsınız.

Mən 1960-1970-ci illəri, xüsusən 1970-cı illəri və 1980-ci illərin birinci yarısını xatırlayıram. Bu, çox məhsuldar bir dövr idi. Amma mən bundan sonrakı dövrləri də xatırlayıram. Ola bilər, bir dövrdə bir az çox yazılır, bir dövrdə az yazılır. Ancaq ədəbiyyat yaşayır və yaşayacaqdır. Bu gün məni sevindirən odur ki, bizim gənc nəslimiz ardır. Biz bəzən sənət ustalarına hədsiz vurğun oluruq, sənət ustasının, yaxud böyük bir ədəbiyyat xadiminin olması bizi sevindirir. Düşünürsən ki, bundan sonra nə olacaqdır? Amma görürsən ki, ondan sonra yeni, ona bənzər, bəlkə ondan da parlaq bir insan gəlir. Bu, bizim xalqımızın nə qədər böyük istedada, fitri potensiala malik olmasını göstərir. Biz bununla fəxr edə bilərik ki, xalqımız həqiqətən çox istedadlı xalqdır, xüsusən ədəbiyyat, mədəniyyət sahəsində çox istedadlı xalqdır.

Biz özümüz bunu bəlkə də istənilən qədər qiymətləndirə bilmirik. Elə təkcə XX əsrdə bizim məşhur şairlərimizin, yazıçılarımızın hamısının adını sayıb çatdırmaq mümkün deyil. XX əsr nədir ki, 100 ildir. Amma xalqımız bu əsrdə dünyaya və millətimizə nə qədər böyük insanlar bəxş edibdir. Ona görə də bu gün gənc nəslin ədəbiyyata belə böyük marağı, həvəsi və yazmaq arzusu çox sevindiricidir.

Mən gənc nəsil üçün bir məsələni də demək istəyirəm. Sizin üstünlüyünüz nədir? Siz artıq müstəqil Azərbaycanın yazıçıları, şairlərisiniz və sərbəst, azad, müstəqil bir dövlətdə yaşayırsınız. Mən keçmişimizi heç vaxt pisləməmişəm və heç vaxt pisləməyəcəyəm. Tarixdə həmişə böyük nailiyyətlərlə itkilər, müsbət və mənfi hadisələr yan-yana olubdur. Hər şey heç vaxt tam gül-çiçək içində olmayıbdır. Biz keçmişdə hansı itkilər vermişik, amma hansı nailiyyətlər də əldə etmişik - hamısı məlumdur. Ona görə də keçmişi pisləmək lazım deyil. Keçmişdə pis olana pis, yaxşı olana yaxşı demək lazımdır. Mən belə fikirdəyəm. Ancaq bununla yanaşı, bizim keçmişimizdə nə qədər yaxşı nailiyyətlərimiz, ədəbiyyat, mədəniyyət sahəsində əsərlərimiz olsa da hesab edirəm ki, gələcəyimiz onlardan qat-qat üstün olacaqdır. Çünki biz artıq müstəqil dövlətik, xalqımız azaddır. Bu, hər şeydən üstündür.

Şübhəsiz ki, biz keçmişdə əldə etdiyimiz nailiyyətlərdən, yaranmış əsərlərdən daim istifadə edəcəyik. Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Mehdi Hüseynin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun əsərlərini heç kəs neç vaxt unutmayacaqdır. Əksinə, onlarda olan bədiilik, yüksək səivyyəli sənət nümunələri bizim üçün həmişə böyük sevinc mənbəyi, yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız üçün həmişə örnək olacaqdır. Mən belə hesab edirəm. Ancaq onlar müstəqil dövlətdə yaşamamışdılar. Onlar bizə böyük irs qoyublar, ancaq eyni zamanda biz onlardan daha da xoşbəxtik, çünki biz müstəqil dövlətdə yaşayırıq. Siz, gənc nəsil, bizlərə, yaşlı nəslə nisbətən daha da xoşbəxt adamlarsınız, çünki siz daim müstəqil dövlətdə yaşayacaqsınız. Mən tam əminəm ki, bizim müstəqilliyimiz əbədi, daimi olacaqdır. Biz müstəqilliyimizi həmişə yaşadacağıq. Bizim ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimiz müstəqillik şəraitində daha da çox inkişaf edəcəkdir.

Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyımiz nailiyyətlər buna belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha müstəqil, azad olanda, Şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir.

Bizim hamımızın məqsədimiz əldə etdiyimiz müstəqilliyimizi möhkəmləndirmək, qorumaq, saxlamaq olmalıdır. Şübnəsız ki, bu asan deyil. Bilirsiniz ki, ölkəmizin müstəqilliyinə xaricdən kəc baxanlar var. Eyni zamanda daxildə də bəziləri var, köhnə fikirlərlə yaşayanlar da var. Bizim respublikamızın həm təbii sərvətləri, həm də geo-siyasi, strateji vəziyyəti çox ölkələrin maraq dairəsinə çevrilibdir. Bunlar da var. Biz hələ Errnənistanın təcavüzündən xilas ola bilməmişik, torpaqlarımızın 20 faizi işğal altındadır. Bizim bir milyon soydaşımız yerindən-yurdundan didərgin düşübdür, qaçqındır, çadırlarda yaşayırlar. Problemlər çoxdur, amma mən əminəm ki, biz bu problemləri həll edəcəyik. Əminəm ki, bizim torpaqlarımız işğalçı qüvvələrdən azad olunacaq. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Əminəm ki, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə qayıdacaq.

Əminəm ki, işğal altında qalmış viran olmuş torpaqlarımızda yeni yaşayış başlayacaq - evlər tikiləcək, insanlar özlərinə yaxşı şərait yaradacaqlar. Mən buna əminəm. Çünki respublikamızın iqtisadi imkanları, potensialı və bizim apardığımız müstəqillik siyasəti mənə bu sözləri deməyə əsas verir. Mən buna əminəm.

Şübhəsiz ki, bunlar böyük iş və vaxt tələb edir. Bu böyük işləri biz görməliyik, qarşımızda olan vaxtdan istifadə etməliyik. Bunun üçün də hamı bu qayğılarla - müstəqil Azərbaycan xalqının qayğıları ilə yaşamalıdır. Bu qayğılar hər şeydən üstün olmalıdır. Təbiidir ki, hər bir insanın öz şəxsi həyatı var. İnsanın şəxsi həyatındakı vəziyyəti onun cəmiyyətdəki vəziyyətinə və gedən proseslərə də təsir edir. Bunlar həm təbiidir, həm də bunları anlamaq lazımdır. Şəxsən mən bunları anlayıram. Ancaq nə etməli? Bu bizim bu günümüzün gerçəkliyi, reallığıdır. Başqası yoxdur. Ola bilərdi ki, biz keçmiş dövlət şəraitində yaşayaydıq, yazıçıların, yaxud başqa mədəniyyət xadimlərinin imtiyazları da, imkanları da olaydı. Amma müqayisə edək, görək hansı daha yaxşıdır, bizim üçün hansı daha əzizdir? Mən belə hesab edirəm ki, bu əzab-əziyyətə dözüb, müstəqillik dövrünü yaşamaq o dövrdəki imtiyazlı şəraitdə yaşamaqdan qat-qat üstündür. Çünki bu həyatın, dövrün gələcəyi var, amma onun gələcəyi yox idi, olmadı da.

Sovet İttifaqı dağıldı, dağılmalı idi də. Bəli, onun gələcəyi yox idi, olmadı da. Baxmayaraq ki, biz hamımız o dövrün insanlarıyıq, o dövrün məhsuluyuq, hamımız o dövrün içində yaşamış, böyümüş, təhsil almış, fəaliyyət göstərmiş insanlarıq, ancaq milli mənafe və xalqımızın gələcəyi nöqteyi-nəzərindən mən hesab edirəm ki, Sovetlər İttifaqının dağılması və bunun nəticəsində Azərbaycanın müstəqillik qazanması xalqımız üçün, hər bir adam üçün indiyə qədər əldə edilən nailiyyətlərdən qiymətlidir, üstündür.

Burada gənc yazıçıların yaşayışı, onların maddi vəziyyəti və xüsusən yaşayış yerləri haqqında, eyni zamanda əsərlərin dərc olunması barədə məsələlər qaldırıldı. Bilirsiniz, indi belə fıkirləşmək lazımdır: Biz indiyədək o sistemdə yaşasaydıq "Azərbaycan" jurnalı ayda bir dəfə 76 min nüsxə tirajla, "Ulduz" jurnalı ayda bir dəfə çıxacaqdı, sizin hər birinizin kitabları çap ediləcəkdi, yüksək qonorarlar da alacaqdınız. Hamısı - imtiyazlar da olacaqdı, mənzillər də alacaqdınız. Amma yenə də deyirəm, - bu müstəqillik, azadlıq olmayacaqdı. Düzdür, heç kəs bizə təklif etmədi ki, hansını -bunu, yoxsa onu istəyirsən. Amma belələri var idi. Sizlərdən də, bizlərdən də var idi. Məsələn, mən də o dövrdə, o şəraitdə artıq yaşamaq istəmirdim.

Mən yeni bir şəraitdə, yeni bir dövlətdə yaşamaq, müstəqil olmaq istəyirdim. Ancaq mən o vaxt da bilirdim ki, bunun çətinlikləri çox olacaqdır. Ola bilər, xatirinizdədir, - 1991-ci ilin martında Sovet İttifaqının saxlanması haqqında referendum hazırlanırdı. Bu referendum bir neçə ay idi ki, hazırlanırdı. Onda mən Naxçıvanda yaşayırdım. Biz Naxçıvanda bunu çox müzakirə edırdik. O vaxt məni dəvət edirdilər, toplantılara gedirdim, mitinqlər olurdu, çıxış edirdim. O vaxt bu, aktual bir məsələ idi - Sovetlər İttifaqı qalmalıdır, yaxud qalmamalıdır, Azərbaycan müstəqil olmalıdır, yaxud olmamalıdır? Bu sualı hər yerdə, ümumiyyətlə çox yerdə verirdilər. Mənə də belə suallar çox verirdilər, çünki aydındır, - mənim şəxsiyyətimə görə bu sualı çox verirdilər. Mən vaxtilə Sovetlər İttifaqının ən yüksək mərtəbəsində, başında duran adamlardan biri idim.

O vaxtlar - 1990-cı ilin yayında ki mən Azərbaycana gəldim, Naxçıvana getdim, o zaman məndən harada soruşurdularsa, kim soruşurdusa mən deyirdim ki, Azərbaycan nə olursa-olsun müstəqil olmalıdır. O vaxt Naxçıvanda muxtar respublikanın yeni parlamenti seçildi. Hələ o vaxt, 1990-cı ilin noyabrında, dekabrında Naxçıvan Muxtar Respublikasının parlamenti qərar qəbul etdi ki, biz Azərbaycanın müstəqilliyini tələb edirik və Sovetlər İttifaqının, SSRİ-nin saxlanmasına qətiyyən yol vermək olmaz. Düzdür, burada, Bakıda bundan çox narahat oldular, çoxlu təzyiqlər etdilər. Amma o vaxt biz sözümüzü müstəqil dedik. Sonra mən fevral ayında buraya gəldim, sessiyada çıxış etdim. Mart ayında referendum haqqında məsələ müzakirə olunurdu, - bunlar sizə məlumdur, - mən qəti çıxış etdim, dedim ki, Azərbaycan referenduma getməməlidir, Azərbaycan müstəqil olmalıdır.

Mən bunu niyə xatırlayıram? O vaxt mən bu sözləri demişəm. Bunlar qəzetlərdə yazılıb, var. Mən demişəm ki, biz nəyin bahasına olursa-olsun, müstəqilliyi əldə etməliyik və SSRİ-nin saxlanılmasına yol verməməliyik. Biz bunu etməsək, bunu bizdən sonra gələn nəsillər edəcəklər. Amma biz bunu etməliyik, onu gələcək nəsillər üçün saxlamamalıyıq. Yəni bu fikir təsadüfi deyildi. Mən o dövrün ən yaxşı tərəflərini görmüş adamam, ona görə də o dövrü bütünlüklə təhlil edib bu fikrə gəlmişdim. Ancaq bu sözü mən niyə deyirəm? Mən orada bu sözləri təsadüfi demədim ki, biz nəyin bahasına olursa-olsun, müstəqillik qazanmalıyıq. Mən o vaxt gözümün qarşısına alırdım ki, bu həm iqtisadi, həm sosial cəhətdən, çox cəhətlərdən çətin, ağır olacaqdır. Çünkı Sovetlər İttifaqının quran adamlar ayrı-ayrı respublikaların, o cümlədən Azərbaycanın ondan ayrılmasına yol verməyəcəklər və bu ittifaqa öyrənmiş adamlar buna yol verməyəcəklər, bu, asan olmayacaqdır.

Əgər böyük bir dövlət parçalanırsa, onun dağıntıları üzərində yeni bir dövlət asanlıqla qurulmayacaqdır. Mən bunu bəlkə də başqalarından daha çox təsəvvür edirdim ki, bu belə olacaq, çətin olacaq. Amma bu olmalıdır. Allaha şükür olsun ki, oldu. Allaha şükür olsun ki, biz bütün bu çətinliklərin üstündən keçib getmişik və artıq düz yola çıxmışıq.

Amma təbii ki, yazıçılara indi keçmişdə olduğu qədər mənzil verə bilmirik. Nə edək? İndi burada çoxlarmız xatırlamalısınız, - 1970-ci illərdə biz nə qədər yaşayış evləri tikirdik. O vaxt Bakının ətrafında nə qədər mikrorayonlar yarandı. Siz onları görürsünüz. Onlar hamısı 70-ci illərdə yaranıb. Biz ildə nə qədər tikirdik! Mən bizim bu işlə məşğul olan adamları nə qədər sıxırdım, danlayırdım, nə qədər cəzalandırırdım ki, sən niyə az tikdin, bu ay bu qədər mənzil, məktəb tikməli idin, niyə vermədin. Həmin binalar bunların hamısına görə tikildi. Şəhərin mərkəzində də, ətrafında da tikildi. İndi böyük-böyük mikrorayonlar var. Onların da hamısından bizim Azərbaycanın vətəndaşları istifadə etdilər və bu gün də edirlər. O cümlədən bizim yazıçılarımız da o vaxt nə qədər mənzillər aldılar. Azadlıq meydanının ətrafında tıkilən binalarda yazıçılar nə qədər mənzillər aldılar. Orada yazıçılar üçün kooperativ bir bina tikildi. Mənim xatirimdədir, onun mənzillərində yazıçılar yaşayırlar. Ondan sonra həmin binanın yanında tikilən binalarda mənim şəxsi göstərişimlə bizim yazıçılara, mədəniyyət xadimlərinə yaxşı mənzillər verildi. Yəni o vaxt ki, bu mümkün idi, biz bunu edirdik. Xüsusən yazıçılar, mədəniyyət, incəsənət xadimləri Çnn bütün başqa təbəqələrə nisbətən müstəsna bir şərait aradırdıq. Amma indi bu imkan yoxdur. Ancaq olacaqdır.

Mən bilirəm ki, indi gənc yazıçı əsər yazır, amma evi yoxdur. Ancaq yeni meydana çıxmış iş adamı, biznesmen qısa bir müddətdə böyük pul qazanır, gedib özünə üçotaqlı yox, beşotaqlı mənzil alır. Bu da indi bizim həyatımızın qanunudur. Bir halda ki, biz keçmiş sovet quruluşundan demokratik quruluşa keçdik, sovet iqtisadiyyatı, sosialist iqtisadiyyatı sistemindən sərbəst iqtisadiyyata keçdik, bu iqtisadiyyatın da qanunları bundan ibarətdir. Biz buna da dözməliyik. Ancaq bu heç kəsdə heç vaxt ümidsizlik yaratmamalıdır.

Mən bunu dünən də dedim, - bizim keçmişdə yaranmış adət-ənənələrimiz çox gözəldir və biz onları itirməməliyik, saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə də istifadə etməliyik. "Keçmişdə nə vardı hamısını pozmaq, yenidən yaratmaq lazımdır" kimi cılız fıkirlər fəlakətdən başqa heç bir şey gətirə bilməz. Məsələn, 1917-ci ildə Oktyabr inqilabı baş verdi, 1917, 1918, 1920-ci illərdə hakimiyyətə gələn bolşeviklər keçmişdə nə vardı - hamısını pozdular ki, heç bir şey olmayıb, yeni dünyanı biz yaradırıq. Amma nə qədər itkilər oldu. O cümlədən elə bizim Azərbaycan xalqının nə qədər itkiləri oldu.

Rafael Hüseynov Rəfıbəylilər barədə bir kitab yazıbdır. O vaxt bu Rəfibəyliləri həbs etdilər, cəzalandırdılar. Nəyə görə? Bunlar bəy, xan idilər, yaxud vəzifə, mülk sahibi idilər, kim idilər? Amma görün, böyük bir kitab yazıldı. Nə qədər dəyərli insanlar idilər!

O vaxt bu, nəyə görə oldu? Ona görə oldu ki, o siyasət, o ideologiya əvvəldən insan cəmiyyətinə uyğun ideologiya olmamaqla yanaşı, həmin ideologiyanı həyata keçirənlər, - bolşeviklər nə qədər qanunsuzluqlar etdilər, xalqa, millətə nə qədər zərbələr vurdular. Bu, təkcə Azərbaycanda deyildi, hər yerdə belə idi. O vaxt çar Rusiyası məkanında yaranniş Sovetlər İttifaqı hər yerdə belə olub. Doğrudur, bir yerdə az, başqa yerdə çox olub.

Biz o dövrün içində 70 il yaşamışıq və yeni bir həyata gəlib çıxmışıq, müstəqil dövlətik. Tamamilə yeni, dünyəvi, demokratik, hüquqi bir dövlət qururuq. Bazar iqtisadiyyatını tətbiq edirik. İqtisadiyyatımızı dünyaya açmışıq. Hesab edirəm ki, bu

Azərbaycanın milli mənafelərinə uyğun ən düzgün bir yoldur və biz bu yolla gedirik. Amma bu heç də o demək deyildir ki, o dövrdə yaranmış gözəl ənənələri indi biz kənara ataq, onlardan istifadə etməyək.

Məsələn, bu ənənələrdən biri Yazıçılar İttifaqının yaranmasıdır. Səyyad Aran burada dedi ki, vaxtilə Lənkəranda, Şamaxıda, haradasa başqa yerlərdə birliklər olmuşdur. Bu da həqiqətdir. Doğrudan da belə idi. Elə bu əsrin əvvəlində Azərbaycanın maarifçiləri, mütəfəkkir insanları da cürbəcür belə təşkilatlar yaratmışdılar. Amma sonra, 1934-cü ildə bu birləşibYazıçılar İttifaqı yarandı. İndi bu Yazıçılar İttifaqı 63 ildir yaşayır. O, xalqımıza nə qədər böyük fayda verib. İndi durub deyək ki, bu Yazıçılar Birliyi lazımdır, ya lazım deyil? Şübhəsiz ki, indi sərbəstlikdir, hərə öz fıkrini deməlidir, bu da tam təbiidir. Amma mən öz fikrimi deyirəm, əlbəttə ki, Yazıçılar Birliyi lazımdır.

Məsələn, bu ənənədir. Amma başqa ənənə də var idi ki, yazıçılara xüsusi imtiyazlar verilirdi. Mən istəyirdim ki, bu ımtiyazlar bu gün də olsun. Ancaq buna iqtisadi imkanlar çatmır. Nə etməli? Demək, yollar axtarmaq lazımdır. Məsələn, siz özünüz dediniz ki, "Ədəbiyyat qəzeti" də, "Azərbaycan", "Qobustan" jurnalları da tamamilə dayanmışdı. Biz məsələyə baxdıq, gördük ki, bir az imkanlarımız var, onları dövlətin maliyyələşdirilməsinə götürdük. Bu gün "Ulduz" jurnalı haqqında məsələ qaldırdınız. Mən soruşdum, - ildə neçə dəfə çıxara bilərsiniz? Biri dedi 12 dəfə, o biri dedi 6 dəfə. Hansını deyirsiniz, onu qəbul edirəm. Bəyan edirəm ki, mən "Ulduz" jurnalını da dövlətin maliyyəsinə götürürəm. Amma siz çalışın ki, "Ulduz" jurnalı çıxsın və orada yaxşı əsərlər dərc olunsun. Əgər ilk əvvəl iki aydan bir çıxara bilərsinizsə, özünüzü zora salmayın, iki aydan bir çıxarin. Ancaq sonra işi yaxşı təşkil edib ayda birini çıxara bilərsinizsə, ayda birini çıxarın.

Bilirsiniz, mən bu işlərə tam müstəqillik verirəm. Mən sadəcə, buna cavabdehəm ki, onun maliyyələşdirilməsini dövlətin üzərinə götürürəm. Qalanları sizin işinizdir. Çıxara bilərsiniz, ildə 12 dəfə çıxarın, istəyirsiniz ildə 6 dəfə, 8 dəfə çıxarın. Bu, sizin bacarığınızdan, əsərlərinizdən, işi təşkil etməkdən asılı olacaqdır. Mən öz vəzifəmi yerinə yetirirəm. Mən bəyan etdim, qərar qəbul edəcəyəm. Amma siz hərəkət edin.

Burada ayrı-ayrı kitabların nəşr olunması və nəşrin keyfıyyəti haqqında da deyildi. Mən bu barədə də düşünə bilərəm. Sonra siz deyəsən, başqa məsələlər də qaldırdınız. Mən bayaq da dedim, - televiziyada xüsusi, daimi veriliş aparılmalıdır və orada bizim ədəbiyyatımızın nümunələri, xüsusən jurnallar daim təbliğ olunmalıdır. Çünki burada deyildi ki, jurnallar az oxunur, hətta oxumaq həvəsi azalıbdır. Bu da təbiidir. Çünki insanların bir tərəfdən dərdi çoxalıbdır, ona görə də oxumağa vaxt tapmırlar, ikinci tərəfdən bu jurnallar müntəzəm çıxmadığına görə insanlar bundan bir az soyuyublar. Demək, əvvəlki münasibəti bərpa etmək lazımdır.

Mən Fatma Abdullazadəyə tapşırıram ki, sərəncam hazırlasın - sizin sabahkı qurultayınızda da ola bilər ki, hansısa məsələ qaldırılsın - qurultayın nəticələri ilə əlaqədar sərəncam hazırlasın. Mən həllinə imkan olan məsələləri bu sərəncamda əks etdirərəm, bu sərəncamı imzalayaram və indiki imkan daxilində sizə bu yardımı edərəm. Amma istəyirəm biləsiniz ki, bizim bu imkanlarınız gələcəkdə daha da çox olacaqdır. İqtisadiyyatımız inkişaf edir, Azərbaycana xarici sərmayə gəlir. Mən hesab edirəm kı, iki-üç ildən sonra Azərbaycanın iqtisadi imkanları daha da yaxşı olacaqdır. Bu iqtisadi, maliyyə imkanları artdıqca biz ədəbiyyata köməyimizi də artıra biləcəyik.

Ancaq, eyni zamanda, sizə məlumdur ki, iqtisadi cəhətdən çox inkişaf etmiş dövlətlərdə - məsələn Avropa dövlətlərində heç bir Yazıçılar Birliyi dövlətin maliyyəsində deyil. Götürün Fransanı, Almaniyanı, İngiltərəni və yaxud Amerika Birləşmiş Ştarlarını - onlar bilmirlər pulu hara qoysunlar. Amma nədənsə onların nə Yazıçılar Birliyi var, nə də hər hansı bir yazıçının əsərini çap etmək istəyirlər. Həmin ölkələrdə kim necə yaşayıryaşayır, kim necə yazır-yazır.

Mən dünən də dedim ki, bizim yazıçılarda bir az vərdiş, ənənə yaranıbdır - mən bunu pis ənənə hesab etmirəm, - onlar buna öyrəniblər: vaxtilə imtiyazlar veriblər, indi də vermək lazımdır: vaxtilə mən kitab yazmışam, onu çap ediblər, bilmirəm hansı pulla çap ediblər, indi də lazımdır. Bu da nəzərə alınmalıdır.

Məsələn, götürək bizim qonşu dövlətləri - Türkiyəni, İranı. Orada dövlət hansı yazıçının əsərini çap edir, yaxud hansı yazıçıya, şairə ev verir? İndi biz böyük şairimiz Şəhriyarın 90 illiyini qeyd edəcəyik. Biz bu yubileyi Azərbaycanda geniş qeyd etməliyik. Mənim bu barədə də xüsusi sərəncamın olacaqdır. Ola bilər, mən onu bu gün imzalayım. Ancaq Şəhriyarın həyatı və vəziyyəti hamıya məlumdur. Bilmirəm, dövlət ona orada bir ev vermişdi, yoxsa yox? Siz bunları yaxşı bilərsiniz. Yaxud onun yazdığı əsərləri özü çap elətdirirdi, yoxsa kim?

Burada deyildi, - mən gənc istedadlara himayəni öz üzərimə götürmüşəm. Mən bizim gənc müğənni, çox gözəl səsi olan Surxay Əsgərova xüsusi maaş - bir milyon manatlıq maaş təyin etmişəm. İndi siz Surxay Əsgərov kimi istedadlı beş nəfər adamın adını mənə verə bilərsiniz ki, mən onlara Surxay Əsgərova təyin etdiyim maaşı təyin edim? Amma onlar gərək həqiqətən Surxay Əsgərov kimi istedadlı adamlar olsunlar. Mən Surxay Əsgərovun istedadını, səsini və gələcəyini görürəm. Amma yazıçının, şairin bir dənə şeri, hekayəsi ilə bunu görə bilməyəcəyəm. Ona görə də fikirləşin. Siz bunu da fikirləşin, - bəlkə, ola bilər, məsələn, bir beş və ya on nəfərə bir il müddətində məvacib təyin edək, baxaq görək onlar bu müddətdə hansı əsərləri yazacaqlar. Əgər yazdı, verdi, mükafat da vermək, məvacibin vaxtını da uzatmaq olar. Amma yazmadı, - yox, pulu geri almayacağam, - sadəcə olaraq pul batacaq.

Fikirləşin, mən sizə artıq mümkün olan bəzi şeyləri deyirəm. Siz fikirləşin, təklif verin. Mən buna müəyyən vəsait ayıra bilərəm. Ancaq bilim, görüm nəyə ayıracağam, bunun nəticəsi nə olacaq. Hər halda, mən bu imkanları təklif edirəm. Siz baxın. Mən indi göstəriş verdim ki, qurultaydan sonar sərəncam hazırlansın. Əgər təklifləriniz olsa mən onları oraya sala bilərəm və beləliklə də, bəzi həvəsləndirici, şərait yaradıcı tədbirlər görə bilərik, addımlar ata bilərik.

Əmin ola bilərsiniz ki, dövlətin ədəbiyyata, xüsusən gənc yazıçılara qayğısı daim olacaqdır. Buna əmin ola bilərsiniz. İndi bəlkə bunun səviyyəsi, dərəcəsi bəzi vaxtlarda bir-birindən fərqli olacaqdır. Amma əsas odur ki, bu qayğı var. Dünən mən böyük bir görüş keçirmişəm. Bu gün sizinlə böyük bir görüş keçirirəm. Qurultayınız sabah səhər 10-da başlayır, axşamacan orada oturacaqsınız, mən də sizinlə bir yerdə olacağam. Çünki hamını dinləmək istəyirəm ki, görüm nə danışırsınız. Bu mənim üçün də çox böyük əhəmiyyətlidir.

Görürsünüz, mən üç gündür vaxtımın çox hissəsini ədəbiyyata sərf edirəm. Məgər bunun özü qayğı deyilmi? Xarici işlər naziri bu gün mənə deyir ki, dünən Qazaxıstanın Müstəqülik günü olanda bir səfır ona yanaşıb deyib ki, Heydər Əliyevə nə olub? Cavab verib ki, necə nə olub? Səfir deyib ki, burada diplomatic korpus çox narahatdır. Soruşub ki, niyə? Deyir ki, Heydər Əliyevi üç gündür televiziyada görmürük. Deyir mən dedim ki, bəs siz prezidentinizi hər gün televiziyada görürsünüz? Deyib ki, yox, iş burasındadır ki, bizim prezidentin başqa iş üslubu var, amma biz Heydər Əliyevi hər gün televiziyada görürük. Ancaq üç gündür görmürük, narahatlıq ki ona nə olub, xəstə deyil ki. Doğrudan da belə oldu ki, baş qarışdı, elə bir hadisə olmadı ki, mən o işi televiziya qarşısında görüm. Altıncı gün də, bazar günü də, sonra birinci, ikinci, üçüncü günlər də belə oldu. Doğrudur, dünən biz görüş keçirdik, amma onu gec qurtardıq, televiziya verə bilməmişdi. Yəqin bu gün verəcəklər.

Yəni onu demək istəyirəm ki, adətən mən xarici qonaqları qəbul edəndə televiziya çox lazım olur. Biz daxili işlərdə televiziyadan istifadə etmirik. Mən bu günlər - dünən də, bu gün də, sabah da ədəbiyyatla məşğulam. Xaricdən gələn bir neçə adamlar mənimlə görüşmək istəyirlər. Demişəm ki, onlarla bu üç gündə görüşə bilmərəm. Bir sıra səfirlər var, görüşmək istəyirlər. Demişəm ki, görüşə bilmərəm, çünki bu işlə məşğulam.

Yəqin bunun özü sübut edir ki, dövlətin ədəbiyyata qayğısı var, elədirmi? Bu qayğı da olacaqdır. Arxayın ola bilərsiniz ki, bu qayğı olacaqdır və biz həmişə sizinlə birlikdə olacağıq. Mən gənc yazıçılara hörmət və ehtiramımı bildirmək ıstəyirəm. Mən çox şad oldum ki, bu gün şəxsən görüşdük. Hesab edirəm ki, sabah qurultayınız da birincisi, demokratik şəraitdə keçəcək. İkincisi, tam sərbəstlik şəraitində keçəcək, üçüncüsü, mehribanlıq şəraitində keçəcək, dördüncüsü, bir-birinə hörmət və ehtiram şəraitində keçəcək, beşincisi, tənqid və özünütənqid - bu, köhnə söz olsa da bunu bu gün də demək olar - şəraitində keçəcəkdir. Heç kəs çəkinməsin, heç kəs utanmasın.

Biz gördüyünüz işləri də, səhvləri də, çatışmazlıqları da, qüsurları da göz qabağında qoyuruq. İndi xalqdan heç bir şey gizlədilmir və gizlədilməməlidir. Nə var, odur. Mən hesab edirəm ki, Azərbaycanın Yazıçılar Birliyi bu altı il müddətində - keçən qurultaydan indiyə qədər çox iş görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. Görürsünüz, bu altı ildə bizim Azərbaycanın başına nə işlər gəlibdir. Yazıçılar Birliyi də bütün bu sınaqlardan, imtahanlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır.

Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Amma şübhəsiz, Yazıçılar Birliyinin işində qüsurlar da, səhvlər də, çatışmazlıqlar da var. Bunların hamısını açıq-aşkar demək lazımdır ki, sonrakı dövrdə işlər daha yaxşı təşkil edilsin.

Hesab edirəm ki, qurultay yaxşı şəraitdə keçəcək, mən də sizinlə bir yerdə olacağam, sizin hamınızı dinləyəcəyəm. Mən sizi bu gün də, dünən də dinləmişəm.

Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı, şair sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür. Xalqımızı hansı yolla aparmaq, cəmiyyətimizdə olan nöqsanları aradan götürmək, cəmiyyətimizi təmizləmək, daha da saf etmək, ayrı-ayrı çirkin hallardan xilas etmək - bütün bunlarda ədəbiyyatın, bədii sözün imkanları da, gücü də, təsiri də çoxdur. Ona görə də siz yazıçı kimi, şair kimi tək öz istedadınızı ifadə etmirsiniz. Siz eyni zamanda millətə, xalqa, cəmiyyətə xidmət edirsiniz. Ümidvaram ki, sizin bu xidmətiniz gələcəkdə daha da səmərəli, uğurlu olacaqdır.

Mən sizin hamınıza cansağlığı arzu edirəm və sabahkı qurultaya da uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT