Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarının iştirakı ilə keçirilən müşavirədə nitqi - Prezident sarayı, 6 oktyabr 1998-ci il


Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirə Azərbaycanda prezident seçkilərində yerli icra hakimiyyəti orqanlarının rolu, iştirakı, məsuliyyəti ilə əlaqədardır. Bunlar hamısı "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında" və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" qanunlarda öz əksini tapıbdır. Siz öz vəzifələrinizi, məsuliyyətinizi bilirsiniz.

Hələ seçki kampaniyası başlanan zaman biz burada böyük bir müşavirə keçirdik. Yerli icra hakimiyyəti orqanlarının başçıları oraya dəvət olunmuşdular. Xatirinizdədir, o vaxt mən yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının vəzifələri, onların yeri, məsuliyyəti haqqında əlavə göstərişlər verdim. Amma əsas göstərişlər Azərbaycan Respublikasının qanununda öz əksini tapmışdır.

Bu gün sizin buraya dəvət olunmağınız və bu müşavirənin keçirilməsi o zərurətdən doğur ki, seçki kampaniyasının əsas hissəsi artıq arxada qalıbdır. Bir neçə gündən sonra - oktyabrın 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Prezident seçkilərini mərkəzi və yerli seçki komissiyaları aparırlar və onlar aparacaqlar. Ancaq yerli icra hakimiyyəti orqanlarının da vəzifələri vardır. Bir daha qeyd edirəm, siz bilirsiniz, - bu vəzifələr qanunda əks olunubdur. Ancaq mən bunları sizə bir daha xatırlatmaq istəyirəm ki, hərə öz işi ilə məşğul olsun.

Bilirsiniz ki, indi seçki kampaniyası çox qızğın gedir. Biz Azərbaycan Respublikasının qanunları əsasında hərəkət edirik. Deyə bilərəm ki, qanunlarda nəzərdə tutulduğu kimi, seçki kampaniyası tam açıq, aydın, sərbəst, demokratik şəraitdə keçir. Prezidentliyə namizədlər öz platformalarını bəyan etmək, öz fikirlərini açıqlamaq və özləri haqqında istədikləri məlumatları vermək imkanına malikdirlər. Radio, televiziya, mətbuat - hamısı hər kəs üçün açıqdır. Hər kəs, o cümlədən prezidentliyə namizədlər, onların vəkilləri, tərəfdarları da bu imkanlardan istifadə edirlər.

Ancaq bilirsiniz ki, bununla yanaşı, seçkidə iştirak etməkdən imtina edən bəzi siyasi partiyalar, qruplar Azərbaycan prezident seçkilərinin həyata keçirilməsinin əleyhinə iş, kampaniya aparırlar, cürbəcür tədbirlərə, bəzən də qanunsuz tədbirlərə əl atırlar, qanunu pozurlar və Azərbaycanda prezident seçkilərinin guya qeyri-demokratik keçiriləcəyini sübut etməyə çalışırlar. Bu barədə cürbəcür təbliğatlar aparırlar, beynəlxalq təşkilatlara, müşahidələrə müraciət edirlər.

Bunlar hamısı bizim seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçirilməsi çərçivəsində mümkündür və ona görə də mövcuddur. Hərə öz fikrini deyə bilər. Ancaq hansı fikir düzdür, hansı əyridir, hansı fikir doğrudur, hansı yalandır, - onu ictimaiyyət, xalq, vətəndaşlar müəyyən edirlər. Təəssüflər olsun ki, bu qüvvələr seçkiləri nəyin bahasına olursa-olsun, onların sözləri ilə desək, "boykot etmək" istəyirlər. Bu da onların işidir. Ancaq onlar bununla qənaətlənmirlər, seçkiləri pozmaq istəyirlər. Gələn bəzi siqnallar göstərir ki, hətta təxribat xarakterli hərəkətlərə əl atmaq istəyirlər, ağlasığmaz iddialar irəli sürürlər ki, seçkilər dayandırılsın, seçkilərin vaxtı uzadılsın və onlar seçkidə iştirak etsinlər. Şübhəsiz ki, bunlar təəccüb doğurur. Bəzən düşünürsən, - ilahi, bu insanlar özlərini göydən gəlmiş hesab edirlər, yaxud da onların Azərbaycanda xüsusi tarixi bir xidmətləri var? Nəyə görə Azərbaycanın qanun-qaydalarından, Azərbaycan vətəndaşlarına verilmiş hüquqlardan özləri üçün əlahiddə artıq, fövqəladə hüquqlar, xüsusi status tələb edirlər?

Azərbaycanda seçki prosesi bir il bundan əvvəl başlayıbdır. "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" qanunların layihələri, qəbul olunması nə qədər müzakirə edilibdir. Biz xalqla nə qədər məsləhətləşmişik. O cümlədən müxalifətdə olan, xüsusi iddialarla yaşayan partiyalarla, qruplarla da dialoqa girmişik.

Mən hələ iyun ayında bütün siyasi partiyalara müraciət etdim, onları seçkidə iştirak etməyə dəvət etdim. Mərkəzi Seçki Komissiyasında iştirak etmək üçün öz namizədlərini təqdim etmələrini onlardan xahiş etdim. Ancaq onlar mənim - Azərbaycan dövlətinin başçısının, prezidentinin bu müraciətinə etinasızlıq göstərdilər, heç bir cavab vermədilər. Əksinə, yeni-yeni iddialar meydana çıxartdılar.

Amma bunlara baxmayaraq, mən hər bir vətəndaşın, hər bir siyasi qrupun, yaxud partiyanın fikirlərinə hörmətlə yanaşaraq avqust ayının 3-də bir neçə partiyanın başçılarına məktub göndərdim, müraciət etdim. Bunlar mətbuatda elan olundu ki, mən onları seçkilərdə iştirak etməyə dəvət edirəm və Mərkəzi Seçki Komissiyasında təmsil olunmaq üçün öz namizədlərini təqdim etmələrini xahiş edirəm. Ancaq onlar buna da etinasızlıq göstərdilər, öz hikkələri, iddiaları ilə işlərini davam etdirdilər. Yəni onların seçkilərdə iştirak etməsi üçün bütün imkanlar yaranmışdır və onlara dəfələrlə müraciət olunmuşdur. Lakin onlar bunların hamısından imtina etdilər.

İndi, seçki kampaniyası son mərhələsində olduğu bir zaman bəyan edirlər ki, onlar guya dialoq istəyirlər. Dialoqun da əsas şərti ondan ibarətdir ki, "Gərək seçki kampaniyası dayandırılsın, seçkilərin vaxtı uzadılsın və sonra onlarla dialoq başlansın". Bunu kim edə bilər? Bunu Mərkəzi Seçki Komissiyası edə bilməz, çünki qanun ona belə hüquq vermir. Azərbaycan prezidenti kimi, mənim ancaq qanunvericilik təşəbbüsüm vardır.

Mənim bu barədə bundan artıq başqa bir imkanım yoxdur. Ancaq mən qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün də heç bir əsas görmürəm və belə təklifləri qəbul etmirəm. Milli Məclis bu məsələyə öz münasibətini göstəribdir. Milli Məclisin sədri hörmətli Murtuz Ələsgərov bu barədə onlara açıq məktubla cavabını göndəribdir. Ona görə də burada hər şey açıq-aydındır.

Biz, Azərbaycanın bugünkü iqtidarı, dövlət, hakimiyyət orqanları respublikamızda demokratiya yaradırıq, onu inkişaf etdiririk və ölkəmizdə prezident seçkilərini də demokratik şəraitdə keçirmək üçün üzərimizə düşən vəzifələri, hesab edirəm, layiqincə yerinə yetiririk. Mən inanıram ki, Azərbaycanda prezident seçkilərinin tam demokratik, ədalətli, sərbəst keçirilməsi üçün qarşıdan gələn günlərdə də hakimiyyət orqanları tərəfindən lazımi işlər görüləcək və respublikamızda oktyabrın 11-də prezident seçkiləri tam demokratik, azad, ədalətli şəraitdə keçiriləcəkdir.

Bir daha qeyd edirəm, bütün bunları təmin etmək üçün hər kəsin qanunla tənzimlənmiş vəzifəsi, rolu vardır. Hərə öz vəzifəsini, rolunu qanun çərçivəsində yerinə yetirməlidir. Qanunda göstərilən o vəzifə çərçivəsini aşmaq da, ancaq qanun çərçivəsindəki həmin vəzifəni yerinə yetirməmək, yaxud da yerinə yetirilməsində səhlənkarlıq etmək də olmaz. Ona görə də Azərbaycanın hakimiyyət, icra orqanları, xüsusən yerli icra hakimiyyəti orqanları qanun çərçivəsində üzərlərinə düşən vəzifələri tam yerinə yetirməlidirlər.

Qanunun çərçivəsindən bir millimetr də kənara çıxmaq, onu aşmaq olmaz. Eyni zamanda, həmin qanun çərçivəsində olan vəzifəni tam yerinə yetirmək lazımdır. İndi Azərbaycanda seçkiləri tamamilə pozmaq istəyən həmin o radikal müxalifətlə yanaşı, təəssüflər olsun ki, prezidentliyə namizədlər də bəzən öz çıxışlarında "Seçkilər saxtalaşdırılacaqdır" fikirlərini bəyan edirlər.

Azərbaycanın prezidenti və oktyabrın 11-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi mən bu gün bəyan edirəm ki, Azərbaycanın bugünkü iqtidarı, hakimiyyət orqanları, icra orqanları respublikamızda prezident seçkilərinin demokratik, açıq-aşkar, sərbəst, ədalətli keçirilməsini hamıdan çox istəyir. Şəxsən mənə gəldikdə isə, deyə bilərəm ki, Azərbaycanda hamıdan çox bunu mən istəyirəm. Çünki beş ildir ki, hamımız - Azərbaycanın sağlam qüvvələri, ölkəmizin əhalisinin bizi dəstəkləyən əksəriyyəti ilə birlikdə respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qururuq və dövlət quruculuğu prosesi aparırıq. Həm siyasi, həm ictimai, həm sosial, həm də iqtisadi sahədə bununla əlaqədar lazımi tədbirlər görülür, islahatlar aparılır və müəyyən müsbət nəticələr əldə olunubdur.

Biz dünyaya bəyan etmişik ki, Azərbaycan demokratik dövlət, ölkə, cəmiyyət kimi dünya demokratiyasına qoşulur. Məhz buna görə də biz Avropa Şurasına daxil olmaq istəyirik. Məhz buna görə də biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında fəaliyyət göstəririk və Azərbaycanı bu təşkilatın bərabər hüquqlu üzvü kimi təmsil edirik. Məhz buna görə də biz Avropa Birliyinin Parlament Təşkilatı ilə əməkdaşlıq edirik. Məhz buna görə də biz 1996-cı ilin aprel ayında Lüksemburqda Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışıq. Məhz buna görə də biz Dünya Parlamentlər Assambleyasında iştirak edirik. Məhz buna görə də dünyanın bütün demokratik təşkilatlarında biz Azərbaycanı təmsil edirik.

Biz belə işlər görərək artıq dəfələrlə sübut etmişik ki, Azərbaycanda demokratiya qurulur, inkişaf etdirilir və Azərbaycan demokratiya yolu ilə gedir. Belə bir halda seçkilərin hansısa bir şəkildə saxtalaşdırılması bizə nə verəcəkdir? Biz seçkiləri nə üçün saxtalaşdırmalıyıq? Nə üçün? Əgər həmin radikal müxalifət, yaxud da prezidentliyə namizədlərdən bəziləri özlərinin gücünü, xalqın, əhalinin arasındakı sosial bazasını Azərbaycanda beş il prezident olan adamdan artıq hesab edirlərsə, demək, onlar ölkəmizdəki reallığı da bilmirlər.

Biz beş ildə Azərbaycanda dövlətçiliyi nəinki qorumuşuq, saxlamışıq, həm də onu inkişaf etdirmişik, respublikamızda iqtisadi inkişafa nail olmuşuq. Biz Azərbaycanda beş il müddətində cinayətkarlığa qarşı ciddi tədbirlər görüb, cinayətkarlığın qarşısını almışıq. Bu beş ildə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında dəyərli işlər görmüşük və müəyyən nəticələr əldə etmişik. Biz müharibədə atəşkəs əldə etmişik, sülhsevər siyasət aparırıq. Dünyanın bir çox dövlətləri ilə tarixi əhəmiyyətə malik olan müqavilələr imzalamışıq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamışıq.

Azərbaycana xarici investisiyalar gəlir. Dünyanın, o cümlədən xarici işgüzar dairələrin Azərbaycana marağı artıbdır. Bunların hamısını biz etmişik, ölkəmizdəki bugünkü reallığı biz yaratmışıq. Nə cür ola bilər indi biz şübhə edək ki, o biri namizədlərə görə guya bizim dəstəyimiz azdır və seçkilərdə nəyə görəsə saxtakarlıq etməliyik? Şübhəsiz, bu, gülünc bir şeydir.

Ancaq təəssüflər olsun ki, belə fikirlər söyləyənlər vardır. Siz buraya bunları nəzərə aldığımıza görə dəvət olunmamısınız. Onlar yalan fikirlərdir. Mən bunları tamamilə rədd edirəm, belə fikirlərin hamısına etiraz edirəm. Ancaq yenə deyirəm, Azərbaycanın prezidenti kimi, mən seçkilərdə yerli icra hakimiyyəti orqanlarının öz vəzifələrini qanun çərçivəsində düzgün həyata keçirməsi üçün sizi buraya dəvət etmişəm.

Qanunda göstərilibdir ki, yerli icra hakimiyyəti orqanları, hüquq mühafizə orqanları seçki komissiyalarının işinə qarışmamalıdırlar. Seçki komissiyaları öz işlərini müstəqil, sərbəst, "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" qanunlar əsasında aparmalıdırlar. Yerli icra hakimiyyəti orqanları seçki məntəqələrinə, komissiyalarına sadəcə, lazım olan köməyi və yardımı göstərməlidirlər.

Güman edirəm ki, indiyə qədər bu işlər görülübdür. Mən hesab edirəm ki, çox işlər görülübdür. Məhz görülən işlərin nəticəsində 4 mindən artıq seçki məntəqəsi təşkil olunubdur. Verilən məlumata görə yerli icra hakimiyyəti orqanları ərazi və məntəqə seçki komissiyalarına binalar ayrılması, onların rahat, normal işləməsi, ləvazimat alınması, şərait yaradılması üçün öz işlərini görüblər, xidmətlərini göstəriblər və bu gün də göstərirlər. Ancaq eyni zamanda, qarşıdakı günlərdə, xüsusən oktyabrın 11-də hərəniz öz vəzifənizi yerinə yetirməlisiniz.

Bir daha deyirəm, əsas şərt ondan ibarətdir ki, siz məntəqə, ərazi seçki komissiyalarının işinə qarışmamalısınız. Mən bunu yerli icra hakimiyyəti orqanlarının başçılarına, hüquq-mühafizə orqanlarına və bütün icra orqanları işçilərinin hamısına deyirəm ki, siz bu işlərə qarışmayasınız. Seçki komissiyalarının hamısının normal işləməsi üçün onların sizə etdiyi müraciətlərə gərək dərhal baxasınız, istənilən köməyi, yardımı edəsiniz, başçılıq etdiyiniz rayonda meydana çıxan, seçki prosesinə mane olan halların qarşısını vaxtında, qanun çərçivəsində alasınız, vətəndaşların, seçicilərin məntəqələrə gedib öz seçki hüquqlarını sərbəst yerinə yetirməsinə lazım olan şəraiti, imkanları yaradasınız. Beləliklə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə öz xidmətlərinizi göstərəsiniz.

Qeyd etdiyim kimi, Azərbaycanın hakimiyyət, icra orqanları beş il müddətində xeyli iş görmüşlər. Bu işlərin həyata keçirilməsində şübhəsiz ki, yerli icra hakimiyyəti orqanlarının da xidmətləri, payı vardır. Doğrudur, ümumiyyətlə, iqtidarın, hakimiyyət orqanlarının, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində nöqsanlar da, çatışmazlıqlar, həll olunmamış problemlər də, bəzən həll edilə biləsi, amma səhlənkarlıq, buraxılan səhvlər, nöqsanlar nəticəsində həll olunmamış problemlər də vardır. Bunlar hamısı vardır. Biz bunları heç vaxt inkar etməmişik və bu gün də inkar etmirik.

Yerli icra hakimiyyəti orqanlarının işində olan nöqsanları, çatışmazlıqları, bəzi icra orqanları başçıları tərəfindən vəzifəsindən sui-istifadə etmə hallarını, qanunu pozma hallarını biz ciddi tənqid etmişik, lazımi təşkilati tədbirlər görmüşük. Məhz belə səhvlərə, nöqsanlara, vəzifələrindən sui-istifadə etdiklərinə görə bəzi yerli icra hakimiyyəti orqanları başçıları vəzifədən kənar olunublar, cəzalandırılıblar. Onların haqqında başqa tədbirlər də görülübdür. Mən bu gün bir daha deyirəm ki, hər bir icra orqanı və onun başçısı Azərbaycanın Konstitusiyasından və Qanunundan, Azərbaycan prezidentinin fərmanlarından irəli gələn vəzifələri müasir tələblərə uyğun olaraq vaxtında, layiqincə yerinə yetirməlidir.

Təəssüflər olsun ki, indi yerindən duran icra hakimiyyəti başçılarını, yaxud hüquq-mühafizə orqanlarını tənqid edirlər, Azərbaycandakı çatışmazlıqların onların günahı olduğunu göstərirlər. Amma özlərinin günahı, yaxud da özlərinin Azərbaycana vurduqları zərbələr, zərərlər haqqında heç bir şey demirlər. Bu barədə gur danışan adamlar özləri çox şeylərin günahkarıdırlar. Onlar ötən illərdə Azərbaycanda ağır vəziyyəti yaradanlardırlar.

Şübhəsiz ki, mən onların belə əsassız ittihamlarına etiraz edirəm. Bir daha qeyd edirəm, ümumən hakimiyyət orqanlarının, iqtidarın, xüsusən yerli icra hakimiyyəti orqanlarının işində səhvlər, çatışmazlıqlar vardır. Biz bunların aradan qaldırılması üçün tədbirlər görmüşük, bu gün də görürük və gələcəkdə də görəcəyik. Ancaq eyni zamanda, mən hesab edirəm ki, bu gün Azərbaycanın dövlət, hökumət, hakimiyyət orqanlarında işləyənlərin əksəriyyəti müstəqil respublikamıza xidmət edirlər və bəziləri çox dəyərli xidmətlər göstərirlər. Onlara qara yaxmaq və onları qiymətləndirməmək ədalətsizlik, haqsızlıq olardı.

Güman edirəm ki, siz - yerli icra hakimiyyəti orqanlarının başçıları oktyabr ayının 11-də prezident seçkilərinin demokratik, ədalətli, sərbəst keçirilməsində öz vəzifələrinizi layiqincə yerinə yetirərək həmin o əsassız sözlərə, böhtanlara, yalanlara cavab vermiş ola biləcəksiniz. Mən istərdim ki, siz o böhtanlara həmin o gur sözlərlə yox, öz əməli işinizlə cavab verəsiniz, qanunu öz əməli işinizlə, Azərbaycana, respublikamızın bugünkü dövlətçiliyinə sədaqətlə xidmət etməklə yerinə yetirəsiniz. İnanıram ki, mən dediyim bu vəzifələri yerinə yetirməyə sizin gücünüz də, bacarığınız da, imkanınız da vardır. Əminəm ki, siz bunları edəcəksiniz.

Bir daha qeyd edirəm, Azərbaycan prezidentliyinə namizəd kimi, mən hamıdan çox istəyirəm ki, seçki hər yerdə normal, ədalətli, demokratik keçsin. Bəli, mən oktyabrın 11 - də yenidən Azərbaycanın prezidenti seçilmək istəyirəm. Çünki hesab edirəm ki, ötən beş ildə keçdiyimiz yolu, Azərbaycanda dövlətçiliyi, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkəmizi demokratiya yolu ilə aparmaq, respublikamızın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycanı bir müstəqil dövlət kimi daha da yüksəklərə qaldırmaq, Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq, işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, yerindən-yurdundan didərgin düşmüş qaçqınları öz yerlərinə, yurdlarına qaytarmaq üçün və bütün başqa işləri görmək üçün mən hələ Azərbaycana, Azərbaycan xalqına lazımam.

Mən öz xidmətimi indiyədək əsirgəməmişəm, bundan sonra da əsirgəməyəcəyəm. İndi seçicilərlə görüşərkən hər dəfə bildirirəm ki, həyatımın son dəqiqəsinə qədər mən müstəqil Azərbaycana, xalqımıza sədaqətlə xidmət edəcəyəm. Böyük həyat yolu keçmiş, zəngin təcrübəsi olan və Azərbaycanın problemlərini, eyni zamanda onun imkanlarını dərindən bilən bir insan kimi, mən hesab edirəm ki, bu gün Azərbaycanın mənə ehtiyacı vardır. Mən də öz borcumu bundan sonra yerinə yetirməliyəm. Məhz ona görə də mən özümdə olan enerjini, biliyi, təcrübəni və qazandığım bu hörmət və ehtiramı Azərbaycanın gələcəyinə həsr etmək istəyirəm. Məhz ona görə də oktyabrın 11-də Azərbaycanda tam demokratik, ədalətli şəkildə seçilən prezident olmaq istəyirəm.

Kim bunu istəyirsə, o, seçkiyə qədər qalmış günlərdə və seçki günü Azərbaycanın qanunlarını, seçki qanununu olduğu kimi yerinə yetirməlidir və prezident seçkilərinin demokratik, ədalətli, azad, aşkar, sərbəst keçirilməsini təmin etməlidir. Son günlər mən çoxlu görüşlər keçirmişəm. Mənim Bakıda, Sumqayıtda, Salyanda, Biləsuvarda, Cəlilabadda, Masallıda, Lənkəranda, Astarada çoxsaylı görüşlərim olubdur. Mən şimal bölgəsi rayonlarının hamısında - Qusarda, Xaçmazda, Qubada, Dəvəçidə, Siyəzəndə, Xızıda olmuşam. Mən Əli Bayramlı, Sabirabad, Saatlı, İmişli rayonlarında görüşlər keçirmişəm. Biləsuvarda, İmişlidə, Saatlıda, Sabirabadda qaçqın düşərgələrində olmuşam, yerindən-yurdundan didərgin düşmüş insanlarla görüşmüşəm, onların mənə olan inamını, münasibətini görmüşəm.

Bu gün axşam da görüşlərə gedəcəyəm. Sabah da, o birisi gün də mən respublikanın bir çox bölgələrində olacağam. Sonra Bakıda görüşlər keçirəcəyəm. Mən bu günlərdə yüz minlərlə, milyonlarla adamlarla görüşmüşəm. Avtomobillə getdiyim bütün yollarda qəsəbələrdən, kəndlərdən insanlar yolun kənarına çıxıb mənimlə görüşmək istəyirlər, mən də onların bu arzusunu yerinə yetirirəm, görüşürəm. Görürəm ki, insanlar ölkəmizdə mövcud olan çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqilliyinə nə qədər sevinirlər. Onlar ölkəmizin bu azadlığına nə qədər sevinirlər, Azərbaycan iqtidarının, prezidentinin fəaliyyətini ürəkdən bəyənirlər, dəstəkləyirlər, onu alqışlayırlar və mənə gələcək üçün dəstək verirlər.

Şübhəsiz ki, bunlar hamısı mənə əvvəldən də məlum idi. Ancaq həmin görüşləri və mən bir namizəd kimi hər bir seçici ilə görüşləri özümün əsas vəzifəm hesab edirəm. Ona görə də həmin köçkünlərin, yerindən-yurdundan didərgin düşmüş insanların çadırlarına gedib onlarla orada söhbətlər, danışıqlar aparmışam. Əhalinin mənə münasibəti də, fikri də məlumdur.

Mənim prezident olmağım üçün bu, yəni o münasibət bəsdir. Heç bir əyinti, saxtakarlıq lazım deyildir. Əksinə, bu, bizim bugünkü dövlətçiliyimizə, şəxsən mənə zərər olan bir şeydir. Bu məsələnin üzərində bu qədər dayanmağım o demək deyildir ki, mən hesab edirəm kimsə saxtakarlıq edəcəkdir. Yox. Ona görə ki, bu mövzunu indi çox hallandırırlar. Mən onlara - həm o radikal müxalifətdə olanlara, həm də prezidentliyə namizədlərin bəzilərinə cavab olaraq bunu deyirəm.

Mən tam əminəm ki, seçkilər demokratik, ədalətli keçiriləcəkdir. İnanıram ki, siz öz vəzifələrinizi layiqincə yerinə yetirəcəksiniz. Mənə dair bir sualınız, yaxud bu problemlə, qanunun həyata keçirilməsi ilə əlaqədar sözünüz varmı?

Ramiz Mehdiyev (Prezidentin İcra Aparatının rəhbəri): Cənab prezident, icra hakimiyyəti başçıları gözəl bilirlər ki, hər kəs özü səs verməlidir, hər bir adam seçki məntəqəsinə öz pasportu ilə gəlməlidir. Heç kim gəlib başqasının əvəzinə səs verə bilməz. Biz bu məsələni əsas götürməliyik.

Heydər Əliyev:  Bu təbiidir. Bunu hamı bilməlidir. Mən baxıram, bizim televiziya necə səs vermək barədə yaxşı bir proqram hazırlayıbdır. Bəlkə onu bir az da genişləndirmək lazımdır. Məsələn, orada deyilir ki, kimsə xanımının, oğlunun, qızının, oğul atasının əvəzinə səs verə bilməz. Keçmişdə bu, təkcə Azərbaycanda yox, digər yerlərdə də adət olubdur. Aydındır ki, biz 70 il başqa bir seçki sistemi şəraitində yaşamışıq. Əgər insanlar on illərlə həmin sistemi qavrayıb, mənimsəyibsə, yeni sistemə keçmək, əlbəttə, o qədər asan deyil.

Amma sizinlə bizim vəzifəmiz, xüsusilə sizin vəzifəniz ondan ibarətdir ki, bunu insanlara anladasınız, bildirəsiniz. Məsələn, İmişlidə məskunlaşmış qaçqınların çadır düşərgələrindən birində bir xanım çox xahiş etdi ki, mən gedib onun anası ilə görüşüm. O dedi ki, anasının 100-dən artıq yaşı vardır. Mən gedib həmin çadıra girdim. Mən onsuz da bir çox çadırlarda olmuşdum. O bilmirdi ki, mən onun yaşadığı çadıra gələcəyəm, yoxsa yox. Həmin qadının yaşadığı çadır bizdən bir qədər aralıda idi. Mən onun xahişinə əməl etdim, həmin çadıra getdim, o bacı ilə də görüşdüm. Görünür, onun həqiqətən də 100-dən artıq yaşı vardır. O, yerdə oturmuşdu. Mən də onun yanında oturdum, söhbət etdim. Həmin 100 yaşlı xanım mənə dedi ki, bala, narahat olma, mən seçki məntəqəsinə özüm gedəcəyəm və səs verəcəyəm. Bacım bunu mənə dedi. Ancaq mən bununla demək istəmirəm ki, hamı belə fikirdədir.

Ona görə də qanun çərçivəsində sizin əsas vəzifəniz ondan ibarətdir, izah edəsiniz ki, hər kəs gedib özü səs versin. Əgər kimsə gedib özü səs verə bilmirsə, qoy o səs verilməsin, nəinki kimsə gedib onun əvəzinə səs versin. O səs lazım deyildir, qoy verilməsin. Amma kimsə onun əvəzinə səs verməsin.

Bilirsiniz ki, burada həm xarici, həm daxili müşahidəçilər, həm də radikal müxalifətdən olan müşahidəçilər çoxdur. İndi haradasa, kimsə heç bir qərəzi olmadan xəstə anasının, yaxud da seçki məntəqəsinə gedə bilməyən bacısının əvəzinə səs verəcəksə, bu, bizim gördüyümüz böyük işə xırda bir şeylə zərər gətirəcəkdir. Niyə, bu zərər bizə nəyə lazımdır? Yaxşı olar ki, bu heç olmasın, nəinki ondan istifadə edib, bizim gördüyümüz işləri gəlib qiymətdən salsınlar.

Ona görə də hər kəsin, hər seçicinin özünün seçki məntəqəsinə getməsi, səs verməsi əsas şərtdir. Xəstə olan adamlar üçün qutular təşkil ediləcəkmi?

Ramiz Mehdiyev:  Bəli,olacaqdır.

Heydər Əliyev:  Bunlar olacaqdır. Amma kim xəstə deyilsə, seçki məntəqəsinə getmək iqtidarına malikdirsə, o, seçki məntəqəsinə getməlidir. Siz onların seçki məntəqəsinə getməsinə kömək etməlisiniz. Belələrinə kömək göstərilməsi qadağan deyildir ki?

Ramiz Mehdiyev:  Əvvəlcədən təbliğat aparılmalıdır ki, həmin adamlar gedib səs versinlər.

Heydər Əliyev:  Bəli, təbliğat aparılmalıdır.

Əli Məmmədov (İmişli Rayon İcra Hakimiyyətinin başçısi): Cənab prezident, nəqliyyat vasitələri ilə də kömək etmək olar.

Heydər Əliyev:  Nəqliyyat vasitələri lazımdır, kömək edin. Buna etiraz yoxdur ki? Yaxşı, nəqliyyat vasitələri sizin əlinizdədir. Rayonda, şəhərdə, qəsəbədə, kənddə siz hər şeydən istifadə edə bilərsiniz. Əlbəttə, ola bilər ki, uzaq kəndlərdən seçki məntəqəsinə getmək bir qədər çətinlik yaratsın, pul verib nəqliyyatdan istifadə etmək kimin üçünsə çətin olsun, kimsə heç nəqliyyat vasitəsi tapa bilməsin. Ona görə yox ki, o, seçki məntəqəsinə getmək. Səs vermək istəmir. Ona görə ki, nəqliyyat vasitəsindən istifadə etməyə onun sadəcə, imkanı yoxdur. Buna görə də siz adamların nəqliyyat vasitələri ilə təmin olunması üçün bütün imkanlardan istifadə etməlisiniz. Çalışmalısınız ki, insanlara şərait yaradılsın, onlar gedib səs verə bilsinlər.

Ramiz Mehdiyev:  Möhtərəm prezident, yerli icra hakimiyyəti başçıları xarici və daxili müşahidəçilər üçün lazımi şərait yaratmalıdırlar ki, onlar sərbəst fəaliyyət göstərsinlər.

Heydər Əliyev: Bəli. Bütün müşahidəçilərin sərbəst fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülməlidir. Bu, sizin borcunuzdur. İstər xarici, istərsə də daxili - hər bir müşahidəçi şübhəsiz ki, qanun çərçivəsində fəaliyyət göstərməlidir. Əgər hansısa bir müşahidəçinin bizim yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının onların işinə maneçilik törətməsi ilə əlaqədar şikayəti olsa, şübhəsiz ki, belə hallar birincisi, bizim ümumi işimizə zərər vuracaq, ikincisi isə onlar bağışlana bilməzlər. Çünki müşahidəçiləri biz özümüz dəvət etmişik. Biz həm Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına, həm də ayrı-ayrı dövlətlərin başçılarına müşahidəçilər göndərmək barədə müraciət etmişik. Biz ayrı-ayrı demokratiya institutlarından xahiş etmişik ki, onlar müşahidəçi göndərsinlər. Mən Avropa Şurası parlamentindən və başqa parlamentlərdən dəfələrlə xahiş etmişəm ki, müşahidəçilər göndərsinlər.

Murtuz Ələsgərov (Milli Məclisin sədri): Cənab prezident, 40-a yaxın ölkənin parlamentlərinə müraciət etmişik.

Heydər Əliyev: Bəli, 40-a yaxın ölkənin parlamentlərinə müraciət olunubdur. Onların hamısından müşahidəçilər gələcəkdir. Bunları biz etmişik. Əminəm ki, biz seçkiləri demokratik, ədalətli keçirəcəyik. Biz müşahidəçiləri buraya ona görə çox çağırırıq ki, seçkinin nəticələri dünyanın hər yerində bizim yazdıqlarımızla yox, onların özlərinin gördükləri ilə məlum olsun. Əgər bunu biz özümüz etmişiksə, müşahidəçilərin buraya gəlməsində biz özümüz maraqlıyıqsa, demək, onların fəaliyyətinə şərait yaratmaq, kömək göstərmək lazımdır.

Ramiz Mehdiyev: Cənab prezident, rabitə, işıq və səhiyyə məsələləri də çox vacibdir.

Heydər Əliyev: Rabitə, səhiyyə nazirləri və "Azərenerji" Səhmdar Cəmiyyətinin rəhbəri buradadır. Birincisi, Müslüm İmanova bir də deyirəm, - mən televiziya ilə çıxışımda bunu dedim: Bu gün Azərbaycanın hər yerinə elektrik enerjisi vermək potensialı, enerji ehtiyatları vardır, bəzi yerlərə elektrik enerjisinin verilməsi texniki səbəblərdən pozulanda ayrı-ayrı qüvvələr, o cümlədən prezidentliyə namizədlərin bəziləri gedib söz verirlər ki, bir ildən sonra ölkənin hər yerini elektrik enerjisi ilə təmin edəcəklər.

Respublikada elektrik enerjisinin potensialını biz yaratmışıq. Müslüm İmanov, siz də o illərdən bu işdə işləyirsiniz və bunları bilirsiniz. Azərbaycanın hər yerini elektrik enerjisi ilə təmin etmək üçün potensialımız, enerji ehtiyatlarımız, imkanlarımız olduğu halda əgər bunu etmirsinizsə, bu iş haradasa pozulursa, bu, sizin günahınızdır, bu heç də onun nəticəsi deyildir ki, bizim elektrik enerjisi vermək imkanımız yoxdur. Mən sizdən tələb edirəm ki, bu qüsurları aradan qaldırasınız və Azərbaycanın hər yeri, seçki məntəqələri mütəmadi olaraq, kəsilmədən elektrik enerjisi ilə təmin olunsun.

Müslüm İmanov: Möhtərəm prezident, respublikamızda indi elektrik enerjisi bolluğu yaranıbdır. Məsələn, biz hesablamışıq. 1990-cı ilə nisbətən indi xeyli çox elektrik enerjisi sərf edilir. Yəni indi o qədər enerji verilir ki, aparatlar da buna davam gətirmir. Möhtərəm prezident, Sizin iradlarınızı qəbul edirik.

Heydər Əliyev: Çalışın ki, aparatlarınız da davam gətirsin. Rabitə naziri, mən bilirəm ki, son vaxtlar siz bəzi yerlərin telefonlaşdırılması işi ilə məşğul olursunuz. Yeni telefon stansiyaları açmısınız. Məni də dəvət edirdiniz, amma iştirak etməyə vaxtım olmadı. Bu işləri görmüsünüz. Amma bununla yanaşı, bu günlər, xüsusən oktyabrın 11 -də hər bir məntəqə ilə telefon əlaqəsi olmalıdır. Siz bunu təmin etməlisiniz və lazım olan əlavə tədbirləri görməlisiniz. Aydındırmı?

Nadir Əhmədov: Bəli, baş üstə.

Heydər Əliyev: Səhiyyə naziri, siz öz işlərinizi yaxşı bilirsiniz. Yəqin ki, bütün seçki məntəqələrində sizin tibbi yardım məntəqələriniz olacaqdır, lazımi işlər görəcəksiniz. Hər şeyə özünüz nəzarət edin.

Başqa hansı problemlər vardır? Yoxdur.

Mən işlərinizdə sizə uğurlar arzulayıram. Ümidvaram ki, bu gün deyilən sözlərdən də siz özünüz üçün nəticə çıxaracaqsınız və oktyabrın 11 - də seçkilərin demokratik keçirilməsində öz xidmətlərinizi göstərəcəksiniz. Sağ olun.

Tarixi arayış