Azərbaycanın Pravoslav icmasına - 5 yanvar 2002-ci il


Əziz həmvətənlər!

Sizi - ölkəmizin bütün pravoslav xristianlarını İsa peyğəmbərin mübarək mövludu günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək yolunun üzərində xüsusi coğrafi-siyasi məkanda yerləşən Azərbaycan dünyanın bütün səmavi dinlərinin yüksək mənəvi dəyərlərini özündə əks etdirən zəngin mədəni irsə malikdir. Məhz buna görə də dinlər və mədəniyyətlər arasında dialoqa səsləyən çağırışlar dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən tam dəstəklənir və Azərbaycan bu nəcib işin gerçəkləşməsi naminə əlindən gələni etməyə hazır olduğunu bütün münasibətlərdə bəyan edir, əməli işində nümayiş etdirir. Müxtəlif konfessiyalar arasında dostluq və əməkdaşlıq ab-havasının həmişə hökm sürdüyü ölkəmizdə dini dözümlülük və tolerantlıq artıq xalqımızın mənəvi mənliyini səciyyələndirən tarixi ənənəyə, bir həyat tərzinə çevrilmişdir.

XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının bütün vətəndaşları ölkə Konstitusiyasının onlara verdiyi bərabər hüquqlardan bəhrələnərək dini bayram və mərasimlərini sərbəst şəkildə qeyd edir, ölkəmizdə gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icmasının nümayəndələri də Vətənə olan övladlıq borclarını tam məsuliyyətlə dərk edərək, müstəqil Azərbaycanın tərəqqisi və inkişafı, vətəndaş cəmiyyətinin bərqərar edilməsi naminə aparılan böyük işlərin həyata keçirilməsi üçün var qüvvələrini sərf edirlər.

İsa peyğəmbərin mövludu günündə hər birinizə can sağlığı və xoşbəxtlik, ailələrinizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 yanvar 2002-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər