"Üç dənizin əfsanəsi" konfransının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 25 iyun 2002-ci il, İstanbul


Hörmətli cənab sədr!

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayıram, konfransın işinə uğurlar arzulayıram.

Bu gün müzakirə olunan məsələ böyük tarixə malikdir. "Üç dənizin əfsanəsi" - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi - konfransı beş ildir keçirilir. Nəyə görə bu daha öncə keçirilməmişdir? Çünki birincisi, bizim bu işlərimizin gələcəkdə bir-biri ilə bu qədər sıx əlaqədə olması barədə az məlumat var idi, həm də buna inananların da sayı az idi. Ancaq - bunu Azərbaycanı tərifləmək üçün demək istəmirəm - hər dəfə Azərbaycanda Xəzər dənizinin çox zəngin qaz və neft ehtiyatlarının olması və onlardan istifadə edilməsi haqqında məsələlər qalxandan sonra, 1994-cu ildə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalanandan sonra bütün dünyada Xəzər dənizi haqqında böyük müzakirələr keçdi. Çünki Xəzər dənizinin bu qədər zəngin neft-qaz yataqlarına malik olması dünyada çoxlarına məlum deyildi.

Ancaq Azərbaycanda biz bunu bilirdik. Çünki Azərbaycan alimləri, Azərbaycan geoloqları hələ 50-60 il bundan öncə Xəzərin dərin sularında neft və qaz hasil etməyə başlamışlar. Ümumiyyətlə, dünyada ilk dəfə, 150 il bundan öncə məhz Azərbaycanda sənaye üsulu ilə neft hasil olunubdur. Dünyada ilk dəfə məhz Azərbaycanda 50 il bundan öncə suyun dərinliklərindən neft hasil edilibdir. Biz bunları Azərbaycanda bilirdik və bununla məşğul olurduq.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, özü öz sərvətlərinin sahibi olandan sonra bu sərvətlərdən geniş və səmərəli istifadə edilməsi üçün böyük addımlar atılmağa başladı. Bu addımlardan birincisi, bunun əsasını qoyan 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilənin bağlanması oldu.

Yenə də deyirəm, biz o vaxt bu müqaviləni imzalayanda Xəzər dənizi haqqında dünyada kifayət qədər məlumat yox idi. Bu gün isə artıq aydındır ki, Xəzər dənizi öz karbohidrogen sərvətlərinin həcminə görə, ən azı, Şimal dənizi ilə müqayisə edilə bilər.

Əgər Şimal dənizinin hasil edilə bilən qalıq ehtiyatları 2,2 milyard tona bərabərdirsə, Xəzər dənizinin yalnız "Azəri-Çıraq-Günəşli" yataqlarının təsdiq olunmuş, hasil edilə bilən neft ehtiyatları təqribən 730 milyon tondur. Bu, ancaq həmin yataqlardadır. Azərbaycanda isə dünyanın müxtəlif şirkətləri ilə 20-dək müqavilə imzalanıbdır. Təbiidir, onların hamısı eynimiqyaslı deyildi, müxtəlifdir. Amma əgər bunları cəmləsəniz, görəcəksiniz ki, Xəzər dənizinin təkcə Azərbaycan sektorunda nə qədər böyük imkanlar var.

Ancaq indi məlumdur ki, Xəzər dənizinin Qazaxıstan sektorunda da çox böyük neft və qaz yataqları var. Rusiya sektorunda böyük neft-qaz yataqları var, digər sektorlarda da var. Beləliklə, biz 1994-cü ildən başlayaraq Xəzər dənizini dünyada təbliğ etdik, Xəzər dənizini tanıtdıq. Əgər yerin altından neft, qaz çıxarmaq və özü də böyük həcmdə çıxarmaq mümkündürsə, demək onu ixrac etmək, onu satmaq lazımdır. Bunun üçün də yollar araşdırılır. O zaman ilk dəfə Xəzər dənizindən müxtəlif neft kəmərlərinin çəkilməsi haqqında məsələlər meydana çıxdı.

Bu gün artıq məlumdur ki, biz 1997-ci ildə Xəzər dənizindən Qara dənizə Bakı-Novorossiysk neft kəməri çəkdik. Demək, Xəzər dənizini Qara dənizlə birləşdirdik.

Ondan iki il sonra, 1999-cu ildə Xəzər dənizinin "Çıraq" yatağından çıxan neftin ixracını Novorossiysk kəməri ilə apara bilməzdik. Ona görə də biz daha bir kəmər, bu gün çox səmərəli işləyən neft kəməri, Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına kəmər çəkdik. Deyə bilərəm ki, 1999-cu ildən indiyə qədər bu neft kəməri ilə 20 milyon tondan artıq neft ixrac olunubdur və bu kəmər hələ gələcəkdə də böyük əhəmiyyətə malik olacaqdır.

Ancaq bunlar da bizi qane etmirdi. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında hələ 1994-cü ildən düşünürdük. Amma o vaxtlar buna inanan çox az idi. Mane olanlar da çox idi və bu günə qədər də bəziləri hesab edirlər ki, bu, xəyaldır. Yaxud da deyək ki, Bakı-Tbilisi-Ceyhan boru xətti, neft kəməri ilə ixrac edildiyi üçün Xəzər dənizində yetərli qədər neft yoxdur. Onlara cavab verərək mən bu gün demək istəyirəm ki, 2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlarından 50 milyon ton neft hasil olunacaq və bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işləməsi üçün tamamilə bəsdir. Amma bu bir deyil, başqa yataqlar da var.

Burada məndən öncə çıxış edən dostlarım, cümhur başqanları söylədilər. Qazaxıstan, digər Xəzəryanı ölkələr də Bakı-Tbilisi-Ceyhan xəttindən istifadə edəcəklər. Artıq biz Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasına başlamışıq. Güman edirəm ki, bu, çox uğurla gedəcəkdir. Mən bilirəm ki, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan böyük ixrac neft kəmərinin inşası başa çatacaq və biz hamımız - bu gün buradakı konfransda iştirak edənlər, mənim dostlarım, cümhur başqanları birlikdə Türkiyənin Aralıq dənizində olan Ceyhan limanına gedib orada Xəzər dənizindən gələn neftin tankerlərə yüklənməsini görəcəyik.

Bütün bu işlər bu üç dənizin əfsanəsini yaratdı. Ona görə mən demək istəyirəm ki, beşinci dəfə keçirilən bu konfransın - üç dənizin əfsanəsinin bir anası var. Onun anası Xəzər dənizidir. Onun anasının da yanında duran Azərbaycandır.

Mən baxıram, vaxtilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir.

Mən bu konfransın iştirakçılarına və onun təşkilatçılarına bildirmək istəyirəm ki, bu əfsanə hələ davam edəcək, inkişaf edəcəkdir. Hesab edirəm ki, Xəzər dənizinin yataqlarından hasil ediləcək neft və qaz - ya Azərbaycan sektoru olsun, ya Qazaxıstan sektoru olsun, yaxud başqa sektor olsun - hamısı ixrac olunacaqlar. Yeni boru kəmərləri tikiləcəkdir.

Məsələn, indi Azərbaycanın "Şahdəniz" yatağı ilə bağlı - hörmətli cümhur başqanı, əziz dostum Əhməd Necdət Sezər bu barədə çox gözəl dedi - biz artıq hər şeyi imzalamışıq, hazırlamışıq. Boru kəməri tikilir, oradan çıxan qaz birbaşa Türkiyəyə, Ərzuruma gələcəkdir. Amma bu, birinci nöqtədir. Biz belə hesab edirik ki, Xəzər dənizindən çıxan qaz bundan sonra daha da uzağa, daha da irəliyə - Avropaya gedə bilər və gedə biləcəkdir. Çünki bizim imkanlarımız çoxdur.

Beləliklə, üç dənizin əfsanəsi həqiqətən böyük bir əfsanədir. Biz bu əfsanənin yaradılmasının iştirakçılarıyıq və bu əfsanəni reallığa çevirmişik. Artıq bu, əfsanə deyil, reallıqdır. Reallıq odur ki, Xəzər dənizindən neft və qaz hasil olur. Reallıq odur ki, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir. Reallıq odur ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası başlayıbdır. Bunlar gerçəklikdir. Bunlar reallıqdır.

Mən indi istəyirəm hörmətli dostlarıma təklif edəm ki, onlar yeni bir əfsanə üzərində düşünsünlər. Çünki artıq bunlar əfsanə deyil, bugünün reallıqlarıdır. Mən bu gün konfransda iştirak etməyimdən çox məmnunam. Hörmətli sədrlər, məni buraya dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Burada mənim dostlarım -Türkiyə Cümhuriyyətinin başqanı hörmətli Əhməd Necdət Sezərə, Gürcüstanın başqanı hörmətli Eduard Şevardnadzeyə, Rumıniyanın cümhur başqanı hörmətli İon İliyeskuya, Ukraynanın başqanı hörmətli, çox gözəl bir insan Leonid Kuçmaya öz ehtiramımı bildirirəm. Çox məmnunam ki, biz bu gün səhərdən indiyə qədər heyətlərimizlə bərabər çox səmərəli işlər görmüşük.

Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 26 iyun 2002-ci il.