Parlament seçkilərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 29 oktyabr 2000-ci il


Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirə Azərbaycanda qarşıdan gələn növbəti parlament seçkiləri ilə, Milli Məclisə seçkilərlə əlaqədardır.

Təbiidir ki, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır və bu barədə çox işlər görülübdür. Ancaq eyni zamanda bu seçki prosesində icra orqanlarının da, xüsusən yerli icra orqanlarının - şəhər, rayon icra hakimiyyəti orqanlarının, nazirliklərin üzərinə düşən vəzifələr də vardır. Bu vəzifələr əsasən Mərkəzi Seçki Komissiyasına, dairə, məntəqə seçki komissiyalarına yardım göstərməkdən ibarətdir ki, bu seçkilər bizim Milli Məclisin qəbul etdiyi qanunlar əsasında, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar və təlimatlar əsasında keçirilə bilsin.

Seçkilərə bir həftə qalır, ona görə də mən bu gün sizi - icra hakimiyyəti orqanlarının başçılarını buraya dəvət etmişəm ki, bir daha bu vəzifələrinizi sizə bildirək. Siz vəzifələrinizi, vəzifələrinizin dairəsini, yəni səlahiyyətinizin dairəsini bilməlisiniz və bu dairədə, bu çərçivədə seçkilərin keçirilməsinə kömək etməlisiniz. Bir də deyirəm, seçkiləri Mərkəzi Seçki Komissiyası, yerli seçki orqanları aparır. İcra hakimiyyəti orqanlarının vəzifəsi onlara kömək etməkdən ibarətdir.

Biz Azərbaycanın müstəqilliyinin doqquzuncu ildönümünü qeyd etdik. Bu doqquz il müddətində Azərbaycan müstəqillik yolunda çox böyük uğurlar əldə edibdir. Ancaq bizim bu nailiyyətlərimiz asan başa gəlməyibdir. Biz ağır, çətin, əziyyətli bir yol keçmişik. Ancaq bu yolu keçmişik, indi bizim respublikamız artıq demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkəmizdə quruculuq işləri aparılır. İnsanların həyat tərzi yaxşılaşır və ölkəmiz dünya birliyində özünə məxsus olan yeri tutubdur.

Bu doqquz il müddətində ən əsas mərhələlərdən biri müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunmasıdır, qəbul olunmuş Konstitusiya əsasında ilk dəfə Milli Məclisə demokratik seçkilərin keçirilməsidir. Biz bunu etdik. 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi yolu ilə ilk demokratik Konstitusiyamızı qəbul etdik və beş ildir onun əsasında yaşayırıq, işləyirik, bütün işlərimizi görürük. O vaxt ilk dəfə müstəqil Azərbaycanın parlamentinə, Milli Məclisə demokratik seçkilər keçirdik. Bu seçkilərin nəticəsində Milli Məclis formalaşdı və ötən beş ildə fəaliyyət göstəribdir.

Fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanın demokratik seçilmiş və demokratik prinsiplər əsasında fəaliyyət göstərən ilk Milli Məclisi beş ildə çox iş görmüş, əsas vəzifəsini, qanunvericilik vəzifəsini uğurla həyata keçirmişdir. Ölkəmizdə həm iqtisadiyyatın inkişafının təmin olunması üçün, həm bütün sahələrdə mühüm islahatların aparılması üçün, özəlləşdirmənin həyata keçirilməsi üçün, həm də demokratiyanın inkişaf etdirilməsi, vətəndaşlara bütün azadlıqların verilməsi üçün, vicdan, mətbuat azadlıqlarının təmin olunması üçün və bir çox başqa sahələrdə işimizi məhz qanunlar əsasında təmin etmək üçün çoxsaylı qanunlar qəbul olunubdur. Bu qanunlar icra olunur, bundan sonra da icra ediləcəkdir. Ona görə də hesab edirəm ki, biz 1995-ci ildə seçilmiş Milli Məclisin işinin artıq sona çatdığı vaxtda və Milli Məclisə yeni seçkilərə getdiyimiz vaxtda gərək Milli Məclisimizə, parlamentimizə təşəkkür edək. Onlar öz üzərinə düşən vəzifəni yerinə yetiriblər, öz missiyasını yerinə yetiriblər. Təbiidir ki, bu da Azərbaycanda demokratiyanın böyük bir mərhələsi olubdur və eyni zamanda, ölkəmizdə ikinci dəfə Milli Məclisə tam demokratik şəraitdə seçkilərin keçirilməsi üçün yaxşı əsas yaradır.

Mən dedim ki, ötən doqquz il bizim üçün çox çətin, ağır illər olubdur. Ancaq xalqımız bunu qiymətləndirir və biz də bundan iftixar hissi duyuruq ki, bu yolu uğurla keçmişik və irəliləyirik. Ötən illər çox işlər görülübdür. Əgər qısa desək, biz 1993-cü ildən başlayaraq, ölkəmizin hər mərhələsi üçün qarşımıza çıxan vəzifələri yerinə yetirməyə çalışmışıq və bunların hamısına da nail olmuşuq. Əgər bu dövrə bir balaca nəzər salsaq, 1993-cü ildən 1995-ci ilə qədər, bəlkə də 1995-ci ilin payızına qədər Azərbaycan dövlətinin, hökumətinin və o cümlədən əvvəlki parlamentin vəzifəsi Azərbaycanda yaranmış bu ağır vəziyyəti aradan götürməkdən ibarət olmuşdur. Yəni biz 1993-cü ilin iyun ayında baş vermiş vətəndaş müharibəsinin qarşısını almaqla Ermənistanın təcavüzü ilə bərabər, separatçı qüvvələr tərəfindən Azərbaycanın parçalanmasının qarşısını aldıq.

Ondan sonra Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün çox işlər gördük. Qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdik. Azərbaycanda, təəssüflər olsun ki, əvvəllər artıq ənənəyə çevrilmiş silahlı dövlət çevrilişləri cəhdlərinin qarşısını aldıq. Terror aktlarının qarşısını aldıq. Baxmayaraq ki, biz bəzi itkilər də verdik, ancaq, ümumiyyətlə, terrorçu qüvvələri zərərsizləşdirdik. Bu işlərin hamısı siyasi nöqteyi-nəzərdən bir tərəfdən, Azərbaycanda sabitliyi təmin etmək, ikinci tərəfdən, Azərbaycanın dağılmış iqtisadiyyatını bərpa etmək və insanların həyat şəraitini yaxşılaşdırmaq üçün aparılmışdır. Məhz bunların nəticəsində Azərbaycanda 1995-ci ilin payızına qədər - biz ölkəmizdə ictimai-siyasi sabitliyi təmin edəndən sonra, qanunsuz silahlı dəstələri zərərsizləşdirəndən sonra, Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın təcavüzünün qarşısını almaq məqsədilə 1994-cü ilin may ayında atəşkəs rejiminə razılıq verdikdən və onu təmin etdikdən sonra, iqtisadiyyatda müəyyən müsbət addımlar atdıqdan sonra Azərbaycanda demokratik dövlətin, hüquqi dövlətin demokratik konstitusiyasının qəbul olunması və yeni parlament seçkiləri, Milli Məclisə seçkilər keçirilməsi üçün şərait yarandı.

Bu dövr çox çətin dövr oldu və bizim hamımızın gözünün qarşısındadır. Əgər kimsə onu unudursa, böyük səhv edir. Çünki o illər Azərbaycanın dövlət müstəqilliyinin müqəddəratı həll olunurdu: Azərbaycan bir müstəqil dövlət kimi yaşayacaq, ya yaşamayacaqdır? Azərbaycan xalqı uzun illər müstəqil ölkəyə malik olacaq, ya olmayacaqdır? Onun müqəddəratı həll edilirdi. Biz həqiqətən böyük təhlükələr qarşısında idik. Bunları heç vaxt unutmaq lazım deyildir. İnsan pis günü tez unudur. Mən demirəm ki, həmişə pis günü yada salıb inildəmək lazımdır. Ancaq eyni zamanda əgər bu gün o ağır dövrləri unutsaq, yaddaq çıxarsaq, ondan sonra Azərbaycanda gedən proseslərin və bugünkü vəziyyətin qiymətini verə bilmərik.

1995-ci ildə Azərbaycanda məhz sabitlik yaranandan sonra, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunandan sonra və iqtisadiyyat sahəsində müəyyən irəliləməni təmin edəndən sonra biz dövlətimizin inkişafının ikinci mərhələsini keçdik. İkinci mərhələ də yeni, yəni ilk müstəqil dövlətin Konstitusiyasını qəbul etmək idi və ilk müstəqil dövlətin demokratik parlamentini, Milli Məclisini seçmək idi. Biz bunu etdik.

1995-ci ilin payızından sonrakı dövr isə Azərbaycanda artıq tədricən inkişaf dövrüdür. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu dövrüdür. Azərbaycanda demokratiyanın inkişafı, bütün insan hüquqlarının təmin olunması dövrüdür. Azərbaycana, vətəndaşlarımıza rahat yaşamaq imkanı verildiyi bir dövrüdür və bunların hər birinin də özünün qiyməti vardır.

Biz bu il bütün sahələrdə inkişafdayıq. Əvvəlki illər də belə olubdur. Amma bizim inkişafımız bu gün nədən ibarətdir? Birincisi, dövlət müstəqilliyimiz daha da möhkəmlənibdir. İkincisi, xarici siyasətimiz daha da uğurlu olubdur. Üçüncüsü, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmaq üçün çox intensiv danışıqlar aparılıbdır və aparılmaqdadır. Daha sonra Azərbaycanın iqtisadiyyatı inkişaf edibdir. İnsanların həyat tərzi, güzəranı yaxşılaşıbdır. Dediyim kimi, çoxsaylı qanunlar qəbul olunubdur və həyat normal məcrada inkişaf edir. İnsanlar qurur, yaradır, yaşayırlar. Amma bunlarla bərabər, bizim həyatımızda həll olunmamış çox problemlər vardır. Keçid dövrünün çətinlikləri vardır. Bizim üçün hakimiyyət orqanlarının işində ciddi nöqsanlar da, çatışmazlıqlar da vardır. Yəni biz hələ istədiyimiz səviyyəyə çata bilməmişik. Ona görə yox ki, biz bu sahədə əlimizdən gələni etməmişik. Ona görə ki, sadəcə, bizim istədiyimiz səviyyəyə çatmaq üçün hələ çox işlər görmək lazımdır, zaman lazımdır. Ancaq başlıcası ondan ibarətdir ki, biz indi ölkəmizi artıq elə bir relslər üzərinə qoymuşuq ki, o, bundan sonra daha da sürətlə irəliləyəcək və təbiidir, zaman ölkəmizin istədiyimiz səviyyəyə qaldırılmasını təmin edəcəkdir.

Azərbaycanda bu il iqtisadiyyat yaxşı inkişaf edibdir. Bilirsiniz, bundan şikayətlənmək olmaz. Əgər biz dünyanın iqtisadiyyatına nəzər salsaq, məsələn, hər bir ölkənin iqtisadiyyatı hansı templərlə inkişaf edir? Bizim ölkəmiz doqquz il bundan öncə Sovetlər İttifaqının tərkibində olubdur. O illərin öz nailiyyətləri olubdur. Xatirimdədir, 70-80-ci illərdə sənayenin inkişaf tempi çox yüksək idi. Demək olar ki, iqtisadiyyatın inkişaf tempinə görə, artımına görə Azərbaycan bütün müttəfiq respublikalardan fərqlənirdi. Bax, bütün bunlarla da müqayisə etsək, bu ilin göstəriciləri çox sevindiricidir.

Təsəvvür edin, ümumi daxili məhsul 9,9 faiz artıbdır. Bilirsiniz, bəlkə də iqtisadiyyatı bilməyən adam üçün bu, böyük bir şey deyildir. Bəlkə də hesab edir ki, gərək 20-30 faiz artaydı. Amma inkişaf etmiş dövlətləri götürün. Orada artım 2-3-4 faizdən artıq olmur. Amma deyərsiniz ki, orada həyat yaxşıdır, iqtisadiyyat yaxşıdır. Bəli, iqtisadiyyat artıq orada çox inkişaf edibdir. İqtisadiyyat nə qədər yüksəyə qalxırsa, iqtisadiyyat nə qədər yüksəyə qalxaraq ölkənin əhalisinin həyat tərzini yaxşılaşdırırsa, yüksəldirsə, o zaman inkişaf templəri azalır. Ancaq bizim ölkədə təxminən 1988-1989-cu illərdən sonra 1995-ci ilə qədər dağılma dövrü olduğuna görə, indi, bu ilin doqquz ayında ümumi daxili məhsulun 9,9 faiz artması böyük hadisədir.

Mən xatırlayıram, biz 70-ci illərdə SSRİ respublikaları içərisində ən yüksək templərlə inkişaf edirdik. Onda bizim illik tempimiz orta hesabla 7-8, bəzən 9 faiz idi. Amma biz ölkəmizin iqtisadiyyatını inkişaf etdirdikcə temp azalırdı. Əgər 70-ci illərin əvvəllərində biz iqtisadiyyatı ildə 8-9-10 faiz artırırdıqsa, bunun da ümumiləşdirici göstəricisi ümumi daxili məhsulun həcmi idi.

1980-1983-cü illərdə artıq biz o qədər qalxa bilmirdik, ildə 6-7 faiz olurdu, amma SSRİ-də 3-4 faiz. Mən Moskvada işlədiyim illərdə, - bilirsiniz ki, mən o vaxt əsasən iqtisadiyyatla, sovet hökumətinin bütün iqtisadiyyatı ilə məşğul idim, - biz hər il planları təshih edəndə nə qədər müzakirələr aparırdıq. Kənd təsərrüfatı məhsulları 2 faizdən artıq artmırdı. Ümumi daxili məhsulun artımı 3 faizdən çox olmurdu. O da təbii idi. Çünki o sistemin, o dövrün, necə deyərlər, ehtiyatları artıq tükənirdi. Ona görə də bu sistem dəyişilməli idi və dəyişildi. Çünki o sistem artıq staqnasiya, durğunluq səviyyəsinə gəlib çatmışdı.

İndi doqquz ayda 9,9 faiz artım yüksək göstəricidir. Əsas sənaye istehsalı doqquz ayda 5,8 faiz artıbdır. Bu da çox böyük göstəricidir. Kənd təsərrüfatı istehsalı 9,1 faiz artıbdır - çox yüksək göstəricidir. Doqquz ayda ümumi əmək haqqı 15 faiz artıbdır. Bunlar hamısı konkret görülən işlərin nəticəsi, bizim statistika orqanının apardığı hesablamaları və verdiyi faizlərdir.

Məsələn, bu il müstəqil dövlətlər içərisində orta əməkhaqqının artımına görə Azərbaycan beşinci yerdədir. Bizdən öndə Rusiya, Belarus, Qazaxıstan, bir də Özbəkistandır. Azərbaycanda dollara çevirəndə orta əməkhaqqının həcmi bu il 46 dollardır. Amma Ermənistanda 39, Qırğızıstanda 25, Moldovada 33, Tacikistanda 7,5 dollardır. Ukraynada 45 dollardır. Bizə yaxındır. Gürcüstanda 25 dollardır. Budur göstəricilər. Budur Azərbaycanın doqquz ay müddətində bugünkü həqiqəti, bugünkü reallığı.

Ancaq bununla bərabər, bir göstərici də çox vacibdir. Bu da inflyasiyanın səviyyəsidir.

Keçmişdə, sovet dövründə çoxları, - bəziləri indi də, - inflyasiya nədir bilmirdi. Çünki onda, sosialist sistemində bunun əhəmiyyəti yox idi. İnflyasiya həmişə təbiidir ki, insanın, yəni hər bir vətəndaşın aldığı əməkhaqqının istifadə olunması ilə əlaqədardır. Bilirsiniz ki, bizdə inflyasiya, - mən bu barədə də danışacağam, - 1800 faizə çatmışdı. Amma indi, demək olar ki, 1,5-2 faizdir. Məsələn, Belarusda orta əməkhaqqı bizdən yüksəkdir, amma inflyasiyanın səviyyəsi Azərbaycandakından 4 dəfə çoxdur. Demək, əgər orada əməkhaqqını bizdəkindən çox alsalar da, ondan istifadə edəndə dəyəri aşağı düşür.

Mən özüm uzun illərdir sənayenin təşkilatçılarından biriyəm. Yaxşı bilirəm ki, Azərbaycanda, xüsusən 70-ci illərdə, 80-ci illərin ortalarına qədər çox güclü sənaye potensialı yaranmışdı. Neft sənayesi Azərbaycanda həmişə olmuşdur, tarixi bir şeydir. Amma maşınqayırma sənayesi, yaxud kimya sənayesi, yüngül sənaye, başqa sənaye sahələri - bunlar 70-80-ci illərdə çox yüksək inkişaf etmişdi. Amma sonra hamısı dağıldı, hamısı tənəzzül etdi.

İndi təsəvvür edin, bu doqquz ayda dediyim kimi, sənayenin ümumi istehsalı 5,8 faiz artıbdır. Maşınqayırma sahəsində doqquz ayda istehsal 70 faiz artıbdır. Deyərsiniz ki, bu, möcüzədir, nədir? Yox, möcüzə deyildir.

Ona görə ki, ötən illər maşınqayırmada istehsal çox aşağı düşmüşdü. Bizim maşınqayırma zavodları gərək yeni bir sistemə keçəydilər, özlərinə bazar tapaydılar, yeni məhsul istehsal etməyə imkan əldə edəydilər və ondan sonra istehsalı artıra bilərdilər. Bax, bu dövr onlar üçün keçdi. İndi əgər doqquz ay müddətində maşınqayırma 70 faiz artıbsa, görün, bizim maşınqayırma zavodlarının çoxu nə qədər böyük işlər görüblər.

Məsələn, Sumqayıtda boru prokat zavodu var. Vaxtilə orada on min adam işləyirdi. O zavodun üzərində, 70-ci illərdə onun normal işləməsini təmin etmək üçün mənim nə qədər böyük zəhmətim vardır. Bizim üçün metallurgiya yeni bir sahə idi və mütəxəssislər də çatışmırdı. Xatirimdədir, 70-ci illərin əvvəllərində mən məcbur oldum boru prokat zavodunun direktoru vəzifəsinə Uraldan böyük bir boru prokat zavodunun direktorunu dəvət etdim ki, o, iki-üç il burada işləyib kollektivi yüksək səviyyəyə qaldıra bilsin. Ancaq sonra bu iş dağıldı. İndi o, bərpa olunur və artıq boru prokat zavodu işləməyə başlayıbdır.

Yaxud da Gəncədəki Gil-torpaq zavodu. Onun tikilməsi də, yaranması da - hamısı mənim həyatımdan keçibdir. O vaxt onu tikmək, yaratmaq üçün çətin bir dövr keçdik. Orada çoxlu adam işləyirdi, dörd minə qədər işçisi vardı. Son iki il içərisində o zavod da bərpa olundu. İndi iki min beş yüz adam işləyir və bundan sonra da işləyəcəkdir.

Mən bu günlərdə fərman verdim ki, ümumiyyətlə, gil-torpaq zavodu, alüminium zavodu, bütün alüminium istehsalı kompleksi xarici şirkətlərə icarəyə verilsin. Bizim Dövlət Əmlakı Nazirliyimiz tender elan etdi. Hollandiyanın bir şirkəti bu tenderi uddu. Mən onun prezidentini qəbul etdim, danışdıq. Onlar bu işə bir milyard dollar vəsait qoymaq istəyirlər.

Bəlkə də bu istehsalı çoxları bilmir. Mən Hollandiyanın həmin şirkətinin prezidenti ilə danışanda, istehsalın incəliklərini ona söyləyəndə, o, təəccübləndi ki, siz bunu necə bilirsiniz. Çünki hamısı mənim xatirimdədir. Ona demişdim, bəlkə haradasa da demişəm, amma bir də demək istəyirəm. Gəncədə Gil-torpaq zavodunun tikilməsi necə olubdur, niyə tikilibdir? Çünki vaxtilə geoloqlar Gəncənin yaxınlığındakı Zəylikdə alunit yataqları kəşf ediblər. 1951-1952-ci illərdə Azərbaycana rəhbərlik edən şəxs, təbiidir ki, mütəxəssislər ilə məsləhətləşəndən sonra, hamısı təkliflər veriblər ki, alunit alüminium almaq üçün dəyərli bir xammaldır və bundan istifadə etmək lazımdır.

Keçmiş SSRİ Nazirlər Sovetinin sədri, rəhmətlik Kosıgin mənə danışırdı ki, o vaxtlar Azərbaycanın başçısı Stalinin yanına gəldi, alunitin nümunələrini gətirdi və dedi ki, bizə bu işi yaratmağa kömək edin. O, özü danışırdı ki, Stalin məni çağırdı, bir yerdə baxdıq. Göstəriş verdi ki, kömək et və biz başladıq. Yəni bu, 1952-ci ildən başlayıbdır. Bu proses nədən ibarətdir?

Alunit həmin Gil-torpaq zavodunda emal olunur, gil-torpağa çevrilir. Gil-torpaq isə son məhsul-alüminium almaq üçün əsas xammaldır. Onun üçün də Sumqayıtda alüminium zavodu tikildi. Bu, bir prosesdir - Zəylik, Gəncə gil-torpaq zavodu, Sumqayıt alüminium zavodu. Bu proses belə qurulmuşdu. Təbiidir ki, bunu layihələşdirənlər, mütəxəssislər etmişdilər. Ancaq sonra, təəssüflər olsun ki, Gəncədə bu gil-torpaq zavodunun tikilməsi çox çətin oldu, ağır bir proses idi. Çünki Azərbaycan üçün bu, yeni bir sahə idi. Biz 70-ci illərdə bunun üzərində çox çalışdıq. Amma nail olduq və Alüminium zavodu da tikilmişdi, onu da işlətdik.

Ancaq son dövrdə hamısı dayanmışdı. Alunit də orada qalıbdır, Gil-torpaq zavodu da dayanmışdı, Alüminium zavodunu da söküb dağıdıblar. Mən Hollandiya şirkətinin prezidenti ilə danışanda, bu prosesi ona deyəndə soruşdu ki, siz bunu haradan bilirsiniz? Dedim, biz bununla məşğul olmuşuq. İndi onlar bunu idarəetməyə götürürlər. Oraya - həm zəylik mədəninə, həm Gəncə gil-torpaq kompleksinə bir milyard dollar sərmayə qoyacaqlar və Sumqayıtdakı Alüminium zavodu da demək olar ki, yenidən tikiləcəkdir. Təbiidir ki, buna iki-üç il vaxt lazımdır. Amma o, mənə söz verdi ki, 6 ay müddətində müəyyən qədər ilk məhsulu verəcəyik. İndi Gəncədə öz imkanları ilə Gil-torpaq zavodunu işlədirlər. Amma bir neçə il bundan əvvəl işləmirdi. Yadınızdadır, fəhlələr Gəncədə küçələri kəsirdilər, etirazlarını bildirirdilər. Yəni görülən işlər budur.

Bilirsiniz, bir var ki, hər şey yaranıb, onu irəliyə aparmaq lazımdır. Bir də var ki, çox şey yaranıb, amma sonra dağıdılıbdır, indi ağır bir vaxtda, tamam başqa şəraitdə bunları yenidən yaratmaq lazımdır. Yəni bu, başqa iqtisadi sistemdə, başqa iqtisadi əsaslarda olmalıdır. Ona görə bu proses asan deyildir. Mən sənaye haqqında bu sözləri deyirəm ki, hər birinizdə daha dolğun, düzgün təsəvvür olsun. Sənaye bizim istehsalın bir hissəsidir.

Məsələn, kənd təsərrüfatı sahəsini götürək. Biz Azərbaycanda torpaq islahatları həyata keçirmişik. Ölkəmizdə nə qədər kənd təsərrüfatı məhsulları istehsal etmək mümkündür. Kimsə deyir ki, üzüm bağları dağıdılıbdır, pambıq tarlaları filandır və sairə. İndi azadlıqdır, hər kəs öz sözünü deyə bilər. Heç kəs, necə deyərlər, heç kimin sözünə etiraz etmir. Ancaq həqiqət nədən ibarətdir? Həqiqət ondan ibarətdir ki, Azərbaycanda üzüm bağlarının salınmasının təşəbbüskarı Heydər Əliyevdir. 1971-ci ildən başlayaraq Azərbaycanda böyük üzüm plantasiyaları yaradılıbdır. Bunun Azərbaycan kəndlisinə nə qədər xeyir verdiyini yaxşı bilirsiniz.

Amma sonra, Qorbaçovun antialkoqol siyasəti zamanı bunların bir hissəsini qırdılar, bir hissəsini isə Azərbaycanda hərc-mərclik dövründə dağıtdılar. İndi isə istehsal olunan üzüm məhsullarının satışı üçün istənilən səviyyədə bazar yoxdur. Məsələn, vaxtilə biz Naxçıvanda üzüm istehsalını ildə 120 min tona çatdırdıq. Biz nə qədər şərab zavodları tikdirdik. Təbiidir ki, həmin şərab zavodlarında istehsal edilən məhsulun hamısından Azərbaycanda istifadə olunmurdu. Bu məhsulun bir hissəsi Rusiyaya göndərilirdi. Rusiya bazarının, demək olar ki, böyük bir hissəsi Azərbaycan şərablarına məxsus idi. Yəni biz üzümü ilkin emal edib Rusiyadakı zavodlara göndərirdik, orada isə onlar artıq son emaldan sonra onu satırdılar. O vaxt Azərbaycanda 2 milyon ton üzüm istehsal olunurdu.

İndi Naxçıvanda üzüm bağlarının bir hissəsi qalıbdır. Orada üzüm yetişdirilir, şərab istehsal olunur, amma sata bilmirlər. Nə üçün sata bilmirlər? Çünki xarici bazarlara çıxışları yoxdur. Onların İranla ticarət etmək imkanları var, amma bilirlər ki, İran bu şərabı almayacaqdır. Türkiyədə də bu məhsulu almırlar, Rusiyaya isə şərab göndərməyə yolları yoxdur. Məcbur olurlar ki, şərab məhsulunu spirtə çevirsinlər. Onlar spirt hazırlayıb bir hissəsini Türkiyəyə satırdılar, amma digər hissəsi çənlərdə yatıb qalır. Bax, real vəziyyət bundan ibarətdir.

Ona görə də torpaq islahatını həyata keçirməyimiz böyük inqilabi hadisədir. Mən sizə dedim, indi Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı ötən ilin 9 ayında 9,1 faiz artıbdır. Amma ötən beş illə müqayisə etsək, məhsul istehsalı bir neçə dəfə artıbdır. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalının 98 faizi özəl sektorun payına düşür. Biz bu il kənd təsərrüfatına, yəni kəndliyə şərait yaratmaq üçün bütün vergiləri götürdük. Kəndli 8 növ vergi verməli idi. Biz torpaq vergisindən başqa, qalan hamısını götürdük. Fərdi təsərrüfatçılara öz işlərini görmək üçün yanacaq 50 faiz güzəştə verilir. Bunların da nəticəsində kəndli torpaqda nə istəyirsə, onu da əkir.

Sovet hakimiyyəti vaxtında ixtisaslaşma var idi. Deyirdilər ki, Azərbaycanda ancaq pambıq əkilməlidir. Mən Azərbaycana rəhbərlik edəndə onlara sübut etdim ki, üzüm məhsulu SSRİ üçün pambıqdan da xeyirlidir. Çünki Orta Asiya respublikalarında da pambıq yetişdirilirdi, amma bir çox yerlərdə üzüm əkilmirdi. Azərbaycanda üzüm də, faraş tərəvəz də əkilməyə başladı. Biz aprel ayında faraş tərəvəzi Moskvaya və başqa şəhərlərə göndərirdik. Bunlardan hansı xeyir, hansı zərər verirdi, bu, başqa məsələ idi. Amma indi nə əkmək lazım olduğunu kəndli özü bilmir. Bu il bu məhsulu əkir, ondan xeyir götürür, amma sonra baxır ki, digər bitkidən daha çox xeyir götürəcək, onu əkir.

Məsələn, Azərbaycanda maldarlıq həmişə zərərlə işləyibdir, dövlət bu sahəyə dotasiya veribdir. Vaxtilə respublikamızda yem zavodları var idi, mal-qaraya nə qədər qüvvəli yem verilirdi. Bunların hamısına çəkilən xərc dövlətin cibindən gedirdi ki, maldarlıq məhsulları istehsal edilsin və əhalinin tələbatı ödənsin.

Siz icra hakimiyyətinin başçılarısınız. Hansı kəndliyə bir şey verirsiniz? Yaxud kənd təsərrüfatı nazirindən soruşuram, o, kəndliyə bir şey verirmi? Yox. Kəndlinin torpağı da, texnikası da vardır, o, vergilərdən azad olunubdur. Hazırda kənddə o qədər mal, heyvan saxlayırlar ki, ət küçələrdə qalıbdır.

Bu günlərdə mən televiziyaya baxırdım, gördüm ki, küçələrdə sallaqxanalar yaradılıb, qoyun cəmdəklərini asıblar, alan yoxdur. Amma siz hamınız yaşlı adamlarsınız, bilirsiniz ki, 1980-ci illərdə, mən işlədiyim dövrdə, - o vaxt ticarət naziri işləmiş Svetlana Qasımova buradadır, - biz əhaliyə əti talonla verirdik. O zaman mən yeni il bayramı qabağı çalışırdım ki, camaata heç olmasa ət, kolbasa vaxtında verilsin. Çünki biz bu məhsulları mağazalara verirdik, onu orada gizlədirdilər. Məsələn, mən yeni il qabağı 3-4 gün bütün mağazaları gəzirdim ki, oğurlanıb anbarlarda gizlədilən əti, kolbasanı camaata satdıraq. Nə üçün? Çünki bu məhsullar yox idi, olanların da bir hissəsini mağazalarda gizlədirdilər, sonra isə çıxarıb üçqat artıq qiymətə satırdılar.

"Defisit" sözü yəqin ki, yadınızdadır. Arkadi Raykinin bir sözü var idi: "defisit olmasa, yaşamaq mümkün deyil". O dövrdə məsələn, əmtəəşünas işləyən ən hörmətli adam idi. Yəqin ki, bunlar xatirinizdədir. Amma indi kəndli nə əmtəəşünasdan, nə mağazadan asılıdır, nə qədər istəyir iribuynuzlu, xırdabuynuzlu heyvan, mal saxlayır. O, bu məhsullardan özü də istifadə edir, harada istəyirsə, aparıb satır.

O cümlədən bitkiçilikdə də, taxılçılıqda da, digər sahələrdə də vəziyyət belədir. Yəni bizim 1996-cı ildə həyata keçirməyə başladığımız torpaq islahatı ölkəmizin iqtisadiyyatında inqilabdır. Sizin əksəriyyətiniz kənd təsərrüfatı ilə məşğul olan rayonların icra hakimiyyəti başçılarısınız, bütün bunları yaxşı bilirsiniz, bilirsiniz ki, bu, inqilabdır.

Yəni mən bunları 1995-ci ildə ölkə iqtisadiyyatındakı tənəzzülü aradan götürdükdən sonrakı inkişafımız haqqında deyirəm. Mən bunları ona görə deyirəm ki, ötən beş ildə, yəni əvvəlki parlament seçkilərindən qarşıdakı parlament seçkilərinə qədər Azərbaycan hansı dövrünü və 1993-cü ildən 1995-ci ilədək hansı ağır dövrü yaşayıbdır. Ona görə də əgər biz ötən beş ilin rəqəmlərinə nəzər salsaq, görərik ki, ümumi daxili məhsul 39 faiz artıbdır. Bu, çox yüksək göstəricidir. Ötən beş ildə orta əmək haqqı, orta həyat tərzi üç dəfə artıbdır. Amma 1990-94-cü illərdə orta həyat tərzi hər il 3,7 faiz aşağı düşürdü. İndi bizim 950 milyon dollar valyuta ehtiyatımız var. Bu, bizim büdcədən çoxdur. Demək, əgər Azərbaycanda heç bir şey istehsal olunmasa, biz 6-7 ay həmin valyuta ehtiyatından istifadə edib, idxal vasitəsilə ölkəmizi yaşada bilərik. Amma 1993-cü ildə mən Azərbaycana rəhbərlik etməyə başlayanda, bankda cəmisi 16 milyon 950 min dollar valyuta ehtiyatı var idi. Görürsünüz, bu ehtiyat artıb və artacaqdır.

Bilirsiniz ki, mən bu günlərdə bir neçə fərman vermişəm. Birincisi, dünən fərman verdim ki, aylıq əmək haqqının minimum məbləği beş dəfə artırılsın. Təbiidir ki, bəlkə də bu, ölkəmizdə orta əmək haqqını istənilən səviyyəyə gətirmir. Amma onu beş dəfə artırmaq üçün çalışmaq, işləmək, məhsul istehsal etmək, gəlir əldə etmək lazımdır. İndi aylıq əmək haqqının minimum məbləği 5500 manatdan 27500 manata çatdırıldı. Əlbəttə, mən çox şad olardım ki, onu 15 dəfə artıraq. Ancaq bizim belə bir atalar sözümüz var: "İnsan gərək ayağını yorğanına görə uzatsın". Bizim yorğanımız buna imkan verir. Əlbəttə, fantaziya ilə çox artırmaq olardı, amma bizim heç birimiz fantaziyaçı deyilik. Biz real iş görənlərik.

Mən, qaçqınlara ödənilən çörək pulunu 25 min manata qaldırdım. Əlbəttə, mən istərdim ki, bu, 100 min manat olsun. Ancaq son iki ildə mən qaçqınların çörək pulunu üçüncü dəfədir ki, artırıram. Bu, iki il bundan qabaq 7 min manat idi, sonra biz onu 15 min manat, daha sonra 20 min manat etdik. Bu günlərdə isə mən fərman verdim, onu 25 min manata çatdırdıq. Niyə belə oldu? Çünki işlədikcə, istehsalı, gəliri ilbəil artıraraq, islahatları həyata keçirərək biz ölkəmizin maliyyə vəziyyətini inkişaf etdirdik. Ona görə də qaçqınlara verilən çörək pulunun miqdarını artırdıq. Mən bunu göydən götürməyəcəkdim ki? Yaxud, mən pensiyaları iki dəfə artırdım.

Ölkəmizin dövlət büdcəsi indi tamamilə yerinə yetirilir və bu il də yerinə yetiriləcəkdir, heç bir kəsir yoxdur. Dövlət büdcəsi yerinə yetirildiyinə görə maaşlar vaxtında verilir. Bunu siz də bilirsiniz, hamı da bilir. Oktyabr ayının pensiyaları hamıya verilibdir. Mən bugünkü müşavirədən əvvəl bunu bir daha yoxlamışam. Mənə deyiblər ki, oktyabr ayının maaşları, - büdcədən maliyyələşən təşkilatların maaşları, - noyabrın 3-nə qədər veriləcəkdir. Əgər haradasa - hansı rayondasa, bölgədəsə verilməyibsə, bu, dövlətimizin, hökumətimizin günahı deyildir. Bu, yerlərdəki nümayəndələrimizin, müvafiq təşkilatlarımızın günahıdır. Bizim imkanımız budur və biz də bunu təmin etmişik.

Biz beş il müddətində maaşları dalbadal artırmışıq. Məsələn, səhiyyə işçilərinin maaşı 2,8 dəfə, təhsil işçilərinin maaşı 3 dəfə, elmi işçilərin maaşı 2,5 dəfə, mədəniyyət işçilərinin maaşı 2,8 dəfə artırılıbdır. Çoxdur, azdır demək olmaz. Əlbəttə, mən istərdim ki, bu maaşların hamısını 5-6 dəfə artırım. Məsələn, balet işçiləri çox ağır vəziyyətdə idilər, onlar böyük bir kollektiv deyildir. Mən fərman verdim, onların maaşını 6 dəfə artırdım. Yaxud, Dövlət simfonik orkestrinin üzvlərinin maaşını artırdım. Amma səhiyyə, təhsil, elm, mədəniyyət böyük sahələrdir. Bunların hamısında maaşları artırmaq üçün vəsait olmalıdır. Əgər biz bu vəsaitləri əldə etməsəydik, bəs onda nə olardı? Bəli, biz bunu işimiz, islahatların həyata keçirilməsi, iqtisadiyyatın düzgün aparılması nəticəsində əldə etmişik və bu gün də əldə edirik.

Bunlar nəyə əsas verir? Bunlar ona əsas verir ki, biz iqtisadiyyatda, sosial-iqtisadi sahədə çox düzgün, doğru həm siyasət aparırıq, həm də əməli iş görürük. Bunlar da Azərbaycan vətəndaşlarının vəziyyətini aybaay, ilbəil daha da yaxşılaşdıracaqdır.

Ancaq bunları bilərək, - çünki məni nəinki siz dinləyirsiniz, televiziya vasitəsilə bütün ölkə dinləyəcəkdir, - heç də inkar etmirəm ki, bizdə çox ağır vəziyyətdə yaşayan insanlar vardır. Biz onları təmin edə bilməmişik. Ölkəmizdə işsizlər var. Biz hələ onları işlə təmin edə bilməmişik. Bir çox başqa problemlər də vardır ki, biz onları həll edə bilməmişik.

İşlərimizdə, - yuxarıdan aşağıyadək, - nöqsanlar çoxdur. Prezident Aparatının, Nazirlər Kabinetinin, nazirliklərin işində, sizin işinizdə nöqsanlar var, özü də az deyildir. Bunları aradan qaldırmaq lazımdır. Amma eyni zamanda, bütün bunlara obyektiv gözlə baxmaq lazımdır. Nə mümkündür edirik, nə edilməyibsə, demək, o mümkün deyildir. Mümkün olmayan şeyi etmək olmaz. İndi mən sizin hansınızasa deyim ki, durun, iki metr yüksəkliyə tullanın. Mən bunun üçün burada bir adam tapa bilmərəm. Elədir, yoxsa yox? Amma gedib haradasa oturub goplaya bilərsiniz ki, mən üç metr yüksəkliyə tullana bilərəm. Bəli, fantaziya ən asan bir şeydir. Amma çoxları həddindən çox fantaziyaya uyurlar. Ancaq həqiqət həqiqətdir.

Bu dövrdə təkcə iqtisadiyyat sahəsində deyil, həyatın bütün sahələrində nailiyyətlərimiz vardır. Mən bunu əvvəldə də dedim, ölkəmizdə demokratiya inkişaf edibdir, insanlar azaddır, sərbəstdir. Azərbaycanda söz, vicdan azadlıqları təmin olunubdur. Məsələn, indi seçkiqabağı kampaniya gedir. Hansı siyasi partiya seçkidə iştirak etmək istəyibsə, ona imkan verilibdir. Bəzi partiyaların qanunda tələb olunan müddəaları təmin edə bilməməsinə baxmayaraq, onlara da imkan yaradılıbdır.

Televiziyada danışırlar, qəzetlərdə öz fikirlərini, mülahizələrini yazırlar. Hərə öz ağlı səviyyəsində yazır. Mən heç kəsə irad tutmuram ki, nə üçün belə deyirsən, yazırsan və sair. Ölkəmizdə həqiqətən demokratiya inkişaf edir, söz azadlığı vardır, kim nə istəyirsə, onu deyə bilər, desin. Təki bunlar xalqın, millətin xeyrinə olsun. Biz belə bir demokratik şəraitdə, indi xalqın həm ümumi güzəranının yaxşılaşdığı, həm ölkəmizin qüdrətinin möhkəmləndiyi, həm də xarici siyasətimizdə əldə etdiyimiz uğurlar şəraitində ikinci dəfə Milli Məclisə seçkilərə gedirik.

Seçkiqabağı təbliğat, təşviqat, televiziyada, radioda, qəzetlərdə bununla əlaqədar aparılan işlər onu göstərir ki, Azərbaycan vətəndaşlarının tam əksəriyyəti ötən illərdə ölkəmizdə görülən işləri, əldə olunan nailiyyətləri görür, qiymətləndirir və bizim, iqtidarın işinə həm yüksək qiymət verir, həm də dəstəkləyir. Kim necə düşünür düşünsün, bu, həqiqətdir. Mən də xalqla təmasdayam, bizim nümayəndələrimiz də hər yerdə xalqla görüşür, siz də görüşürsünüz. Bu, bu günün reallığıdır. Bütün bunlar da noyabrın 5-də parlament seçkilərinin yüksək səviyyədə, tam demokratik, şəffaflıq şəraitində keçirilməsi üçün möhkəm təməldir, əsas şərtdir. Ölkəmizdə insanlar sərbəstdir, azaddır. Onlar hər şeyi görür. Əgər kimsə gördüyünü inkar edirsə, bu, onun öz işidir. Kimsə bizim bugünkü günümüzə qara gözlə baxırsa, bu da onun öz işidir.

Amma həqiqət bundan ibarətdir ki, xalqın ruh yüksəkliyi, iqtidarı dəstəkləməsi bu günün reallığıdır. Belə bir şəraitdə Mərkəzi Seçki Komissiyası çalışmalıdır ki, seçkilər tam demokratik, şəffaflıq şəraitində, ədalət prinsipi əsasında keçirilsin. Bizim hakimiyyət orqanları, xüsusən icra hakimiyyəti orqanları isə üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər ki, seçkilər mən dediyim prinsiplər əsasında həyata keçirilsin.

Amma onların səlahiyyətinə aid olmayan işlərə qarışmasınlar, müdaxilə etməsinlər, keçmiş zamanlarda bəzi hallarda buraxdıqları səhvləri təkrar etməsinlər. Bunlar qadağandır. Bilin, buna ehtiyac yoxdur. Əgər kimsə, hansısa icra hakimiyyəti başçısı hesab edirsə ki, buna ehtiyac var və guya bununla bugünkü hakimiyyətin, iqtidarın nümayəndələrini dəstəkləyirlər, böyük səhv edirlər. İqtidarın hansısa nümayəndəsi haradasa əgər xalqın dəstəyini qazanmayıbsa, seçilmirsə, bu da yaxşı haldır. Çünki biz görəcəyik ki, məsələn, iqtidarın həmin nümayəndəsi seçilmək istəyir, amma xalq dəstək vermir.

Bu sözləri deyərək, heç də iddia etmirəm ki, mən, yaxud bizim aparat, bütün hakimiyyət orqanları yerlərdə hər şeyi dəqiq bilir, yox. Mən bunu da etiraf edirəm. Amma mənə həqiqət lazımdır. Mənim bildiklərimə, təsəvvürümə görə xalqın, vətəndaşların əksəriyyəti Azərbaycan iqtidarının gördüyü işləri qiymətləndirir, dəstəkləyir və ona görə də öz səsini kimə verdiyini bilir.

Ancaq iqtidarın nümayəndələri içərisində qeyri-sağlam, xalqın arasında hörmət qazanmamış adamlar da var. Əgər belələrini biz görmürüksə, xalq bunu bizdən yaxşı görürsə, qoy xalq sözünü desin. Bu, bizim üçün də xeyirdir. Çünki biz çalışmalıyıq ki, iqtidarın tərkibindəki hər bir insan demokratiya, dövlətçilik prinsiplərinə sadiq olsun, təmiz, saf və dəyərli vətəndaş olsun. Əgər belə deyilsə, o, bizim hakimiyyətdə, bizim iqtidarda olmamalıdır. Əgər belələri varsa, biz görmürüksə, onu bizdən yaxşı ancaq vətəndaşlar, seçicilər görərlər.

Bunları deməklə sizə bir daha anlatmaq istəyirəm ki, seçkilərdə ancaq öz üzərinizə düşən vəzifələri yerinə yetirməlisiniz. Sizin səlahiyyətinizin çərçivəsindən kənara çıxan başqa heç bir işə qarışmamalısınız. Bu, Mərkəzi Seçki Komissiyasının, yerli seçki komissiyalarının işidir. Seçkini onlar keçirirlər, onlar da məsuliyyət daşıyırlar. Siz də məsuliyyət daşıyırsınız. Ona görə ki, siz üzərinizə düşən vəzifələri yerinə yetirməlisiniz. Amma siz seçki prosesinə qarışmamalısınız.

İndi mən bu barədə müəyyən sözlər dedim. Ancaq konkret olaraq nə edə bilərsiniz, nə etməlisiniz və nə etməməlisiniz - bu barədə danışmaq üçün İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə söz verirəm.

"Azərbaycan" qəzeti, 30 oktyabr 2000-ci il.

Tarixi arayış