Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Milli Günü ilə əlaqədar rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 27 mart 1998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Pakistanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm. Pakistan xalqına, onun bütün vətəndaşlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Pakistan öz dövlət müstəqilliyini əldə edəndən sonra ötən 51 il içərisində böyük nailiyyətlər qazanmışdır. Asiya qitəsinin, dünyanın böyük ölkələrindən biri olan Pakistan iqtisadiyyatın inkişafında da çox irəliyə getmişdir.

Pakistan xalqı uzun illər, əsrlər müstəmləkəçilərin idarəsi altında olaraq daim öz milli azadlığı və müstəqilliyi uğrunda rəşadətlə çalışmışdır. 1947-ci ildə Pakistanın dövlət müstəqilliyinə nail olması, milli azadlığını əldə etməsi tək Pakistan xalqı üçün yox, bütün Asiya qitəsində müstəmləkə şəraitində yaşayan başqa ölkələr üçün də böyük bir hadisə, böyük bir örnək olmuşdur. Ümidvaram ki, Pakistan gələcəkdə də öz xalqının, öz vətəndaşlarının rifah halı üçün çalışacaq və Asiya qitəsində çox böyük rol oynayaraq sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasında da öz xidmətlərini göstərəcəkdir.

Mən Azərbaycan və Pakistan dövlətləri arasında olan əlaqələri yüksək qiymətləndirirəm və bu əlaqələri dostluq, sıx əməkdaşlıq və qardaşlıq əlaqələri hesab edirəm. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biridir. Ermənistanın Azərbaycana hərbi təcavüzü, Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğal olunması ilə əlaqədar məsələlərin beynəlxalq təşkilatlarda həll edilməsi və müzakirəsi zamanı Pakistan həmişə prinsipial, ədalətli mövqe tutmuş və Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını dəfələrlə bəyan etmişdir.

Pakistan və Azərbaycan dövlətlər, hökumətlərarası böyük əhəmiyyət daşıyan bir çox müqavilələr, sazişlər imzalamışlar. Bunlar bizim əlaqələrimizin çox etibarlı hüquqi-normativ bazasını yaratmışdır. Mən böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, Pakistanın dövlət rəhbərləri və yüksək səviyyəli nümayəndələri Azərbaycanı dəfələrlə ziyarət etmişlər. Mənim Pakistana rəsmi ziyarətimi, Pakistanda keçirdiyimiz görüşləri, apardığımız danışıqları və imzaladığımız sənədləri də mən bu gün çox böyük məmnuniyyət hissi ilə xatırlayıram.

Pakistanın Baş naziri cənab Nəvaz Şəriflə son vaxtlar - keçən ilin həm mayında, həm də dekabrında keçirdiyim görüşləri, apardığım danışıqları da xüsusi qiymətləndirirəm və ümidvaram ki, o mənim dəvətimi qəbul etdiyi kimi, bu dəvəti 1998-ci ildə həyata keçirəcəkdir.

Bizim xalqlarımızın mənəvi dəyərlərinin, adət və ənənələrimizin bir-birinə bənzər olması və bir çox başqa amillər xalqlarımızı daim bir-birinə yaxın etmişdir. İndi, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr daha da genişlənmiş və daha da yüksəklərə qalxmışdır. Biz gələcəkdə də Pakistan-Azərbaycan əlaqələrinin inkişaf etməsi yolunda çalışacağıq.

Hörmətli cənab səfir, siz bəyan etdiniz ki, öz səlahiyyət müddətinizi başa çatdırırsınız və ölkənizə qayıdacaqsınız. Mən bu münasibətlə qeyd etmək istəyirəm ki, siz də Pakistanın Azərbaycanda səfiri olduğunuz illərdə dövlətlərimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün dəyərli xidmət göstərmisiniz. Bu xidmətlərinizə və Azərbaycan haqqında, respublikamız, xalqımız barədə söylədiyiniz xoş sözlərə görə mən sizə təşəkkür edirəm. Sizə gələcək işlərinizdə Azərbaycanda olduğu kimi uğurlar arzulayıram.

Bayram münasibətilə sizi bir daha təbrik edirəm. Pakistan xalqını təbrik edirəm. Pakistan xalqına gözəl, xoşbəxt gələcək arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 28 mart 1998-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış