Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Nərgiz TV" telekanalına canlı yayımla müsahibəsi - 23 aprel 1998-ci il


Sual: Müasir Azərbaycanın qurucusu Prezident Heydər Əliyevlə birlikdəyik. Bu gün NTV-nin xaricdəki ilk ötürücüsü istifadəyə verilir. Biz bu məqsədlə Azərbaycanı seçərkən xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrini, Azərbaycan xalqının təhsil səviyyəsini, mədəniyyətə və incəsənətə bağlılığını nəzərə almışıq. Bu xüsusiyyətlərə malik olan Azərbaycan xalqının hər gün 24 saat müxtəlif xəbərlər verən NTV-nin bəyənəcəyinə ümid edirik. Cənab Prezident, Siz ötən il NTV-nin keçirdiyi sorğuya əsasən "Dünyada ilin adamı" adını almısınız. Xalqlarınız arasında könül körpüsünün daha da möhkəmləndirilməsinə ehtiyac olduğunu nəzərə alaraq, Türkiyədən kənarda ilk ötürücünü Azərbaycanda quraşdırdıq. Yayınımıza başlayarkən tamaşaçılarımıza nə demək istərdiniz?

Cavab: Təşəkkür edirəm. Birincisi, mən sizi səmimi qəlbdən salamlayıram. Türkiyənin artıq məşhur və çox böyük televiziya kanalı olan NTV-ni yaradanlara və onun yayımlarının seyrçilərinin hamısına səadət və xoşbəxtlik, yaxşı günlər arzulayıram. NTV kanalı qısa bir zamanda çox genişlənib, Türkiyədə və dünyanın bir sıra ölkələrində böyük hörmət qazanıb, məşhurlaşıbdır. NTV-nin verilişlərinin Azərbaycanda yayımlanması həm "Nərgiz-TV", həm də Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir. Mən bunu ürəkdən alqışlayıram, bəyənirəm. Güman edirəm ki, NTV-nin verilişlərinin respublikamızda yayılması Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə, inkişafına kömək edəcəkdir.

Türkiyənin bir sıra televiziyalarının - TRT-nin, TGRT-nin, "Samanyolu"nun verilişləri Azərbaycanda yayılır. İndi NTV-nin də verilişlərinin Azərbaycanda yayımına başlanmışdır. Bunlar respublikamızın vətəndaşlarına, Azərbaycanda yaşayan bütün insanlara Türkiyənin həyatı haqqında çox geniş və eyni zamanda çox operativ məlumatlar verirlər. Ona görə də Azərbaycanda yaşayan hər bir vətəndaş bu televiziya kanallarından aldığı məlumatlar vasitəsilə Türkiyədə durumun hər gün nə vəziyyətdə olduğunu və bu ölkədə nə kimi hadisələr baş verdiyini açıq-aydın bilir. Güman edirəm ki, NTV bu bilgiləri, yəni bu məlumatları daha da genişləndirəcəkdir. Amma mənim Sizə və Azərbaycanda öz verilişlərini yayan Türkiyənin bütün televiziyalarına bir tövsiyəm, ricam, müraciətim də vardır. Bu da ondan ibarətdir - bir halda ki, siz Azərbaycanda yayım aparırsınız, onda öz proqramlarınızda eyni zamanda Azərbaycan haqqında da verilişlər verin. Bu, ikitərəfli olsun, birtərəfli olmasın. Azərbaycan seyrçiləri Türkiyə televiziyaları, indi də NTV vasitəsilə Türkiyəni seyr edirlər. Təkcə Türkiyəni yox, sizin ölkənin televiziyaları vasitəsilə dünyada olan bütün prosesləri seyr edirlər və Türkiyə televiziya kanallarından çox bəhrələnirlər. Bu, çox faydalıdır. Ancaq Türkiyənin seyrçilərinin Azərbaycan haqqında bilgiləri azdır. Mən istərdim ki, bax, bu boşluq birinci növbədə NTV tərəfindən doldurulsun. Mən bunu arzu edərdim.

Bu ilin fevral ayında İstanbulda NTV kanalı ilə mənim bir görüşüm oldu. Mənim bu görüşüm NTV kanalının 1997-ci ildə Türkiyədə apardığı sorğunun nəticəsi ilə əlaqədar idi. Sizin apardığınız sorğulara görə kanalınız - NTV Azərbaycanın Prezidenti Heydər Əliyevi "Dünyada ilin adamı" elan etdi. Bu da bizim üçün çox əlamətdar hadisə idi. Doğrusunu deyim, bu, təkcə mənim üçün yox, bütün Azərbaycan xalqı üçün gözlənilməz bir hadisə idi. Çünki biz Azərbaycanda sizin kanalı seyr etmədiyimizə görə belə bir sorğunun aparılmasını da bilmirdik. Mən sizin kanal ancaq öz sorğusunun başa çatdığını və qəbul etdiyi qərarı elan edəndən sonra bu barədə məlumat aldım. Ona görə də sizin bu sorğunuz, əldə etdiyiniz nəticə və qəbul etdiyiniz qərar çox əhəmiyyətlidir.

Mən bu fürsətdən istifadə edib Sizə, NTV televiziya kanalına və əməkdaşlarmızın hamısına bir daha təşəkkürümü bildirirəm. Mən Sizinlə artıq birinci dəfə deyil görüşürəm. Bizim Bakıda da, Türkiyədə də görüşlərimiz olmuşdur. Mən təşəkkürümü bildirirəm və Sizin NTV kanalının sahibi, mənim dostum Cavid Çağlara da bugünkü veriliş vasitəsilə öz salamlarımı və hörmətlərimi çatdırıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, NTV kanalı ilə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaqdır.

Sual: Sağ olun, təşəkkür edirəm. Biz Bakıya gəldiyimiz gündən işlərimizi Sizin məsləhətləriniz əsasında qururuq və müsbət nəticələr əldə etmişik. Ümidvarıq ki, sizin məsləhətinizə uyğun olaraq Azərbaycan haqqında xəbərlərin Türkiyəyə operativ çatdırılması işini bir ay ərzində həll edəcəyik, hətta Azərbaycan haqqında xüsusi proqramlar hazırlayacağıq. Bununla yanaşı, icazənizlə, bir neçə aktual məsələyə də toxunmaq istəyirəm. Çünki Sizinlə görüşdən sual vermədən ayrılmaq düzgün olmazdı.

Siz bu həftənin sonunda Türkiyəyə gələcəksiniz və Opada su bəndinin təməlinin qoyulması mərasimində iştirak edəcəksiniz, Türkiyənin və Gürcüstanın prezidentləri ilə görüşəcəksiniz. Əlaqələri çox yaxşı olan bu üç ölkənin münasibətlərinə "Dərinər" su bəndi, Sizcə, necə təsir göstərəcəkdir?

Cavab: Bilirsiniz, ümumiyyətlə Azərbaycanın Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı bizim üçün çox əhəmiyyətlidir. Bu, bizim daim diqqət mərkəzimizdədir. Həm Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl, Baş nazir hörmətli Məsud Yılmaz və Türkiyənin digər başçıları, həm də Azərbaycan tərəfi, o cümlədən Azərbaycanın Prezidenti olaraq mən bu əlaqələri daim genişləndirməyə, inkişaf etdirməyə çalışırıq. Gürcüstan ilə Türkiyə arasında da bizi sevindirən dostluq əlaqələri yaranıbdır. Bu da bizi çox sevindirir. Çünki Gürcüstanın həm Türkiyə ilə, həm də Azərbaycan ilə sərhədləri vardır. Gürcüstanda 500 min, yəni yarım milyondan artıq azərbaycanlı yaşayır. Gürcüstan bizim üçün çox əhəmiyyətli bir ölkədir. Gürcü və Azərbaycan xalqları arasında tarixən həmişə dostluq əlaqələri olubdur. Biz indi bu əlaqələri genişləndiririk. Türkiyə Opada bir bənd tikmək istəyir. Şübhəsiz ki, onun həm Türkiyə, həm də Gürcüstan üçün çox böyük əhəmiyyəti vardır. Mən də o görüşdə olacağam, görüm oradan Azərbaycan nə qədər faydalanacaqdır. Mən ona baxmalıyam, çünki həmin bənd Gürcüstan ilə Türkiyənin sərhədində yerləşən bir məntəqədə olacaqdır. Mən əziz dostum Süleyman Dəmirəlin dəvətini qəbul etmişəm və mütləq Trabzona gələcəyəm, oradan da Opaya gedəcəyik. Gürcüstanın prezidenti, mənim dostum Eduard Şevardnadze bu gün səhər mənə telefon etmişdi. Biz onunla da bu məsələni bir daha aydınlaşdırdıq. Çünki mənim oraya gedib-getməyəcəyim bu günə qədər hələ tam aydın deyildi. Dəvət var idi, mən onu qəbul etmişdim, amma mənim də, Şevardnadzenin də işləri çoxdur. Ancaq bugünkü telefon danışığında ikimiz də belə qərar qəbul etdik ki, biz ayın 26-da orada görüşəcəyik. Hesab edirəm ki, bu görüşlərimiz də çox əhəmiyyətli olacaqdır. Bəlkə də ilk dəfədir ki, Gürcüstan, Türkiyə və Azərbaycan prezidentlərinin, cümhur başqanlarının üçü bir yerdə görüşmüş olacaqlar. Bunun özü də çox əhəmiyyətlidir. Güman edirəm, biz orada təkcə bəndlə əlaqədar deyil, üç ölkəyə aid olan başqa məsələlər haqqında da fikir mübadiləsi aparacağıq.

Sual: Bölgəmizdəki başqa bir ölkə də Ermənistandır və onun yaratdığı problemləri hamımız bilirik. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olması da məlumdur. Ermənistanda bu yaxınlarda prezident seçkiləri oldu. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ümidləri artırırmı, yoxsa vəziyyəti daha da qarışdırır?

Cavab: Bilirsiniz, mən Ermənistan ilə Azərbaycan arasında 10 il bundan əvvəl yaranmış bu hərbi münaqişənin sülh yolu ilə həll olunması uğrunda mübarizə aparıram, çalışıram. Son dörd ildir ki, artıq atəş yoxdur. May ayının 12-də dörd il tamam olacaqdır ki, biz atəşi dayandırmışıq və bu məsələni sülh, barış yolu ilə həll etmək istəyirik. Hesab edirəm ki, biz indən sonra da bu yolla getməliyik. Güman edirəm ki, Ermənistanın daxilində hökumətin, yəni dövlətin başçısının dəyişdirilməsi bizim bu sülh prosesinə təsir etməməlidir. Yəni mənfi təsir etməməlidir, müsbət təsir edə bilər. Ermənistanın dövlət başçısının dəyişdirilməsi məsələsi ölkənin daxili işidir. Biz bunlara qarışmırıq. Ermənistanın vətəndaşları kimə etibar edirsə, şübhəsiz ki, ölkəyə də o başçılıq etməlidir. Biz Ermənistanın seçdiyi prezidentlə görüş keçirməliyik, danışıq aparmalıyıq, bu məsələni müzakirə etməliyik. Mən ümidvaram və hesab edirəm ki, sülh, danışıqlar prosesi yaxın vaxtlarda başlayacaqdır. Ola bilər ki, bu may ayında başlasın. Başlayacaqdır və ümid edirəm ki, bu yola başqa alternativ yoxdur. Ona görə də biz bu yolla gedirik. Ermənistanın əvvəlki prezidenti də bu yolla gedirdi, indi yeni prezident də bu yolla getməlidir, başqa yol yoxdur.

Sual: Barış, sülh yolu ilə?

Cavab: Bəli.

Sual: Türkiyənin enerji və təbii qaynaqlar naziri Cümhur Ərsümər bir neçə gün bundan əvvəl Bakıda idi. Burada Bakı-Ceyhan neft kəməri ilə bağlı danışıqlar aparıldı. Biz də iki gündür ki, Bakıdayıq. Azərbaycandakı bəzi qəzetlərin yazdığına görə, cənab Ərsümərlə görüşdə Siz Türkiyə ilə bağlı müəyyən tənqidi fikirlərinizi də çatdırmaq fürsətindən istifadə etmisiniz. Bakı-Ceyhan neft boru kəməri layihəsi barədə fikirlərinizi NTV vasitəsilə bir daha bildirərsinizmi?

Cavab: Mən hörmətli enerji naziri ilə danışanda da dedim, 5-6 ildir ki, Bakı-Ceyhan neft boru kəməri bütün Türkiyə xalqının dilindən düşmür. Yəni bu, daim sizin xalqın dilindədir, lap uşaq da Bakı-Ceyhan sözü danışır. Ancaq mən bunu söylədim, sizin televiziya vasitəsilə bir də bildirmək istəyirəm - indi o danışıqdan işə keçmək lazımdır. O vaxtlar keçdi. Yəni biz bu məsələni artıq həll etmişik, Azərbaycan neftinin Qərbə, Batıya getməsi üçün böyük neft borusunun Bakı-Ceyhan yolu ilə getməsi qərarını şəxsən mən qəbul etmişəm. İndi bu işi gerçəkləşdirmək, həyata keçirmək lazımdır. Biz bu sahədə öz işimizi görmüşük. Burada bizim də üzərimizə çox vəzifə düşür. Gürcüstanın da, Türkiyənin də üzərinə vəzifə düşür. Çünki Türkiyənin Ceyhan limanına gedəcək bu boru xətti üç ölkənin torpağından keçəcəkdir. Biz bu işlərin başındayıq, bu işləri biz həll edirik. Biz nə etmək lazımdırsa, onu etmişik. İndi lazımdır ki, Türkiyədə də bu işlərlə əməli, praktik surətdə məşğul olsunlar. Mən hörmətli nazirə bunu dedim, Sizə də deyirəm ki, seyrçiləriniz bilsinlər. Ayın 26-da biz Trabzonda, Opada görüşəndə mən bunu dostum Süleyman Dəmirələ, dostum Məsud Yılmaza da deyəcəyəm.

Jurnalist: Çox təşəkkür edirəm. Azərbaycan Prezidenti Heydər Əliyevin bu müsahibəsi ilə NTV-nin Bakıdakı ötürücüsünü istifadəyə vermiş olduq. Beləliklə, NTV ilk dəfə xaricdəki ötürücü vasitəsilə Türkiyə baxımından çox əhəmiyyətli münasibətlərimiz olan bir bölgəyə proqramlarını yaymağa başladı. Bu əməkdaşlığı hörmətli Prezident Heydər Əliyevin məsləhətlərinə uyğun olaraq birtərəfli fəaliyyət kimi deyil, ikitərəfli fəaliyyətə çevirmək üçün səylərimizi davam etdirəcəyik. Bakıdan hamınıza uğurlu günlər.

Tarixi arayış

MÜSAHİBƏLƏR