Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 9 may 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bundestaqın Avropa Birliyinə dair məsələlər üzrə komissiyasının sədri Fridbert Pflüger başda olmaqla, Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonaqları səmimiyyətlə qarşılayaraq hal-əhval tutdu.

Səmimi qəbul üçün təşəkkür edən cənab Fridbert Pflüger Azərbaycanda səfərdə olmaqdan çox məmnun qaldıqlarını bildirərək dedi ki, cənab Prezident, çox şadam ki, almanların gənc nəslinin nümayəndəsi kimi, təntənəli tədbirdə iştirak edirdim. 9 May bizim nəslin nümayəndələri üçün, biz almanlar üçün də Qələbə günüdür. Çünki o, bir növ nasist Almaniyasından, Hitler Almaniyasından xilas olmaq günüdür. Bu gün müharibə veteranlarına baxarkən düşünürdüm ki, onlar olmasaydı, bu qəhrəmanlıq və şücaəti göstərməsəydilər, yəqin ki, biz də başqa şəraitdə yaşayardıq, azadlıqda yaşamazdıq, Avropa da başqa şəkildə görünərdi.

Sovetlər İttifaqı dövründə Azərbaycan bir ölkə kimi, Almaniyadan çox uzaqda idi. Lakin bizim əlaqələrin qədim keçmişi vardır. Azərbaycanda 50 minədək alman yaşamışdır. İndi biz Avropa məkanında sizinlə birlikdə olmağa, ölkənizi daha yaxından öyrənməyə imkan tapırıq. Azərbaycan Avropanın ayrılmaz hissəsidir. Ona görə də mən tərəfdarıyam ki, hökumətimiz Qafqaza daha yaxından fikir versin. Bundestaqın Avropa Birliyinə dair məsələlər üzrə komissiyasının sədri kimi, mən daim bunun tərəfdarı olmuşam.

Bu regionla xüsusi əlaqələr yaradılmasını zəruri hesab etmişəm. Bu haqda fikirlərimi Prezident Şevardnadze ilə də bölüşmüşəm.

Prezident Heydər Əliyev cənab Pflügerin Azərbaycana, Qafqaza marağından məmnun olduğunu bildirərək dedi ki, hesab edirəm, Bundestaqın və Almaniya hökumətinin sizin kimi üzvləri Azərbaycana daha da çox maraq göstərməlidirlər. Hələ XX əsrin əvvəllərində alman şirkətləri Azərbaycanda fəaliyyət göstəriblər. O dövrdə «Siemens» şirkəti ölkəmizdə böyük işlər görübdür. Burada almanlar çox yaşayıblar. Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyarkən mənim özümün alman tələbə yoldaşlarım vardı, yataqxanada bir alman tələbə ilə bir otaqda yaşamışam.

Dövlətimizin başçısı xatırlatdı ki, beş-altı il öncə Almaniya Azərbaycana daha çox maraq göstərirdi. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də Almaniyanın, onun hökumətinin fəaliyyətini hiss edirdik. O vaxtkı Xarici İşlər naziri cənab Kinkel bu işlərlə çox ətraflı məşğul olurdu. İndiki Xarici İşlər naziri Yoşka Fişer də Qafqazda, Azərbaycanda olmuşdur, onunla görüşümdən çox məmnunam.

Amma mənə belə gəlir ki, indi Almaniyanın Azərbaycana marağı bir az zəifləyibdir. Hər halda, mən öz təəssüratımı deyirəm. Biz istəyirik ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr daha sıx, daha geniş olsun, hərtərəfli inkişaf etsin.

Güman edirəm, Azərbaycana ilk səfəriniz sizə imkan verəcək ki, dediyim sözlərin nə qədər həqiqət olduğunu görəsiniz. Mən dövlət başçısı, prezident kimi, öz arzularımı bildirirəm. Hesab edirəm ki, Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması üçün bizim böyük imkanlarımız var. İqtisadi əlaqələrin inkişaf etdirilməsində imkanlar çoxdur. Bu imkanlardan istifadə etmək lazımdır və biz öz tərəfimizdən buna hazırıq.